Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-2/2025 09.01.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxx 1998-ci ildə Yevlax rayonu Nəmərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində köməkçi fəhlə işləyən, Kəlbəcər rayonu Günəşli kəndində qeydiyyatda olan, faktiki olaraq Tərtər rayonu Bəyimsarov kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş yaşayış sahələrinin və binalarının qarşısında olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 23 avqust 2024-cü ildə saat 18 radələrində Xankəndi şəhərində yerləşən xəstəxananın yaxınlığındakı iaşə obyektinin qarşısında olan 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlığı və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlığı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xankəndi şəhərində yerləşən xəstəxananın yaxınlığında olan zaman iaşə obyektlərinin birinin qarşısında dönər bişirmək və kofe hazırlamaq üçün avadanlıq görmüşdür. Özünün gələcəkdə Xankəndi şəhərində dönərxana açmaq niyyəti olduğu üçün müvafiq avadanlıqları götürmək qərarına gəlmişdir. Avadanlıqları daşımaq üçün avtomobili almadığında iş yoldaşı X1 avtomobili ilə həmin əşyaları daşımağı xahiş etmişdir. Zülfüqar Məhərrəmova yalandan əşyaların ona rəsmi qaydada verilməsinə dair akt olduğunu bildirmişdir. Zülfüqar Məhərrəmovun istifadəsində olan “Ford” markalı 77MG250 qeydiyyat nişanlı avtomobillə 23 avqust 2024-cü ildə saat 18 radələrində əşyaları daşıyan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına dəvət olunmuşlar. Polis şöbəsində avtomobilə baxış keçirilən zaman həmin əşyalar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs 23 avqust 2024-cü ildə saat 18 radələrində Xankəndi şəhərində zərərçəkmiş hüquqi şəxsə məxsus ümumilikdə 1350 manat məbləğində əmlakı ələ keçirmişdir. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 Təqsirləndirilən şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, iş yoldaşı Şahid3 ilə birlikdə 23 avqust 2024-cü ildə saat 18 radələrində xidmətdə olan zaman “Ford” markalı 77MG250 qeydiyyat nişanlı avtomobilin içərisində əşyalar görmüşlər. Avtomobilə vizual baxana zaman yük yerində dönər və kofe aparatı görmüşlər. Təqsirləndirilən şəxsin həmin əşyaları götürməyə dair icazəsi olmadığından onlar polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində avtomobilə baxış keçirilən zaman yük yerindən 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlıq və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlıq aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “Ford” markalı 77MG250 qeydiyyat nişanlı avtomobilə həmin tarixdə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlıq və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlıq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı tərtib olunmuş 30 sentyabr 2024-cü il tarixli 9/7132 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1350,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir ədədinin Ümumi dəyəri miqdarı qiyməti (manatla) (manatla)
1. istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan 1 1200 1200 dönər bişirmək üçün avadanlıq
2. istifadədə olmuş üzərində iran yazıları olan kofe 1 150 150 hazırlamaq üçün avadanlıq cəmi: 1350,00 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 09 oktyabr 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 oktyabr 2024cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlıq və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlıq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, üçüncü dərəcəli əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlıq və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd dəyəri 1200 manat olan istifadədə olmuş üzərində “Aldiwan” yazısı olan dönər bişirmək üçün avadanlıq və 1 (bir) ədəd dəyəri 150 manat olan istifadədə olmuş üzərində iran yazıları olan kofe hazırlamaq üçün avadanlıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Abdullayev