Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-8/2025 03.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab şəhəri Babək küçəsi dalan 5 ev 1-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xətai rayonu Ramiz Quliyev küçəsi 63-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) Xankədi filialına məxsus 2 (iki) ədəd kombi cihazlarını oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 28 oktyabr 2024-cü ildə həmin filialın zirzəmisinin giriş hissəsində quraşdırılmış 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazlarını gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 3100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında işləmək məqsədilə Xankəndi şəhərinə gəlmiş və bir müddət “ND Company” şirkətində nəzarətçi işləmişdir. Xankəndi şəhərində olduğu müdddətdə tanışı Şahid3 ona həmin şəhərdə məskunlaşmış bir nəfər şəxsə kombi aparatları lazım olduğunu bildirmiş və söküntü aparılan ərazidə işlənmiş kombi cihazları ilə rastlaşdıqda ona məlumat verməsini xahiş etmişdir. 28 oktyabr 2024-cü ildə şəhərində mərkəzində hərəkət edərkən "xxxx" ASC-nin Xankədi filialının arxasında yerləşən üç mərtəbəli binanın zirzəmisinin qarşısında iki ədəd kombi cihazı görmüş və həmin cihazları açaraq, Şahid3 dediyi şəxsə –Şahid1 təhvil vermişdir. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs – "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü ildə həmin filialın zirzəmisinin giriş hissəsində quraşdırılmış 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazlarını oğurlamışdır. Hazırda həmin əşyaları tələb edir və buna görə də, mülki iddianın təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında işləmək üçün Xankəndi şəhərinə gəlmiş və müvəqqəti mənzillə təmin edilmişdir. Lakin həmin evin kombi cihazı olmamış və bu barədə tanışı Şahid3 məlumat vermişdir. 28 oktyabr 2024-cü ildə Şahid3 ona zəng edərək, Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş və sonuncu ilə danışıb, görüşməsini tapşırmışdır. Təqsirləndirilən şəxsla Xankəndi şəhərinin mərkəzində görüşmüş və sonuncu ona iki ədəd kombi cihazları vermişdir. Həmin cihazlardan yalnız biri ona lazım olduğu üçün, digərini Şahid3 təhvil vermişdir. Sonradan həmin kombi cihazlarınının "xxxx" ASCnin Xankədi filialına məxsus olmasını öyrənmiş və onda olan cihazı dərhal polisə qaytarmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 tanışıdır. 07 yanvar 2025-ci ildə Şahid3 ona zəng edərək səhhətinin yaxşı olmadığını bildirmiş və onun evində olan 1 (bir) ədəd “İmmergas” markalı kombi aparatı aparıb Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verməsini xahiş etmişdir. Şahid3 həmçinin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin kombi cihazını söküntüdən götürdüyünü deməklə onu aldatmış, əslində həmin cihaz "xxxx" ASC-nin Xankədi filialına məxsus olmuşdur. Qeyd olunan tarixdə kombi cihazını polisə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürmə barədə” 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC) Xankədi filialının inzibati binasının zirzəmisinin girişində quraşdırılmış 2 (iki) ədəd kombi cihazı açılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürmə barədə” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 müvəqqəti yaşadığı mənzildən 1 (bir) ədəd “İmmergas” markalı kombi aparatı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürmə barədə” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 1 (bir) ədəd “İmmergas” markalı kombi aparatı götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş kombi cihazları arasından "xxxx" ASC-nin Xankədi filialına məxsus 1 (bir) ədəd dəyəri 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd 28 kv-lıq “İmmergas” markalı kombi cihazlarını tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 23 yanvar 2025-ci il tarixli 03/01/25 nömrəli məktubundan görünür ki, 1 (bir) ədəd dəyəri 32 kv-lıq “İmmergas” markalı cihazın dəyəri 1600 manat və 1 (bir) ədəd 28 kv-lıq “İmmergas” markalı kombi cihazının dəyəri 1500 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazları maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad olunmuşdur. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə iş üzrə "xxxx" ASC tərəfin verilmiş 3941,20 manat maddi ziyan tələbi ilə mülki iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 38.3 və 132.1.5-ci maddələrinə əsasən “Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır”. Həmin Məcəllənin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı «ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda», «ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda» mülki iddia verməyə haqlıdır. Qanunun qeyd olunan normalarının təhlilindən görünür ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanla bağlı verilə bilər. Hazırki işin müəyyən olunmuş faktiki hallarından görünür ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, yəni 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazları oğurlanmaqla "xxxx" ASC-yə ümumilikdə 3100 manat maddi ziyan vurulmuşdur. Buna görə də, mülki iddia qismən təmin olunmalı, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və hazırda Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan – 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazları "xxxx" ASC-yə qaytarılmalı, habelə təqsirləndirilən şəxsdən 59,42 qəpik dövlət rüsumu həmin Cəmiyyətin xeyrinə tutulmalı, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü ildən 16 dekabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Bakı şəhər Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. "xxxx" ASCnin Təqsirləndirilən şəxs qarşı maddi ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və hazırda Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan – 1 (bir) ədəd dəyəri 1600 manat olan 32 kv-lıq “İmmergas” markalı və 1 (bir) ədəd dəyəri 1500 manat olan 28 kv-lıq “İmmergas” markalı kombi cihazları "xxxx" ASC-yə qaytarılsın, habelə Təqsirləndirilən şəxs 59,42 qəpik dövlət rüsumu həmin Cəmiyyətin xeyrinə tutulsun. Maddi ziyan tələbinə dair iddia qalan hissədə baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-8/2025
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-8/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver