Məhkəmə qərarları › İş №1(066)-25/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-25/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-25/2023 21.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1972-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2005-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid adına rəsmiləşdirilmiş 051 408 46 05 mobil telefon nömrəsindən istifadə edərək 30 noyabr 2021-ci il tarixdə avtomobillərin satış elanı üçün yaradılmış “Turbo.az” internet saytına satış adı ilə yerləşdirdikləri dövlət qeydiyyat nömrəsi məlum olmayan “VAZ 2109” markalı avtomobili elan saytına baxıb almaq istəyən Zərərçəkmiş şəxs avtomobilin Balakən rayonunda olmasını və həmin avtomobili başqa şəxsə satmamaq üçün əvvəlcədən beh olaraq 2400(iki min dörd yüz) manat nəğd pulu X2 adına olan “**********143210” seriya nömrəi «Kapital Bank» kartının hesabına göndərməsi və bundan sonra avtomobili Gəncə şəhərinə gətirib alqı satqı edəcəyi barədə Zərərçəkmiş şəxs yalan vədlərlə inandırdıqdan sonra sonuncunun həmin tarixdə Göygöl rayonu Xəqani kəndində yerləşən mağazanın içərisində yerləşən “Milli Ön” ödəmə terminalından göndərdiyi 2100 (iki min yüz) manat və xx.xx.2022-ci il tarixdə həmin terminaldan göndərdiyi 300 (üç yüz) manat nəğd pulu vahid niyyətlə əhatə olunan davamlı qəsdlə əldə edərək ümumilikdə Zərərçəkmiş şəxs 2400 (iki min dörd yüz) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında Bakı şəhərində olarkən X5 ilə tanış olmuş və tanışlq müddətində ona plastik kart təşkil etməsini xahiş etmiş və ondan Kapital bank kartı almışdır. Şahid tanışıdır və 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığında adını xatırlamadığı çayxanaların birində çay içmişlər. Həmin vaxt söhbət əsnasında o, Saməddinə demişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur, əgər şəxsiyyət vəsiqəsi üzərindədirsə onun adına nömrə ala bilərmi deyə soruşaraq xahiş etmişdir. O da etiraz etməyərək onunla razılaşmışdır. O, Saməddin ilə birlikdə yaxınlıqda yerləşən mobil telefon nömrələri satılan mağazanın qarşısına getmişlər. Mağazanın qarşısında o, Saməddindən xahiş etmişdir ki, gözləsin nömrə alıb çıxır. O, mağazaya girib Saməddinə məxsus şəxsiyyət vəsiqəsi ilə 10 ədəd mobil nömrə almışdır. Mağazadan çıxanda Saməddin nə üçün bu qədər nömrə alıbsan deyə soruşmuş, o isə cavab olaraq, hazırda xatırlamadığı nörmrələdən birini göstərib, “narahat olma sənin şəxsiyyət vəsiqən ilə 1 ədəd mobil nömrə almışam” demişdir. Qalan nömrələri isə əvvəlcədən sifariş etdiyini, lakin indi götürdüyünü demişdir. Daha sonra isə Saməddinlə əlaqə saxlamamışdır. 2021-ci ilin noyabr ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda “Turbo.az” avtomobil elanları saytında VAZ-2109 markalı avtomobilin fotoşəklini çəkərək yerləşdirmiş və qiymətini 2.800 manat qeyd etmişdir. Əlaqə nömrəsi kimi Saməddinin adına aldığı ***-***-**-** saylı mobil nömrəni qoymuşdur. 29 noyabr 2021-ci il tarixdində ona tanımadığı nömrədən zəng gəlmiş və adının Eltun olduğunu deyib “Turbo.az” saytına yerləşdirdiyi avtomobildən xoşu gəldiyini bildirərək həmin avtomobili almaq istədiyini demişdir. O, Eltun adlı şəxsə adının Elvin olduğunu demişdir. O, ondan avtomobilin harada olmasını soruçmuş və ona avtomobilin Balakən rayonunda olmasını bildirmişdir. Avtomobili ona 2.600 manata satacağına razılaşmışlar. Növbəti gün o, həmin şəxsə zəng edib təcili pula ehtiyacı olduğunu, övladının xəstə olduğunu bildirmiş və X2 adına olan **********143210 nömrəli Kapital bank kartını ona göndərmişdir. Həmin gün əvvəlcə 1.100 (min yüz) manat, daha sonra isə 1.000 (min) manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Eltun adlı şəxsə zəng edərək əlavə yenə pul lazım olduğunu bildirmişdir. O, Elvin Məmmədovun adına olan karta 300 manat pul göndərmiş və 200 manatı isə maşını götürən zaman verəcəyini bildirmişdir. Danışıq zamanı ona bildirmişdir ki, həmin gün avtomobili gətirib Gəncə şəhərində verəcək və daha sonra telefonu söndürmüşdür. Tanımadığı şəxsə kartı verərək ona bankomatdan pul çıxarmasını xahiş etmişdir. Pulu çıxardıqdan sonra isə götürərərk öz ehtiyacları üçün xərcləmişdir. O, tanışı Elvindən bank kartını aldıqdan sonra, tanışı Saməddinin adına isə nömrə aldıqdan sonra onlarla əlaqəsi olmamış və əldə etdiyi pullardan onlara və başqa birisinə heç bir məbləğdə pul verməmişdir. Hal-hazırda özünü tam olaraq təqsirli bilir. Zərəri ödəməmişdir. Odur ki, barəsində yüncül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə “Turbo Az” avtomobil elanları saytına daxil olmuşdur. Həmin vaxt o, orada X5 adlı şəxsin VAZ 2109 markalı avtomobili satışa qoyduğunu və avtomobilin qiymətinin 2.800 manat yazıldığını görmüşdür. Həmin avtomobil onun xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş və öz istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonla Elvin Məmmədovun elanda yerləşdirdiyi ***-***-**-** nömrəli telefonuna zəng edib avtomobili almaq istədiyini demişdir. Telefonla danışan zaman Elvinlə o, avtomobilin qiymətini 2.600 manata razılaşmışlar. O, Elvindən avtomobilin harada olmasını soruşmuş, o da bildirmişdir ki, avtomobil Balakən rayonundadır. Həmin günün səhərisi, yəni xx.xx.2021-ci il tarixdə Elvin onun mobil telefonuna zəng edib demişdir ki, təcili pula ehtiyacı var, övladı xəstədir və razılaşdığı puldan ona bir qədər pul göndərməyini xahiş etmişdir. O da onunla razılaşmış və Elvin onun mobil telefonuna “**********143210” kodunu göndərib demişdir ki, həmin kod onun adına olan “Kapital Bank” plastik kart kodudur və pulu həmin karta göndərsin. Bundan sonra o, həmin gün 1.100 və 1.000 manat, xx.xx.2021-ci il tarixdə isə 300 manat, yəni cəmi 2.400 manat pulu X2 ona göndərdiyi kodla Balçılı kəndindin ərazisində yerləşən yanacaq doldurma məntəqəsənin yanında olan ərzaq mağazasındakı “Milli Ön” ödəmə terminalı vasitəsilə ona göndərmişdir. Daha sonra Elvinlə mobil telefonla əlaqə saxlamış və o, demişdir ki, həmin gün, yəni 01 dekabr 2021-ci il tarixdə avtomobili Gəncə şəhərinə gətirib ona təhfil verəcək və qalan 200 manat pulu da avtomobili gətirəndə ondan alacaq. Bir neçə saatdan sonra o, mobil telefonla Elvinin mobil telefonuna zəng etmişdir ki, onun harada olmasını soruçsun, lakin onun nömrəsinə zəng çatmamışdır. Daha sonra o, Elvinə nə qədər zəng etsə də onunla heç bir formada əlaqə saxlaya bilməmiş və başa düşmüşdür ki, Elvin onu aldatmışdır. Ona görə də mobil telefonla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barəsində məumat vermişdir. Həmin vaxtdan bu günə qədər olan müddət ərzində də o, Elvinin mobil telefonuna hər gün zəng edir, lakin onu telefonu sönülü olur. Dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyun ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda tanıdığı Rafiq adlı şəxslə Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığında çayxanaların birində oturub çay içmişlər. Həmin vaxt söhbət əsnasında Rafiq ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzrində yoxdur, əgər şəxsiyyət vəsiqəsi üzərimdədisə onun adına nömrə ala bilərmi deyib xahiş etmişdir. O da öz növbəsində Rafiqə etiraz etməyərək şəxsiyyət vəsiqəsini ona vermiş və stoldan durub onunla birlikdə yaxınlıqda yerləşən mobil telefon nömrələri satılan mağazanın qarşısına getmişlər. Mağazanın qarşısında Rafiq ondan xahiş etmişdir ki, onu mağazanın qarşısında gözləsin və o, nömrəni alıb çıxsın. O da Rafiqə etiraz etməyib mağazanın qarşısında onu gözləmişdir. Rafiq onun şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin mağazaya girmiş və təxminən 10 dəqiqədən sonra mağazadan çölə çıxmışdır. Həmin vaxt o, Rafiqin əlində təxminən 10 ədəd nömrə olduğunu görmüşdür. Bununla bağlı Rafiqdən onun şəxsiyyət vəsiqəsi ilə nə üçün bu qədər nömrə aldığını soruşmuşdur. Rafiq isə ona demişdir ki, narahat olmasın, onun şəxsiyyət vəsiqəsi əsasında yalnız 051 403 84 93 nömrəsini aldığını, qalan nömrələri isə əvvəlcədən sifariş verdiyini və indi götürdüynü demişdir. Həmin gündən sonra 3 gün ərzində isə o, Rafiqlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Rafiqin onun adına aldığı 051 403 84 93 nömrəsinə də zəng etmiş və görmüşdür ki, həmin nömrəyə zəng çatmır. Həmin vaxtdan sonra o, Rafiqlə heç cür əlaqə saxlaya bilməmişdir. Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid Təqsirləndirilən şəxs üzünə demişdir ki, 2021-ci ilin iyun ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığında adını xatırlamadığı çayxanaların birində çay içmişlər. Həmin vaxt söhbət əsnasında Rafiq ona demişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur, əgər şəxsiyyət vəsiqəsi üzərindədirsə onun adına nömrə ala bilərmi deyə soruşaraq xahiş etmişdir. O da etiraz etməyərək razılaşmışdır. O, Rafiq ilə birlikdə yaxınlıqda yerləşən mobil telefon nömrələri satılan mağazanın qarşısına getmişlər. Mağazanın qarşısında Rafiq ondan xahiş etmişdir ki, gözləsin nömrə alıb çıxır. Rafiq mağazaya girib mobil nömrələr almışdır. Mağazadan çıxanda Rafiqə nə üçün bu qədər nömrə alıb deyə soruşmuşdur. O, ona cavab olaraq, hazırda mobil nörmrələdən birini göstərib, narahat olmamasını, onun şəxsiyyət vəsiqəsi ilə 1 ədəd mobil nömrə aldığını demişdir. Qalan nömrələri isə əvvəlcədən sifariş verdiyini, lakin indi götürdüyünü demişdir. Daha sonra isə o, Rafiq onun adına aldığı mobil nömrəyə zəng etsə də zəng çatmamışdır. Cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs “Milliön” ödəmə terminalı vasitəsilə X3 adına olan bankomat kartına 1.000 manat, 1.100 manat və 300 manat pulu göndərməsinə dair qəbzlərin surətini təqdim etmiş, həmin qəbzlərin surəti cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2005ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid adına rəsmiləşdirilmiş 051 408 46 05 mobil telefon nömrəsindən istifadə edərək 30 noyabr 2021-ci il tarixdə avtomobillərin satış elanı üçün yaradılmış “Turbo.az” internet saytına satış adı ilə yerləşdirdikləri dövlət qeydiyyat nömrəsi məlum olmayan “VAZ 2109” markalı avtomobili elan saytına baxıb almaq istəyən Zərərçəkmiş şəxs avtomobilin Balakən rayonunda olmasını və həmin avtomobili başqa şəxsə satmamaq üçün əvvəlcədən beh olaraq 2400(iki min dörd yüz) manat nəğd pulu X2 adına olan “**********143210” seriya nömrəi «Kapital Bank» kartının hesabına göndərməsi və bundan sonra avtomobili Gəncə şəhərinə gətirib alqı satqı edəcəyi barədə Zərərçəkmiş şəxs yalan vədlərlə inandırdıqdan sonra sonuncunun həmin tarixdə Göygöl rayonu Xəqani kəndində yerləşən mağazanın içərisində yerləşən “Milli Ön” ödəmə terminalından göndərdiyi 2100 (iki min yüz) manat və xx.xx.2022-ci il tarixdə həmin terminaldan göndərdiyi 300 (üç yüz) manat nəğd pulu vahid niyyətlə əhatə olunan davamlı qəsdlə əldə edərək ümumilikdə Zərərçəkmiş şəxs 2400 (iki min dörd yüz) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğluna təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs оğluna azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2005ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl ağır cinayət olduğundan və CMnin 83-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs başqa bir cinayət işi ilə əlaqədar hal-hazırda həbsdədir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 21 fevral 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar