Məhkəmə qərarları › İş №1(065)-6/2024

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-6/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-6/2024 23.09.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Kəlbəcər rayonu Hopurlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə usta işləyən, Kəlbəcər rayonu Hopurlu kəndində qeydiyyatda olan, faktiki olaraq Şəki şəhəri Qayabaşı kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhəri ərazisində 1 (bir) ədəd soyuq silahı – döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağı əldə edərək üzərində saxlamaqla gəzdirmiş və həmin gün saat 17 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəyindən saxlanılıb şəxsi axtarışa məruz qalarkən qeyd olunan soyuq silah əynindəki açıq yaşıl rəngli şalvarın bel hissəsindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü Xankəndi şəhərində gəzərkən yerdən bir ədəd bıçaq taparaq şalvarının bel hissəsində qoymuşdur. Bundan bir nəçə dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmış və Xankəndi Şəhər Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bıçaq aşkar edilərək götürülmüşdür. Yalnız müvafiq bıçağın soyuq silah olduğunu bilməmişdir. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri işləyir. 01 iyun 2024-cü ildə saat 16 radələrində Xankəndi şəhəri ərazisində olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüş və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini müəyyənləşdirmək üçün polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şöbənin binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki açıq yaşıl rəngli şalvarın bel hissəsindən bir ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olduğunu və Xankəndi şəhəri ərazisində yerdən tapdığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 və Şahid3 X1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə” 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman, onun əynindəki açıq yaşıl rəngli şalvarın bel hissəsindən 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2024-cü il tarixli 3-16-16/2-3/967, 3/971 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Təqdiqata təqdim olunmuş 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunmuş döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 149 millimetr, dəstəyinin uzunluğu 123 millimetr olmaqla, ümumi uzunluğu 272 millimetr təşkil edən, qatlanmayan,soyuq silah hesab edilən süngü bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan dəyişiklik edilməmişdir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.27-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Tutulmuş şəxsin azad edilməsi haqqında» 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 20 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış, süngü bıçaq saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmiş və disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 iyun 2024-cü ildən 28 iyun 2024-cü ilədək həbsdə olduğu 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar