Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-119/2023 23.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd ağ rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,089 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 05 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl rayonu Üçtəpə kəndinin inzibati ərazisində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1(bir) ədəd ağ rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,089 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri, Totanlı küçəsi, dalan 1, ev 2-də ailə üzvləriylə birlikdə yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Uzun zamandır ki narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən, əsasən də “patı” dedikləri psixotrop maddə və “nəşə” dedikləri marixuanadan istifadə edir. Bir neçə gün bundan əvvəl Gəncə şəhəri Totanlı dairəsi yaxınlığında gəzən zaman yerdə bir ədəd ağ rəngli sellofan büküm olduğunu görmüş və diqqətini çəkdiyi üçün həmin bükümü yerdən götürmüş və bükümün içərisinə baxarkən əvvəllər də narkotik vasitə istifadəçisi olduğundan bükümün içərisində olan kütlələrin patı deyilən maddə olmasını bilmişdir. Bundan sonra o, həmin bükümü daha sonra istifadə etmək məqsədilə özüylə götürüb üzərində saxlamışdır. 05 sentyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Göygöl rayonu Üçtəpə kəndində olarkən mağazadan meyvə almaq istədiyi zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində və satışında şübhəli olduğunu bildirib Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də mənə hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. o, ona təqdim edilmiş siyahıdan X1 onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Namiq Həsənovun dəvət olunmasından sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. O da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan açıq göy rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümü təqdim etmişdir. Bundan sonra patı dedikləri həmin psixotrop maddə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçüldü və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır.Həmin psixotrop maddəni tutulmazdan bir neçə gün əvvəl yaşadığı ünvan yaxınlığında, yəni Gəncə şəhəri Totanlı dairəsi deyilən yerdə piyada gəzən zaman yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddəni taparkən satmaq və ya kiməsə vermək məqsədilə götürməmişdir. Həmin psixotrop maddədən nə yaşadığı evdə, nə də ki, başqa yerdə saxlamamış, həmçinin əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay verməmişdir.Psixotrop maddəni yalnız özü istifadə etmişdir. Əvvəllər də narkotik vasitə və psixotrop maddə istifadə etmişdir.Üzərindən aşkar olunmuş psixotrop maddəni tapdıqdan sonra tutulana qədər müddətdə istifadə etməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Göygöl rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə məlumat almışdır. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da həmin tədbirə cəlb etmişdir. 05 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndi ərazisində olmasını müəyyən edərək Şahid2 ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmişlər. Həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanda aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Nizami Şəbəndəyev tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Gəncə şəhəri Totanlı dairəsi deyilən ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddəni Gəncə şəhəri Totanlı dairəsi deyilən ərazidə yerdən tapdığını bildirsə də, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etməsi tərəflərindən müəyyən edilə bilməmişdir, bununla bağlı tədbirləri davam etdirilir. Gələcəkdə nəticəsi barədə İstintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs tərəfindən başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satılması barədə hər hansı məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə Göygöl rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndinin inzibati ərazisində olmasını müəyyən edərək, Şahid1 ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmişlər. Həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Nizami Şəbəndəyev tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Gəncə şəhəri Totanlı dairəsi deyilən ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetamin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış videolentə alınaraq 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. -Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli 16/529 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə......” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,089 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 1,039 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -Göygöl rayon Məhkəməsinin hakimi Əyyub Kərimovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təxirasalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Göygöl rayon Polis şöbəsinin narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. -Məhkəmə narkoloji ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 1583 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Ruhi-Əsəb dispanserinə məktub ünvanlanmış, Gəncə şəhər Ruhi-Əsəb dispanserinin xx.xx.2023-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda olmaması müəyyən edilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəriməni tam ödəmişdir. -Gəncə şəhər küçə üçküyünün arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müstət xarakteriza olunur. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o, özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməli, maddi sübut hesab edilən tədqiqatdan sonra qalıq qalmış 1,039 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Gəncə şəhər mərkəzi xəstəxanasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixə kimi 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Gəncə şəhər Mərkəzi xəstəxnasına göndərilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 1,039 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-119/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-119/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver