Məhkəmə qərarları › İş №1(066)-104/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-104/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-104/2025 09.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rаyоn Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəməyə təklif etdi. Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə çıxış edərək bildirdi ki, hüquqularını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı kobud prosessual pozuntuya yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşı qeyri-müəyyən ittiham verilməklə onun müdafiə hüququ pozulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, şəxs öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayət əməlini törətməmişdir. Hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməli idi. Qeyd edilənlərin nəzərə alınaraq, cinayət işinin ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntularla müşaiyyət edildiyindən işin prokurora qaytarılmasını təklif edir. Digər məsələləri isə məhkəmənin mülahizəsinə buraxır. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs əvvəllər heç bir yerdə işləməmiş, sadəcə 44 günlük vətən müharibəsində iştirak etmiş və əlildir. Hesab edir ki, onun zərərçəkmiş şəxsdən pul alması və ya pulunu ələ keçirməsi təqsirləndirilən şəxsin vəzifəsindən və ya qulluq mövqeydindən istifadə edilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, cinayət işinin prokurora qaytarılması barədə müdafiəçisinin çıxışı ilə razıdır. Əlavə olaraq bildirdi ki, o, 44 günlük vətən müharibəsində iştirak etdikdən sonra əlil olmuş və heç bir yerdə işləməmiş, ümumiyyətlə əvvəllər heç bir vəzifə tutmamaqla fəhləliklə məşğul olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı müəyyən olunmuşdur ki, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuş, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud prosessual pozuntulara yol verilmiş və müdafiə hüququ pozulmuş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroru baş ədliyyə müşaviri Rəsul Həsənov qeyd edilən pozuntulara əhəmiyyət verməyərək qeyri-müəyyən ittihamı təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununa əsasən o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə qohumu Zərərçəkmiş şəxs 44 günlük vətən müharibəsində iştirakına görə 2-ci qrup əlil olması ilə bağlı yüksək vəzifələrdə tanışlarının olduğunu, həmin əlaqələrindən istifadə etməklə 3000 manat müqabilində sonuncunun arvadı Şahid Göygöl rayon Mərkəzi Xəstəxanasına operator vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib inandırmaqla 16 noyabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək olan müddətdə Şahid “Kapital Bank ASC”-yə məxsus kart hesabından “Birbank” tətbiqi vasitəsi ilə onlayn qaydada Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş “Kapital Bank ASC”-yə aid 416973******9674 və 409858******7354 nömrəli kart hesablarına göndərdiyi ümumilikdə 2140 (iki min yüz qırx) manat pulunu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan davamlı qəsdlə qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 2140 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin materiallarından və ittihamdan görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınsa da, Təqsirləndirilən şəxs dələduzluq hərəkətlərinin nədə ifadə olunması, qanuna zidd əməlin törədilməsinin motivi və üsulu müəyyən edilməmiş, etibardan sui-istifadə etməsi və ya hansı yolla aldatmaqla əmlakı ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etmiş şəxs hansı qulluq mövqeyindən istifadə etməsi istintaq orqanı tərəfindən müəyyən edilmədən bütün bu halların bir əməllə edilməsi nəticəsinə gəlmiş, həmin halların müəyyən edilməsi istiqamətində hər hansı real addımlar atılmamış, bu barədə müvafiq qaydada əməliyyat tapşırığı verilməmiş və nəticədə qeyri-müyyən ittiham verməklə müdafiə hüququ pozulmuşdur. Bundan əlavə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmasına baxmayaraq, cinayət işinin materiallarında heç bir ifadəyə və sübuta isnad edilmədən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə tövsif edilmiş və qeyd edilən xüsusat araşdırılmadan qiymət verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir yerdə işləməmiş, 44 günlük vətən müharibəsində iştirak etmiş və əlildir, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika psixiatriya Xəstəxanası” pulik hüquqi şəxsində yarım stasionar müalicə alır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin dispozisiyasında qeyd olunduğu kimi, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmiş şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsidir. Həmin Məcəllənin 178-ci maddəsi isə dələduzluq cinayətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. Dələduzluq cinayətinin də obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli Qərarı). "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarın 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmçinin həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmçinin həmin qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Həmin qərarın 24-cü bəndində göstərilir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: 1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; 5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar. Cinayət qanunvericiliyinin normalarına əsaslanaraq və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyyəni nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əməlin dələduzluq cinayət əməli kimi qiymətləndirilə bilməsi üçün bu hallardan yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmiş şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə hər hansı müəyyən bir fiziki şəxsə qarşı törədilməlidir və həmin şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmaqla onun bütün hüquqları təmin olunmalıdır. Lakin verilmiş ittihamda bu hərkətlərin hamısının təqsirləndirlən şəxs tərəfindən bir əməldə edilməsi göstərilmiş və nəticədə müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.0.23. prokuror — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir; 19.1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 47.1. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. 84.2. Prokuror bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək; məhkəmədə mülki iddia qaldırmaq və onu müdafiə etmək; məhkəmədə cinayət işi üzrə ittihamı müdafiə etmək; cinayət təqibinin gedişində digər səlahiyyətləri həyata keçirmək vəzifələri yerinə yetirməlidir: 85.2.1-ci maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməyi yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 120.1 – 120.3-cü maddələrinə əsasən cinayət prosesində iştirak edən hər bir şəxsin öz hüquq və vəzifələrini, seçdiyi mövqeyinin hüquqi nəticələrini bilməyə, habelə onun iştirakı ilə keçirilən prosessual hərəkətlərin mahiyyəti ilə tanış olmaq üçün ona təqdim edilmiş sənədlərin məzmunu barədə izahlar almağa hüququ vardır. Cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmalı (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir), etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirməlidir. Cinayət prosesinin iştirakçısı statusunu əldə etmiş şəxsin hüquq və vəzifələri onun iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı bir mövqeyini bildirməmişdən əvvəl izah edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Cinayət işlərində bu təminatlar prokurorluq tərəfindən həyata keçirilən ibtidai istintaqlara da şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi “Deveer Belçikaya qarşı” 27 fevral 1980-ci il tarixli qərarına əsasən, səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən cəzalandırılan hüquqpozma törətməsi ehtimalı barədə şəxsin xəbərdar olunması və ya şəxsin vəziyyəti ilə bağlı bunu ifadə edən istənilən təsir ittiham hesab edilir və cinayət təqibinin bunu ifadə edən və bunun məlum olduğu istənilən anından həmin şəxsin müdafiə hüquqları təmin edilməlidir. Həmin Məhkəmənin “Ekle Almaniyaya qarşı” iş üzrə 15 iyul 1982-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin konkret şəxsin hərəkətləri barədə başlanıldığı andan və ya cinayət işinin konkret şəxsin hərəkətləri barədə aparıldığı məlum olan andan həmin şəxsin Konvensiyanın 6-cı maddəsi üzrə müdafiə hüquqları mövcuddur və təmin edilməlidir. Həmin məhkəmənin “X3rşı” 05 mart 2013-cü il tarixli qərarına əsasən, Konvensiyanın 6-cı maddəsinin 3 “a” və “b” yarımbəndləri bir-biri ilə əlaqəlidir və ittihamların xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. Lakin, cinayət işinin istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün imkanlardan istifadə edilməklə təqsirləndirilən şəxsin dələduzluq hərəkətlərinin nədən ibarət olması, etibardan necə sui-istifadə etməsi və ya hansı yolla aldatmaqla əmlakı ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etmiş şəxs hansı qulluq mövqeyindən istifadə etməsi, qanuna zidd əməlin törədilməsinin mötivini və üsulunu müəyyən etmədən, digər tərəfdən ittiham aktında işdə iştirak edən şəxslərin ifadələri və onların şəxsiyyətlərini səciyyələndirən hallar ittiham aktında göstərmədən, qeyri-müəyyən ittiham irəli sürmüş, nəticədə müdafiə hüququ təmin edilməmiş və bununla da kobud qanun pozuntularına yol verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 289.3., 289.3.1., 289.3.2., 289.3.3. və 289.4.-ci maddələrinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. 303.1. Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3.6.-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 290.3.2., 296.2.5. və 296.2.6.-ci maddələrinə əsasən öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, onun vaxtı, üsulu, motivi, nəticələri və digər mühüm halları haqqında məlumat; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirliliyini təsdiq edən sübutların göstərilməsi zərurəti olduğundan, 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə ehtimallar olmasını nəzərə alınaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Azərbaycan Respublikası DİN-nin Göygöl rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X4 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroru baş ədliyyə müşaviri Rəsul Həsənov barəsində ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar