Məhkəmə qərarları › İş №1(066)-36/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-36/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-36/2023 04.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ 04 aprel 2023-cü il Göygöl şəhəri Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə 04 aprel 2023-cü il tarixdə Göygöl şəhərində xx.xx.2005-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranında təşkil edilmiş toy məclisində iştirak etdikdən sonra restoranın qarışısında həmkəndliləri Zərərçəkmiş şəxs ilə Şahid1 arasında olan sözlü mübahisəyə müdaxilə edərək ətrafda olan çoxsaylı insanların yəni, Şahid1, Şahid2, eləcədə şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəflətən Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi ilə vuraraq sonuncuya alt çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilsədə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır, subaydır. Heç bir yerdə işləmir, heç bir fəaliyyətlə məşğul deyil. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Rizvanın nəvəsinin Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranında kiçik toy məclisi olmuş, o, da qonaq kimi həmin toyda iştirak etmişdir. Toyda spirtli içki də qəbul etmişdir. Saat 20 radələrində restoranın qarşısına çıxdıqda həmkəndliləri Elmarla Qabilin arasında mübahisə olmasını, onların dalaşmaq istəməsini, hər ikisinin sərxoş olmasını, Eşqinin isə onları aralaşdırmaq istəməsini görmüşdür. Eşqinlə münasibəti olduğu üçün onlara yaxınlaşmış və Elmarı sakitləşdirmək üçün ona kömək etmişdir. Həmin vaxt onlara çatanda Elmarla Qabil bir-birinin yaxasından tutmuşlar. Qabil ilə də münasibəti olmuşdur, lakin Elmarla heç bir əlaqəsi olmamışdır. Elmar həmin vaxt Eşqinin və onun da ünvanına söyüş söymüşdür. Elmar əvvəlcə onun ünvanına söyüş söydükdə ona söyməməsi barədə xəbərdarlıq etmiş, Eşqin onun ağzını əli ilə tutaraq söyüş söyməməsini demişdir. Elmar buna məhəl qoymayaraq ailəsinin ünvanına söyüş söydükdə sağ əli ilə yumruq zərbəsi ilə Elmarın sol sifətindən vurmuş, tanımadığı şəxslər onları aralaşdırmışdır. Bundan sonra oradan çıxıb evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Eşqinin atası Şahid3 hadisə yerinə gedərək Elmarı evinə gətirmişdir.Elmarı döyməyinin səbəbi onun sərxoş vəziyyətdə ailəsinin ünvanına söyüş söyməsi olmuşdur.Elmarın sol sifət nahiyəsinə bir dəfə sağ əli ilə yumruq zərbəsi ilə vurmuşdur. Elmar isə onun sinəsindən əli ilə itələmişdir. Dava-dalaş zamanı ətrafda təxminən 4-5 nəfər şəxs olmuş, hətta həmin tanımadığı şəxslər onu oradan kənarlaşdırmışlar. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Rizvanın oğlunun Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” şadlıq sarayında kiçik toy məclisi olmuş, o, da həmin məclisə dəvət edilmişdir. Toy saat 14:00-da başlamış və o, restoranda stol arxasında həmkəndlisi Qabil və digərləri ilə əyləşmişdir. Toyun gedişatı zamanı o, da Qabil də spirtli içki içmişlər. Saat 19 radələrində digər qonaqlar kimi mahnı sifariş etmək istəmiş və Qabilə musiqiçilərə verməsi üçün 100 manatlıq əskinas vermiş, ona musiqiçilərin puldan mahnı sifariş haqqı 5 manat çıxmalarını, qalan pulu isə qaytarmasını tapşırmışdır. Qabil mahnı sifariş vermiş və ona 85 manat pul gətirərək musiqiçilərin xırda pulunun olmamasını demişdir. Saat 20 radələrində restorandan çıxan zaman restoranın qarşısında Qabilə gedib musiqiçilərdən qalıq 10 manat pulunu götürəcəyini dedikdə o, sərxoş olduğunu və çıxıb getməyi, daha sonra ona pul verəcəyini demişdir. Həmin vaxt həmkəndlisi Şahid2 da onların yanında olmuş, o da onu aparmaq istəmişdir. Lakin sərxoş olduğu üçün onlarla razılaşmayıb mübahisə yaratmış, Qabil ilə Eşqin ona acıq edərək yanından uzaqlaşmaq istədikdə əvvəlcədən tanımadığı, sonradan həmkəndlisi olmasını və adının Qoşqar olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq söyüş söyməməsini demiş, ona kim olduğunu, onların öz aralarında olan işə qarışmamasını dedikdə anidən yumruqla sol sifət nahiyəsinə vurmuş və o, zərbənin təsirindən huşunu itirmişdir. Özünə gəldikdə Eşqinlə atası onu evinə aparmışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında yuxudan duran zaman sifətində kəskin ağrılar olmasını görüb Şəmkir rayon mərkəzi xəstəxanasına, Gəncə şəhər 3 saylı xəstəxanasına və Abbas Səhhət xəstəxanasına müraciət etmiş və çənə sümüyünün qırılmasını öyrənmişdir. Qabil və Eşqinlə ilə həmkəndli olaraq normal münasibəti olmuşdur. Onlarla toydan çıxdıqdan sonra restoranın qarşısında öz aralarında mübahisə etmişlər. Lakin onlarla arasında heç bir dava-dalaş baş verməmiş, həmin şəxslər onu sərxoş olduğu üçün qolundan tutub avtomobilə əyləşdirmək istəmişlər. Həmin vaxt əvvəlcədən tanımadığı Qoşqar ona yaxınlaşaraq heç bir səbəb olmadan ona “nə səsküy salmısan əəə” demiş və qəfildən yumruqla sifətindən vurmuşdur. Qoşqarın onu hansı səbəbə görə vurmasını bilməmişdir. Qoşqarla arasında dava-dalaş baş verməmiş, o, anidən olaraq bircə dəfə sifətindən yumruqla vurmuş və o, huşunu itirmişdir. Həmin vaxt orada həmkəndliləri Qabil və Eşqin olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Çinarlı kəndində yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa da fərdi olaraq meyvə-tərəvəzi alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, Elmar onun qohumudur. Onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Rizvanın nəvəsinin Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranında kiçik toy məclisi olmuş, o, da qonaq kimi həmin toyda iştirak etmişdit. Toyda isə Elmarla eyni stolda əyləşmişdir. Elmar spirtli içki içmiş və sərxoş olmuş, onun istəyi əsasında onun 100 manatlıq əskinasını musiqiçilərə xırdalatmış, lakin musiqiçilər mahnı sifarişi pulunu da çıxıb 85 manat qaytarmışlar. Saat 20 radələrində restoranın qarşısına çıxmış, lakin Elmar sərxoş vəziyyətdə israrla müsiqiçilərdən pulu alacağını demişdir. O, isə ona ayıb olmasını, çıxıb getməyini demiş, həm də Elmar sərxoş olduğu üçün onu tək qoymaq istəməmişdir. Həmin vaxt restorandan onların ortaq tanışları Şahid2 da çıxmış və ona Elmarı aparmaq üçün kömək etməyini demişdir. Eşqinlə birlikdə Elmarı aparmaq istəmiş, lakin o sərxoş olduğu üçün getmək istəməmiş və söhbət etmişdir. Həmin vaxt həmkəndlisi adının Qoşqar olduğunu bildyi şəxs Elmara yaxınlaşaraq “nə səs-küy salmısan əə burda” deyib yumruqla onun sol sifət nahiyəsindən vurmuş və Elmar yerə yıxılmışdır. Bundan sonra Qoşqar oradan çıxıb getmişdir. Qoşqar heç bir səbəb olmadan Elmara yaxınlaşıb onu vurmuşdur. Onların öz arasında etdikləri söhbət ilə Qoşqarın heç bir əlaqəsi olmamışdır. Eşqin atasına zəng etmiş və onun atası avtomobil ilə oraya gəlmiş, Elmarı aparıb evinə düşürmüşlər. Qoşqarın Elmarı vurmasını o və Eşqin görmüşdür. Ətrafda isə təxminən 7-8 nəfər şəxs olmuşdur. Lakin qaranlıq olduğu üçün həmin şəxslərin kim olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Çinarlı kəndində yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa da fərdi olaraq ofisiantlıq edərək dolanır. Barəsində yazılmış şikayət ərizəsinin mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, qonşusudur, onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Rizvanın nəvəsinin Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranında kiçik toy məclisi olmuş, o, da qonaq kimi həmin toyda iştirak etmişdir. Saat 20 radələrində restoranın qarşısına çıxdıqda Elmarın sərxoş olmasını, Qabilin onu avtomobilə əyləşdirib aparmaq istəməsini görüb onlara yaxınlaşdıqda Qabil ona “kömək elə Elmarı aparaq, sərxoşdu” demiş, Qabil ilə birlikdə Elmarı aparmaq istəmiş, lakin Elmar sərxoş olduğu üçün söhbət etmiş və getmək istəməmişdir. Həmin vaxt həmkəndlisi adının Qoşqar olduğunu bildiyi şəxs Elmara yaxınlaşaraq “nə səs-küy salmısan əə burda” deyib yumruqla onun sol sifət nahiyəsindən vurmuş və Elmar yerə yıxılmışdır. Bundan sonra Qoşqar oradan çıxıb getmişdir. Atasına zəng etmiş və atası avtomobil ilə oraya gəlmiş, Elmarı aparıb evinə düşürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Çinarlı kəndində yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa da fərdi olaraq təsərrüfatla məşğul olub dolanır. Zərərçəkmiş şəxs qonşusu, Şahid2 isə oğludur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində oğlu Eşqin ona zəng edərək gəlib onları toydan gətirməyini demişdir. Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranının qarşısına getdikdə Elmarın çənəsinin əyri olmasını, vəziyyətinin yaxşı olmadığını görmüşdür. Eşqindən bu barədə soruşduqda o, Qoşqar adlı həmkəndlisinin Elmarı döyməsini demişdir. Onlar Elmarı aparıb evinə düşürmüşlər. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-Tibbi Ekspertizası və X3 Göygöl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 383 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – alt çənə sümüyünün yerdəyişmiş sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti göstərilmiş tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. -Foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” restoranının qarşısında baş vermiş hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Şəmkir rayonu İHB-nın Çinarlı qəsəbə İƏD-si üzrə nünayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 242 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda anası Qanuni nümayəndə və bacısı X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbləri olmadığıni göstərmişlər. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi münasibət bəsləyib belə hesab edir ki, həmin ifadə yanlış olmaqla onun cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 127.2.3 və 221.1-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, onunla razılıq əldə edərək barışıq əldə etməsini, yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək ona CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Şəmkir rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə ekspertiza xərci, maddi subut və mülki iddia tələbi yoxdur həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il, 06 (altı) ay müddətə və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Şəmkir rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar