Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-108/2023 03.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Gəncə şəhər 1 saylı Vəkil Bürosonun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Kəlbəcər rayonu, Seyidlər Ə/D, Cəmilli kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Zunabad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və keçmiş qardaşı arvadı Zərərçəkmiş şəxs1 ağacla vuraraq qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 03 iyun 2023-cü il tarixdə saat 21 radələrində həbsdə olan qardaşı X1 arvadı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə Göygöl rayonu “beş ulduz” adlanan ərazidə bir yerdə görüb sonuncuların arasında intim münasibətlərinin olmasını bildikdən sonra onunla həmin şəxslər arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş mübahisə zamanı o, yerdən götürdüyü ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs1 sağ və sol əl nahiyələrinə vurub sonuncunun sağ əl nahiyəsinin əzilməsi, hematoması, sol əlin İ barmağının qançırı xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduqdan sonra həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncunun başın alın və təpə nahiyələrinin əzilmiş yaraları, başın ənsə və sağ göz nahiyələrinin dərialtı hematoması, sağ bazu, sol said, sol kürək nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ziyəddin adlı şəxsin fermasında işləyir. xx.xx.2023-cü il tarixdə onlar iribuynuzlu heyvanları Murov dağı istiqamətdə aparırmışlar. Ziyyədinin oğlu Samir isə ara-sıra gəlib kömək edirmiş. Onlar yorulduqlarından Göygöl rayonu “beş ulduz ” adlanan yerdə dayanıb istirahət edirmişlər. Həmin gün təxminən saat 21 radələrində o, oturub çörək yeyirmiş. Həmin vaxt əvvəllər tanımadığı adı ona sonradan məlum olan Ömər adlı şəxs mercedes markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. Ömər Ziyyədin adlı şəxsin oğlu Samirdən soruşmuşdur ki, Ziyyədin hardadı. Samir atasının orada olmadığını demişdir. Ömər Samirə bildirmişdir ki, Ziyəddin gələndə denən bir quzu götürüb gəlsin, oturub yeyibiçək. Samir Ömərə atası gələndə deyəcəyini bildirmişdir. Daha sonra Ömər avtomobili idarə edərək, uzaqlaşıb getmişdir. O, avtomobildə əyləşmiş qadının qardaşının arvadı Mehparə olduğunu görmüşdür. Ömərgil getdikdən təxminən 10-15 dəqiqə sonra Samir mobil telefonlarını enerji yığması üçün qoyduğunu, birlikdə yoldaşlı gedib gətirməyi demişdir. O, Samirlə gedən zaman Ömərgilin gəldiyi avtomobilin orada dayandığını və Samirin də mobil telefonlarını oradan götürdüyünü görmüşdür. O, Ömərgilin yaşadığı vaqonun yaxınlığında Samirin mobil telefonlarını götürüb gəlməsini gözləmişdir. Daha sonra o, Samirlə geri qayıtmışdır. Onlar dayanıb istirahət etdikləri yerə çatan zaman, Samirə işinin olduğunu deyib, Mehparəgilin olduğu yerə doğru getmişdir. O, avtomobilin dayandığı yerə çatanda görmüşdür ki, Mehparə və Ömər vaqonun qarşısında pilləkəndə dayanmışlar. O, istəyirmiş ki, Mehparədən niyə belə etdiyini, qardaşı həbsdədir deyə başqaları ilə bir yerdə olmalısanmı deyə soruşsun, lazım olanda o, özüdə maddi cəhətdən köməklik etdiyini bildirsin. Əsəbi olduğundan məqsədi Mehparəni vurmaq imiş. O, vaqonun yaxınlığında yerdə olan ağacı əlinə alıb, səssizcə həyətə daxil olmuşdur ki, onu görməsinlər. Lakin Mehparə onu görüb, qışqırmağa başlamışdır və o, əlində olan ağacla Mehparəni vurmuşdur, lakin qaranlıq olduğundan harasına dəyməsini bilməmişdir. Həmin vaxt Ömər onun qarşıma keçmişdir, o, əlində olan ağacla əvvəlcə Ömərin başına vurmuşdur, Omər yerə yıxılmış, daha sonra isə ağacla sinəsinə, kürəyinə, qollarına, başının müxtəlif nahiyələrinə vurmuşdur. Lakin qaranlıq olduğundan başqa hansı nahiyələrinə dəyməsinə bilməmişdir. Mehparə isə qışqıraraq kömək çağırırmış. Daha sonra əlindəki ağacı yerə atıb, Mehparəni vurmaq üçün üzərinə doğru getmişdir. Lakin Mehparə qaçıb vaqona daxil olmuşdur. Mehparə qapını bağladığından, o, qapını təpikləsədə qapını aça bilməmişdir. Ona kimi Ömər əlində olan ağacla bir dəfə onun başından vurmuşdur. O, çevrilib baxanda Ömərin üz-başının qan içində olduğunu görmüş və Ömərlə yaxalaşmışlar. Ona kimi onların səs-küyünə Samir gəlib çıxmışdır, onları ayırıb və onu oradan götürüb aparmışdır. Samir ondan niyə münaqişə etdiyini soruşmuşdur. O, Samirə cavab olaraq bildirmişdir ki, Ömərin yanında olan Mehparə adlı qadının həbsdə olan qardaşı arvadıdır. Bu səbəbdən münaqişə edərək, vurub xəsarət yetirmişdir. Bundan başqa bildirmişdir ki, münaqişənin baş verməsinə səbəb qardaşı arvadı Mehparənin tanımadığım adamla qeyri-rəsmi münasibətdə olması olmuşdur. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Orada başqa hər hansı bir şəxsin olmasını görməmişdir. Münaqişədən sonra Samir gəlib ora çıxmışdır. Hadisə zamanı adı ona sonradan məlum olan Ömər adlı şəxs ağacla başından vurmuşdur. Məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu, “beş ulduz” adlanan yerdə vaqonda qalaraq, özünəməxsus iribuynuzlu heyvanlarını saxlayır. Hazırda orada tək yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində tanışı Ziyəddinin oğlu adı ona sonradan məlum olan Samir adlı şəxs ona yaxınlaşıb, özünəməxsus mobil telefonu enerjiyə qoymaq istədiyini bildirmişdir. O, Samir adlı şəxslə söhbət əsnasında Samirin tanışı Ziyəddin adlı şəxsin oğlu olduğunu öyrənmişdir. 2 ədəd mobil telefonu enerjiyə qoyduqdan sonra o, özünə məxsus avtomobillə Mehparəni ona kömək etmək üçün gedib gətirmişdir. O, əvvəlcə Mehparə ilə birlikdə Ziyəddin adlı tanışının olduğu yerə getmişdir. Ziyəddinin oğlu Samir atasının yataqda olmadığını bildirmişdir. Daha sonra onlar olduğu vaqona geri qayıtmışlar. Onlar geri qayıtdıqdan bir qədər sonra Samir gəlib mobil telefonlarını götürüb getmişdir. Həmin vaxt Mehparədə yanında imiş. Samir mobil telefonları götürüb getdikdən təxminən 10-15 dəqiqə sonra heyvanların balalarını yemləmək üçün əvvəlcə Mehparə arxası ilə o, vaqondan çıxmışdıt. Qəfil Mehparənin qışqırdığını və tanımadığım şəxsin Mehparəni vurduğunu görmüşdür. O, Mehparəni qorumaq üçün qarşısına keçdikdə həmin şəxs əlindəki ağacla onun başından vurmuşdur. O, özümü itirmiş və yerə yıxılmışdır. Həmin tanımadığım şəxs əlində olan ağacla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Daha sonra həmin şəxsin vaqonun qapısını təpiklədiyini, Mehparənin isə qışqırıq səsini eşidib, ayağa duraraq, yerdə olan ağacı götürüb, həmin şəxsin başından vurmuşdur ki, içəri girib Mehparəni vurmasın. Daha sonra həmin şəxslə vaqonun qarşısında yaxalaşmışlar. Bu zaman Samir adlı şəxs həmin şəxsi ondan aralaşdırıb, çəkib aparmışdır. Bundan sonra yaxınlıqda olan Rafiq adlı şəxs səsə gəlmiş və hadisə ilə bağlı DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. O, Rafiqə demişdir ki, Ruslan adlı şəxsə zəng edib çağırsın. Həmin vaxt Mehparə bildirmişdir ki, onları vurub xəsarət yetirən şəxs keçmiş qaynı Əli adlı şəxsdir. Daha sonra Ruslan onların yanına gəlib, mercedes markalı avtomobillə onları Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonu, “beş ulduz” adlana ərazidə yaşadığı vaqonun qarşısında onu vuraraq xəsarət yetirmişdir. O, Əli adlı şəxsin qardaşının keçmiş arvadı Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi münasibətdə olmaqla yaşayır. Mehparə ilə münasibətdə olduğuna görə Əli adlı şəxs onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlində olan ağacla başına, alnına, sinəsinə, kürəyinə, qollarına və sağ gözünə vuraraq xəsarət yetirmişdir. Münaqişə zamanı Mehparə yanında olmuşdur, həmin vaxt Mehparə qışqıraraq kömək çağırmışdır. Həmin vaxt səs-küyə Samir adlı şəxs gəlmişdir və Əlini ondann ayıraraq aparmışdır. Münaqişədən sonra isə yanlarına tanışı Rafiq gəlmiş və münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi münasibətdə olmaqla yaşayırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində işdən çıxdıqdan sonra o, Ömərə kömək üçün Göygöl rayonu, “beş ulduz” adlanan yerə Ömərlə birlikdə getmişdir. Ömər əvvəllcə tanışı Ziyəddinin olduğu yerə getmiş, Ziyəddinin oğlu adı ona sonradan məlum olan Samir adlı şəxs atası Ziyəddinin yataqda olmadığını bildirmişdir. Daha sonra onlar Ziyəddinin qaldığı yerə getmişlər. O, orada olan zaman Samir adlı şəxs gəlib enerji yığması üçün qoymuş olduğu iki ədəd mobil telefonu götürüb getmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o, Ömərlə birlikdə olduqları vaqondan çıxmışdır. Ömər də arxasınca gəlmişdir. O, qaranlıqda kiminsə ona tərəf qaçdığını görmüşdür. Həmin şəxs əlindəki ağacla əvvləcə onu vurmuşdur, ağac onun sağ və sol əlinin üzərinə dəymişdir. O, qorxduğundan qışqırmışdır, həmin vaxt Ömər onun qarşısına keçmişdir. Daha sonra həmin şəxs ağacla Ömərin başından vurmuşdur. Həmin şəxsin başında olan papaq yerə düşəndə, o, həmin şəxsin keçmiş qaynı Əli olduğunu görmüşdür. Ömər yerə yıxılmış, Əli əlində olan ağacla Ömərin bədəninin müxtəlif nahiyələrinə vururmuş. O, qışqıraraq bəlkə səsimə kimsə gələr deyə kömək çağırmışdır. O, Ömərin qanın içində olduğunu görüb qorxmuşdur. Əli əlində olan ağacı Ömərin üzərinə atıb, onun üzərinə doğru gəlmişdir. O, qaçaraq vaqona girib, qapını arxadan bağlamışdır. Əli qapını təpikləyərək açmağa çalışmışdır. Həmin vaxt kimsə Əlini çəkib aparmışdır. O, səsin kəsildiyini görüb, qapını açdıqda vaqonun yaxınlığında olan su çəninin yanında Ömərin Əli ilə yaxalaşdıqlarını, yanında isə tanımadığım bir nəfər şəxsin ayırmağa çalışdığını görmüşdür. Daha sonra həmin tanımadığım şəxs Əlini çəkib aparmışdır. Bundan sonra yaxınlıqda olan Rafiq adlı şəxs səsə gəlmiş və hadisə ilə bağlı DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. X15 adlı şəxsə zəng edib çağırmasını demişdir. Ruslan onların yanına gəlib mercedes markalı avtomobilə onları Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonu, “beş ulduz” adlana ərazidə Ömərin qaldığı vaqonun qarşısında onu vuraraq xəsarət yetirmişdir. Münaqişəyə nə səbəb olduğunu bilməmiş, qəfil Əli üzərinə doğru gələrək onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlində olan ağacla onun sağ və sol əlinin üzərinə vuraraq, sağ əlinin üzərinə və sol əl barmağına xəsarət yetirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1, Şahid2 və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır. Zərərçəkmiş şəxs1 isə Ömərin qeyrirəsmi münasibətdə olduğu şəxs kimi tanımışdır. Göygöl rayonu Bənövşə kənd ərazisində yerləşən “beş ulduz” adlanan yerdə qalaraq, özünə məxsus iribuynuzlu heyvanlarını saxlayır. Ömər də həmin yerdə onunla qonşuluqda yaşayır və özünəməxsus heyvanlarını saxlayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində o, heyvanların içərisində imiş. Qəfil səs-küy eşitmişdir, o, səs-küyün Ömərin qaldığı yerdən gəldiyini bilib, o istiqamətdə getmişdir. O, həmin yerə çatanda Ömərin yaşadığı vaqonun qarşısında yerdə oturaqlı vəziyyətdə, üz-başının qan içində olduğunu görmüşdür. Həmin vaxt Mehparə də orada imiş. Mehparə ona bildirmişdir ki, həmin vaxt keçmiş qaynı Əlinin ağacla Öməri və onu vurub xəsarət yetirmişdir. O, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək Zərərçəkmiş şəxs2 vurub xəsarət yetirdiklərini bildirmişdir. Ömər ona demişdir ki, dostu Ruslan adlı şəxsə zəng etsin, gəlib onları xəstəxanaya aparsın. O, Ömərə məxsus mobil telefonla ilə Ruslana zəng edərək, Öməri vurub xəsarət yetirdiklərini bildirmişdir və olduqları Göygöl rayonu, “beş ulduz” adlanan əraziyə çağırmışdır. Daha sonra Ruslan özünə məxsus avtomobillə gələrək, Ömər və Mehparəni xəstəxanya aparmışdır. Bundan başqa bildirmişdir ki, münaqişə zamanı orada olmamış, səs-küy olduğunu eşidib, Ömərin olduğu yerə getmişdir, həmin vaxt Ömərin üz-başının qanın içində olduğunu görmüşdür. Mehparə də orada imiş, münaqişəyə nə səbəb olması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, atası Ziyəddin heyvandarlıqla məşğul olur. Təqsirləndirilən şəxs atasının yanında işləyir. O, şənbə və bazar günləri işləmədiyindən atasına kömək etmək üçün yanına gedirmiş. xx.xx.2023-cü il tarixdə onlar iribuynuzlu heyvanları Murov dağı istiqamətdə aparırmışlar və yorulduqlarından Göygöl rayonu “beş ulduz” adlanan yerdə dayanıb istirahət edirmişlər. Həmin gün təxminən saat 18 radələrində o, özünə məxsus 2 ədəd mobil telefonu onların dayandığı yerin yaxınlığında yaşayan adı ona sonradan məlum olan Ömər adlı şəxsə vermişdir ki, enerji yığması üçün qoysun. Həmin vaxt Ömərlə söhbət əsnasında Ömər atasını tanıdığını bildirmişdir. Mən Ömərə axşam gəlib mobil telefonları götürəcəyini demişdir və öz dayandıqları yerə qayıtmışdır. Həmin gün təxminən saat 21 radələrində Ömər adlı şəxs mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. Ömər ondan atası Ziyyədinin harda olmasını soruşşmuşdur. Ömər ona bildirmişdir ki, atası Ziyəddin gələndə denən bir quzu götürüb gəlsin, qonağı var. O, Ömərə yanında qadın var, burada adam çoxdu, atası gəlsin, yanına gələr deyərək bildirmişdir. Ömər yanında olan şəxsin yoldaşı olduğunu demişdir və avtomobili idarə edərək, uzaqlaşıb getmişdir. Həmin vaxt Əlidə onlardan bir qədər aralıda çörək yeyirmiş. O, Ömərgil getdikdən təxminən 10-15 dəqiqə sonra Əli ilə birlikdə Ömərgilin arxası ilə getmişdir ki, Ömərə enerji yığması üçün verdiyim mobil telefonları götürsün. O, gedib telefonları götürdükdən sonra Əli ilə birlikdə geri qayıtmışlar, lakin yolda Əli başqa istiqamətdə getmiş və bir azdan gələcəyini demişdir. O, heyvanların yanına təzə çatmışdır ki, qadın qışqırıq səsini eşidib, nəsə olduğunu düşünərək tez geri qayıtmışdır. O, həmin yerə çatan zaman Ömərin yaşadığı vaqonun qarşısında Ömər və Əlinin yaxalaşdıqlarını və Ömərin üz-başının qan içində olduğunu görmüşdür. Tez Əlini çəkib kənara aparmışdır. Daha sonra Əlidən niyə münaqişə etdiyini soruşduqda, Ömərin yanında olan adı mənə sonradan məlum olan Mehparə adlı şəxsin həbsdə olan qardaşının arvadı olduğunu bildirmişdir. Bundan başqa bildirmişdir ki, münaqişənin baş verməsinə səbəb Əlinin deməsinə görə həbsdə olan qardaşının keçmiş arvadı Mehparənin tanımadığı adamla qeyri-rəsmi münasibətdə olması olmuşdur. O, Əligilin yanına çatan kimi Ömər və Əlini ayırmış, həmin vaxt adı ona sonradan məlum olan Mehparə adlı şəxs “Rafiq dayı kömək edin deyə qışqırırmış”. Münaqişənin nə qədər davam etməsini bilməmişdir. Münaqişə zamanı onu heç kim vurmamış, hər hansı bir xəsarət almamışdır, tibbi ekspertiza müayinəsindən keçməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostudur. Zərərçəkmiş şəxs1 isə Ömərin qeyrirəsmi münasibətdə olduğu şəxs kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində ona məxsus mobil nömrəyə Ömərin nömrəsindən zəng gəlmişdir. Danışıq zamanı Ömərin olmadığını görmüşdür. Adı ona sonradan məlum olan Rafiq adlı şəxs Öməri vurub xəsarət yetirdiklərini, Göygöl rayonu, “beş ulduz” adlalan yerdə olduqlarını həmin yerə gəlməyini bildirmişdir. O, özünə məxsus mercedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ömərin yanına, yəni Göygöl rayonu, “beş ulduz” adlanan əraziyə getmişdir. O, həmin yerə çatan zaman Ömərin üz-başı qanın içində olduğunu görmüşdür. Ömər və Mehparəni Göygöl rayon Mərkəzi xəstəxanasına gətirmişdir. Mehparə xəstəxanaya gələn vaxt yolda olan zaman bildirmişdir ki, keçmiş qayını Əlinin Ömərə və ona xəsarət yetirmişdir. Göygöl rayon Mərkəzi xəstəxanasında Ömərə və Mehparəyə ilkin tibbi yardım göstərildikdən sonra Ömər və Mehparəni Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən ünvanını bilmədiyim fərdi yaşayış evinə aparıb düşürmüşdür. Bundan başqa bildirmişdir ki, o, münaqişə zamanı orada olmamış, adı ona sonradan məlum olan Rafiq adlı şəxs Ömərin mobil telefonu ilə ona zəng edərək, Öməri vurub xəsarət yetirdiyini bildirmişdir. O, Ömərin yanına getdikdən sonra Mehparənində xəsarət aldığını öyrənmişdir. Mehparə ona bildirmişdir ki, Ömərə və ona həmin xəsarətləri keçmiş qaynı Əli adlı şəxsin yetirmişdir. O, Ömərin yanına çatanda orada Mehaparə və adı ona sonradan məlum olan Rafiq adlı şəxsin olmasını görmüşdür.Münaqişəyə nə səbəb olması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli 240 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əl nahiyəsinin əzilməsi, hematoması, sol əlin İ barmağının qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 239 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın alın və təpə nahiyələrinin əzilmiş yaraları, başın ənsə və sağ göz nahiyələrinin dərialtı hematoması, sağ bazu, sol said, sol kürək nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 21 radələrində həbsdə olan qardaşı X1 arvadı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə Göygöl rayonu “beş ulduz” adlanan ərazidə bir yerdə görüb sonuncuların arasında intim münasibətlərinin olmasını bildikdən sonra onunla həmin şəxslər arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş mübahisə zamanı o, yerdən götürdüyü ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs1 sağ və sol əl nahiyələrinə vurub sonuncunun sağ əl nahiyəsinin əzilməsi, hematoması, sol əlin İ barmağının qançırı xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduqdan sonra həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncunun başın alın və təpə nahiyələrinin əzilmiş yaraları, başın ənsə və sağ göz nahiyələrinin dərialtı hematoması, sağ bazu, sol said, sol kürək nahiyələrinin və döş qəfəsinin ön səthinin qançırları xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakıdağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslarolduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görəməsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər ödənilmiş və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov İş № 1(066)-108/2023 Azərbaycan Respublikası adından QƏRARDANÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 03 noyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Gəncə şəhər 1 saylı Vəkil Bürosonun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Kəlbəcər rayonu, Seyidlər Ə/D, Cəmilli kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Zunabad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(066)-108/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-108/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver