Məhkəmə qərarları › İş №1(065)-4/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-4/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-4/2025 20.02.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Tərtər rayonu Fəhlə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu Yenikənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhəri Kərkicahan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarajından 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 694166 nömrəli 5,45 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı – Kalaşanikov konstruksiyalı AKS-74U modelli avtomatı, həmin konstruksiyalı silaha məxsus – zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı sayılan və atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 60 ədəd patronu və patronların yerləşdiyi – hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, qeyd olunan kalibrli Kalaşanikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 2 (iki) ədəd darağı əldə edib daşıyaraq istifadəsində olan “Honda” markalı 99CK121 qeydiyyat nişanlı avtomobilin alt hissəsində olan boşluğa məftillə bağlamaqla saxlamış, göstərilən tarixdə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobilə baxış keçirilən zaman müvafiq odlu silah, onun komplekt hissələri və döyüş sursatları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü ildə istifadəsində olan “Honda” markalı 99CK121 qeydiyyat nişanlı avtomobillə tanışı Şahid1 ilə birlikdə Xankəndi şəhərinə gəlmişlər. Avtomobillə şəhərin Kərkicahan qəsəbəsində gəzərkən Şahid1 özünü pis hiss etdiyindən avtomobildən düşmüşdür. Həmin vaxt avtomobili fərdi yaşayış evlərindən birinin açıq olan qarajına salmışdır. Qarajda avtomobilin alt hissəsinə baxmaq üçün çuxur da olmuşdur. Fərdi yaşayış evinin həyətində gəzərkən kisənin içərisindən mis əsaslı əlvan metal və paltaryuyan maşınlarının “beyin” adlandırılan hissələrini tapmışdır. Həmin əşyaları əldə edərək aparmaq qərarına gəlmişdir. Əşyaları blok postlardan gizli keçirmək üçün qaraja daxil olaraq çuxura düşmüş və həmin əşyaları avtomobilin alt hissəsinə bağlamağa başlamışdır. Bu zaman Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti əməkdaşları qəflətən qaraja daxil olmuş və əlində telefon çəkiliş edə-edə çuxura düşmüşdür. Bu zaman özü çuxurdan çıxmış və polis əməkdaşlarına götürdüyü əşyanı demişdir. Bu zaman polis əməkdaşı avtomobilin alt hissəsinə bağlanmış avtomat silahın kimə məxsus olmasını soruşmuş, cavabında ona orada silah olmamasını demişdir. Buna baxmayaraq polis əməkdaşları çuxurdan onun götürdüyü qeyd olunan əşyalarla yanaşı çuxurdan avtomat silah və onun iki ədəd darağını çıxarmışlar. Polis əməkdaşı çuxura düşən zaman onun əlində mobil telefon aparatından başqa, digər əşya olmamışdır. Silah, onun komplekt hissələri və döyüş sursatlarının ona aidiyyəti yoxdur. Buna görə də, bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı – 08 noyabr 2024-cü il tarixli şübhəli, həmin tarixli və 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, 07 noyabr 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhəri Kərkicahan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarajındakı çuxurdan tapdığı 1 (bir) ədəd avtomatı silahı və 2 (iki) ədəd içərisi dolu darağı gizli yolla aparmaq məqsədi ilə avtomobilin alt hissəsinə bağlayan zaman polis əməkdaşları qaraja daxil olmuşlar. Təqsirləndirilən şəxsin əməlini etiraf etməməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü ildə polis şöbəsinin digər əməkdaşları – Şahid2 və Şahid4 ilə birlikdə Xankəndi şəhəri Kərkicahan qəsəbəsində xidmətdə olmuşlar. Həmin gün saat 16 radələrində avtopatrulla fərdi yaşayış evlərinin qarşısından keçən zaman avtotəmir üçün nəzərdə tutulmuş qarajın içərisində avtomobilin, həmçinin qarajın qapısının bağlı olmasını görmüşdür. Xidməti avtomobildən düşüb qaraja yaxınlaşan zaman çuxurun içərisində Təqsirləndirilən şəxs görmüş və dərhal ora enmişdir. Avtomobilin alt hissəsinə baxan zaman orada mərəfə bükülü halda bağlanmış avtomat silahın qundağını və digər əşyalar görmüşdür. Bundan sonra polis şöbəsinə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra avtomobilə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat silah, hər birində 30 ədəd patron olan 2 ədəd daraq və digər əşyalar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü ildə təqsirləndirilən şəxsin istifadəsində olan “Honda” markalı 99CK121 qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə gəlmişlər. Avtomobillə şəhərin Kərkicahan qəsəbəsində gəzərkən özünü pis hiss etdiyindən avtomobildən düşmüş və təxminən 15-20 dəqiqə sonra geri qayıdan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin birinin qarajına maşını saldığı və orada sonuncudan başqa bir neçə polis əməkdaşının olmasını görmüşdür. Yalnız bundan sorna Fuadın qarajın içərisindəki çuxurda maşının altına mis əsaslı əlvan metal və paltaryuyan maşınlarının “beyin” adlandırılan hissələri bağladığını eşitmiş, habelə qarajda 1 (bir) ədəd avtomatı silahı və 2 (iki) ədəd içərisi dolu darağ görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmənin keçirilməsi barədə» 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “Honda” markalı 99CK121 qeydiyyat nişanlı avtomobilə və qaraja baxış keçirilərkən oradan 1 ədəd avtomat silah, hər birində 30 ədəd patron olan 2 ədəd daraq, habelə mis əsaslı əlvan metal və paltaryuyan maşınlarının “beyin” adlandırılan hissələri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 08 noyabr 2024-cü il tarixli 24/1685 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd 694166 №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74U modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 60 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır”. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 08 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) həddində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 14 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı – xx.xx.2013-cü il təvəllüdlü Nuray və 06 yanvar 2015-ci il təvəllüdlü İlqar adlı uşağı var. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli 7 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Nuray “allergik bronxospazm” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 17 fevral 2025-ci il tarixli 18-1-82/3-150/2025 və 18-1-82/3-151/2025 nömrəli arayışlardan görünür ki, X1 “(Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya)” və “İnsulindən asılı olmayan şəkərli diabet” xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd icra nümayəndəliyi tərəfindən 14 fevral 2025-ci ildə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi dəlil məhkəmə istintaqında təqqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyini şərtləndirən aşağıdakı dəlili irəli sürmüşdür: - 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 694166 nömrəli 5,45 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı – Kalaşanikov konstruksiyalı AKS-74U modelli avtomatı, həmin konstruksiyalı silaha məxsus – zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı sayılan və atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 60 ədəd patronu və patronların yerləşdiyi – hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, qeyd olunan kalibrli Kalaşanikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 2 (iki) ədəd darağına onun aidiyyəti yoxdur. Müvafiq dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs qeyd olunan əşyaları Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən götürməsi aşağadıka sübutlarla təsdiq olunur: - «Baxış və götürmənin keçirilməsi barədə» 07 noyabr 2024-cü il tarixli protokol; - Şübhəli şəxs Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixli dindirmə protokolu; - Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixli dindirmə protokolu; - Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixli dindirmə protokolu; - Xankəndi Şəhər Polis Şöbəsinin 08 yanvar 2024-cü il tarixli 3-13-122/1-7679/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubu Müdafiə hüququ təmin olunmaqla Təqsirləndirilən şəxs ilə keçirilən qeyd olunan istintaq hərəkətləri zamanı, xüsusilə də, hadisədən iki ay sonra – 09 yanvar 2025-ci ildə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «… həmin əşyaları bağladıqdan sonra xəndəkdə gəzərkən ayağımı orada olan yeşiyin üzərinə qoyduqda ayağım boşluğa düşdü, yeyişin yanında avtomobil təkərinin olmasını və təkəri qaldırdıqda içərisində bərk əşya olan mələfə olduğunu və həmin mələfəni açdıqda içərisində 1 ədəd avtomat silah və içərisi güllə ilə dolu vəziyyətdə 2 ədəd daraq aşkar etdim. Bundan sonra mən həmin avtomat və içərisi güllə ilə dolu daraqları həmin mələfəyə bükərək avtomobilin arxa tərəfinə məftillə bağlayan zaman gördüm ki, qarajın dəmir qapısı açıldı və içəri polis əməkdaşları girdi…». Təqsirləndirilən şəxs həmin dindirmə protokolunun sonunda əlyazma qaydasında bunu icra etmişdir: «İfadəmi oxudum, düzgün, əlavəm yoxdu, doğruluğunu imzamla təsdiq edirəm». Qeyd olunan hallar həmçinin Xankəndi Şəhər Polis Şöbəsinin 08 yanvar 2024-cü il tarixli 3-13-122/1-7679/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubu ilə təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə 13 yanvar 2025-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan özünə məxsus dindirmə protokolları, habelə qeyd olunan istintaq hərəkətinin protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələr ilə məhkəmə baxışında veridiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadəni cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 228.1ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı – xx.xx.2013-cü il təvəllüdlü Nuray və 06 yanvar 2015-ci il təvəllüdlü İlqar adlı uşağının olmasını, Nuray Allahverdilinin “allergik bronxospazm” xəstəliyyindən, anası Həmişəgül Allahverdiyevanın “(Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya)” və “İnsulindən asılı olmayan şəkərli diabet” xəstəliklərindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 07 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 694166 nömrəli 5,45 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı – Kalaşanikov konstruksiyalı AKS-74U modelli avtomat, həmin konstruksiyalı silaha məxsus – zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı sayılan və atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 60 ədəd patron və patronların yerləşdiyi – hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, qeyd olunan kalibrli Kalaşanikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 2 (iki) ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş 694166 nömrəli 5,45 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı – Kalaşanikov konstruksiyalı AKS-74U modelli avtomat, həmin konstruksiyalı silaha məxsus – zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı sayılan və atəş üçün yararlı olan 5,45x39 mm kalibrli 60 ədəd patron və patronların yerləşdiyi – hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, qeyd olunan kalibrli Kalaşanikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 2 (iki) ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar