Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-17/2023 05.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Mingəçevir şəhəri N.Nərimanov prospekti ev 55/13, mənzil 4-də daimi qeydiyyatda olmaqla Mingəçevir şəhəri N.Nərimanov prospekti ev 30/01, mənzil 55də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-isifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-isifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 01 avqust 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində açdığı saxta “Ubank.mobile” səhifəsindən "xxxx" bankına məxsus rəsmi səhifəyə özünə məxsus 4098- 0944-2111-3380 nömrəli kart hesabında yaranan problemlə bağlı müraciət edən Zərərçəkmiş şəxs mesaj yazaraq özünü "xxxx" ASC-nin rəsmi nümayəndəsi olaraq təqdim edib Zərərçəkmiş şəxs kartında olan problemin həllinə köməklik edəcəyini və kartında olan məbləğin silinmə təhlükəsinə görə həmin məbləği başqa hesaba köçürüb kartda olan problemin həllindən sonra yenidən Zərərçəkmiş şəxs kartına geri qaytaracağı barədə sonuncuya yalan vədlər verib inandıraraq razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs məxsus 4098-0944-2111-3380 nömrəli kart hesabından 1026 (bir min iyirmi altı) manat, digər 5243-7544-1089-7050 nömrəli “Albalı” kart hesabından isə 29 (iyirmi doqquz) manat olmaqla ümumilikdə 1055 (bir min əlli beş) manat pulunu öz adına rəsmiləşdirdiyi "xxxx" ASC-də olan 550578******8319 nömrəli hesabına köçürüb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarından işğaldan azad olunmuş rayonlarda bərpa işləri ilə məşğul olan, hazırda adını xatırlamadığı şirkətdə özünə məxsus “Mersedes Sprinter” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müqavilə əsasında işğaldan azad olunmuş Füzuli şəhərində aparılan təmir tikinti işlərində işləyən işçiləri lazım olan ünvanlara daşıma işi ilə məşğul olmuşdur. Təxminən 1 il ərzində orada işləmişdir. İşlədiyi müddətdə 1700 manat əmək haqqı almışdır. Əmək haqqını “Bank Respublika”da açdırdığı hesaba köçürmə yolu ilə almışdır. Bundan əlavə də arvadı Çinarə Vəliyevaya pul göndərmək üçün "xxxx"da öz adına hesab açdıraraq həmin hesab kartını ona vermişdir. Hər ay lazım olduğu miqdarda pulu arvadı Çinarənin istifadə etməsi üçün həmin karta köçürmüşdür. Təxminən 2022-ci ilin avqust ayında “İnstaqram” sosial şəbəkəsində "xxxx" ASC-nin rəsmi səhifəsinə baxarkən bir nəfər hazırda adını xatırlamadığı şəxsin səhifənin şərh bölməsinə kartında yaranan problemlə bağlı müraciət etdiyini görmüşdür. Həmin vaxtı onun kart hesabında pul olacağını düşünərək saxta profil açaraq həmin şəxsdən kart məlumatlarını əldə edib kartında olan pulu çıxarmaq qərarına gəlmişdir. “İnstaqram” sosial şəbəkəsində “Ubank.mobile” adlı saxta səhifə açaraq həmin şəxsin “direkt”, yəni şəxsi mesaj bölməsinə mesaj yazmışdır. Ona özünü "xxxx" ASC-nin rəsmi nümayəndəsi olaraq təqdim edib kartında yaranan problemin həlli üçün kart məlumatlarını verməsini istəmişdir. Bundan başqa inandırıcı olsun deyə ondan şəxsiyyət vəsiqəsinin şəklini də göndərməsini istəmişdir. Bundan sonra həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs kart məlumatlarını əldə etdikdən sonra ona kartında yaranan problemlə bağlı kart hesabında olan pulun silinə biləcəyini və kartdakı pulu başqa bir hesaba köçürüb sonra yenidən onun kartına geri qaytara biləcəyini demişdir. Zərərçəkmiş şəxs da onunla razılaşdıqdan sonra onun kart hesabında olan 1055 (bir min əlli beş) manat pulu öz adına olan "xxxx" ASC-yə məxsus hesaba köçürmüşdür. Bundan sonra isə Zərərçəkmiş şəxs hesabını “blok” edərək ona mesaj yazmasını bağlamışdır. Sonra isə arvadı Çinarəyə zəng edərək maaşların köçdüyünü və karta pul göndərdiyini gedib çıxarmasını istəmişdir. 1 ay bundan əvvəl də kartın istifadə müddəti bitdiyi üçün həmin kartı sındırıb atmışdır. Onun adına olan "xxxx"a aid hesab kartını 2021-ci ilin yay aylarından almış və kartın istifadə müddəti 1 il olmuşdur. Həmin kartı da arvadı Çinarəyə pul göndərmək üçün yaşadığı ünvanda saxlamışdır. O, Zərərçəkmiş şəxs şəxsən tanımamış, onun kartından pulu çıxarmaq üçün məlumatlarını əldə etmişdir. O, Zərərçəkmiş şəxs kartında yaranan problemlə bağlı pulunun silinə biləcəyini və kartında olan pulu başqa bir hesaba köçürüb sonra yenidən onun kartına geri qaytaracağını demişdir. Zərərçəkmiş şəxs da kartında 1000 manatdan yuxarı məbləğdə pulunun olmasını bilmişdir. Ona da kartında olan pulu başqa bir hesaba köçürməsinə razılıq vermişdir. X5 bu barədə heç bir məlumatı olmamışdır. O, Çinarəyə həmin pulun öz əmək haqqı olduğunu demişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarından əri Təqsirləndirilən şəxs özünə məxsus “Mersedes Sprinter” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işğaldan azad olunmuş Füzuli rayonuna işləmək üçün getmişdir. Təxminən 1 il ərzində orada işləmişdir. İşlədiyi müddətdə ona pul göndərmək üçün "xxxx"da öz adına hesab açdıraraq həmin hesab kartını ona vermişdir. Hər ay ona lazım olduğu miqdarda pulu həmin karta köçürmüşdür. Kartın istifadə müddəti bitdiyi üçün də təxminən 1 ay bundan əvvəl həmin kartı sındırıb atmışlar. Qeyd etmişdir ki, təxminən 2022-ci ilin avqust ayında, dəqiq gününü xatırlamadığı vaxtda Mingəçevir şəhərində yerləşən Heydər Əliyev adına parkda azyaşlı uşaqlarını gəzdirərkən əri İlqar ona zəng edərək maaşını aldığını və karta pul göndərdiyini, gedib həmin pulu çıxarmasını istəmişdir. O da yaxınlıqda olan bankomata gedərək kartdan pulu çıxarmışdır. Həmin vaxtı karta 1000 manatdan yuxarı məbləğdə pul köçürülmüşdür. Əri İlqar hər dəfə ona maaşını aldığı zaman 1000 manatdan yuxarı məbləğdə pul göndərdiyi üçün o, hər hansı şübhə duymamışdır. Əri Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsinə dəvət etdiklərində hadisə barədə məlumatı olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə cinayət proses iştirakçılarının fikirlərini dinləyib zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında "xxxx" bankından öz adına kart hesabı açdıraraq öz ehtiyacları üçün istifadə etməyə başlamışdır. Bir müddət sonra kartı ona məlum olmayan səbəblərə görə bloklandığı üçün o, "xxxx"ın “İnstaqram” sosial şəbəkəsində olan hesabına mesaj yazaraq kartında yaranan problemlə bağlı müraciət etmişdir. Həmin vaxtı ondan kartının kodu və öz məlumatlarını istədikdən sonra problemi aradan qaldırmışlar. 01 avqust 2022-ci il tarixdə onun kartında yenə də eyni problem yarandığından o, yenidən "xxxx"ın “İnstaqram” sosial şəbəkəsində olan hesabına mesaj yazaraq kartında yaranan problemlə bağlı yenidən müraciət etmişdir. Həmin gün saat 15:48-də “Ubank.mobile” instagram səhifəsindən tanımadığı şəxs "xxxx" bankı adından ona yazaraq, ona kartla bağlı problemin həlli üçün bankın rəsmi səhifəsinə yazdığını və bankla bağlı probleminin nə olduğunu, bu məsələ ilə bağlı ona köməklik edəcəklərini bildirmişdir. Həmin şəxs ona köməklik etməsi üçün ondan özünə məxsus kart hesabının məlumatlarını, şəxsiyyət vəsiqəsinin fin kodunu və əlaqə nömrəsini istəmişdir. O da həmin tanımadığı şəxsə "xxxx"a aid özünə məxsus 4098-0944-2111-3380 nömrəli kart hesabının məlumatlarını, şəxsiyyət vəsiqəsinin fin kodunu və əlaqə nömrəsini yazmışdır. Bundan sonra həmin şəxs özünü ona "xxxx" ASC-nin rəsmi nümayəndəsi olaraq təqdim edib biraz gözləməsini və yaranmış problemin aradan qaldırılacağını ona bildirmişdir. Daha sonra kartında yaranan problemlə bağlı kartında olan pul məbləğini kartda yaranan problemin həllinə qədər başqa bir hesaba köçürülməli olduğunu, əks halda kartından pulun silinə biləcəyini demişdir. O da həmin şəxslə razılaşaraq kartında olan 1000 (bir min) manatdan yuxarı miqdarda pulun həmin şəxs tərəfindən başqa bir hesaba köçürülməsinə etiraz etməmişdir. Bundan sonra "xxxx"a aid özünə məxsus 4098-0944-2111-3380 nömrəli kart hesabından 1000 (bir min) manat və 26 (iyirmi altı) manat, digər 5243-7544-1089-7050 nömrəli “Albalı” kart hesabından isə 29 (iyirmi doqquz) manat olmaqla ümumilikdə 1055 (bir min əlli beş) manat pulunun başqa hesaba köçürülməsini görmüşdür. Kartında yaranan problemin həll edilməsindən sonra pulunun öz kartına geri qaytarılacağını düşünmüşdür. Lakin bir müddət keçməsinə baxmayaraq pulunun karta qayıtmadığını görmüşdür. Bundan sonra o, həmin şəxsə bu barədə yazdıqda, həmin şəxs onu “blok” etmişdir. O da həmin şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşdükdən sonra DİN-nin 102-xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, həmin şəxsə yalnız 4098-0944-2111-3380 nömrəli kart hesabının məlumatlarını vermiş, lakin həmin şəxs mobil tətbiq vasitəsilə ona məxsus hesaba daxil olduqdan sonra orada onun “Albalı” kart hesabından da 29 (iyirmi doqquz) manat pulun da çıxarıldığını aşkar etmişdir. O, həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamamış, yalnız “İnstaqram” sosial şəbəkəsində danışmışdır. Həmin şəxs ona kartında yaranan problemlə bağlı kartında olan pulun silinə biləcəyini və bu səbəbdən də hesabında olan 1055 manat pulu başqa bir hesaba köçürüb sonra yenidən öz kartına qaytaracağını dediyi üçün o, onunla razılaşaraq pulunun köçürülməsinə icazə vermişdir. Sonradan isə həmin şəxsin onu aldatdığını bilmişdir. O, həmin şəxsi tanımamış, bu barədə ondan hər hansı məlumat olmamışdır. Hazırda həmin səhifənin fəaliyyət göstərmədiyin bildirmişdir. Cinayət işinə əlavə "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, HTİD/6656 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5243-7544-1089-7050 nömrəli ödəniş kartından xx.xx.2022-ci il tarixdə, saat 15:50:41-də 29 (iyirmi doqquz) manat məbləğində pul, 4098-0944-2111-3380 nömrəli ödəniş kartından xx.xx.2022-ci il tarixdə, saat 15:48:09-da 1000 (bir min) manat, 15:54:19-da 26 (iyirmi altı) manat məbləğində pul "xxxx" ASC-də olan 550578******8319 nömrəli ödəniş kartına köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən daxil olmuş məktuba əsasən 550578******8319 nömrəli kartın Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Vəliyev X3 şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, onan dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-isifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 01 avqust 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində açdığı saxta “Ubank.mobile” səhifəsindən "xxxx" bankına məxsus rəsmi səhifəyə özünə məxsus 4098-0944-2111-3380 nömrəli kart hesabında yaranan problemlə bağlı müraciət edən Zərərçəkmiş şəxs mesaj yazaraq özünü "xxxx" ASC-nin rəsmi nümayəndəsi olaraq təqdim edib Zərərçəkmiş şəxs kartında olan problemin həllinə köməklik edəcəyini və kartında olan məbləğin silinmə təhlükəsinə görə həmin məbləği başqa hesaba köçürüb kartda olan problemin həllindən sonra yenidən Zərərçəkmiş şəxs kartına geri qaytaracağı barədə sonuncuya yalan vədlər verib inandıraraq razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs məxsus 4098-0944-2111-3380 nömrəli kart hesabından 1026 (bir min iyirmi altı) manat, digər 5243-7544-1089-7050 nömrəli “Albalı” kart hesabından isə 29 (iyirmi doqquz) manat olmaqla ümumilikdə 1055 (bir min əlli beş) manat pulunu öz adına rəsmiləşdirdiyi "xxxx" ASC-də olan 550578******8319 nömrəli hesabına köçürüb ələ keçirərək dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər tam ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-in 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-17/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-17/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver