Məhkəmə qərarları › İş №1(066)-108/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-108/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-108/2024 06.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri X4, Müdafiəçi2 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Qaranamazlı küçəsi döngə 2, ev 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi, ev 6, mənzil 26da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub qrup təşkil edərək, Zərərçəkmiş şəxs Ədliyyə Nazirliyi Pentensiar Xidmətə işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri “köhnə Yevlax avtovağzalı” adlanan yerin yaxınlığında bir başa olaraq nəğd şəklində verdiyi 1.000 (min) manat pulu, 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalın içərisində olan ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat pulu, 2023-cü ilin oktyabr ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 (üç yüz) manat pulu, 01 dekabr 2023cü il tarixdə M.A.Abbaszadə küçəsi 43 saylı ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1.000 (min) manat pulu, 01 dekabr 2023-cü il tarixdə Atatürk pr-də yerləşən “Mahir” supermarketdə olan ödəmə terminalı vasitəsi ilə göndərdiyi 200 (iki yüz) manat pulu və xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən mağazada bir başa olaraq nəğd şəklində verdiyi 300 manat pulu alıb ələ keçirməklə göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 3.300 (üç min üç yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə əlbir olub qrup təşkil edərək, Zərərçəkmiş şəxs Göygöl rayonunun Balçılı kəndi ərazisində istifadəyə veriləcək cəza çəkmə müəssisəsinə nəzarətçi kimi işə düzəlməsi barədə yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Təqsirləndirilən şəxs1 şəxsən özü və sonuncunun tapşırığı əsasında verdiyi “Kapital Bank”a aid 416973******2014 saylı və “Leo bank”a aid son səkkiz rəqəmi 96095736 saylı hesab kart hesablarına zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən 2021-cü ilin sentyabr ayının əvvəllərində Gəncə şəhəri köhnə Yevlax avtovağzalının yaxınlığında Təqsirləndirilən şəxs1 şəxsən özünə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə “Kapital Bank”a aid 416973******2014 saylı kart hesabına Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın içərisindəki ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat, 2023-cü ilin oktyabr ayının ortalarında Gəncə şəhərində olan xatırlamadığı terminal vasitəsi “Leo bank”a aid son səkkiz rəqəmi 96095736 saylı kart hesabına 300 (üç yüz) manat, onun mobil telefonla Zərərçəkmiş şəxs və anası ilə danışaraq narahat olmamasını və işinin həll olunacağını dedikdən sonra, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə yenidən “Leo bank”a aid son səkkiz rəqəmi 96095736 saylı kart hesabına 1000 (min) manat, daha sonra həmin gün Gəncə şəhəri, Atatürk pr-də yerləşən “Mahir” adlı marketin içərisində olan ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Quşqara kəndində adını bilmədiyi marketin içərisində Təqsirləndirilən şəxs1 şəxsən 300 (üç yüz) manat, ümumilikdə 3.300 (üç min üç yüz) manat məbləğində pulun verilməsinə nail olmaqla, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2014-cü tarixdən 2017-ci il tarixədək olan müddət ərzində Gəncə şəhər sakini olan Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhər 3 saylı peşə liseyində təhsil almışlar. Elvinlə söhbətləşən zaman Elvin ona işsiz olduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayında Elvinə whatsapp sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq onu Ədliyyə Nazirliyinə işə düzəltməyi təklif etmişdir. Elvinlə danışan zaman dayısı arvadının Ədliyyə Nazırliyində kapitan rütbəsi ilə işlədiyini, dayısı arvadının köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Elvinlə görüşən zaman Elvinə Göygöl rayonu, Balçılı kəndində tezliklə türmə açılacağını bildirmiş və həmin türməyə işə düzəlməyinin qarşılığında ümumilikdə 3.000 (üç min) manat pul lazım olduğunu demişdir. Elvin isə o qədər pulunun olmadığını deyərək bir dəfəyə o qədər pul verə bilməyəcəyini demişdir. Bundan sonra o, Elvinə əvvəlcə 1.000 (min) manat pul verməsini, qalan 2.000 (iki min) manat pulu isə işə başladıqdan sonra ödəməyi təklif etmiş, o da razılaşmışdır. O, ona şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, narkoloji və psixoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə sənəd alması və 4 ədəd foto şəkil istəmişdir. Növbəti gün Elvin hərbi biletini, doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini, diplomunu gətirmiş və o, Elvinlə Gəncə şəhəri ərazində Təzə Şəmkir avtovağzalının yanında görüşmüşdür. Elvin köhnə Yevlax avtovağzalının yaxınlığındakı terminal vasitəsilə Unibanka aid Albalı kartından 1.000 (min) manat pul çəkib, ona vermişdir. O, yalandan pul və həmin sənədləri dayısı arvadına verəcəyini demiş və birlikdə “pasyolka” deyilən yerə getmişlər. O, yalandan pulu və sənədləri dayısı arvadına verəcəyini bildirmişdir. Elvin onun idarə etdiyi Kia optima markalı **-CB-*** nömrəli avtomobildə gözləmiş, o isə binaların arasına girib təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Təxminən 2-3 gün sonra Elvin şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, narkoloji və psixoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə sənədinin hazır olduğunu demiş və o, gedib yaşadığı evin yaxınlığından Elvindən həmin sənədləri götürmüşdür. xx.xx.2023-cü il tarixdə Elvinə whatsapp sosial şəbəkəsi vasitəsi ilə yazaraq, Bakı şəhərinə gəlməyini, görüşüb birlikdə Ədliyyə Nazirliyinə gedəcəyini bildirmişdir. Mandatdan keçməsi üçün əlavə də 500 (beş yüz) manat pul verməyini demişdir. Növbəti gün yəni, xx.xx.2023-cü il tarixdə o, Elvinə zəng edərək səhhətində problem yarandığı üçün gələ bilmədiyini və adam var ona deyəcəm səninlə gəlib görüşsün demişdir. Həmin vaxt öz kartı üzərində olmadığı üçün hazırda xatırlamdığı şəxsin kartının şəklini atıb, pulu həmin karta göndərməsini bildirmişdir. Daha sonra o, Günelə zəng edərək ondan xahiş etmişdir ki, Elvin adlı şəxslə gedib görüşüb, ona işinin qısa müddətdə həll olunacağını, heç bir narahatçılığın olmadığını deməsini bildirmişdir. Elvinin mobil nömrəsini Günelə vermiş, Elvinin Bakı şəhəri Beynəlxaq avtovağzalın yanına gələcəyini demişdir. Lakin Günelə nə işinin həll olunacağı barədə həmin vaxt heç nə deməmişdir. Bundan 20 gün sonra təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində o, Elvinə zəng edərək əlavə 300 manatda göndərməyini bildirmiş və özünə məxsus Leo banka aid kartın şəklini ona göndərmişdir. Elvin həmin gün ona məxsus karta 300 (üç yüz) manat pul göndərmişdir. 2023-cü ilin noyabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda o, Elvinə zəng edərək Balçılıda türmənin açılası olmadığını, onu Gəncə şəhərində yerləşən istintaq təcridxanasına işə düzəltməyə razılıq aldığını deyərək təcili 1.200 (min iki yüz) manat pul göndərməsini bildirmişdir. 2023-cü ilin noyabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda o, Günelə də Elvinə məxsus mobil telefon nömrəsini verib, Elvin ilə danışıb narahat olmamasını, işinin həll olacağını deməsini bildirmişdir. Günel ondan özün niyə zəng edib demirsən deyə soruşmuş, o, Günelə xəstəxanada olduğunu, yanında başqa şəxslərin olduğunu, danışa bilməyəcəyini demişdir. Elvin xx.xx.2023-cü il tarixdə ona məxsus mobil telefon nömrəsinə zəng edərək pulun hazır olduğunu deyərək, elə onun Leo banka aid həmin kart hesabına 1000 (min) manat, bundan təxminən 20 dəqiqə sonra 200 (iki yüz) manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Elvinə zəng edərək 300 (üç yüz) manat yekun olaraq həkimdən keçmək üçün pul lazım olduğunu, bununla da yekunlaşdığını bildirmişdir. Elvinlə həmin gün görüşüb, Göygöl rayonu, Quşqara kəndinə gəlmişlər. Quşqara kəndində yerləşən adını xatırlamadığı mağazanın içərisində 300 (üç yüz) manat pulu Elvin ona vermişdir. Elvindən aldığı pulu onun yanında hazırda xatırlamadığı hansısa kart hesabına göndərmişdir. Elvindən pulu aldıqdan sonra göndərməkdə məqsədi onu işə düzəltməyə inandırmaq olmuşdur. Elvindən aldığı pulu isə maddi çətinlikləri olduğu üçün xərcləmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu 3.300 (üç min üç yüz) manat ziyanın 2900 (iki min doqquz yüz) manatını ona ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamaqla onunla barışmışdır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Təxminən beş-altı il olar ki, bir-birilərini tanıyırlar. 2023-cü ilin sentyabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda o, Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs1 ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ağrıdığını bildirmiş və əvvəllər tanımadığı adı sonradan ona məlum olan Elvin adlı şəxslə görüşməyini, həmin şəxsə işinin həll olacağını deməsini bildirmişdir. O, Kənandan nə məsələ olduğunu, nə səbəbə getməyini soruşduqda xəstələndiyini özünün gedə bilmədiyini bildirmiş və “sənlik deyil, get mən deyəni Elvin adlı şəxsə denən” demişdir. Kənan Elvinin mobil nömrəsini ona vermiş, Bakı şəhər avtovağzalının yanına gələcəyini demişdir. O, Elvinlə həmin gün Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığında görüşmüşlər. Həmin vaxt o, Elvinə Kənanın ona dediyini yəni, işinin həll olacağını bildirmişdir. Həmçinin Elvin ondan Kənanın dediyi adam sənsən deyə soruşmuş, o da həmin şəxsin olmasını bildirmişdir. Daha sonra isə çıxıb getmişlər. Bundan təxminən bir-iki ay sonra Kənan Elvin adlı şəxsin nömrəsini ona verib, Elvinlə danışmağı, işinin həll olacağını deməyini bildirmişdir. O, ona niyə özü zəng etmir, özü zəng etsin demişdir. O, xəstəxanada olduğunu, yanında başqa adamların olduğunu, özünün danışa bilmədiyini demişdir. O, həmin vaxt Elvinə məxsus hazırda xatırlamadığı mobil nömrəyə zəng edərək, Elvinlə danışmışdır. Danışıq zamanı o, Elvinə Kənanın dediyini, yəni narahat olmamasını, işinin həll olacağını demişdir. Həmin vaxt eyni zamanda Elvinin anası ilə də mobil telefonda danışmışdır. Anasına da Kənanın dediklərini demişdir. Bundan sonra növbəti gün Elvinin anası əvvəllər tanımadığı adı ona sonradan məlum olan Təranə adlı şəxs ona məxsus mobil nömrəyə zəng edərək soruşmuşdur ki, bəs onun oğlunun işi nə oldu? O isə cavab olaraq narahat olmasın, işin həll olacaq demişdir. Daha sonra isə o, Elvin ilə əlaqə saxlamamışdır. Bundan bir müddət sonra Kənan ona bildirmişdir ki, Elvini işə düzəltdiyini, ona görə pul aldığını demişdir. Lakin hansı məbləğdə pul aldığından xəbəri olmamışdır. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamaqla onunla barışmışdır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin cinayət işi üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü tarixdən 2017-ci il tarixədək olan müddət ərzində Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhər 3 saylı peşə liseyində təhsil almışlar. 2023-cü ilin sentyabr ayında Kənan whatsapp sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq onu Ədliyyə Nazirliyinə işə düzəltməyi təklif etmişdir. Kənanla danışan zaman dayısı arvadının Ədliyyə Nazırliyində kapitan rütbəsi ilə işlədiyini, dayısı arvadının köməklik edəcəyini bildirmişdir. O isə işsiz olduğu üçün onunla razılaşaraq onun təklifini qəbul etmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Kənanla görüş zamanı Kənan Göygöl rayonu, Balçılı kəndində tezliklə türmə açılacağını və ona həmin türməyə işə düzəlməyin qarşılığında ümumilikdə 3.000 (üç min) manat pul lazım olduğunu demişdir. Həmçinin Kənan 3.000 manat pulun yarı hissəsinini işə düzəltdikdən sonra aylıq maaşdan hissə-hissə verməyini bildirmişdir. O isə o qədər pulunun olmadığını deyərək bir dəfəyə o qədər pul verə bilməyəcəyini demişdir. Bundan sonra Kənan ona əvvəlcə 1.000 (min) manat pul sənədləri ilə birlikdə onu işə düzətməli olan tanımadığı şəxsə verməli olduğunu, qalan 2.000 (iki min) manat pulu isə işə başladıqdan sonra ödəməyi təklif etmişdir. Kənan ona şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, narkoloji və psixoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə sənəd almağını və 4 ədəd foto şəkil istəmişdir. Növbəti gün təxminən saat 20 radələrində o, hərbi biletini, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsini, diplomunu gətirmiş və X11 avtovağzalında görüşmüşlər. Daha sonra köhnə Yevlax avtovağzalının yaxınlığındakı terminal vasitəsilə Unibanka aid anasına məxsus Albalı kart hesabından 1.000 (min) manat kredit götürüb sənədləri ilə birlikdə Kənana vermişdir. Kənan 1.000 manat pulu və həmin sənədləri dayısı arvadına verəcəyini demiş və birlikdə “pasyolka” deyilən yerə getmişlər. O, Kənanın idarə etdiyi avtomobildə gözləmişdir. Kənan binaların arasına girib bir qədər sonra geri qayıtmışdır. Daha sonra onu gətirib yaşadığı evin yaxınlığında düşürmüşdür. xx.xx.2023-cü il tarixdə Kənan ona whatsapp sosial şəbəkəsi vasitəsi ilə yazaraq, Bakı şəhərinə gəlməyini, Ədliyyə Nazirliyində kapitan rütbəsi ilə işləyən dayısı arvadının onu Ədliyyə Nazirliyinin binasında, ya da ki çöldə qarşılayacağını, əlavə də 500 manat pul verməyi bildirmişdir. Növbəti gün yəni, 21 09.2023-cü il tarixdə Kənan ona zəng edərək pulu dayısı arvadına yox göndərəcəyi kart hesabına göndərməsini bildirmişdir. O, həmin gün təxminən saat 12:30 radələrində Kənanın ona göndərdiyi Kapital Banka aid 416973******2014 saylı kart hesabına Bakı şəhəri Binəqədi rayonunda yerləşən Beynəlxalq avtovağzalın içərisindəki ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Kənan dayısı arvadının işdən çıxdıqdan sonra onunla görüşəcəyini bildirmişdir. Həmin gün təxminən saat 18 radələrində özünü Kənanın dayısı arvadı kimi Ayla adı ilə təqdim edən şəxslə Bakı şəhəri Beynəlxalq Avtovağzalın yaxınlığında görüşmüşlər. Görüş zamanı Ayla adlı şəxs Kənanın dayısı arvadı olduğunu, işinin çoxluğu ilə əlaqədar gec gəldiyini bildirmişdir. Həmçinin danışıq zamanı Ədliyyə Nazirliyində işlədiyini, Qarabağda baş verən hadisələrlə əlaqədar başının qarışıq olduğunu, uzağı 40 günə qədər işinin həll olacağını, narahat olmamağı bildirmişdir. O, Bakıdan qayıtdıqdan təxminən 20 gün sonra Kənan ona zəng edərək əlavə 300 manatda göndərməyi bildirmişdir. O da Gəncə şəhərindən hazırda yerləşdiyi yeri xatırlamadığı ödəmə terminalı vasitəsi ilə, Kənanın ona verdiyi özünə məxsus Leo bankka aid son səkkiz rəqəmi 96095736 saylı hesab kartına 300 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Ayla adlı qadın ona zəng edərək Balçılıda açılacaq türməyə işə düzəlməyi uzun çəkəcək, ona görə də onu Gəncə şəhərində yerləşən istintaq təcridxanasına işə düzəltməyə razılıq aldığını deyib, təcili ona 1.200 (min iki yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmçinin danışıq zamanı Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasının rəisinin dəyişdiyini, yerdə qalan 1.200 (min iki yüz) manat pulu tez bir zamanda verməyi bildirmişdir. 30 noyabr 2023-cü il tarixdə anası Təranə onun mobil telefonu ilə Ayla adlı qadınla danışmışdır. Danışıq zamanı anası ona pulıun hazır olduğunu onun Kənanla danışıb, pulu Kənana verəcəyini demişdir. O, növbəti gün Kənanla danışmış və Kənanın ona verdiyi özünə məxsus Leo bankka aid son səkkiz rəqəmi 96095736 saylı kart hesabına həmin gün ünvan 1 ünvanda yerləşən ödəmə terminalı vasitəsi ilə 1.000 (min) manat, təxminən 20 dəqiqə sonra Gəncə şəhəri, Atatürk pr-də yerləşən “Mahir” adlı marketin içərisində olan ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Kənan təkrar ona zəng edərək qanında nəsə xəstəliyin çıxdığını, ələvə 300 (üç yüz) manat pul lazım olduğunu, bunlada yekunlaşdığını bildirmişdir. Həmin gün təxminən saat 21 radələrində Kənan onu yaşadığı evin yaxınlığından götürmüş və pulu göndərmək üçün Göygöl rayonu, Quşqara kəndinə gəlmişlər. Həmin kənd ərazisində yerləşən mağazanın içərisində pulu Kənana vermişdir. Kənan hansısa kart hesabına 300 (üç yüz) manat pul göndərmişdir. Daha sonra isə Kənan müxtəlif bəhanələr gətirib, işə düzəldəcəyini bildirsə də, lakin düzəltməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu 3.300 (üç min üç yüz) manat ziyanın 2900 (iki min doqquz yüz) manatını ona ödəmişdir. Ona görə də onunla və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayəti və tələbi də yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəyə təqdim etdiyi ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduğu 3.300 (üç min üç yüz) manat ziyanın 2900 (iki min doqquz yüz) manatını ona ödəmişlər. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayəti və tələbi də yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 oğlu Zərərçəkmiş şəxslə birlikdə Gəncə şəhər 3 saylı peşə liseyində təhsil almışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda yaşadığı evdə olan zaman Elvin Kənan adlı tanışının onu dayısı arvadı vasitəsi ilə Göygöl rayonu, Balçılı kəndi ərazində açılacaq türməyə işə düzəldə biləcəyini və bunun üçün Kənanın ondan 3.000 (üç min) manat pul istədiyini demişdir. X8 dayısı arvadının Ədliyyə Nazirliyində kapitan rütbəsi ilə işlədiyini demişdir. O, Elvinə o qədər pul tapa bilməyəcəyini, cəmi 1.000 manat pul düzəldib verə biləcəyini demişdir. Elvində Kənanla danışdıqdan sonra Kənanın 1.000 (min) manat pul verəməyə razı olduğunu, yerdə qalan pulu işə düzəldikdən sonra alacağı aylıq maaşdan verməyə razılaşdığını demişdir. O, özünə məxsus albalı kartı Elvinə vermişdir. Elvin ona məxsus albalı kartdan 1.000 manat pul çəkib Kənana vermişdir. Həmçinin oğlu Elvin işə qəbulla əlaqədar Kənanın dediyi bir neçə sənədidə toplayıb Kənana vermişdir. xx.xx.2023-cü il tarixdə Elvin Kənanın onu Bakı şəhərinə çağırdığını, Elvini işə düzəltməli olan dayısı arvadının Ədliyyə Nazirliyinin özündə ya da ki, işdən kənar bir yerdə Elvinlə görüşəcəyini demişdir. Həmçinin 500 (beş yüz) manat da pul lazım olduğunu demişdir. Növbəti gün tezdən Elvin Bakı şəhərinə getmiş, özü ilə də 500 manat pul aparmışdır. Elvin Bakı şəhərindən qayıtdıqdan sonra Kənanın dayısı arvadı ilə görüşdüyünü işinin tez bir zmanda həll olunacağını demişdir. Bundan təxminən 20 gün sonra Kənan yenidən Elvindən 300 manat pul istəmiş, Elvin 300 (üç yüz) manat pulu Kənana göndərmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Ayla adlı şəxs Elvinə məxsus mobil nömrəyə zəng edərək Balçılıda açılacaq türməyə işə düzəlməyin uzun çəkdiyini, ona görə də oğlunu Gəncə şəhərində yerləşən istintaq təcridxanasına işə düzəltməyə razılıq aldığını deyib, təcili 1.200 (min iki yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Kənanın dayısı arvadı kimi bildiyi şəxslə danışıb pulunun olmadığını bildirmişdir. Həmin vaxt ondan adını soruşduqda adının Ayla olduğunu demişdir. Növbəti gün yəni, xx.xx.2023-cü il tarixdə o, Elvinin mobil telefonu ilə Ayla adlı şəxslə danışmışdır. Danışıq zamanı ona pulıun hazır olduğunu, Elvinin Kənanla danışıb, pulu Kənana verəcəyini demişdir. Növbəti gün yəni xx.xx.2023-cü il tarixdə Elvin Kənana 1.200 (min iki yüz) manat pul göndərmişdir. Bundan təxminən 7-8 gün sonra Elvin Kənanın ona zəng edərək qanında çıxan xəstəliklə əlaqdar əlavə 300 (üç yüz) manat pul istədiyini demişdir. Həmin gün təxminən saat 21 radələrində Elvin 300 manat pulu aparıb Kənana vermişdir. Daha sonra isə Kənanın onları aldatdığını görmüşlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İcr hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İcr hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin tərəfindən verlmiş arayışdan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi, ev 6, mənzil 26-da qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 2 nəfəri azyaşlı uşaq vardır. (xx.xx.2010-cu il təvəllüdlü İsmayıl-zadə Zəhra Xəyyam qızı və 12.10. 2012-ci il təvəllüdlü İsmayıl-zadə Zəhra Xəyyam qızı). Cinayət işinin materiallarında olan Gəncə şəhər İcr hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İcr hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin tərəfindən verlmiş arayışdan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Qaranamazlı küçəsi döngə 2, ev 22də qeydiyyatda olmaqla, orada yaşayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs1 adına tərtib etdiyi 27 iyul 2024-cü il tarixli tələbnamə-arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs2 adına tərtib etdiyi 28 sentyabr 2024-cü il tarixli tələbnamə-arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs2 16 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar onların əməllərini etraf edib,əməllərindən peşman olmasını, onların zərərçəkmiş şəxsə vurduqları 3.300 (üç min üç yüz) manat ziyanın 2900 (iki min doqquz yüz) manatını ödəmələrini, zərərçəkmiş şəxsin onlarla barışmasını, onlara qarşı şikayət və tələbin olmamasını, Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşaq olmasını nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onların əməllərini etraf edib,əməllərindən peşman olmasını, onların zərərçəkmiş şəxsə vurduqları 3.300 (üç min üç yüz) manat ziyanın 2900 (iki min doqquz yüz) manatını ödəmələrini, zərərçəkmiş şəxsin onlarla barışmasını, onlara qarşı şikayət və tələbin olmamasını, Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşaq olmasını cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhərində fərdi qaydada işləməklə, Gəncə şəhərində qeydiyyatda olmaqla, orada yaşayırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 16 sentyabr 2024-cü il və 17 sentyabr 2024-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs2 bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, onun və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Gəncə şəhərində yerləşən yaşayış sahəsini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənilməmiş hissəsinə dair mülki iddia qaldırmaq hüququ olması izah edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəhəri ünvan 2 ünvanında yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Gəncə Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 bu cinayət işi üzrə 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 1 (bir) il, 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində 01 (bir) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə şəhəri ünvan 3 ünvanında yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Gəncə Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənilməmiş hissəsinə dair mülki iddia qaldırmaq hüququ olması izah edilsin. Hökmün icrası Gəncə Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar