Məhkəmə qərarları › İş №1(066)-14/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-14/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-14/2024 27.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 iştirakları ilə xx xxxx 1966-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu Qırıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu Qırıxlı kəndində yaşayan həmkəndlisi X2 yaşadığı fərdi yaşayış evinə gündəlik zəhmət haqqı qarşılığında ev işlərinə kömək etmək məqsədilə getdiyi zaman sonuncunun evin birinci mərtəbəsində yerləşən otağın qapısında olan kilidi açaraq ona həmin otağı təmizləməsini tapşırdıqdan sonra o, Nübar Hacıyevanın həmin otaqda saxladığı özünə məxsus 400 manat dəyərində gümüş materialdan olan 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 cüt sırğa, 5500 manat dəyərində qızıl materialdan olan 1 ədəd boyunbağı, 1 cüt sırğa 1 ədəd qolbaq və 1 ədəd üzüyü gizli yolla talayaraq zərərçəkmiş şəxs X4 ümumilikdə xeyli miqdar hesab edilən 5900 (beş min doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, o, hal-hazırda Göygöl rayonu Qırıxlı kəndində yerləşən ona məxsus evdə tək yaşayır. O, müxtəlif şəxslərin evinə təmizlik işləri özünü dolandırır. X5nı uzun illərdir ki, həmkəndlisi olaraq tanımış, münasibətləri normal olmuşdur. O, artıq uzun illərdir ki, bir neçə ayda bir dəfə olmaqla Nübar Hacıyevanın evinə təmizlik işləri aparmışdır. Sonuncu dəfə təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində həmin məqsədlə Nübar Hacıyevanın evinə getmişdir. Nübar Hacıyeva evin birinci mərtəbəsindəki otağın qapısını daima kilidli saxladığından o, həmin otağın qapısını açmış və o. təmizlik işlərini görmüşdür. O, evinə getmək istəmiş, lakin Nübar Hacıyeva ondan evin birinci mərtəbəsində olan otağın pəncərələrini də silməsini istəmişdir. O, yorğun olduğunu və daha sonra etmələrini desə də, Nübar razılaşmamışdır. Nübar Hacıyeva birinci mərtəbədəki otağın qapısının kilidini açaraq onu içəri salmış və o, pəncərələri silmişdir. Həmin otaqda Nübar Hacıyevanın özünə məxsus əşyaları olmuş və üzərlərini örtüklə ilə örtmüşdür. O, pəncərələri silərkən orada olan bir qab diqqətini çəkmiş və qabın içərisinə baxdıqda 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd bilərziyin olmasını görüb onları götürmüş və özüylə yaşadığı evə aparmış və götürdüyü qızıl-zinət əşyalarını bir neçə gün sonra Gəncə şəhərində “Keçəllərin bazarı” deyilən yerin yaxınlığında tanımadığı qadına ümumilikdə 600 (altı yüz) manata satmışdır. O, Nübar Hacıyevaya məxsus 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd bilərziyi oğurlamışdır. Digər əşyalardan məlumatı yoxdur. Zərərçəkmiş şəxs Nübar Hacıyevaya vurduğu ziyana görə 2000 (iki min) manat pul ödəmişdir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf etməməsi, onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 177.2.4 maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Balçılı kəndində ailə üzvləriylə birlikdə yaşayır, subaydır, 1 övladı var. Hal-hazırda Azərbaycan Texnologiya universitetində prorektor köməkçisi işləyir. Özünə məxsus, müxtəlif vaxtlarda aldığı qızıl və gümüş zinət əşyalarını yaşadığı evin 1ci mərtəbəsində yerləşən otaqda olan paltarlarının arasında gizlədərək saxlamışdır. Bəzi vaxtlarda həmin zinət əşyalarını toylarda və digər şənliklərdə istifadə etmək üçün götürüb daha sonra yenə də eyni yerə qoymuşdur. Zinət əşyalarının orada olmasını isə yalnız anası Lətifə bilmişdir. 01 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Göygöl rayonu Balçılı kəndində yerləşən “Sərin” şadlıq sarayına toya gedəcəyi üçün 1-ci mərtəbədə olan otağa gedib qızıl-zinət əşyalarından birini götürüb taxmaq istədikdə, qızıl-zinət əşyasının orada olmadığını görmüşdür. Qızıl-zinət əşyasının evlərinə təmizlik üçün gələn Göygöl rayonu Qırıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs adlı qadının götürməsindən şübhələnərək onun yaşadığı ünvana getmişdir. Ondan qızıl-zinət əşyasını onun götürüb-götürmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona götürmədiyini demişdir. O, Təqsirləndirilən şəxs yenə də onun götürdüyü halda geri qaytarmasını və ondan şikayət etməyəcəyini demişdir. Təqsirləndirilən şəxs isə onun evindən heçnə götürmədiyini demişdir. Bundan sonra o, yaşadığı ünvana getmiş və qızılzinət əşyalarının olduğu yerə baxdıqda orada olan ona məxsus gümüş materialdan olan 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və qızıl materialdan olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa və 1 ədəd qolbağın yerində olmadığını görmüşdür. Bundan sonra o, 03 oktyabr 2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin zinət əşyalarını Təqsirləndirilən şəxs oğurlamışdır. Qızıl-zinət əşyalarının ümumilikdə təxmini çəkisi 50 qram olmuşdur. Gümüşdən olan zinət əşyaları isə Türkiyə istehsalı olmuş və çəkisini dəqiq bilməmişdir. Həmin gümüşdən olan zinət əşyalarını isə 400 manata almışdır. Təqsirləndirilən şəxs ona 5900 (beş min doqquz yüz) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyana görə 2000 (iki min) manat pul ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Ona görə də onun cəzalanmasını və mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, halhazırda Göygöl rayonu Balçılı kəndində ailə üzvləriylə birlikdə yaşayır. Zərərçəkmiş şəxs X5 onun qızıdır. 01 oktyabr 2023-cü il tarixdə X10 toya getmək üçün evin 1-ci mərtəbəsində yerləşən otaqlardan birində saxladığı qızıl-zinət əşyalarından birini götürüb taxmaq istəyərkən qızıl-zinət əşyasının yerində olmadığını görmüşdür. X10 və o, qızıl zinət əşyasının evlərinə təmizlik işlərini görmək üçün gələn Təqsirləndirilən şəxs götürməsindən şübhələndikləri üçün Nübar Hacıyeva onun yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs isə zinət əşyasını onun götürməsini etiraf etməmişdir. Nübar Hacıyevaya məxsus zinət əşyalarının orada olmasını yalnız onun özü və o, bilmişdir. Onunla birlikdə yaşayan oğlu və nəvəsi də zinət əşyalarının orada olmasını bilməmişdir. Həmin otağın qapısını yalnız Təqsirləndirilən şəxs təmizlik üçün gələndə qızı Nübar açmışdır. Sevda otağı təmizlədikdən sonra isə qapını bağlamışdır. Ona görə də zinət əşyalarının Sevda tərəfindən oğurlanmasından əmin olmuşlar. Qızı Nübara məxsus gümüş materialdan olan 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük və qızıl materialdan olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa və 1 ədəd qolbaq oğurlanmışdır. Bundan sonra X10 03 oktyabr 2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin zinət əşyalarını Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında dindirilən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdikləri xususatları bir daha da təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, hadisəsinin baş verdiyi yer Göygöl rayonu Balçılı kəndində oğurluq X4 məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaqdır. Otağın giriş qapısı və pəncərələrində hər hansı zədə izlərinin olmaması, otaqda hər hansı dağıntının olmaması müəyyən edilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən “məhkəmə-əmtəəşünaslıq ekspertiza”üzrə verilmiş 30 noyabr 2023-cü il tarixli, 9/8904 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, 1 dəst Türkiyə istehsalı gümüş materialdan olan 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzüyün ümumi qiyməti 30 (otuz) manat, İtaliyada istehsal olunmuş qızıl materialdan olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa və 1 ədəd qolbağının (ümumi qızılın çəkisi 50 qram) ümumi qiyməti 5500 (beş min beş yüz) manat, zinət əşyaların cəmi dəyəri 5530 (beş min beş yüz otuz) manat təşkil edir. Adı çəkilən Mərkəzin 30 noyabr 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən iddia ərizəsindən məlum olur ki, iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyan görə 5900 (beş min doqquz yüz) manat və mənəvi ziyan görə isə 2000 (iki min) manat pul tələb edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Məmmədli Təqsirləndirilən şəxs adına tərtib etdiyi 25 noyabr 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs təkrar məhkəmə hazırlıq iclasına gəlməkdən boyun qaçırtmasına görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmnək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Polis şöbəsinin 22 yanvar 2024cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saxlanılaraq polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon İH başçısının Qırıqlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qırıqlı kəndində qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinin materiallarında olan Göygöl Rayon İH başçısının Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini qismən etraf edib, əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini, yaşayış yerindən müsbət xasiyyətlənməsini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini qismən etraf edib, əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı bir hissəsini ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl rayonunda və Gəncə şəhərində təmizlik işləri etməklə, Göygöl rayonu Qırıqlı kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 04 (dörd) ay, 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini, hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 50 (əlli) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Qırıqlı kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət prosessual qanunvericiliyin göstərilən normalarına əsasən və Təqsirləndirilən şəxs vurduğu ziyana görə 2000 (iki min) manat ödəməsi nəzərə almaqla, məhkəmə hesab edir ki, mülki iddiaçı, zərərçəkmiş şəxs X2 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 3900 (üç min doqquz yüz) manat pul alınaraq X4 verilməlidir. Mülki iddiaçı, zərərçəkmiş şəxs X5 iddia ərizəsində ona vurulmuş mənəvi ziyana görə Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul tələb etmiş olsa da, həmin halları, onun mənəvi sarsıntı keçirtməsini, iztirab çəkməsini təsdiq edən hər hansı mötəbər subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia həmin hissədə təmin edilməməlidir. Cinayət işi üzrə maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə, 22 yanvar 2024-cü il tarixdən, 27 may 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət 04 (dörd) ay, 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 08 (səkkiz) ay, 10 (on) gün çıxılmaqla, üzərində 01 (bir) il, 09 (doqquz) ay, 20 (iyirmi) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Qırıqlı kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs 3900 (üç min doqquz yüz) manat pul alınaraq X4 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar