Məhkəmə qərarları › İş №1(065)-28/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-28/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-28/2025 06.11.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1967-ci ildə Şuşa rayonu Laçınlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şuşa rayonu Xəlfəli kəndində qeydiyyatda olan, faktiki olaraq Şuşa şəhəri İsrafil İbrahimov küçəsi bina 21 mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə saat 00.05-də Xankəndi şəhərində yerləşən “Leon Pub” kafesində orada xidmətçi işləyən oğlu Şahid1 müştəri Zərərçəkmiş şəxs tərəfindən döyülməsini görüb, sonuncudan qisa almaq niyyəti ilə masanın üzərində olan şüşə qabı götürüb, onun baş nahiyəsinə vurmaqla Zərərçəkmiş şəxs alın və sol qulaqarxası nahiyələrin sıyrıqları, sol təpə-gicgah nahiyəsində tüklü hissəsinin əzilmiş yarası ilə müşayiət olunan və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, icarə əsasında Xankəndi şəhərində yerləşən “Leon Pub” kafesini işlədir və oğlu Şahid1 də orada xidmətçi olaraq çalışır. 19 iyun 2025-ci ildə saat 24 radədlərində kafeni bağlayıb getmək istəyən zaman Zərərçəkmiş şəxs bir nəfər şəxslə ora daxil olmuş və çay sifariş etmişdir. Onlara artıq iş vaxtlarının qurtardığını bildirsələr də, Zərərçəkmiş şəxs onlara çay verilməsini israr etmişdir. Buna görə də, yenidən elektrik avadanlıqlarını qoşmaqla çay hazırlığına başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs çayın gec hazır olmasını deyərək oğlu Şahid1 ilə mübahisə etmiş, hətta mübahisə zamanı sonuncunu vurmağa başlamışdır. Bunu görən kimi dərhal onlara yaxınlaşmış və Zərərçəkmiş şəxs oğlundan kənarlaşdıra bilmədiyi üçün stolun üstündə olan şüşə qabı zərərçəkmiş şəxsin baş nahiyəsinə vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs gəlməmiş, ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyan tam olaraq ödənildiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, buna gördə cinayət işinə xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci ildə iş yoldaşı Şahid4 ilə birlikdə Xankəndi şəhəri ərazisində xidmətdə olmuşlar. Saat 00 radələrində Xankəndi şəhərində yerləşən “Leon Pub” kafesinin qarşısından keçən zaman 4 nəfər şəxsin mübahisə etdiklərini görmüş və dərhal onlara yaxınlaşmışlar. Bu zaman Zərərçəkmiş şəxs baş nahiyəsindən qan axdığını görmüş və oradakı şəxsləri Xankəndi Şəhər Polis Şöbəsinin Növbətçi hissəsinə gətirmişdilər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 21 iyun 2025-ci il tarixli 492 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın və sol qulaqarxası nahiyələrin sıyrıqları, sol təpə-gicgah nahiyəsində tüklü hissəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər». İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 06 noyabr 2025-ci ildə yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 06 noyabr 2025-ci ildə yazılmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 14 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuluğu yoxdur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən “Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir”. Azərbaycan Respublikası CPM-in 40.3 maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır». Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş maddi ziyanı ödədiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar