Məhkəmə qərarları › İş №1(065)-9/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-9/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-9/2025 03.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan, faktiki olaraq Goranboy rayonu «Yeni yaşayış massivi» ev 2 mənzil 54-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – dörd ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri – 0,41 qram, 3,83 qram, 3,52 qram və 3,47 qram olmaqla ümumi təmiz çəkisi 11,23 qram olan narkotik vasitə – qurudulmuş marixuananı əldə edib, bükümlərdən birini üzərində, qalanlarını isə sərnişi olduğu “Ford-Tranzit” markalı 26VA847 qeydiyyat nişanlı avtomobilin salonunun tavan hissəsində saxlamaqla, daşıyarkən Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 noyabr 2024-cü ildə saat 03 radələrində keçirilən əməliyyat tədbiri zamanı saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,41 qram olan narkotik vasitə – qurudulmuş marixuana üzərindən, qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilərkən isə üç ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri – 3,83 qram, 3,52 qram və 3,47 qram olan narkotik vasitə – qurudulmuş marixuana avtomobilin salonunun tavan hissəsindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə – qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin noyabr ayının sonlarında iş tapmaq məqsədi ilə Xankəndi şəhərinə gəlmişdir. 26 noyabr 2024-cü ildə saat 22 radələrində Xankəndi şəhərində yerləşən “Şirinbaba” kafesində olan zaman Şahid4 idarə etdiyi “Ford-Tranzit” markalı 26VA847 qeydiyyat nişanlı avtomobillə onu Yevlax rayonu “Aran” qəsəbəsinə aparmasını xahiş etmiş və sonuncu onun təklifini qəbul etmişdir. Onlarla yanaşı həmin vaxt kafedə olan Şahid2, İbrahim İbrahimli və Şahid1 avtomilə əyləşərək getmişlər. Lakin onların heç biri, onun hansı məqsədlə Yevlax rayonuna getməsini bilməmişlər. Yevlax rayonuna çatdıqdan sonra oradan dörd ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana almışdır. Həmin bükümlərdən birini cibinə, digərlərini isə avtomobilin salonunun tavan hissəsinə qoymuşdur. Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 noyabr 2024-cü ildə saat 03 radələrində keçirilən əməliyyat tədbiri zamanı saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən 1 (bir) ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana üzərindən, qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilərkən isə üç ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana avtomobilin salonunun tavan hissəsindən aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Qəhrəman qızı və Şahid4 Təqsirləndirilən şəxs məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 27 noyabr 2024-cü ildə gecə saat 03 radələrində xidmətdə olan zaman “Ford-Tranzit” markalı 26VA847 qeydiyyat nişanlı avtomobilin hərəkəti diqqətini cəlb etmiş və talançılığa şübhə olduğu üçün avtomobili X4 inzibati binasına gətirmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman, ondan bir ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs digər üç ədəd bükümün isə avtomobildə olduğunu demişdir. “Ford-Tranzit” markalı 26VA847 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman salonun tavan hissəsindən də üç ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu və məhz şəxsi istifadə məqsədilə əldə etdiyini, digər şəxslərin isə bundan məlumatlarının olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10, Şahid9, Şahid6, Şahid7 və Şahid8 digər Şahid5 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Şəxsi axtarış və götürmə haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Ford-Tranzit” markalı 26VA847 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salonunun tavan hissəsindən üç ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuana avtomobilin salonunun tavan hissəsindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2024-cü il tarixli 16/1091 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində "xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd ağ kağız bükümdəki narkotik vasitə marixuanaya bənzər kütlə "yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,41qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs saxladığı və aşkar olunan 01 eded kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,83qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs saxladığı və aşkar olunan 01 ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,52 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs saxladığı və aşkar olunan 01 ədəd şəffaf rəngli sellofan torbada narkotik vasitə bənzər kütlə yazı və imzalar olan” kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,47 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər». Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «marixuananın ümumi təmiz çəkisi – 11,23 qram, tədqiqata sərf edildi – 0,16 qram, qalıq – 11,07 qram». Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 22 dekabr 2024-cü il tarixli 2014 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə prolaktiki qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 11,07 qram olan narkotik vasitə – qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 2 (iki) ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmiş və 2 (iki) ədəd DVD isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02.35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. . İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını, əvvəllər məhkum olunmadığını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs da təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Məhkəmənin fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 11,07 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü ildən 28 noyabr 2024-cü ilədək həbsdə olduğu 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Goranboy rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 11,07 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar