Məhkəmə qərarları › İş №1(065)-5/2024

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-5/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-5/2024 03.10.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1997-ci ildə Xocavənd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta köməkçisi işləmiş, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü ildən 21 may 2024-cü ilədək Xankəndi şəhərində olduğu dövrdə məlum olmayan vaxtda və yerdən döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik 3 (üç) ədəd süngü bıçağı qanunsuz əldə edib müvəqqəti yaşadığı – Xankəndi şəhərində yerləşən çoxmənzilli binanın beşinci mərtəbəsində yerləşən mənzilin yataq otağında özünə məxsus qara-qarmızı rəngli çantanın içərisində saxlamış, habelə, 21 may 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhərində – «Araz» marketin yaxınlığında yerləşən fərdi yaşayış evində olan çarpayının üstündəki döşəyin altından içərisində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 8 (səkkiz) ədəd ştat patron olan daraqla birlikdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli LO-2590 №-li texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd Makarov konstruksiyalı PM modelli yivli odlu silahı əldə edib əynindəki şalvarın bel hissəsində və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 16 (on altı) ədəd ştat patronu əldə edərək şalvarın sağ yan cibində saxlayıb üzərində gəzdirməklə daşımış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qeyd olunan silah-sursat və müvəqqəti yaşadığı mənzilə baxış keçirilən zaman oradan 3 (üç) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta köməkçisi işləmiş və 22 mart 2024-cü ildən Xankəndi şəhərində vəzifəsini icra etmişdir. Xankəndi şəhərində yaşadığı müddətdə Cəmiyyət tərəfindən şəhərdə yerləşən beş mərtəbəli çoxmənzilli binanın beşinci mərtəbəsində mənzillə təmin olunmuşdur. Xankəndi şəhərində yaşadığı dövrdə işdən sonra boş mənzillərə baxmışdır. Həmin mənzillərdən diqqətini cəlb etdiyi üç ədəd bıçaq götürərək yaşadığı mənzilə gətirmiş və şəxsi əşyalarının içərisində saxlamışdır. Həmin bıçaqların süngü bıçaq olmasını yalnız hadisədən sonra bilmişdir. Tanışları – Şahid2 və Şahid1 onun çalışdığı şirkətdə işləmək üçün Xankəndi şəhərinə gəlmişlər. Həmin şəxslərlə qeyd olunan gün saat 16 radələrində Xankəndi şəhərində gəzərkən istifadəsiz halda olan fərdi yaşayış evlərindən birinə girərək ora baxmışlar. Evdəki otaqların birində bir ədəd tapança və 16 ədəd tapança patronu tapmış, tapançanı şalvarının bel nahiyəsinə, patronları isə cibinə qoymuşdur. Bu barədə tanışlarına məlumat verməmişdir. Müvafiq silah-sursatı götürməkdə məqsədi onları aparıb polis şöbəsinə təhvil vermək olmuşdur. Fərdi yaşayış evindən çıxıb küçə ilə hərəkət edən zaman bel nahiyəsinə qoyduğu tapança şalvarının balaq hissəsinə düşmüş, onu götürən zaman polis əməkdaşları görmüş və yaxınlaşaraq özlərini təqdim edib həmin əşyanın nə olmasını soruşmuşlar. Polis əməkdaşlarına qeyd olunan əşyanın tapança olmasını bildirdikdən sonra onu Xankəndi Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman qeyd olunan tapança və 16 ədəd patron aşkar edilərək götürülmüşdür. Tapançanın üstündəki daraqda da 8 ədəd patron olmuşdur. Bundan sonra razılığı ilə polis əməkdaşları müvəqqəti yaşadığı mənzilə baxış keçirmiş və bu zaman şəxsi əşyalarının içərisində saxladığı üç ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Üç ədəd süngü bıçağı əldə edib saxlaması ilə bağlı əməlindən peşmandır. Tapança və ona məxsus 24 ədəd patronu könüllü olaraq təqdim etmək niyyətində olduğu üçün, həmin hissədə cinayət təqdibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin əməllərini qismən etiraf etməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməllərini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla tam təsdiq olunur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 may 2024-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işə düzəlmək üçün tanışı Şahid1 ilə birlikdə Xankəndi şəhərinə gəlmiş və tanışı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzildə məskunlaşmışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxslə birlikdə Xankəndi şəhərində olan fərdi yaşayış evlərindən birinə baxmaq üçün daxil olmuşlar. Bir qədər sonra həmin evi tərk etmiş və Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzilə doğru getmişlər. İstifadəsiz mənzili tərk edərkən Təqsirləndirilən şəxs nə ona, nə də ki, Şahid1 digər yerə, o cümlədən Xankəndi Şəhər Polis Şöbəsinə getməsi barədə məlumat vermiş, onlarla yanaşı təqsirləndirilən şəxs də müvəqqəti yaşadığı mənzilə doğru hərəkət etmişdir. Evə doğru hərəkət edən zaman polis əməkdaşları Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndikləri üçün onu saxlamış və üzərində nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərirndə tapança və patron olmasını polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs üzərində silah-sursat olmasını yalnız həmin vaxt bilmişlər. Sonradan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzilə baxış keçirilərkən oradan üç ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qardaşıdır və onlar birlikdə Xankəndi şəhərində yerləşən beş mərtəbəli çoxmənzilli binanın beşinci mərtəbəsində mənzillə təmin olunmuşlar. 21 may 2024-cü ildə polis əməkdaşları Xankəndi şəhərində yaşadıqları evə baxış keçirmiş və baxış zamanı Təqsirləndirilən şəxs şəxsi əşyalarının içərisindən üç ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 oğlu digər Şahid5 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili işləyir. 21 may 2024-cü ildə Xankəndi şəhərində yerləşən “Araz” marketin yaxınlığında digər polis əməkdaşı Şahid6 ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs və onun yanında olan iki nəfərin istifadəsiz olan fərdi yaşayış evindən çıxaraq hərəkət etdiklərini, bu zaman Əmrahın bel nahiyəsində olan tapançanın onun şalvarının balaq hissəsinə düşdüyünü görmüşlər. Belə olan təqdirdə Təqsirləndirilən şəxs yaxınlaşıb onu və sonuncunun yanında olan iki nəfəri polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərində içərisində 8 ədəd patron olan tapança və daha 16 ədəd həmin tapançaya aid patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan silah-surtası könüllü təqdim etmək üçün polis şöbəsinə getməsini bildirsə də, sonuncu saxlanılan vaxt polis şöbəsi istiqamətində deyil, məhz müvəqqəti yaşadağı mənzidə doğru getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzilə baxış keçirilən zaman oradan 3 ədəd süngü bıçaq tapılmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 digər Şahid7 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Şəxsi axtarış və götürmə aparılması barədə» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın bel hissəsindən içərisində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 8 (səkkiz) ədəd ştat patron olan daraqla birlikdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli LO-2590 №-li texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd Makarov konstruksiyalı PM modelli yivli odlu silah və şalvarın sağ yan cibindən isə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 16 (on altı) ədəd ştat patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı – Xankəndi şəhərində yerləşən çoxmənzilli binanın beşinci mərtəbəsində yerləşən mənzilə videoçəkilişlə baxış keçirilən zaman, yataq otağından sonuncuya məxsus qara-qarmızı rəngli çantanın içərisindən 3 (üç) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən tərtib olunmuş 22 may 2024-cü il tarixli 24/971 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd LO-2590 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 24 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır». Həmin rəyin nəticə hissəsinə əlavə olunmuş Qeyddə əks olunur ki, “Təqdim edilmiş 30 patronlardan 05 ədədi eksperimental atəş zamanı istifadə olundu”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2024-cü il tarixli 3-16-16/2-3/1174 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 03 ədəd qında olan bıçaqlar, zavod üsulu ilə hazırlanmış hərbi təyinatlı Kalaşnikov avtomatlarının süngü bıçağıdır, kəsici-deşici xassəyə malik soyuq silahdırlar”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik 3 (üç) ədəd süngü bıçaq, 1 (bir) ədəd LO-2590 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 19 (on doqquz) ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və 1 (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi – daraq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 22 may 2024-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 20 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19-xx.xx.2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı Şahid4 X5 zamanı aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün «Laçının azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun hər bir ittiham epizodu üzrə özünün müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında təqqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı aşağıdakı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci madəsinə münasibətdə təqsirsizliyini şərtləndirən aşağıdakı dəlili irəli sürmüşlər: - Təqsirləndirilən şəxs 21 may 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhərində – «Araz» marketin yaxınlığında yerləşən fərdi yaşayış evində olan çarpayının üstündəki döşəyin altından içərisində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 8 (səkkiz) ədəd ştat patron olan daraqla birlikdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli LO-2590 №-li texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd Makarov konstruksiyalı PM modelli yivli odlu silahı və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalara aid 16 (on altı) ədəd ştat patronu əldə edərkən niyyəti onlara sahiblənmək deyil, məhz könüllü olaraq aparıb polis şöbəsinə təqdim etmək olmuşdur. Müvafiq dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs 21 may 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhərində – «Araz» marketin yaxınlığında yerləşən fərdi yaşayış evindən tapdığı silah-sursatı könüllü surətdə təhvil vermək üçün Xankəndi Şəhər Polis Şöbəsinə getdiyini bildirsə də, bu hal ilk olaraq ittihamın həllində hər hansı maraqları olmayan və təqsirləndirilən şəxsin tanışları olan – Şahid2 və Şahid1 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrlə tam təkzib olunur. Belə ki, həmin şəxslər ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxslə birlikdə sonuncu dəfə daxil olduqları evdən çıxdıqdan sonra, Xankəndi Şəhər Polis Şöbəsinə deyil, məhz təşqsirləndirilən şəxsin müvəqqəti yaşadığı mənzilə doğru getmişlər. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid6 və X3 Haqverdiyevi saxlayan zaman sonuncunun Xankəndi Şəhər Polis Şöbəsinə doğru deyil, məhz əks tərəfdə doğru hərəkət etdiyini bildirmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi irəli sürülmüş cinayət ittihamı üzrə verdiyi ifadələri yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, yaşıyış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum edilməməsini, 19-xx.xx.2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak etməsini, qardaşı Şahid4 X5 zamanı aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün «Laçının azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 21 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik 3 (üç) ədəd süngü bıçaq, 1 (bir) ədəd LO-2590 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 19 (on doqquz) ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və 1 (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi – daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik 3 (üç) ədəd süngü bıçaq, 1 (bir) ədəd LO-2590 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 19 (on doqquz) ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və 1 (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi – daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar