Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-4/2024 22.08.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 48 mənzil 48-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Gülçülük sovxozu dalan 3 ev 33-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 may 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhəri ərazisində 1 (bir) ədəd soyuq silahı – döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağı əldə edərək “Opel Astra” markalı 90XP801 qeydiyyat nişanlı avtomobildə saxlamış və həmin gün saat 16.50-də qeyd olunan avtomobilə baxış keçirilərkən qeyd olunan soyuq silah ön sərnişin oturacağının altından aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ərəfəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plastik qapı və pəncərə ustası işləmişdir. 11 may 2024-cü ildə işlədikləri Xocalı rayonu Malıbəyli kəndindən bazarlıq etmək üçün iş yoldaşı Şahid1 istifadəsində olan “Opel Astra” markalı 90XP801 qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə gəlmişlər. Bazarlıq etdikdən sonra şəhəri tərk etmək istəsələr də, həmin gün olan kütləvi tədbirlə əlaqədar olaraq çıxışa məhdudiyyətlər qoyulmuşdur. Buna görə də, Şahid1 idarə etdiyi avtomobili binaların arasında saxlamış və özü avtomobildə yatmışdır. Həmin ərəfədə çoxmənzilli yaşayış binalarının giriş qapısı açıq olduğu üçün mənzillərə baxmış və 1 (bir) bıçaq diqqətini cəlb etdiyi üçün götürərək sürücüdən xəbərsiz ön sərnişin oturacağının altına qoymuşdur. Xankəndi şəhərindən çıxışa icazə verildikdən sonra ikinci blok posta yaxınlaşmışlar. Polis əməkdaşları onlardan avtomobildə hər hansı bir qanunsuz predmet olub-olmamasını soruşduqda, belə bir əşyanın olmadığını bildirmişlər. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələndikləri üçün onları polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinin həyətində avtomobilə baxış keçirilən zaman ön sərnişin oturacağının altından mənzildən götürdüyü bıçaq aşkar edilmişdir. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün taqım komandiri vəzifəsində işləyir. 11 may 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhərində yerləşən ikinci blok postda xidmətdə olarkən şəhərdən çıxan “Opel Astra” markalı 90XP801 qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Avtomobilin yük yerinə sürücünün razılığı ilə baxan zaman Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurmuşdur. Belə olan halda avtomobilə təfsilatlı baxış keçirmək üçün onları X1 inzibati binasına dəvət etmişlər. Şöbənin binasında hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilən zaman ön sərnişin oturacağının altından bir ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olduğun və onun avtomobildə mövcudluğundan sürücü Şahid1 məlumatı olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Qənimət oğlu ifadəsində göstərmişdir ki, 11 may 2024-cü ildə Xankəndi şəhərində olan zaman polis əməkdaşları hal şahidi qismində onu şöbənin inzibati binasına dəvət etmişlər. Orada “Opel Astra” markalı 90XP801 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman ön sərnişin oturacağının altından bir ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olduğun və onun avtomobildə mövcudluğundan sürücü Şahid1 məlumatı olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 Qənimət oğlunun məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürmə barədə” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Opel Astra” markalı 90XP801 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman ön sərnişin oturacağının altından bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2024-cü il tarixli 3-16-16/2-3/874, 3/875 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçağdır, soyuq silah hesab edilir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında olan «Axtarışda olan şəxsin tutulması barədə» 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina olunması barədə» 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan elektron məhkəmə portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı – xx.xx.2020-ci il təvəllüdlü Zeynəb, üç nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2007-ci il təvəllüdlü Məhəbbət, xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2012-ci il təvəllüdlü Raul adlı uşağı var. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı və üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 iyun 2024-cü ildən 28 iyun 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-4/2024
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-4/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver