Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-25/2025 17.10.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Qazaxıstan Respublikasının Turqay vilayətinin Janadalin rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olan, Mingəçevir Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 mart 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 16 (on altı) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 mart 2025-ci ildə cəzası bitmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyul 2025-ci ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,158 qram olan narkotik vasitə – heroini əldə edib, yaşadığı Mingəçevir şəhəri “Yeni həyat” qəsəbəsində yerləşən evində, şarın içərisinə qoyub, mürəbbə bankasına yerləşdirməklə saxlamış, 21 iyul 2025-ci ildə həmin maddənin Xankəndi şəhərinə daşınması üçün cinayətdən xəbərsiz qonşusu Şahid6 vasitəsi ilə Mingəçevir – Xankəndi marşurtu üzrə sərnişin daşıma ilə məşğul olan “Mersedes Vita” markalı 22BM077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – cinayətdən xəbərsiz Şahid5 verdirmiş və sonuncu Xankədi şəhərinə çatdıqdan sonra, içərisində müvafiq maddə olan torbanı alıb, saat 14.30-da küçə ilə daşıyarkən Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, torbaya baxış keçirilərkən bankanın içərisindən narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir narkotik vasitələrdən istifadə edir. 04 iyul 2025-ci ildə yaşadığı Mingəçevir şəhəri “QRES” adlanın yaşayış massivində gəzərkən yerdən içərisində narkotik vasitələr və psixotrop maddə olan bükümlər tapmışdır. Həmin maddələri yaşadığı evə gətirərək şarın içərisinə yerləşdirməklə mürəbbə bankasının içərisinə qoymuşdur. Ailə üzvlərinin bundan xəbəri olmamışdır. Məqsədi qeyd olunan maddələri istifadə etmək üçün işlədiyi Xankəndi şəhərinə aparmaq olmuşdur. Ailə üzvlərinə 21 iyul 2025-ci ildə ona pal-paltar, eləcə də, həmin mürəbbə bankasını göndərməyi xahiş etmişdir. Qonşusu Şahid6 evdəki torbanı götürüb Mingəçevir – Xankəndi marşurtu üzrə sərnişin daşıma ilə məşğul olan “Mersedes Vita” markalı 22BM077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 verməyi xahiş etmişdir. 21 iyul 2025-ci ildə saat 14.30-da həmin torbanı Xankəndi şəhərində götürüb, küçə ilə hərəkət edərkən Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, torbaya baxış keçirilərkən bankanın içərisindən qeyd olunan maddələr aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Təqsirləndirilən şəxs məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyul 2025-ci ildə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında dərhal əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən müşahidəyə götürülmüş və onun hərəkət trayektoriyası izlənilmişdir. Təqsirləndirilən şəxs həmin saat 14.30-da küçə ilə hərəkət edərkən tərəflərindən saxlınılmış və əlindəki torbaya baxış keçirilərkən oradakı bankanın içərisindən 2 ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana, 1 ədəd bükümdə narkotik vasitə – heroin və 1 ədəd bükümdə psixotrop maddə – metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu və məhz şəxsi istifadə məqsədilə əldə etdiyini, digər şəxslərin isə bundan məlumatlarının olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 iyul 2025-ci iltarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və mənzilə baxılmasına dair” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.30-da Xankəndi şəhərində piyada hərəkətdə olarkən saxlanılmış, əlindəki torbada olan mürəbbə bankasına baxış keçirilərkən, bankanın içərisində 2 ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana, 1 ədəd bükümdə narkotik vasitə – heroin və 1 ədəd bükümdə psixotrop maddə – metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 22 iyul 2025-ci il tarixli 16/650 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 0,19 qram metamfetamin” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,054 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində”xx.xx.2025-ci tarixdə X1 aşkar edilərək götürülmüş 0,20 qram heroin” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,158 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin və heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin”in siyahısına (1-ci siyahı) daxildir”. Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «Metamfetaminin təmiz çəkisi – 0,054 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,034 qram. Heroinin təmiz çəkisi – 0,158 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,138 qram». Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizası ilə bağlı 22 iyul 2025-ci il tarixli 16/651 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 0,34 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,17 qram olan bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 0,33 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,18 qram olan bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 1,20 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,35 qram olan bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 0,34 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,17 qram olan quruldulmuş marixuana,üzərində“xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 0,33 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,18 qram olan qurudulmuş marixuana,üzərində “xx.xx.2025-ci il tarixdə X1 aşkar edilərək götürülmüş 1,20 qram marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə,təmiz çəkisi 0,35 qram qurudulmuş marixuana, eynidirlər”. Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «marixuananın təmiz çəkisi – 0,17 qram, 0,18 qram, 0,35 qram, tədqiqata sərf edildi – 0,06 qram (hər birindən 0,02 qram), qalıq – 0,15 qram, 0,16 qram, 0,33 qram». Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 18 avqust 2025-ci il tarixli 1306 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə prolaktiki qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,034 qram psixotrop maddə – metamfetamin, 0,138 qram narkotik vasitə – heroin və 0,64 qram olan narkotik vasitə – qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 31 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Mirzaliyev X2 Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 mart 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 16 (on altı) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 mart 2025-ci ildə cəzası bitmişdir. İş materiallarında olan «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı – xx.xx.2020-ci il təvəllüdlü Ruhan və xx.xx.2023-cü il təvəllüdlü Adəm adlı iki uşağı var. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs də təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Mingəçevir Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 234.1-ci maddəsi ilə müəyyən müddətə (residivə görə CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərti ilə) azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri – 0,034 qram psixotrop maddə – metamfetamin, 0,138 qram narkotik vasitə – heroin və 0,64 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri – 0,034 qram psixotrop maddə – metamfetamin, 0,138 qram narkotik vasitə – heroin və 0,64 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-25/2025
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-25/2025
17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver