Məhkəmə qərarları › İş №1(065)-27/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-27/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-27/2025 06.11.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 2004-cü ildə Tərtər rayonu Seyidimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu Seyidimli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını – «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus – Xankəndi şəhəri ərazisində “Araz” supermarketin yaxınlığında yerləşən 12 mərtəbəli binanın dam hissəsində yerləşən quraşdırılmış 2 (iki) ədəd video müşahidə kameralarını oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 17 aprel 2025-ci ildə saat 16 radələrində həmin yerdən 1 (bir) ədəd dəyəri 2202,20 manat olan “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG-E1W/26 FO” markalı və 1 (bir) ədəd dəyəri 1976,70 manat olan “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kameralarını gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 4178,90 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 aprel 2025-ci ildə işləmək məqsədi ilə Xankəndi şəhərinə gəlmişdir. İş tapana qədərə Xankəndi şəhərini gəzmiş və bu zaman “Araz” supermarketin yaxınlığında yerləşən 12 mərtəbəli binanın görünüşü diqqətini cəlb etmişdir. Binaya daxil olaraq pilləkənlərlə yuxarıya doğru çıxmışdır. Binanın dam hissəsində iki ədəd video müşahidə kamerası görmüş və onları götürmək qərarına gəlmişdir. Kameraları götürərək müvəqqəti qaldığı evdə saxlamışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və kameraları təhvil vermişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs – «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şahbazov X2 şəhəri ərazisində “Araz” supermarketin yaxınlığında yerləşən 12 mərtəbəli binanın dam hissəsində yerləşən quraşdırılmış 2 (iki) ədəd video müşahidə kameralarını oğurlamaqla Nazirlirliyə ümumilikdə 4178,90 manat maddi ziyan vurmuşdur. Maddi ziyanın ödənilməsini tələb edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin mart ayında işləmək məqsədilə Xankəndi şəhərinə gəlmişdir. Təxminən 2025-ci ilin aprel ayının ortalarında tanışı Təqsirləndirilən şəxs iş tapmağına köməklik göstərməyi üçün yanına gəlmiş və iş tapana qədər sonuncuya müvəqqəti olaraq yaşadığı mənzildə qalmağa icazə vermişdir. İki gün sonra Arzu yaşadığı Tərtər şəhərinə getmiş və iki gün sonra geri qayıtmışdır. 17 aprel 2025-ci ildə evdə olana zaman polis əməkdaşları yaşadığı mənzilə gəlmiş və Arzu Şükürovu soruşmuşlar. Yalnız həmin vaxtı təqsirləndirilən şəxsin iki ədəd kameranı oğurlayaraq onun mənzilində gizlətdiyini bilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Qarabağ regionu üzrə qrup rəhbəri vəzifəsində çalışır. "xxxx" MMC-nin Daxili İşlər Nazirliyi ilə arasında bağlanılmış müqavilə əsasında «Təhlükəsiz Şəhər» kamerlarının quraşdırılması və texniki baxışlarının həyata keçirilərək, operativ işləməsini təmin edilməsini həyata keçirir. 17 aprel 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən Xankəndi şəhər ərazisində yerləşdirilmiş XTŞ 018 nömrəli 02 ədəd "Hikvision" və "Tandem Vu" markalı kameraların ümumi görüntü sistemindən çıxması ilə bağlı məlumat verilmişdir. Onun tərəfindən 17 aprel 2025-ci il tarixdə kameraların quraşdırıldığı yerə baxış keçirilən zaman 1 (bir) ədəd “Hikvision” və 1 (bir) ədəd “Tandem Vu" markalı kameraların sökülərək götürüldüyü müəyyən edilmişdir. Bununla bağlı olaraq, Xankəndi şəhər polis şöbəsinə yaxınlaşaraq, həmin kameraların oğurlanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin kameralar Daxili İşlər Nazirliyinin balansında olan kameralardır. Yəni bilavasitə həmin kameraların mülkiyyəti Daxili İşlər Nazirliyinə məxsusdur. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus – Xankəndi şəhəri ərazisində “Araz” supermarketin yaxınlığında yerləşən 12 mərtəbəli binanın dam hissəsində yerləşən quraşdırılmış 1 (bir) ədəd “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG-E1W/26 FO” markalı və 1 (bir) ədəd “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kameraları naməlum şəraitdə götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Xankəndi şəhər 3.4/17 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən – Təqsirləndirilən şəxs və Şahid1 müvəqqəti yaşadığı mənzilə Şahid1 razılığı ilə baxış keçirilən zaman oradan 1 (bir) ədəd n “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG-EİW/26 FO” markalı və 1 (bir) ədəd “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kameraları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru tərəfindən təsdiq edilmiş 29 aprel 2025-ci il tarixli aktda qeyd olunur ki, 1 (bir) ədəd “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG- E1W/26 FO” markalı video müşahidə kamerasının dəyəri 2202,20 manat və 1 (bir) ədəd “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kamerasının dəyəri 1976,70 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 dekabr 2024-cü ildə cəzası başa çatmışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 15 sentyabr 2025 ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd "PTZ kamera Tandem VU Hikvision DS- 2SF8C442MXG-EİW/26 FO” markalı video müşahidə kamerası və 1 (bir) ədəd "PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5" markalı video müşahidə kamerası iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG-EİW/26 FO” markalı və 1 (bir) ədəd “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kameraları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Tərtər rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd n “PTZ kamera Tandem VU Hikvision DS-2SF8C442MXG-E1W/26 FO” markalı və 1 (bir) ədəd “PTZ Kamera Hikvision DS-2DF8A4421XS-AEL T5” markalı video müşahidə kameraları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar