Məhkəmə qərarları › İş №1(066)-36/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-36/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-36/2024 22.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu Oxçuoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “X14” MMC-də tikinti üzrə usta vəzifəsində işləyən, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi 27-ci binanın yaxınlığında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 26 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində yerləşən, MH seriyalı, ******* nömrəli “çıxarış”a əsasən Zərərçəkmiş şəxs məxsus 0,42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan dəmir materialdan hazırlanmış 25 ton həcmli su çənini açıq ərazidən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin etirafı və ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi 27-ci binanın yaxınlığında ailəsi ilə birlikdə yaşayır. Subaydır. “X14” MMC-də tikinti üzrə usta vəzifəsində işləyir və 899 manat əmək haqqı alır. O, Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində usta olaraq işləyərkən əkin üçün istifadə olunan torpaq sahəsində dəmir materialdan olan su çəninin olması diqqətini çəkmişdir. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri X13 prospektində yerləşən “Dəyirmanın kruqu” deyilən ünvana getmişdir. Orada özü qaldıran yük avtomobillərinin olduğunu əvvəldən bildiyi üçün ora getmişdir. “Mersedes” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobillərdən birinin sürücüsünə yaxınlaşıb Gülüstan qəsəbəsində özlərinə məxsus torpaq sahəsində su çəninin olmasını və onu Gəncə şəhərinə metal qəbulu məntəqələrindən birinə gətirmək lazım olduğunu demişdir. Adını bilmədiyi həmin şəxslə 100 manata razılaşdıqdan sonra ona məxsus avtomobil ilə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının arxa tərəfində yerləşən torpaq sahəsinə gəlmişlər. Yük avtomobilinin sürücüsünə su çəninin olduğu yeri göstərib özlərinə məxsus torpaq sahəsi olmasını və torpaq sahəsini başqa şəxsə satdıqları üçün su çənini də metal qəbulu məntəqəsinə satmaq istədiyini demişdir. Həmin şəxs ətrafda olan qonşulardan onu tanıyıbtanımadıqlarını soruşmuş və orada əkin sahəsi olan, onlarla qonşuluqda yaşayan, adını bilmədiyi kişi onu tanıdığını, atasının adının Mahmud olduğunu və qonşuluqda yaşadığını demişdir. Bundan sonra yük avtomobilinin sürücüsü ona inanmış və su çənini yük avtomobilinin qaldırıcı hissəsi ilə qaldırıb yük yerinə qoymuşdur. Onlar su çənini Gəncə şəhərində “Musayevin qarajı” deyilən yerə aparmışlar, lakin orada ona su çənini almaq üçün pullarının olmadığını demişlər. Bundan sonra yük avtomobilinin sürücüsü ilə razılaraq növbəti günə qədər su çəninin avtomobilin yük yerində qalmasına razılaşmışlar. 27 oktyabr 2023-cü il tarixdə saat təxminən 10 radələrində yük avtomobilin sürücüsü ilə görüşərək su çənini “köhnə maşın bazarı” deyilən yerdə yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Orada su çənini 600 manata satdıqdan sonra 100 manat sürücüyə vermişdir. Qalan pulu isə növbəti günlərdə öz ehtiyacları üçün xərcləmişdir. O, tutulmaqdan qorxduğu üçün Vüqar adlı tanışının olmasını və su çənini onun istəyi ilə götürdüyünü, oğurluq olmasından məlumatı olmadığını bildirmişdir. Lakin Vüqar adlı şəxs ümumiyyətlə olmamışdır. Su çənini oğurlamağı özü planlaşdırmış və yük avtomobilinin sürücüsünə də özlərinə məxsus olmasını demişdir. Yük avtomobilinin sürücüsü və metal qəbulu məntəqəsində su çənini satdığı şəxsə su çəninin özlərinə məxsus olmasını demişdir. Su çənini satdıqdan sonra 100 manatını yük avtomobilinin sürücüsünə vermiş, qalan 500 manatı da müxtəlif vaxtlarda öz gündəlik ehtiyaclarına xərcləmişdir. O, oğurluq edəcəyi barədə və ya oğurluq hadisəsini etdikdən sonra heç kəsə məlumat verməmişdir. O, su çənini oğurlamağı özü qərar vermiş, ona heç kəs köməklik göstərməmişdir. Su çənini oğurlayıb satdıqdan sonra əldə etdiyi 500 manatdan heç kəsə verməmişdir. Ancaq öz gündəlik ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, zərərçəkmişlə barışdığını və oğurladığı su çənini qaytardığını, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, ona cəza verilərkən işdən çıxarılma ehtimalı olmasını nəzərə alaraq ona həbslə və azadlığın məhdudlaşdırılması ilə bağlı olamayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu B.Bağırova küçəsi 2A, mənzil 59-da ailə üzvləriylə birlikdə yaşayır, Evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Onun Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.42 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2006-cı il tarixdən “çıxarış”la öz adına rəsmiləşdirmişdir. Həmin vaxtdan da torpaq sahəsində əkinçilik işləri görərkən istifadə etmək məqsədilə 25 ton həcmində dəmir metaldan olan su çəni alaraq torpaq sahəsinə qoymuşdur. Lakin keçən müddət ərzində torpaq sahəsindən demək olar ki istifadə etməmişdir. Həmin su çəni də orada qalmışdır. Torpaq sahəsindən istifadə etmədiyi üçün ətrafını da hasarlamadan açıq şəkildə saxlamışdır. Özü Bakı şəhərində yaşadığı üçün bacısı oğlu Şahid1 onun xahişi ilə mütəmadi olaraq ona məxsus torpaq sahəsinə baş çəkmişdir. Bacısı oğlu Şahid1 02 dekabr 2023-cü il tarixdə ona məxsus olan qeyd etdiyi torpaq sahəsinə nəzarət etmək üçün gedən zaman torpaq sahəsində olan su çəninin torpaq sahəsində olmadığını aşkar edərək ona zəng edib bu barədə məlumat vermişdir. O da Asəfdən yaxınlıqda yaşayan qonşulardan maraqlanmasını xahiş etmişdir. Asəf su çəni barədə maraqlanan zaman qonşuları ona təxminən bir ay əvvəl həmin su çəninin aparılmasını bildirmişlər. O, həmin hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra Bakı şəhərindən gələrək torpaq sahəsinə özü baxış keçirmişdir. O, baxış keçirdikdən sonra qonşulardan özü də maraqlanmış və adını bilmədiyi bir nəfər qonşuluqda yaşayan şəxs su çənini yaxınlıqda yaşayan Mahmud adlı şəxsin oğlunun aparmasını öyrənmişdir. Ona məxsus olan torpaq sahəsindən oğurlanmış su çəninin qiyməti 4000 (dörd min) manatdır. Ona məxsus olan su çənin Mahmud adlı şəxs və oğlu tərəfindən oğurlanması barədə qonşuluqda yaşayan adını bilmədiyi şəxsdən eşitmiş və daha sonra bacısı oğlu Şahid1 Mahmud adlı şəxsin yaşadığı ünvana getmişdir. Orada olan zaman Mahmud adlı şəxsin oğlu su çənini atasının aparmasını və axşam gələrkən atası ilə danışıb bir söz deyəcəyini bildirmişdir, lakin sonradan onun yalan danışdığını və su çənini elə özünün oğurladığını, qorxduğu üçün su çənini atasının oğurladığını dediyini bilmişlər. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri 4-cü mikrorayon ev 24, mənzil 25-da ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Özünə məxsus “Mersedes ateko” markalı, **-DN-*** d.q.n-lı yük avtomobili (kranı) var. O, həmin avtomobili ilə sifariş əsasında yük daşıyır və adətən Gəncə şəhəri “Dəyirmanın kruqu” deyilən yerdə dayanır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində tanımadığı bir nəfər, sonradan adının Fərid olduğunu bildiyi şəxs Gəncə şəhəri “Dəyirmanın kruqu” deyilən yerə gələrək Gülüstan qəsəbəsindən dəmir su çəni gətirmək lazım olduğunu demişdir. O, həmin şəxslə 80 manata razılaşaraq Gülüstan qəsəbəsinə getmişdir. Orada yolun kənarında yerləşən “Sevimli market” mağazasının arxa hissəsinə getmişlər. Onlar orada olan zaman həmin su çəninin kimə məxsus olmasını Fəriddən soruşmuşdur. Fərid ona həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu, sonradan torpaq sahəsini satdıqları üçün su çənini də aparıb satmaq istədiyini demişdir. O, həmin vaxt orada olan qonşulardan Fəridi tanıyıb tanımadıqlarını soruşmuşdur. Həmin vaxt qonşular Fəridi tanıdıqlarını, Mahmud adlı şəxsin oğlu olduğunu demişlər. O, bundan sonra həmin su çənini avtomobilinə yükləyərək Fəridin istəyi ilə Gəncə şəhərində “Musayevin qarajı” deyilən yerə aparmışdır. Orada pulları olmadığını deyərək Fəriddən su çənini almamışlar. Bundan sonra hava qaraldığından metal qəbulu məntəqələri bağlı olduğu üçün o, Fəridə su çənini düşürmək istədiyini demişdir. Fərid ona əlavə olaraq pul verəcəyini deyərək növbəti günə qədər su çəninin avtomobilin yük yerində saxlamasını xahiş etmişdir. O da metal qəbulu məntəqəsi işlədən tanışı Rəşada zəng edərək su çəni olmasını və alıbalmayacağını soruşmuşdur. Rəşad da gec olmasını və növbəti gün gətirmələrini demişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Fəridlə yenidən görüşərək həmin su çənini “köhnə maşın bazarı” deyilən yerdə yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. O, orada su çənini düşürdükdən sonra Fərid ona 100 (yüz) manat vermişdir. O da oradan uzaqlaşaraq Gəncə şəhəri “Dəyirmanın kruqu” deyilən yerə getmişdir. Polis əməkdaşları onunla əlaqə saxlayan zaman həmin su çəninin Fərid adlı şəxs tərəfindən oğurlanmasını bilmişdir. o, xx.xx.2023-cü il tarixdə Fərid adlı deyən şəxsin istəyi ilə 100 manat qarşılığında su çənini Gülüstan qəsəbəsi olaraq tanıdığı ünvan yaxınlığında yerləşən “Sevimli market” mağazasının arxa hissəsindən götürərək xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “köhnə maşın bazarı” deyilən yerin içərisində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Fərid adlı həmin şəxs su çəninin özünə məxsus torpaq sahəsində olmasını, torpaq sahəsini satdıqları üçün su çənini də satmaq istədiklərini demişdir. O, su çənini oğurlamasını bilməmişdir. Fərid adlı şəxs su çənini apararkən tək olmuşdur. Yanında başqa kimsə olmamışdır. O, su çənini neçəyə satmasını bilməmişdir. Satdıqdan sonra aldığı puldan ona 100 manat yol haqqını vermişdir. O, qonşulardan Fəridi tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da ona tanıdıqlarını demişlər, lakin su çəninin Fəridə məxsus olub-olmamasını soruşmamışdır. Onlar Fəridi tanıdıqlarını dedikləri üçün o da su çəninin Fəridə məxsus ola biləcəyinə inanmışdır. Şahid3 məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təstiq etməsini və məhkəmə iclasının onun iştirakə olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, Gəncə şəhəri 4-cü mikrorayon ev 1, mənzil 66-da ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, 1 il olar ki, Gəncə şəhərində “köhnə maşın bazarı” deyilən yerdə metal qəbulu məntəqəsini işlədir. Qardaşı oğlu Şahid4 də onun işçisi olaraq yanında çalışır. 2023-cü ilin oktyabr ayının əvvəllərində əvvəldən tanıdığı Oktay adlı yük avtomobili sürücü ona zəng edərək təxminən 25 ton su tutumu olan su çəni olmasını və sahibinin satmaq istədiyini demişdir. O da Oktaydan oğurluq olub-olmamasını soruşmuşdur. Oktay isə ona torpaq sahəsindən götürdüyünü, qonşulardan su çəninin sahibini tanıyıb-tanımadıqlarını soruşduğunu və onu tanıdıqlarını, problem olmadığını bildirmişdir. O da üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olmasını soruşmuşdur. Həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində olduğundan Oktaya məxsus avtomobil ilə onun işlətdiyi metal qəbulu məntəqəsinə gətirmişlər. Su çənini tərəzidə çəkdikdən sonra kiloqramını 0,47 manatdan (47 qəpik) hesablayaraq almışdır. Su çənini qardaşı oğlu Turalın və həmin şəxsin öz köməkliyi ilə metal qəbulu məntəqəsində kənar yerə qoymuşlar. Bundan sonra su çənini gətirən Fərid adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinin şəklini də çəkərək özündə saxlamışdır. Su çəninin çəkisinə görə təxminən 600 manat Fərid adlı şəxsə vermişdir. Sonra isə o, Oktaya məxsus avtomobil ilə çıxıb getmişdir. Göygöl rayon polis şöbəsindən polis əməkdaşları gəldiyi zaman onun su çəninin oğurluq olması barədə məlumatı olmuşdur. Şahid4 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təstiq etməsini və məhkəmə iclasının onun iştirakə olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 4-cü mikrorayon ev 1, mənzil 66-da ailə üzvləriylə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, 1 il olar ki, Gəncə şəhərində “köhnə maşın bazarı” deyilən yerdə metal qəbulu məntəqəsini əmisi Şahid3 ilə birlikdə işlədir. Metal qəbulu məntəqəsinin VÖEN i onun adınadır. Hər ay DSMF-ya 140-150 manat arası pul ödəmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında əvvəldən tanımadığı sonradan adı ona məlum olan Fərid adlı şəxs 25 ton tutumlu su çəni gətirib satmaq istədiyini bildirmişdir. O, su çənini əmisi Rəşadın tanışı Oktay adlı kran sürücüsü ilə gətirmiş və həmin şəxs su çəninin özünə məxsus olmasını demişdir. Əmisi Rəşad ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olmasını soruşmuşdur. Fərid adlı həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş və əmisi də vəsiqənin şəklini çəkib götürmüşdür. Su çənini tərəzidə çəkdikdən sonra kiloqramını 0,47 manatdan (47 qəpik) hesablayaraq almışlar. Su çənini həmin şəxsin öz köməkliyi ilə metal qəbulu məntəqəsində kənar yerə qoymuşlar. Su çəninin çəkisinə görə təxminən 600 manat Fərid adlı şəxsə vermişlər. Sonra isə o, Oktay adlı şəxslə birlikdə ona məxsus avtomobil ilə çıxıb getmişdir. Göygöl rayon polis şöbəsindən polis əməkdaşları gəldiyi zaman onlar su çəninin oğurluq olmasını bilmişlər. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 Vahid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Şəhriyar küçəsi ev 89-da ailə üzvləriylə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Dayısı Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.42 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 2006-cı ildən dayısına məxsusdur və həmin vaxtlardan da orada 25 tonluq dəmir materialdan olan su çəni olmuşdur. Dayısı əksər vaxtlarda Bakı şəhərində yaşadığı üçün ondan həmin torpaq sahəsinə mütəmadi nəzarət etməsini xahiş etmişdir. O da ara-sıra gedib torpaq sahəsinə və orada olan su çəninə nəzarət etmişdir. Torpaq sahəsinin ətrafında heç bir hasarlanma olmadığı üçün orada su çəni açıq sahədə qalmışdır. 02 dekabr 2023-cü il tarixdə o, torpaq sahəsinə nəzarət etmək üçün getmişdir. O, orada olan zaman dayısına məxsus torpaq sahəsindəki 25 tonluq dəmir materialdan olan su çəninin yerində olmadığını aşkar etmişdir. Dayısı Zərərçəkmiş şəxs zəng edərək məlumat vermişdir. O da su çəninin oğurlandığını deyərək ətrafda olan şəxslərdən maraqlanmasını xahiş etmişdir. Özü də Azərbaycan Respublikası DİN-in 102 xodmətinə zəng edərək məlumat vermişdir. Növbəti günlərdə dayısı Qəşəm ona zəng edərək yaxınlıqda yaşayan Mahmud adlı şəxsin su çənini oğurladığını eşitdiyini və gedib ünvanını taparaq maraqlanmasını istəmişdir. O da ətrafda yaşayan şəxslərdən soruşuaraq onların Gülüstan qəsəbəsində yaşadıqları ünvana getmişdir. Qapını Mahmud adlı şəxsin sonradan adı ona məlum olan oğlu Fərid adlı şəxs açmışdır. O, ondan hadisə barədə soruşduqda isə o, ona su çənini atasının oğurladığını və satdığı yeri bildiyini demişdir. Lakin sonradan onlar oğurluq hadisəsini Fərid adlı şəxsin özünün törətdiyini və qorxduğu üçün də atasının oğurladığını dediyini bilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 05 dekabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. 06 dekabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Zərərçəkmiş şəxs məxsus 25 ton tutumlu su çəninin satıldığı Gəncə şəhəri “köhnə maşın bazarı” deyilən yerdə yerləşən metal qəbulu məntəqəsində su çəninə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınması və şübhəli şəxs qismində zəruri istintaq hərəkətlərinin keçirilməsi qərara alınmışdır. 07 dekabr 2023-cü il tarixdə saat 19:30 dəqiqədə Orucov X5 RPŞ-nin müstəntiqi, polis kapitanı Röyal Məmmədov tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Törətdiyi cinayət əməli kifayət qədər ilkin sübutlarla təsdiq olunduğundan 09 dekabr 2023-cü il tarixdə Orucov X5 RPŞ-nin müstəntiqi polis kapitanı Röyal Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 09 dekabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlməkdən qəsdən boyun qaçırdığından və onun olduğu yeri müəyyən etmək mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 10 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlməkdən qəsdən boyun qaçırdığından xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırılmışdır. 07 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, 07 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq gəlib təqdim olunduğundan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. 09 fevral 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsindən oğurladığı su çənini və hadisə vaxtı hərəkətlərini əyani şəkildə göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında ona məxsus torpaq sahəsindən 1 ədəd 4000 manat dəyərində olan su çənini oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. İşdə olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(044)- 130/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 478 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan yaşayış massivi ünvanında qeydiyyatda olmaqla atası X6 və anası X4 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 200 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 153 saylı arayışdan görünür ki, ƏTəqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan 16 fevral 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus 01 ədə 25 ton tutumlu su çəni iş üzrə maddi sübut kimi tanınmış və istintaq dövründə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs elektron portal məlumatından görünür ki, “X14” MMC-də tikinti üzrə usta vəzifəsində işləməklə əmək haqqı 899 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, cəza növü olan islah işləri cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla müəyyən olunmuş 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut 01 ədəd 25 ton tutumlu su çəni qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməldir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla müəyyən olunmuş 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd 25 ton tutumlu su çəni qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar