Məhkəmə qərarları › İş №1(066)-29/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-29/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-29/2023 28.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Kəlbəcər şəhəri, Nizami Gəncəvi prospekti ev 153-də daimi qeydiyyatda olmaqla Göygöl rayonu Aşıqlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Belə ki, o, 26 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Göygöl rayonu Topalhəsənli kəndinin girişində yerləşən Göygöl X10 mərkəzinin dəhlizində tanışı Zərərçəkmiş şəxs onun ünvanına təhqir edici ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı o, əl zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vuraraq sonuncunun sifətin sağ yarısının yumşaq toxumalarının əzilməsi, hematoması, alt dodağın selikli qişasının qansızması, hematoması ilə müşayiət edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı X11 ilə birlikdə şərikli olaraq heyvan saxlayır. X3 isə onların heyvanlarına baxır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Yunis Göygöl rayon X10 idarəsində meşə gözətçisi işləyir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, çoban Bəxtiyarın məsuliyyətsizliyi ucabatında qoyunlar meşə ərazisinə daxil olub və Yunis də bunun öz telefonu ilə şəkillərini çəkmişdir. Bundan sonra Yunisə zəng edərək münasibətləri olmasını, bu hərəkətin onun üçün ayıb olmasını demişdir. Lakin Yunis onu təhqir etmişdir. Ələsgər ilə Yunisin evinə də getmiş, lakin Yunis evdə olmamış, sonradan onların zənglərinə də cavab verməmişdir. Sonradan isə telefon danışığı zamanı ona guya Ələsgərin qızı ilə münasibəti olması barədə şər böhtan xarakterli söz demişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Yunisin heyvanlarının Göygöl rayon X10 idarəsinin balansında olan meşə ərazisinə daxil olması barədə məlumatı rəsmi olaraq idarəyə verməsini öyrənib Ələsgərlə oraya getmişlər. İdarəyə daxil olub ikinci mərtəbəyə qalxdıqda Yunislə qarşılaşmışlar. Yunis onları gördükdə təhqir etmiş, Yunisin üzərinə gedərək onun sifətinə və başına bir neçə dəfə yumruq zərbəsi ilə vurmuşdur. Yunis zərbələrin təsirindən yerə yıxılmışdır.Daha sonra Ələsgər qolundan tutub onu idarədən çıxarmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X11 və Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, qabaqcadan aralarında heç bir qərəzli münasibət və düşmənçilik olmamışdır. Ələsgər və Zamin şərikli olaraq maldarlıqla məşğul olur, X1 ilə Zaminin heyvanlarına baxır. xx.xx.2022-ci il tarixdə Bəxtiyarın heyvanları gözətçiliyi ona həvalə edilmiş 4 saylı meşə dolayısına ötürməsini görmüş, Bəxtiyar özü isə orada olmamışdır. Qeyd etmişdir ki, əvvəllər də bu hal baş vermişdir. O, heyvanları ərazidən çıxarıb Bəxtiyara zəng edərək heyvanların meşə ərazisində olduğu vaxt şəkillərini çəkdiyini deyərək, bu barədə işlədiyi idarəyə rəsmi məlumat verəcəyi barədə xəbərdar etmişdir. Təxminən bir-iki saat sonra Zamin ona “Vhatsaap” sürətli mesajlaşma sistemi ilə “əlindən nə gəlir et, neyniriksə yaxşı edirik” məzmunundə səsli mesaj göndərmişdir. Daha sonra isə Zamin ona zəng edib söyüşlü formada harada olduğunu soruşaraq onu hədələmişdir. Həmin gün saat 20 radələrində Ələsgər Ağayev ona zəng edərək yanına gəldiklərini demiş, daha sonra onlar evinə gedərək onu soruşmuşlar. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində tərtib etdiyi rəsmi məlumatı işlədiyi idarə rəhbərliyinə vermişdir. X16 təsərrüfat mərkəzində ikinci mərtəbədə olan zaman Zamin və Ələsgər ilə qarşılaşmışdır. Zamin onun barəsində rəsmi olaraq işlədiyi idarəyə məlumat verdiyinə görə narazılıq etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zamin üzərinə gələrək əl zərbələri ilə sifətinə dəfələrlə vurmuş, döyülməyi təsirindən yerə yıxılmışdır. Daha sonra isə Zamin və Ələsgər çıxıb getmişlər. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eyni zamanda Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid X5, X3 və X7 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Yunis ona zəng edərək Bəxtiyar adlı şəxsin xırdabuynuzlu heyvanları meşə ərazisində otarması barədə xəbər verdikdə ona bu barədə rəsmi olaraq idarə rəhbərliyinə məlumat verməsini demişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində X16 təsərrüftatı idarəsində gözləmə otağında olan vaxt səs-küy eşitmiş və kolidora çıxdıqda Yunisin yerdə oturmasını, əvvələcədən tanıdığı Ələsgər və Zamin adlı şəxslərin pilləkəndən düşmələrini görmüşdür. Yunisin döyülməsini başa düşmüş və onun yanına getdikdə sifətində xəsarətlər olmasını görmüşdür. Yunisdən nə olmasını soruşduqda ona Zaminin onu döyməsini, səbəbin isə onun guya Zaminlə Ələsgərin arasında münasibət olmasını deməsi olmasını bildirmişdir. Yunisə kömək etmiş və onu yerdən qaldırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində Zamin və Ələsgərə məxsus xırdabuynuzlu heyvan sürüsünü çoban olaraq saxlayaraq dolanır. 23 sentyabr 2022-ci il tarixdə heyvanlar meşə ərazisinə daxil olmuş və həmin ərazi üzrə meşə gözətçisi Yunis heyvanların şəklini çəkərək X10 mərkəzinə məlumat verəcəyini demişdir. Bir neçə gün sonra da Yunis Meşə idarəsinə bu barədə rəsmi məlumat vermişdir. O, da bu barədə zəng edərək Zaminə məlumat vermişdir. Sonradan eşitmişdir ki, xx.xx.2022-ci il tarixdə Zaminlə Yunis arasında bu səbəbdən dava-dalaş baş vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X11 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində heyvandarlıqla məşğul olur. Tanışı Təqsirləndirilən şəxs ilə birlikdə şərikli olaraq heyvan saxlayır. X3 isə onların heyvanlarına baxır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Yunis Göygöl rayon X10 idarəsində meşə gözətçisi işləyir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, çoban Bəxtiyarın məsuliyyətsizliyi ucabatında qoyunlar meşə ərazisinə daxil olmuş və Yunis də bunun öz telefonu ilə şəkillərini çəkmişdir. Bundan sonra o, da Zamin də Yunisə zəng edərək münasibətləri olmasını, bu hərəkətin onun üçün ayıb olmasını demişlər. Lakin Yunis onları təhqir etmişdir. Yunisin evinə də getmişlər, lakin Yunis evdə yox olmamışdır, sonradan onların zənglərinə də cavab verməmişdir. Sonradan isə eşitmişdir ki, Yunis guya Zaminin onun qızı ilə münasibəti olması barədə şər böhtan xarakterli söz danışır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Yunisin heyvanlarının Göygöl rayon X10 idarəsinin balansında olan meşə ərazisinə daxil olması barədə məlumatı rəsmi olaraq idarəyə verməsini öyrənib Zaminlə oraya getmişlər. İdarəyə daxil olub ikinci mərtəbəyə qalxdıqda Yunislə qarşılaşmışlar. Yunisə onun qızı ilə Zaminin münasibəti olması barədə yalan məlumatı hansı səbəbə görə yaymasını soruşduqda Yunis onları təhqir etmişdir. Yunislə arasında mübahisə yaranmış və Zamin Yunisin üzərinə gedərək onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Yunis zərbələrin təsirindən yerə yıxılmışdır.Daha sonra onlar oradan getmişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 263 saylı rəyindən məlum olur ki, X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ almacıq sümüyünün burun çıxıntısının yerdəyişmiş sınığı, tənəffüs pozğunluğu və burun deformasiyası ilə izlənilən burun sümüyünün və burun çəpərinin sınığı,- bərk küt əşyaların (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsbiri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl tərtib edilərək həmin protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-cı ildə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Bakı şəhər Xəzər RPİ-də cinayət məzuliyyətinə cəlb edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinə xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Göygöl rayonu Topalhəsənli kəndinin girişində yerləşən Göygöl X10 mərkəzinin dəhlizində tanışı Zərərçəkmiş şəxs onun ünvanına təhqir edici ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı o, əl zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vuraraq sonuncunun sifətin sağ yarısının yumşaq toxumalarının əzilməsi, hematoması, alt dodağın selikli qişasının qansızması, hematoması ilə müşayiət edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakıdağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslarolduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görəməsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar