Məhkəmə qərarları › İş №1(066)-16/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-16/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-16/2023 24.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu, Bağbanlar küçəsi dalan 5, ev 6-da qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsi bina 30 mənzil 29-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə Zərərçəkmiş şəxs 06 may 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı Qələnfir Həsənovanın 14 iyun 2022-ci il tarixdə olacaq “40 mərasimi” nə iki gün qalmış yəni 12 iyun 2022-ci il tarixədək 1800 (min səkkiz yüz) manatını əvvəlcədən 200(iki yüz) manatını isə məzar daşı hazır olduqdan sonra vermək şərti ilə ümumilikdə 2000 (iki min) manat müqabilində mərhum Q.Həsənovaya məzar daşı düzəldəcəyi barədə Zərərçəkmiş şəxs yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 16 may 2022-ci il tarixdə Göygöl rayonu, Nadil kəndində 1.100 (min yüz) manat, 2022-ci ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun Göygöl rayonu, Nadil kəndində yerləşən fərdi yaşayış evində 700 (yeddi yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 1800 (min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda adı ona sonradan məlum olan Rahib adlı şəxs ona məxsus mobil nömrəyə zəng edərək, vəfat etmiş Göygöl rayonu Nadel kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuş anasına məzar daşı hazırlatmaq istədiyini demişdir. O, həmin gün Rahib adlı şəxsə zəng edərək Göygöl rayonu Nadel kəndində yerləşən qəbirstanlıqda olduğunu və gəlməsini bildirmişdir. Qəbirstanlıqda Rahib adlı şəxsin atası adı ona sonra məlum olan Həsbət adlı şəxs vəfat etmiş həyat yoldaşının dəfn olunduğu yeri göstərərək, məzar daşının hazırlanmasını bildirmişdir. O, Həsbət adlı şəxslə məzar daşını 2.000 (iki min) manata düzəldəcəyinə razılaşmış və məzar daşının ölçülərini götürmüşdür. Həmin vaxt Həsbət adlı şəxs 1.100 (bir min yüz) manat pulu elə həmin vaxt qəbirstanlıqda ona vermişdir. Bundan təxminən iki həftə sonra o, Həsbət adlı şəxsə zəng edərək, material almaq üçün 700 (yeddi yüz) manat pul lazım olduğunu bildirmişdir. 200 (iki yüz) manat pulu isə məzar daşı hazır olduqdan sonra verməsini bildirmişdir. Həsbət adlı şəxs 700 (yeddi yüz) manat pulu gəlib yaşadıqları evdən götürməyini bildirmişdir. Həmin gün o, Həsbət adlı şəxsin yaşadığı Göygöl rayonu Nadel kəndində yerləşən evlərinə getmiş, evlərinin həyətində Həsbət adlı şəxsdən 700 (yeddi yüz) manat pulu almışdır. Lakin maddi vəziyyəti pis olduğundan, aldığı pulu öz ehtiyyaclarına xərclədiyindən məzar daşını hazırlaya bilməmişdir. Həsbət adlı şəxs ona dəfələrlə zəng etsə də o, pulu geri qaytara bilmədiyindən telefon zənglərinə cavab verməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı X1 onkoloji xəstə olduğu üçün xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, vəfat etmiş həyat yoldaşı Qələnfir Həsənovaya məzar daşı düzəltdirmək üçün Göygöl rayonu, Nadil kəndində yerləşən Rövşən adlı şəxsə məxsus məzar daşı sexinə getmişdir. Lakin Rövşən orada olmadığı üçün məzar daşı sifariş verə bilməmişdir. Bundan sonra yaşadığı evdə olan zaman oğlu Rahib Həsənov ona bildirmişdir ki, İlham adlı bir nəfər şəxs var, o, ucuz qiymətə məzar daşı düzəldir. O da oğlu ilə razılaşmış və oğlu Rahib məzar daşının hazırlanması üçün İlham adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, məzar daşının hazırlanmasını ona bildirmişdir. Bundan sonra təxminən xx.xx.2022-ci il tarixdə İlham adlı şəxs Göygöl rayon Nadil kəndində yerləşən qəbirstanlığa gəlmişdir. Orada İlham adlı şəxslə görüşmüşlər. O, vəfat etmiş həyat yoldaşı Qələnfirə məzar daşı hazırlaması üçün məzarın ölçülərini götürmüşdür. İlhamdan məzar daşının hazırlamasının qarşılığında ondan nə qədər pul alacağını soruşduqda o, 1.700 manat pul alacağını bildirmişdir. O da onunla razılaşaraq məzar daşının hazırlamasını İlhama bildirmişdir. Bundan sonra İlham məzar daşının hazırlanması üçün material alacağını, hazırda pulunun olmamasını, ona bildirərək pul istəmiş, o da cibində olan 1.100 (min yüz) manat pulu Göygöl rayon Nadil kəndində yerləşən qəbirstanlıqda İlhama vermişdir. Təxminən 2-3 gün müddət keçdikdən sonra İlham oğlu Rahibə zəng edərək, məzar daşını 1.700 manata yox, 2000 manata düzəldəcəyini bildirmişdir. Oğlu Rahib bu barədə ona dedikdə, oğlu ilə razılaşmışdır. Təxminən 2 həftə müddət keçdikdən İlham Göygöl rayonu, Nadil kəndində yerləşən özünə məxsus evə gələrək, işin yarımçıq qaldığını, material almaq üçün pulunun olmadığını bildirərək, yenidən ondan 700 manat pul istəmiş, qalan 200 manat pulu isə xx.xx.2022-ci il tarixdə məzar daşını qoyduqdan sonra alacağını bildirmişdir. O da İlhamla razılaşaraq, yaşadığı evin həyətində 700 manat pulu İlhama vermişdir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, İlham vəfat etmiş həyat yoldaşı Qələnfir Həsənovanın məzar daşını Göygöl rayonu Nadil kəndində yerləşən Rövşən adlı şəxsə məxsus məzar daşı sexində hazırladır. O, vəfat etmiş həyat yoldaşı Qələnfirin məzar daşının nə vəziyyətdə olduğunu öyrənmək üçün xx.xx.2022-ci il tarixdə Rövşənə məxsus məzar daşı sexinə getmiş, lakin həmin vaxt Rövşənin sexdə olmadığını görmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə Rövşənə məxsus məzar daşı sexinə getmiş və orada Rövşənlə görüşmüşdür. Rövşən ona bildirmişdir ki, İlham məzar daşının hazırlanmasını ona sifariş vermiş və məzar daşı artıq hazırdır. Lakin İlham məzar daşının hazırlanması üçün ona heç bir ödəniş etməmişdir. Bundan sonra o, dəfələrlə İlhama məxsus mobil nömrəyə zəng etməsinə baxmayaraq, o, zənglərə cavab vermədiyi üçün, onunla əlaqə saxlaya bilməmiş və İlham tərəfindən aldadıldığını anlamışdır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş Qələnfirin 40 mərasimi keçiriləcəyi halda, məzar hazır olmadığından o, Rövşən ilə razılığa gəlmişdir. Rövşən məzar daşını qoyması üçün 1.680 (min altı yüz səksən) manat ödəniş etməyi bildirmişdir. O, Rövşən adlı şəxsə 1.000 (min) manat pul vermiş, 680 mant pulu isə 40 mərasimindən sonra verəcəyini bildirmişdir. Rövşən onunla razılaşmış və məzar daşını məzar üzərinə qoymuşdur. O, 40 mərasimindən sonra 680 manat pulu Rövşənə vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X5 ifadəsində göstərmişdir ki, anası X1 onkoloji xəstə olduğu üçün xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası Həsəbət vəfat etmiş anası Qələnfir Həsənovaya məzar daşı düzəltdirmək üçün Göygöl rayonu, Nadil kəndində yerləşən Rövşən adlı şəxsə məxsus məzar daşı sexinə getdiyini, lakin Rövşən orada olmadığı üçün məzar daşı sifariş verə bilmədiyini demişdir. Bundan sonra o, İlham adlı şəxsin ucuz qiymətə məzar daşı düzəldiyini öyrənmiş və bu barədə atasına bildirmişdir. Atası Həsbət də onunla razılaşmış və o, məzar daşının hazırlanması üçün İlham adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, məzar daşının hazırlanmasını ona bildirmişdir. Bundan sonra təxminən xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman atası Həsbət İlham adlı şəxs ilə Göygöl rayonu Nadil kəndində yerləşən qəbirstanlıqda görüşdüklərini, İlham adlı şəxsin vəfat etmiş anası Qələnfirə məzar daşı hazırlaması üçün məzarın ölçülərini götürdüyünü demişdir. Atası İlhamın məzar daşının hazırlamasının qarşılığında 1.700 (min yeddi yüz) manat pul alacağını bildirdiyini və İlhama məzar daşının hazırlanması üçün material almasından ötrü 1.100 (min yüz) manat pul verdiyini demişdir. Təxminən 2-3 gün müddət keçdikdən sonra İlham ona məxsus mobil nömrəyə zəng edərək, məzar daşını 1.700 (min yeddi yüz) manata yox, 2.000 (iki min) manata düzəldəcəyini bildirmişdir. O, bu barədə atasına dedikdə, atası razılaşmışdır. Təxminən 2 həftə müddət keçdikdən İlham Göygöl rayonu, Nadil kəndində yerləşən evinə gələrək, işin yarımçıq qaldığını, material almaq üçün pulunun olmadığını bildirərək, yenidən atasından 700 (yeddi yüz) manat pul istəmiş, qalan 200 (iki yüz) manat pulu isə xx.xx.2022-ci il tarixdə məzar daşını qoyduqdan sonra alacağını bildirmişdir. X7 razılaşaraq, yaşadığı evin həyətində 700 (yeddi yüz) manat pulu İlhama vermişdir. xx.xx.2022-ci il tarixdə onlara məlum olmuşdur ki, İlham vəfat etmiş anası Qələnfir Həsənovanın məzar daşını Göygöl rayonu Nadil kəndində yerləşən Rövşən adlı şəxsə məxsus məzar daşı sexində hazırladır. O, atası ilə birlikdə vəfat etmiş anası Qələnfirin məzar daşının nə vəziyyətdə olduğunu öyrənmək üçün xx.xx.2022-ci il tarixdə qəbirstanlığa getmişlər, lakin məzar daşının hazır olmadığını görmüşlər. Bundan sonra o, dəfələrlə İlhama məxsus mobil nömrəyə zəng etməsinə baxmayaraq, o, zənglərə cavab vermədiyi üçün, onunla əlaqə saxlaya bilməmiş və İlham tərəfindən aldadıldıqlarını anlamışlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə Zərərçəkmiş şəxs 06 may 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı Qələnfir Həsənovanın 14 iyun 2022-ci il tarixdə olacaq “40 mərasimi” nə iki gün qalmış yəni 12 iyun 2022-ci il tarixədək 1800 (min səkkiz yüz) manatını əvvəlcədən 200(iki yüz) manatını isə məzar daşı hazır olduqdan sonra vermək şərti ilə ümumilikdə 2000 (iki min) manat müqabilində mərhum Q.Həsənovaya məzar daşı düzəldəcəyi barədə Zərərçəkmiş şəxs yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 16 may 2022-ci il tarixdə Göygöl rayonu, Nadil kəndində 1.100 (min yüz) manat, 2022-ci ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun Göygöl rayonu, Nadil kəndində yerləşən fərdi yaşayış evində 700 (yeddi yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 1800 (min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-in 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar