Məhkəmə qərarları › İş №1(065)-31/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-31/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-31/2025 08.01.2026 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2001-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkəmluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu Zülfü Hacıyev küçəsi ev 7də qeydiyyatda olan, faktiki olaraq Gəncə şəhəri Məhsəti qəsəbəsi Şirvanşahi Abutalıbov küçəsində yaşaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci ildə saat 21.20 Xankəndi şəhərində yerləşən “Araz” supermarketdə bazarlıq etdikdən sonra kassaya yaxınlaşmış, bu zaman digər müştərinin aldığı məhsulların satışını həyata keçirən satıcı – kassir Zərərçəkmiş şəxs növbədən kənar onun məhsullarının satışını icra etməsini tələb etmiş, sonuncu bu tələbi yerinə yetirmədikdə, onunla mübahisə edib, ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan hərəkətlər edərək Zərərçəkmiş şəxs yumruqla vurub ona sol gözaltı nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bununla da, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətə yol verməklə xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid1 uzun müddətirdir ki, Xankəndi şəhərində işləyir. Hadisə baş verən ərəfədə atasını ziyarət etmək üçün Xankəndi şəhərinə gəlmişdir. Atası ilə birlikdə 10 sentyabr 2025-ci ildə saat 21.20 Xankəndi şəhərində yerləşən “Araz” supermarketdə bazarlıq etdikdən sonra kassaya yaxınlaşmış və bu zaman kassir Zərərçəkmiş şəxs ondan öndəki müştərini yola saldığını görüb, sonuncudan onun aldığı məhsulların satışını icra etməsini xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs təklifinə etinasız yanaşdığı üçün, onunla mübahisə etmiş və mübahisə zamanı zərərçəkmiş şəxsin sol göz nahiyəsinə yumruqla vurmuşdur. Lakin sonradan hadisə yerinə toplanmış şəxslər onları sakitləşdirmişdir. Əməlindən peşmandır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs gəlməmiş, ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, habelə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermidir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri – ictimai yer hesab olunan Xankəndi şəhərində yerləşən “Araz” supermarketin içərisidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Videogörüntüyə baxış keçirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci ildə saat 21.20 Xankəndi şəhərində yerləşən “Araz” supermarketdə bazarlıq etdikdən sonra kassaya yaxınlaşmış, bu zaman digər müştərinin aldığı məhsulların satışını həyata keçirən satıcı – kassir Zərərçəkmiş şəxs növbədən kənar onun məhsullarının satışını icra etməsini tələb etmiş, sonuncu bu tələbi yerinə yetirmədikdə, onunla mübahisə edib, Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən vurmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin ekspertizası ilə bağlı 14 sentyabr 2025-ci il tarixli 812 nömrəli ekspertiza rəyinin nəticə hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol gözaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 27 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 08 yanvar 2026-cı ildə yazılmış ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 27 oktyabr 2025ci il tarixli qərardan görünür ki, hadisənin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd DVD iş üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinin və qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəcinə müvafiq olaraq iş materiallarında olan – hadisənin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan – hadisənin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar