Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-34/2025 07.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Göygöl rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 01 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Gəncə şəhərindən Göygöl rayonu Qızılca kəndinə sərnişin daşıyan 37 nömrəli marşrut üzrə hərəkətdə olan mikroavtobusda əvvəllər müəllimə işlədiyi Göygöl rayon Qızılca kənd tam orta məktəbində onunla birlikdə müəllimə işləmiş Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda birlikdə müəllimə işlədikləri Göygöl rayon Qızılca kənd tam orta məktəbindən işdən çıxarılmasına Zərərçəkmiş şəxs səbəb olmasını bildirərək, onunla mübahisə etməyə başlamış, bunun üçün heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı orada olan mikroavtobus sürücüsü Şahid və şəxsiyyətlərini istintaqla müəyyən etmək mümkün olmayan digər sərnişinlərin yanında sonuncunu nalayiq ifadələr işlətməklə söyüb, təhqir edərək saçından tutub yolmuş, dırnağı ilə sifəti cırmış və əli ilə başına bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs başın təpə nahiyyəsininn hematoması, boyun, alın və alt çənə nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildən bir yerdə işləmişlər, əvvəllər onların münasibətləri çox yaxşı olmuşdur. Sonralar isə onlar arasında qərəzlik olmuşdur. Belə ki, aralarında narazılıq olmuş, o narazılığı hazırda açıqlamaq istəmir. Əvvəllər Səbinə o, dediyi sözü pis anlamışdır. Belə ki, o Səbinəyə eşitdiyi bir sözü dostcasına deyən zaman Səbinə onu yanlış anlamışdır. Bundan sonra isə o, işdən çıxmışdır. 01 noyabr 2024-cü il tarixdə saat 11 radələrində 37 nömrəli mikroavtobusa məhlələrində olan bağ yerində işləyən fəhlələrə yemək aparmaq üçün minmişdir. Zərərçəkmiş şəxs mikroavtobusda olmuş, o da həmin mikroavtobusa minmişdir. Mikroavtobusa mindikdə Zərərçəkmiş şəxs orada olmasını görmüşdür. Mikroavtobusda o, sürücünün arxasında əyləşmişdir. O, əvvəl salam vermiş, daha sonra mikroaavtobusda o heç arxaya çönmədən, qısaca sözünü demişdir. Onun zərərçəkmiş şəxslə əlbəyaxaya çıxmaq firki olamamış, fikirlərini sözlə ifadə etmək istəmişdir. Zərərçəkmiş şəxs mikroavtobusda onun arxasında oturmuşdur. Həmin vaxt o, Səbinəyə onun niyə uşağının çörəyinə bais olmasını, niyə görə o işdən çıxarılarkən məhkəmədə elə danışmasını, sözü var idisə öz aralarında həll edə biləcəklərini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona elə lazım olmasını bildirmiş, Səbinəyə cavabında zərəri olmamasını o da onun çörəyinə bais olacağını bildirmişdir. Səbinə cavabında ona “nağaracaqsan ləçər” demiş, o isə Səbinəyə “ləçər özünsən” demişdir. Bundan sonra Səbinə ona “c...dır” demiş, o isə ona qayıdıb kobud cavab vermişdir. Həmin vaxt Səbinə ona arxadan əl atmış və xəsarət yetirmişdir. Hazırda boynunun arxasında və üzündə dırnaq ləkələri var. Səbinə onu arxadan bərk tutmuş, əvvəl özünü müdafiə edə bilməmiş çünki Səbinə onun arxasında oturmuşdur. Daha sonra ayağa qalxmış, özünü müdafiə edərək Səbinənin saçından tutmuşdur. Əvvəl mübahisəyə Səbinə başlamış, onun dalaşmaq fikri olmamış, sadəcə fikrini sözlə demək istəmişdir. Bundan sonra mikroavtobusun sürücüsü avtomobili saxlamış və Səbinəni düşürmüş, o isə gedib öz məhlələrində düşüb fəhlələrin yeməyini verdikdən sonra, gəlib polis şöbəsində izahatını vermişdir. Əlavə olaraq bildirdi ki, Mindikləri mikroavtobus oturacaqları hündür olan Ağ mersedes sprinter olmuşdur. Onun yanında adam oturmamış, mikroavtobusda təxminən cəmi iki qadın və bir kişi olmuşdur. Mikroavtobusdakı kişinin ürəyi tutmuş və o, dərman içmiş, davaya müdaxilə edə bilməmişdir. Onlar bir-birlərini yıxıb sürüməmişlər, sadəcə aralarında saçyolma olmuşdur. Həmin vaxt mikroavtobusda olan digər iki nəfər xanım heç yerlərindən tərpənməmişlər və davaya müdaxilə etməmişlər. Sürücü davadan sonra saxlayıb, Səbinəni düşürmüşdür. Belə ki, Səbinə öz istəyi ilə düşmək istəmişdir. Lakin o, öz evinə getmiş, orada düşmüşdür. Dava zamanı onlar arasında ancaq saçyolma olmuş, bir-birlərini vurmamışlar. Zərərçəkmiş şəxs onun çörəyinə bais olmuş, direktorla onun dərs bölgüsünə görə mübahisəsi olmuş, Səbinə xanım məhkəməyə çıxıb onun xeyrinə olmayan ifadələr vermiş, nəticədə o, işindən olmuşdur. Səbinə xanım məktəbdə psixoloq, o isə məllimə olmuşdur. Davadan keçdikdən sorna ekspertizadan keçmişlər, rəydə onda olan xəsarətlərin necə qeyd olunduğundan məlumatı yoxdur. Səbinə xanım onun işdən çıxmaqla bağlı olan aktını imzalamış, məhkəmə iclası zamanı gəlib aktı müdafiə etmiş və məhkəmədə onun əleyhinə ifadə vermiş, buna görə münasibətləri korlanmışdır. Mikroavtobusda oturacaq yerləri iki nəfərlik olsa da o, tək oturmuşdur. İlk olaraq mikroavtobusa mindikdə Səbinə xanımı görməmiş, sonra aynadan görmüş və salam vermişdir. Birinci Səbinə ona əl atmışdır. Sürücü onların davasına görə avtobusu saxlamışdır. Davadan sonra ekspertizadan keçmişdir. Səbinə xanımı görəndə onda onunla nifrətlə dalaşmaq hissi yaranmamışdır. Onun söz deməkdən başqa niyyəti olmamış, döymək fikri olmamışdır. Mikroavtobusda onlardan əlavə iki qadın və bir kişi olmuşdir. O, Səbinəyə salam verəndə Səbinə onun salamını almamışdır. Səbinə ona ləçər, daha sonra cındır demiş, bundan sonra o da Səbinəyə demişdir. Onun Səbinəyə dediyi söz “ölüb itirdin mi məhkəmə çıxıb əleyhimə ifadə verdin, mən o hərəkəti eləməzdim” olmuşdur. O həmin sözləri çox ucadan deməmiş, yavaş tonda demişdir. Səbinə onun saçından tutanda sonra ayağa qalxmış və o da Səbinənin saçından tutmuşdur. Həmçinin Səbinə ayağını qaldırıb onun budunun üstünə qoymuşdur. Səbinə işə ilk gəldiyi gündən o, ona yaxşı münasibət göstərmiş, onu qarşılamışdır. Noyabr ayında məhkəmə işi yekunlaşmış, qətnaməni təzəlikcə almış, sadəcə ürəyində qalan sözü Səbinəyə demək fikrində olmuşdur. Onları mikroavtobus sürücüsü ayırmış, sonra Səbinə düşmüşdür. Məhkəmədə olan işindən sonra Səbinə ilə heç bir yerdə görüşməmişlər. Hadisə vaxtı Səbinə iki oturacağın arasından onun saçından tutmuşdur. Müdafiəçisinin çıxışı ilə razı olmasını və məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə, həftənin 5-ci günü onu Gəncə şəhərində 37 nömrəli məktəbə iclasa çağırmışlar, həmin günü saat 11-ə qalmış 37 nömrəli marşruta minmişdir. Mikroavtobusa minəndə avtobusda bir kişi və iki qadın olmuş, onlar bir ailə olmuşlar və kəndə qonaq gəlmişdirlər. O həmin şəxsləri tanımamışdır. Belə ki, o həmin yerdə 17 ildir ki çalışır və orada olan adamaları tanıyır. Mikroavtobusda olan adamlar buranın adamı olmamışlar. Həmçinin avtobus sürücüsü ilə də bir-birlərini tanıyırlar. O, oturduğu yerin qarşısı boş olmuşdur. Təqsirləndirilən şəxs uzaqdan avtobusa əl etdi, avtobus dayandı, bundan sonra Tacirə marşruta minmiş, sərnişin olan həmin ailə ilə salamlaşmış, biraz söhbətləşmişdir. Təqsirləndirilən şəxs onun qarşısındakı oturacaqda oturmuş, daha sonra ona dönərək, sən də burdasan ay filankəs deyərək ağır ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs ona “f...şə” demiş, hətda onu daha ağır formada demiş, hansı ki onu dilinə gətirmək istəmir. O, isə Tacirəyə ağzının danışığını bil, burda camaat var demiş, bundan sonra Tacirə onunla mübahisə etməyə başlamış, sonra isə əlinə vurmuş, onun telefonunu yerə salmış ki, o səs yazır?. Tacirə daha sonra gəlib onun yanında oturmuş, onu pəncərə tərəfə sıxışdıraraq, bir əli ilə onu müqavimət göstərməməsi üçün saxlamış, bir əli ilə də saçınnan tutmuş və onu boğmuşdur. Sürücü Tacirənin onu boğmasını görüb, mikroavtobusu saxlamış, fırlanıb arxa qapıdan avtomobilə daxil olmuş, Tacirəyə onu buraxması üçün yalvarmağa başlamışdır. Həmin vaxt onun üzündən xəbəri olmamış, ama üzündə nəsə qızışma olmasını hiss etmişdir. Heç demə onun üzünü Tacirə həmin vaxt cırıbmış və üzündən qan axmışdır. Sürücü onu görəndə qorxmuş, eləcə ona marşrutdan düşməsini demiş, bu zaman arxadakı xanımlar da ayağa qalxmış, həmin xanımlar rus dilli olmuşdur, onlar saçını Tacirənin əlindən ala bilməmişlər. Birtəhər sürücü onu Tacirənin əlindən almışdır. Bu zaman yenə Tacirə onu hədələmişdir. Tacirə “onsuz mən demişəm bunların hamsını pis günə qoyacam” demiş, sürücü isə ona düşməsini demişdir. O, sürücüyə bəs niyə onun düşməsini dedikdə sürücü ona təkrarlayaraq sən düş demiş və əli ilə ona qapını göstərmişdir ki, düşsün. Həmin vaxt o avtomobildən düşəndə Tacirənin fikri olmuşdur ki, o düşəndə onu qapıdan itələsin. Düşəndə halı qalmamış, aşağıdan başqa marşurut gəlmiş, marşuruta əl edib saxlatmış, həmin marşurutun sürücüsü də onu görəndə qorxmuş və ona salfet vermişdir. Həmin vaxt o, telefonun güzgüsündən baxıb görmüşdür ki, üzü-gözü pis gündədir. Üzü pis halda olduğundan məktəbə getməyə heyi qalmamış, yolun qırağında müəllim yoldaşı yaşadığından onlara getmişdir. Oradan şəhər məktəbində onu gözləyən əməkdaşlara zəng etmiş və onlara iclasda iştirak edə bilməyəcəyini xəbər etmiş, daha sonra məktəbə zəng vurmuş və ona köməyə gəlmişlər. Onu avtomobillə məktəbə aparmışlar. Məktəbə çatar-çatmaz o, DİN-nin 102 xidmətinə zəng vurmuş, olduğu yerə təcili tibbi yardım da gəlmiş, onu Göygöl Rayon xəstəxanasına aparmışlar, orada həkim belə onda olan xəsarətləri görüb, bunu insanın etməsinə təcüblənmişdir. Əlavə olaraq bildirdi ki, oturacaqların hündür olduğunu deməkdə məqsədi odur ki, Tacirə deyir o Tacirəni arxadan tutmuş, onu döymüşdür. O, heç orda özünü tarazlaya bilməmişdir. Belə ki, onun imkanı olsa idi orda özünü müdafiə üçün nəsə edərdi. Tacirə qarşısındakı oturacaqda sağ tərəfdə oturmuş, onu vurmaq üçün oradan durub gəlib yanında oturmuş, onu pəncərə tərəfə sıxışdırmışdır. Həmin vaxt Tacirənin əlində ya üzük yada da hansısa bərk cisim olmuşdur. Tacirə onun tək saçını yolmamış, həmdə onu vurmuşdur. Tacirənin əlindəki cisim telefon qədər böyük olmamışdır. Həmin vaxt onun xeyli saçı dava olan yerə tökülmüşdür. Tacirə onun əlini elə tutmuşdur ki, o müqavimət göstərə bilməmişdir. Köməksiz vəziyyətdə qalmış və Tacirə onu boğmuşdur. Tacirə avtobus sürücüsünə “çəkil qabağımdan, səni də pis günə qoyacam, qabağıma keçmə” demişdir. Sürücü Tacirənin onun yanında oturduğunu görmüşdür. Mübahisə başlayanda o, tacirənin saçınnan tutmamışdır. Tacirə ona söydüyü halda belə o, Tacirəyə cavab qaytarmamış, ona sadəcə ağzının danışığını bilməsini demişdir. O, Tacirənin işə gəlməməsi ilə bağlı akta qol çəkmişdir. Məhkəmədə aktı təsdiq eləməmiş, sadəcə ifadə vermişdir. Tacirədə olan xəsarətləri ola bilsin ki, özü qəsdən edib. O, Tacirəyə xəsarət yetirməmiş, ona cavab qaytarmamağına baxmayaraq, Tacirə qərəzli şəkildə onu vurmuşdur. O, mikroavtobusda sürücünün arxasında 2-ci sırada pəncərə tərəfdə əyləşmiş, Tacirə isə sürücünün arxasındakı oturacaqlardan sağ tərəfdə əyləşmişdir. Onlardan başqa marşrutda iki qadın və bir kişi olmuşdur. Tacirə həmin adamları tanımış və onlarla hal-əhval tutmuşdur. Mikroavtobusda olan qadınlar rus dilli olmuşlar. Tacirə marşurutda olan kişi ilə danışmış, onlar yas yerinə görə gəldiklərini demişlər. O, Tacirəyə müqavimət göstərmək isdəmiş, lakin heçnə edə bilməmişdir. Avtobusda olan şəxslər çalışmışlar ki, onu Tacirənin əlindən alsınlar, ama ala bilməmişlər. Tacirə onun telefonunu vurub yerə salmış, ama telefonu sınmamışdır. Münaqişə 10 dəqiqəyə qədər davam etmişdir. Tacirə ona qeyri etik ifadələr işlətmiş, lakin o, Tacirəyə qarşı işlətməmişdir. Tacirə əvvəl yanında oturaraq onu boğmuş, sonra ayağa qalxıb üstünə çıxmaq isdəmişdir. Hadisə Qızılca kəndi ərazisində, Qızılca stansiyasına çatmamış yerdə baş vermiş və yaşayış yeri olmamışdır. Dövlət ittihamçısının çıxışı ilə razı olmasını, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, marşrutla gələndə kəndin ortasında Səbinə müəllimə marşuruta minmiş, kəndin ayağında isə Tacirə xanım marşuruta minmişdir. Marşurutda Tacirə ön oturacaqda oturmuş, Səbinə isə onun arxa oturacağında oturmuşdur. Yolda olarkən onların mübahisə etməsini görmüşdür. Lakin onların söz-söhbətlərinə əhəmiyyət verməmişdir. O arxadan səs gəlməsini görüb, çönüb güzgüdə baxdıqda Səbinə müəllimənin arxadan Tacirənin saçından tutmasını görmüş, Tacirə də durub Səbinənin saçından tutmuşdur. Bundan sonra o, avtomobili kənara çəkib, saxlamış və Səbinə müəlliməni avtobusdan düşürmüşdür ki, digər marşuruta minib, geri kəndə qayıtsın. Bir neçə kilometr getdikdən sonra isə saxlayıb Tacirəni düşürmüşdür. Sonra da işinə davam etmişdir. Əlavə olaraq bildirdi ki, onların mübahisəsinin nədən ibarət olduğunu bilməmişdir. Belə ki, o radioya qulaq asmışdır. Belə hallar tez-tez olur, bu səbədən o əhəmiyyət vermir. Səbinə müəllimə ayaq üstdə arxadan Tacirənin saçından tutmuşdur. Tacirə də qalxıb, arxaya fırlanaraq onun saçından tutmuşdur. O, avtobusu saxlayanda onlar bir-birlərinin saçından yapışmışlar. O, düşüb onların yanına gələndə onlar yenə saç-saça vəziyyətdə, olduqları yerdə qalmışdılar. Səbinə xanımda xəsarət olaraq üzündə bir az qan görmüş, Tacirə xanımda da xəsarət olmuş, hər ikisində çox güman ki dırnaq izləri olmuşdur. Onların birbirilərinə hansı ifadələr işlətdiklərini eşitməmişdir. O, onları aralamağa gələndə də onlar qarşılıqlı şəkildə bir-birinə söymüşlər. O, onlara bir dəfə baxmışdır ki, onlar deyişirlər, söz davasına əhəmiyyət verməmiş, bu tez-tez rastlaşdığı hadisədir. Daha sonra onlar dalaşanda müdaxilə etmişdir. Səbinə xanım əvvəl oturmuş, daha sonra Tacirənin saçından tutaraq ayağa qalxmış, o, sükandan düşüb salona gələndə onlar ayaqüstə vəziyyətdə, ancaq olduqları oturacaqların başında olmuşlar. O, onların ikisinin arasına girib hərəsini bir tərəfə dartıb aralamışdır. Ondan başqa heç kəs məsələyə müdaxilə etməmişdir. Avtobusda onlardan başqa iki qadın, bir kişi olmuşdur. Onun yanında bir nəfər kişi oturmuşdur. Lap arxa oturacaqlarda iki nəfər qadın oturmuşdur. Mübahisənin nədən yarandığını, bir-birlərinə əvvəlcədən nə dediklərini bilmir. Onların ikisidə bir birindən yapışmış və aralanmaq isdəməmişlər. O, Səbinə müəlliməyə əvvəl onun düşməsini demiş, həmin vaxt digər avtobus gəlmiş, həmin avtobus sürücüsünə gəl Səbinə xanımı sən apar demişdir. Avtobusda olan digər sərnişinlər şəhər adamı olmuşlar. Kənd adamı olsaydılar onları ayırardılar. Birinci Səbinə xanım avtobusa minmişdi. Səbinə xanımı müəllimə kimi tanıyır. Tacirə xanımı isə bir kəndçi kimi tanıyır, onun da müəllimə olduğunu bilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2403 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işi istintaq aidiyyəti üzrə Göygöl rayon X5 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə hadisə yerinə, yəni münaqişənin baş verdiyi 37 saylı marşrut üzrə hərəkət edən mikroavtobusa baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkili çəkilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 641 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın təpə nahiyyəsininn hematoması, boyun, alın və alt çənə nahiyyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, 01 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Gəncə şəhərindən Göygöl rayonu Qızılca kəndinə sərnişin daşıyan 37 nömrəli marşrut üzrə hərəkətdə olan mikroavtobusda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı mikroavtobusda olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində 37 saylı mikroavtobusda Qızılca kəndindən Gəncə şəhərinə gedirmiş. Göygöl rayonu, Qızılca kəndi ərazisində hərəkətdə olan zaman Tacirə də mikroavtobusa minmiş və bir qədər Arzu ilə hal-əhval tutduqdan sonra heç bir əsas və səbəb olmadan onu nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O, Tacirəyə cəmiyyət içərisində olduğunu, ağzının danışığını bilməyini demişdir. Tacirə isə buna baxmayaraq dayanmadan yenidən ounun ünvanına nalayiq ifadələr işlətmişdir. Ardınca isə onun üzərinə hücüm çəkərək əlləri ilə saçını yolmuş, dırnaqların ilə sifətini cırmış, əli ilə başına bir neçə dəfə vurmuşdur. Daha sonra əlləri ilə boğazından tutaraq onu boğmuşdur. Tacirə onu vuran zaman mikroavtobusda olan tamımadığı bir nəfər qadın onu Tacirənin əlindən almağa çalışmışdır. Həmin vaxt mikroavtobusun sürücüsü Arzu adlı şəxs mikroavtobusu saxlayaraq onların yanına gəlmişdir. Arzuda Tacirənin onu buraxmağı üçün sakitləşdirməyə çalışmışdır. Daha sonra Arzu onu mikrovatobudan düşürmüşdür. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə Şahid ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Şahid üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində 37 saylı marşrutda Qızılca kəndindən Gəncə şəhərinə gedirmiş. Göygöl rayonu, Qızılca kəndi ərazisində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs marşruta minmiş və Tacirə bir qədər onunla hal-əhval tutduqdan sonra heç bir əsas və səbəb olmadan onu nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O, Tacirəyə cəmiyyət içərisində olduqlarını, ağzının danışığını bilməsini demişdir. Tacirə buna baxmayaraq dayanmadan yenidən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ardınca isə onun üzərinə hücüm çəkərək əlləri ilə saçını yolmuş, dırnaqları ilə sifətini cırmış, əli ilə başına bir neçə dəfə vurmuşdur. Daha sonra əlləri ilə boğazından tutaraq boğmuşdur. Tacirə onu vuran zaman marşrutda olan tanımadığı bir nəfər qadın onu Tacirənin əlindən almağa çalışmışdır. Həmin vaxt Arzu mikroavtobusu saxlayaraq onların yanına gəlmişdir. Arzu Tacirənin onu buraxması üçün Tacirəni sakitləşdirməyə çalışmışdır. Daha sonra onu mikroavtobusdan düşürmüşdür. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına görə Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilməsi və Zərərçəkmiş şəxs əməlində İXM-nin 157ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati təsir tədbiri görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin İTB-yə göndərilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilərək dindirilərkən, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs ona söyüb saçını yolduğuna görə özünü müdafiə edərkən Zərərçəkmiş şəxs xəsarət aldığını bildirmiş, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin istintaqının qurtarması elan edilərkən müdafiəçisi Müdafiəçi ilə birlikdə vəsatət verərək, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs ona söyüb saçını yolduğuna görə özünü müdafiə edərkən Zərərçəkmiş şəxs xəsarət aldığını bildirmiş, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Qızılca kəndində yaşıyır. Ailə tərkibi oğlu 1999-cu il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Göygöl rayon İHB-nin Qızılca kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 157 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 412 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, 01 noyabr 2024-cü il tarixdə saat 11 radələrində 37 nömrəli mikroavtobusda özünü müdafiə edərək Səbinənin saçından tutması, mübahisəyə Səbinənin başlaması, onun dalaşmaq fikri olmaması, sadəcə fikrini sözlə demək istəməsini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxs, eləcə də şahidin ifadəsi, üzləşdirmə və dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını və ilk dəfə cinayət əməli törətməsi şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-34/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-34/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver