Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-7/2024 18.11.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1997-ci ildə Füzuli rayonu Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu Şıxlı kəndində qeydiyyatda olan, faktiki olaraq Füzuli rayonu Fin qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş yaşayış sahələrinin və binalarının qarşısında olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 14 avqust 2024-cü ildə saat 11 radələrində Xankəndi şəhərində olarkən beşmərtəbəli binanın qarşısında olan 1 (bir) ədəd dəyəri 350 manat olan istifadə olunmuş “Hisense” markalı paltaryuyan maşını, 1 (bir) ədəd dəyəri 50 manat olan istifadə olunmuş “Dell” markalı kompüter monitorunu, 1 (bir) ədəd dəyəri 40 manat olan istifadə olunmuş “Samsung” markalı kompüter monitorunu, 1 (bir) ədəd dəyəri 100 manat olan istifadə olunmuş kompüter prosessorunu və 1 (bir) ədəd dəyəri 50 manat olan kompüterin qurğusu olan klaviaturanı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 545 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 14 avqust 2024-cü ildə ifadəsində olan “VAZ-2107” markalı 54BX124 qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərində gəzərkən binalardan birinin qarşısına məişət əşyaları yığıldığını görmüş və həmin yerə gələrək 1 (bir) ədəd istifadə olunmuş “Hisense” markalı paltaryuyan maşını, 1 (bir) ədəd istifadə olunmuş “Dell” və 1 (bir) ədəd istifadə olunmuş “Samsung” markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş kompüter prosessorunu və 1 (bir) ədəd klaviaturanı avtomobilinə yığmışdır. Sonra Xankəndi şəhərində yerləşən «Xankəndi Mall»ın qarşısına gələrək həmkəndlisi Şahid1 avtomobilə götürüb, onunla birlikdə Füzuli şəhərinə yola düşmüşlər. Xankəndi şəhərinin çıxışında olan blok postda polis əməkdaşları avtomobilinə baxış keçirən zaman həmin əşyalar aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və orada avtomobilə baxış keçirilən zaman qeyd olunan əşyalar götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs 14 avqust 2024-cü ildə saat 11 radələrində Xankəndi şəhərində zərərçəkmiş hüquqi şəxsə məxsus ümumilikdə 545 manat məbləğində əmlakı ələ keçirmişdir. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 14 avqust 2024-cü ildə saat 17 radələrində Xankəndi şəhərinin çıxışında yerləşən üçüncü blok postda xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı 54BX124 qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Müvafiq qaydalara uyğun avtomobilin yük yerinə və salonuna vizual baxış keçirilərkən orada müxtəlif əşyalar olduğu müəyyən edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasının həyətinə aparılmış və orada nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobildən 1 (bir) ədəd istifadə olunmuş “Hisense” markalı paltaryuyan maşın, 1 (bir) ədəd istifadə olunmuş “Dell” və 1 (bir) ədəd istifadə olunmuş “Samsung” markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş kompüter prosessoru və 1 (bir) ədəd klaviatura aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-2107” markalı 54BX124 qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobilin arxa sərnişin oturacağından 1 (bir) ədəd istifadə olunmuş “Hisense” markalı paltaryuyan maşın, 1 (bir) ədəd istifadə olunmuş “Dell” və 1 (bir) ədəd istifadə olunmuş “Samsung” markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş kompüter prosessoru və 1 (bir) ədəd klaviatura aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı tərtib olunmuş 30 sentyabr 2024-cü il tarixli 9/6872 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 545,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir ədədinin Ümumi dəyəri miqdarı qiyməti (manatla) (manatla)
1. İstifadədə olmuş ağ rəngli “Hisense” markalı, 1 350 350 təxmini 6-7 kq tutumlu paltaryuyan maşın
2. İstifadədə olmuş qara rəngli «Dell» markalı 1 50 50 kompüter monitoru
3. İstifadədə olmuş qara rəngli «Samsung» markalı 1 40 40 kompüter monitoru
4. İstifadədə olmuş qara rəngli kompüter prossesoru 1 100 100
5. İstifadədə olmuş kompüter yazıçısı (klaviatura) 1 5 5 cəmi: 545,00 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 08 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 oktyabr 2024cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd istifadə olunmuş ağ rəngli “Hisense” markalı paltaryuyan maşın, 1 (bir) ədəd qara rəngli «Dell» markalı və 1 (bir) ədəd istifadə olunmuş qara rəngli «Samsung» markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş qara rəngli kompüter prossesoru və 1 (bir) ədəd kompüter yazıçısı (klaviatura) iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair 26 sentyabr 2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti başçısının Quraşdırma evlər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, üçüncü dərəcəli əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd istifadə olunmuş ağ rəngli “Hisense” markalı paltaryuyan maşın, 1 (bir) ədəd qara rəngli «Dell» markalı və 1 (bir) ədəd istifadə olunmuş qara rəngli «Samsung» markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş qara rəngli kompüter prossesoru və 1 (bir) ədəd kompüter yazıçısı (klaviatura) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 avqust 2024-cü ildən 16 avqust 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd istifadə olunmuş ağ rəngli “Hisense” markalı paltaryuyan maşın, 1 (bir) ədəd qara rəngli «Dell» markalı və 1 (bir) ədəd istifadə olunmuş qara rəngli «Samsung» markalı kompüter monitoru, 1 (bir) ədəd istifadə olunmuş qara rəngli kompüter prossesoru və 1 (bir) ədəd kompüter yazıçısı (klaviatura) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Abdullayev