Məhkəmə qərarları › İş №1(065)-21/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-21/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-21/2025 18.08.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Saatlı rayonu Leninkənd (hazırda – Qıraqlı) kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2025-ci ildə Xankəndi şəhəri ərazisində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 inzibati binasının yaxınlığındakı qarajdan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsini, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “RQD-5” tipli əl qumbarasının gövdəsini, 2 (iki) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısını (2 (iki) ədəd əl qumbarasının gövdəsi ilə 2 (iki) ədəd “UZRQM” tipli alışdırıcıpartladıcı komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır) və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçağı qanunsuz əldə edib, üzərində gəzdirməklə, daşıyaraq müvəqqəti yaşadığı – Xankəndi şəhərində yerləşən çoxmənzilli binada olan mənzilin yataq otağında gizlətməklə saxlamış, həmin gün saat 24 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin mənzilə baxış keçirilən zaman müvafiq döyüş sursatları və soyuq silah aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2024-cü ildən Xankəndi şəhərinə gələrək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində traktor sürücüsü işləməyə başlamış və işlədiyi dövrdə Xankəndi şəhəri ərazisində – “Qədim Kərkicahan” restoranının arxasındakı beş mərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində yaşamağa başlamışdır. Xankəndi şəhərində işlədiyi müddətdə dəfələrlə silah-sursat tapmış və dərhal mobil telefonu ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə məlumat vermiş və dərhal polislər gəlib həmin əşyaları aparmışlar. 03 iyun 2025-ci ildə Xankəndi şəhəri ərazisində – X1 inzibati binasının yaxınlığındakı qarajdan 2 ədəd əl qumbarasının gövdəsini və 2 ədəd partladıcısını tapmış, axşam işdən çıxdıqdan sonra yaşadığı evə gətirmişdir. Süngü bıçaq isə əvvəldən evdə olmuşdur. Həmin əşyaları götürən zaman məqsədi polisə təhvil vermək olmuşdur, lakin işdən çıxan zaman yorğun olduğu üçün polis şöbəsinə getməmişdir. 03 iyun 2025-ci ildə saat 23 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları müvəqqəti yaşadığı mənzilə gəlmiş və razılığı ilə baxış keçirmişlər. Baxış zamanı yataq otağındakı şkafın üzərindən 2 ədəd əl qumbarasının gövdəsini və 2 ədəd partladıcısını, eləcə də, 1 ədəd süngü bıçağı aşkar edərək götürmüşlər. Əməlindən peşmandır, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyun 2025-ci ildə Təqsirləndirilən şəxs yaşadığı mənzildə silah-sursat saxlaması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs razılığı ilə həmin tarixdə polis əməkdaşları – Şahid2, X2 və Şahid4 ilə birlikdə qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı mənzilin yataq otağındakı şkafın üzərindən 2 ədəd əl qumbarasının gövdəsi və 2 ədəd partladıcısı, eləcə də, 1 ədəd süngü bıçağı aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs müvafiq silah-sursatın özünə məxsus olduğunu və həmin gün işlədiyi qarajdan tapdığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları – X2 və Şahid4 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə müvəqqəti yaşadığı – Xankəndi şəhəri ərazisindəki “Qədim Kərkicahan” restoranının arxasındakı beş mərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində olan mənzilə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış keçirilməsi barədə» 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı – Xankəndi şəhəri ərazisindəki “Qədim Kərkicahan” restoranının arxasındakı beş mərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində olan mənzilə videoçəkilişlə baxış keçirilən zaman yataq otağındakı şkafın üzərindən 2 ədəd əl qumbarasının gövdəsi və 2 ədəd partladıcısı, eləcə də, 1 ədəd süngü bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı həmin predmetləri işlədiyi yerdəki qarajın içərisindən tapdığını və yaşadığı mənzilə gətirərək saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən tərtib olunmuş 05 iyun 2025-ci il tarixli 25/913 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 əşya RQD-5 tipli əl qumbarasının gövdəsidir natamam döyüş sursatıdır. 02 ədəd əşya “UZRQM” tipli partladıcıdırlar, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 02 ədəd əl qumbarasının gövdəsi ilə 02 ədəd «UZRQM» tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə digəri isə hücum təyinatlı döyüş sursatıdırlar MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 21 iyun 2025-ci il tarixli 16/535 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq və onun qını zavod usulu ilə istehsal olunan, döyüş (hərbi) təyinatlı ("Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu desici xassəyə malik süngübıçaqdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Üzərində hər hansı mexaniki zədə aşkar edilmədi”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpikdir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 18 aprel 2025ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “RQD-5” tipli əl qumbarasının gövdəsi, 2 (iki) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı (2 (iki) ədəd əl qumbarasının gövdəsi ilə 2 (iki) ədəd “UZRQM” tipli alışdırıcı-partladıcı komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır) və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 23.20-də şübhəli şəxs qismində tutulmuş və 04 iyun 2025-ci ildə şübhəli statusu saxlanılmaqla həbsdən azad edilmişdir. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin həmin tarixdən sayılmaqla 2 (iki) ay 25 (iyirmi beş) gün həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 10 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını, əvvəllər məhkum olunmadığın Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxsda təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Məhkəmənin fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 10 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “RQD-5” tipli əl qumbarasının gövdəsi, 2 (iki) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 iyun 2025-ci ildən 04 iyun 2025-ci ilədək həbsdə olduğu 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “RQD-5” tipli əl qumbarasının gövdəsi, 2 (iki) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar