Məhkəmə qərarları › İş №1(066)-20/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-20/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-20/2023 18.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- X2 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu ödənilməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 140-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X4 01 avqust 2022-ci il tarixdə saat 14 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədilə Göygöl rayonu Yeni Zod kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya alış-veriş məqsədi ilə gəldikdən sonra, mağazanın sahibi Zərərçəkmiş şəxs diqqətindən yayınaraq mağazanın anbarına qanunsuz olaraq daxil olub anbardan hər bir bağlamasının dəyəri 22 (iyirmi iki) manat olan 35 (otuz beş) ədəd “ARGO” markalı siqaret bağlamalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 770 (yeddi yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 7 azyaşlı övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq dolanır. Bildirmişdir ki, təxminən 1 həftə bundan əvvəl səhər saat 09 radələrində X11 ilə birlikdə özünə məxsus “BMW 528 minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhərindən çıxaraq Göygöl rayonuna istirahət etmək məqsədi ilə gəlmişlər. Göygöl rayonu Çaykənd kəndinin ərazisində yerləşən adını bilmədiyi kafelərdən birində oturub yemək yemişlər. Təxminən 2 saat kafedə oturduqdan sonra saat təxminən 13 radələrində Yevlax şəhərinə geri qayıtmaq üçün həmin kafedən çıxmışlar. Göygöl rayonu Yeni Zod kəndinin inzibati ərazisinə çatdıqda siqaret almaq üçün kəndin içərisinə doğru hərəkət edərək mağaza axtarmağa başlamışdır. Kəndin içərisində mağaza olduğunu gördükdə mağazanın qarşısında avtomobili yolun kənarında saxlamışdır. O və X11 avtomobildən düşərək birlikdə mağazaya daxil olmuşlar. X11 satıcı ilə söhbət edərək müxtəlif ərzaq və s. məhsullar almağa başladığı zaman o, mağazada siqaret bağlamalarının olduğunu görüb onları götürmək qərarına gəlmişdir. Oradan təxminən 35 ədəd “ARGO” siqaret bağlamasını götürüb əynində olan paltarların altında gizlətmişdir. Satıcının başı qarışıq olduğundan mağazadan çıxaraq siqaret bağlamalarını avtomobilin yük yerinə qoyub geri qayıtmışdır. Bundan başqa diqqət çəkməmək üçün təxminən 20 manatlıq ərzaq məhsulları və 1 qutu siqaret almışdır. Eldəniz də aldığı məhsulları götürüb mağazadan çıxmış və onlar avtomobilə əyləşib Yevlax şəhərinə getmişlər. Eldənizi yaşadığı ünvana düşürdükdən sonra siqaret bloklarından birini özü istifadə etmək üçün saxlamışdır. Geri qalan siqaret bloklarını isə küçədə müxtəlif şəxslərə bir qismini 10 manata, bir qismini isə 15 manata satmışdır. Onlar Yevlax şəhərindən Göygöl şəhərinə gəzmək məqsədi ilə gəlmişlər. Lakin kafedən qalxıb Yevlax şəhərinə gedərkən yolda siqaret almaq üçün Göygöl rayonu Yeni Zod kəndində pərakəndə satışla məşğul olan mağazaya daxil olduqda siqaret bağlamalarını gördükdə oğurlamaq qərarına gəlmişdir. Oğurluq etmək qərarını o vermişdir. Eldənizin oğurluq edəcəyi barədə məlumatı olmamışdır. Mağazadan oğurluğu o etmişdir. X11 isə həmin vaxtı mağazadan yol üçün müəyyən ərzaq və su, siqaret almışdır. Eldəniz onun mağazadan oğurluq etməsini görməmiş, o, oğurladığı siqaret bağlamalarını gizlincə mağazadan çıxararaq avtomobilin yük yerinə qoyub yenidən mağazaya qayıtmış və diqqət çəkməmək üçün 20 manatlıq alışveriş etmişdir. O, mağazadan oğurluq etdikdən sonra oğurladığı siqaretləri özünə məxsus avtomobilin yük yerinə qoymuşdur. X11 həmin vaxtı mağazanın içərisində olduğundan siqaretləri avtomobilin yük yerinə qoymasını görməmişdir. Həmin vaxtı o, gözdən yayınaraq mağazadan həmin siqaretləri oğurladığı üçün nə mağazanın işçiləri, nə də başqa şəxslər onu görməmişdir. Həmin siqaretlərdən 1 blokunu özü istifadə etmiş, geri qalanlarını isə Yevlax şəhərində küçədə müxtəlif şəxslərə 10 və 15 manata satmışdır. Həmin şəxslərin isə kim olduqlarını bilməmişdir. Hazırda tutduğu əməldən peşimandır. Məhkəmədən zərər çəkmiş şəxsə vurduğu zərəri ödəməsini. Himayəsində 7 azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu Yeni Zod kəndində ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, Göygöl rayonu Yeni Zod kəndində özünə məxsus mağazada topdan və pərakəndə malların satışı ilə məşğul olur. Bildirmişdir ki, 01 avqust 2022-ci il tarixdə saat təxminən 14 radələrində mağazada olduğu zaman əvvəldən tanımadığı 2 nəfər şəxs mağazaya daxil olmuşlar. Həmin vaxtı mağazaya müxtəlif adlarda ərzaq məhsulları, siqaret və s. mallar gəldiyi üçün mağazanın içərisi qarışıq vəziyətdə olmuşdur. Onlar mağazadan müxtəlif ərzaq məhsulları almışlar. Həmin şəxslərdən birinin mağazanın içərisində bir xeyli gəzinməsi və mağazanın anbarına tərəf baxması diqqətini çəkmiş, lakin mağazaya gələn müştəri olduğundan ərzaq məhsullarına baxdığını düşünərək çox fikir verməmişdir. Həmin şəxslər bir neçə dəqiqə mağazadan alış-veriş etdikdən sonra çıxıb getmişlər. Bir müddət sonra o. mağazanın anbarında olan siqaret bağlamalarını yığmaq üçün daşıdığı zaman “ARGO” markalı siqaret bağlamalarından bir neçəsinin əksik olduğunu görmüşdür. Siqaret bağlamalarını saydıqda isə hər birinin dəyəri 22 manat olan ümumilikdə 770 (yeddi yüz yetmiş) manat dəyərində 35 ədəd “ARGO” markalı siqaret bağlamalarının oğurlandığını aşkar etmişdir. Bundan sonra Göygöl RPŞ-nin Sarısu Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, həmin şəxsləri tanımır, əvvəllər də görməmişdir. Onların mağazaya ilk dəfə gəldiyini düşünmüşdür. Həmin şəxslərdən biri mağazadan alış-veriş edərək pulunu vermiş, mağazadan oğurluğu onlardan biri etmişdir. Həmin şəxslərin planlı şəkildə oğurluq etmək üçün gəldiklərini düşünmədiyini, çünki onlardan birinin mağazadan normal qaydada ərzaq məhsulları aldığını, oğurluq hadisəsini isə digər şəxsin törətdiyini bildirmişdir. O da mağazadan ancaq siqaret bağlamaları oğurlamışdır. Əvvəldən planlanmış olsa idi başqa dəyərli əşyaları da oğurlaya biləcəklərini düşünmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 770 (yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir. Ona məxsus mağazadan 35 bağlama “ARGO” siqaretləri oğurlanmışdır, başqa heç bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir.Təqsirləndirilən şəxs X4 ona dəymiş ziyanı tamamilə ödəmişdir ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Yevlax şəhəri H.Aslanov küçəsi ev 127-də ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Halhazırda heç bir yerdə işləmir, fəhləliklə məşğul olaraq dolanır. Təqsirləndirilən şəxs tanıyır, İlhamın kirvəsi onun atası olmuşdur. Münasibətləri normaldır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İlham ilə görüşlərinin birində İlham Göygöl rayonuna gəzməyə getməyi təklif etmişdir. O da etiraz etməmişdir. 01 avqust 2022-ci il tarixdə saat 09 radələrində onlar İlham ilə birlikdə İlhama məxsus “BMW 528 minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhərindən çıxaraq Göygöl rayonuna istirahət etmək məqsədi ilə gəlmişlər. Göygöl rayonu Çaykənd kəndinin ərazisində yerləşən adını bilmədiyi kafelərdən birində oturub yemək yemişlər. Təxminən 2 saat kafedə oturduqdan sonra saat təxminən 13 radələrində Yevlax şəhərinə geri qayıtmaq üçün həmin kafedən çıxmışlar. Göygöl rayonu Yeni Zod kəndinin inzibati ərazisinə çatdıqda siqaret almaq üçün kəndin içərisinə doğru hərəkət etmişlər. Kəndin içərisində mağaza olduğunu gördükdə İlham mağazanın qarşısında avtomobili saxlamışdır. Onlar avtomobildən düşərək birlikdə mağazaya daxil olmuşlar. O, mağazada olan satıcı ilə söhbət edərək yolda içmək üçün su, atışdırmalıq 1-2 qida və siqaret almışdır. İlham da mağazadan siqaret almış və onlar mağazadan çıxaraq avtomobilə əyləşib Yevlax şəhərinə getmişlər. İlham onu yaşadığı ünvana düşürdükdən sonra çıxıb getmişdir. 06 avqust 2022-ci il tarixdə İlhamın Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitdikdən sonra həmin mağazadan siqaret oğurladığını bilmişdir.Onun oğurluq barədə heç bir məlumatı olmamışdır. Onlar kafedən çıxdıqdan sonra yol üçün siqaret, su və yemək almaq üçün mağaza axtararaq həmin mağazaya gedib çıxmışlar. Lazım olan şeyləri də aldıqdan sonra pulunu verib çıxmışdır. O, həmin vaxtı İlhamın necə və nə zaman oradan oğurluq etdiyini bilməmişdir. O, mağazadan qeyd etdiyi şeyləri aldıqdan sonra pulunu da verib İlhamla birlikdə mağazadan çıxmışdır. İlham da həmin vaxtı mağazadan siqaret və s. ərzaqlar almışdır. İlhamın siqaret bağlamaları oğurlamasını görməmişdir. Həmin vaxtı mağazadan çıxarkən də əlində siqaret bağlamaları olmamışdır. Onun bu barədə məlumatı İlhamın Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması və onun da polis şöbəsinə dəvət edildiyi zaman məlumatı olmuşdur. O, İlhamın əvvəllər bir dəfə də Şamaxı rayonunda oğurluq etdiyi üçün tutulduğunu eşitsə də, ilk dəfə idi ki, onunla birlikdə olduğu zaman oğurluq etdiyini bildirmişdir. İlhamın həmin mağazadan oğurluq edəcəyini düşünməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Hadisə yerinə baxış protokolundan və foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Göygöl rayonu Yeni Zod kəndində yerləşən mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Zərərçəkmiş şəxs təqdim etdiyi qaimə sənədindən müəyyən edilmişdir ki, oğurlanmış “ARGO” markalı siqaretlərin hər bir bağlamasının dəyəri dəyəri 22 manat olmaqla 35 ədəd bağlamanın ümumi dəyəri 770 manat göstərilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cm-nin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Bİnəqədi RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cm-nin 177.2.1ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2016-cı il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 06 ay 10 % islah işlərinə məhkum edilib, xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. -Yevlax şəhər 1 saylı İƏD-si üzrə nymayəndəliyinin xx.xx.2022-ci il tarixli 412 saylı arayışından, şəxsiyyət vəsiqələrindən və xasiyyətnamədən görünür ki, Dəvriş X3 şəhəri Cahangir Kərimov küçəsi ev 140 ünvanda yaşayır, himayəsində xx.xx.2009-cu il təvəlüdlü X7,xx.xx.2010-cu il təvəlüdlü X8, xx.xx.2011-ci il təvəlüdlü X9, xx.xx.2013-cü il təvəlüdlü X10, xx.xx.2015-ci il təvəlüdlü X12, xx.xx.2017-ci il təvəlüdlü X13 və xx.xx.2021-ci il təvəlüdlü X6 adlı yeddi uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini ondan heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanlmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində 7 (yeddi) azyaşlı uşağının olması olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanılması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqinda iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X2 üzərinə ünvan 6 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Yevlax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 177.2.3-cüi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 ibtidai istintaq dövründə 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun Təqsirləndirilən şəxs X2 üzərinə ünvan 6 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Yevlax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli X2 yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar