Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-38/2023 21.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Zod kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Göygöl rayonu Göyçəkənd kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan vaxtda özgənin əmlakını gizli yolla talama məqsədi ilə Göygöl rayonu Yeni Zod kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin küçədən giriş darvazasını açaraq evin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olub həyətdə olan 01 ədəd qalın dəmir materialdan hazırlanmış, 1,55 metr hündürlüyündə, 5 metr enində və 14 metr uzunluğunda, 7 (yeddi) ton ağırlığında 70 (yetmiş) ton su tutumu olan su hovuzunu hissələrə bölüb daşımaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu Göyçəkənd kəndində anası X2 ilə birlikdə yaşayır. Hər hansı ruhi-əsəb və s. xəstəliyi yoxdur. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olaraq dolanır. 2013-cü ildə Yevlax şəhər sakini X4 ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, həmin nigahdan 1 övladı var. Ailə qurduqdan təxminən 2 il sonra münasibətləri normal davam etmədiyi üçün boşanmışlar və hal-hazırda da 110 manat aliment ödəyir. Zərərçəkmiş şəxs onun atası Hümbətin 1-ci arvadıdır, anası Mürəstə isə atasının 2-ci arvadıdır. X9 ilə evliliyindən 7 övladı var. Onun anası Mürəstədən isə 4 övladı olmuş, 1 bacısı vəfat etmişdir. Atası Hümbətin sağlığında onlar Göygöl rayonu Göyçəkənd kəndində yaşamışlar, digər ailəsi isə Göygöl rayonu Yeni Zod kəndində yaşamışdır. 2021-ci ilin may ayında atası Hümbətin vəfat etməsindən sonra Müşgünaz Göygöl şəhərində yaşayan övladının evinə köçmüşdür. Həmin vaxtdan da Yeni Zod kəndində yerləşən evdə heç kəs yaşamamışdır. O, 2022-ci ilin mart ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda həmin evin həyətyanı sahəsində yerləşən su hovuzunu metal olaraq satmaq qərarına gəlmişdir. Göygöl şəhərində Topalhəsənli kəndinə gedən yolun kənarında yerləşən sexlərdən birində usta işləyən, əvvəldən tanımadığı sonradan adını bildiyi Əvəz adlı qaynaq ustasının yanına getmişdir. Ona iş barədə məlumat vermişdir. Həmin gün onu Yeni Zod kəndində yerləşən evə apararaq su hovuzunu göstərmişdir. Əvəz adlı usta ona su hovuzunu 150 manat əmək haqqı qarşılığında hissəhissə kəsəcəyini bildirmişdir. O, Əvəzlə razılaşdıqdan sonra növbəti gün gəlib su hovuzunun bir qismini kəsmişdir. Həmin gün işi yekunlaşdıra bilməmiş və ona bir daha gəlməyəcəyini, başqa usta tapmasını demişdir. O, Əvəzin kəsdiyi dəmir materialları Gəncə şəhərində tapdığı “Ateco” markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada metal qəbulu məntəqələrindən birinə 1 kiloqramını 0,40 manatdan olmaqla ümumilikdə 1300 (bir min üç yüz) manata satmışdır. Gəncə şəhərində dəmir materialı ucuz qiymətə aldıqları üçün o, Bakı şəhərinə apararaq orada metal qəbulu məntəqələrindən birinə satmışdır. Bundan bir neçə gün sonra isə Gəncə şəhərində sexlərdən birinə gedərək orada qaynaq işləri görən ustalardan birini 250 manat qarşılığında Göygöl rayonu Yeni Zod kəndinə apararaq su hovuzunun geri qalanını da ona hissə-hissə kəsdirib yenə də “UAZ” markalı avtomobil ilə Bakı şəhərinə apararaq orada metal qəbulu məntəqələrindən birinə 1 kiloqramını 0,40 manatdan olmaqla ümumilikdə 1480 (bir min dörd yüz səksən) manata satmışdır. Həmin pulun təxminən 600 manata qədərini aliment borcuna ödəmişdir. Qalan pulu isə müalicəsi üçün dərman preparatlarına xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, həmin evin həyətində olan 1 ədəd 1,55 x 5 x 14 metr ölçülərdə qalın dəmir materialdan olan su hovuzunu hissələrə böldürərək Bakı şəhərində metal qəbulu məntəqəsinə ümumilikdə 2780 manata satmışdır. Oğurluq hadisəsini o, tək törətmişdir. Ustalara isə su hovuzunun özünə məxsus olmasını demişdir. O, pula ehtiyacı olduğu üçün həmin su hovuzunu satmışdır. Oğurluq hadisəsini təxminən 2022-ci ilin mart ayının sonlarında etmiş, lakin dəqiq gününü xatırlamamışdır. Dəmir materialdan olan əşyaları Bakı şəhərində dəqiq yerini xatırlamadığı metal qəbulu məntəqəsinə satmışdır. Hadisədən xeyli vaxt keçdiyi üçün, eyni zamanda Bakı şəhərini yaxşı tanımadığı üçün konkret olaraq harada satdığını xatırlaya bilməmişdir. O, evin həyətinə giriş darvazasından daxil olmuşdur. Həmin qapı hər zaman açıq olmuş, kilidi olmamışdır. Atasının sağlığında da gedib-gəldiyi üçün qapının açıq olmasından xəbəri olmuşdur. Dəmir materialları Bakı şəhərinə apardığı yük avtomobillərinin sürücülərinin kim olmasını bilməmişdir, onları yük taksisi olaraq yolda saxlatdırıb Bakı şəhərinə yük aparmaq lazım olduğunu demişdir. Onlardan birinə 200 manat, digərinə isə 250 manat pul vermişdir.Hazırda tutduğu əməldən peşimandır. Məhkəmədən zərər çəkmiş şəxsə vurduğu zərəri ödəməsini. Himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl şəhəri Qara Qarayev küçəsi ev 13-də oğluna məxsus evdə ailə üzvləriylə birlikdə yaşayır. Yaşıyla bağlı pensiya alır. 1993-cü ildən Göygöl rayonu Yeni Zod kəndinə köçüb orada mərhum əri X6 ilə birlikdə ona məxsus evdə yaşamışdır. 2020-ci ilədək həmin evdə yaşamışlar. 2021-ci ildə Göygöl şəhəri Qara Qarayev küçəsi ev 13-də oğluna məxsus evə köçüb orada yaşamağa başlamışlar. 2021-ci ildə əri Hümbətin vəfatından sonra Göygöl rayonu Yeni Zod kəndində yerləşən evdə yaşayış olmamışdır. Buna baxmayaraq mütəmadi oğlu və nəvələri həmin evə gedib nəzarət etmişdir. Həmin ev də əri Hümbətin sağlığında oğlu Qardaşxana etibarnamə ilə verilmişdir. Sonuncu dəfə nəvəsi Natiq həmin evə nəzarət etmək üçün getmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. 03 aprel 2022-ci il tarixdə gündüz saatlarında nəvəsi Natiq həmin evə nəzarət etmək məqsədi ilə gedərkən naməlum şəxsin evin küçədən yerləşən darvazasını açaraq evin həyətyanı sahəsinə daxil olub orada olan 1 ədəd 1,55 metr hündürlüyündə, 5 metr enində və 14 metr uzunluğunda qalın dəmir materialdan olan 70 tonluq su hovuzunun oğurladığını aşkar etmişdir. Bundan sonra nəvəsi Natiq Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, oğurluqla bağlı əri Hümbətin birinci arvadından olan oğlu Ülfətdən şübhələnmişdir. Çünki Ülfətin əvvəllər də bu cür hərəkətlər etdiyini bilmiş, lakin əvvəllər əri Hümbətin sağlığında onun etdiyi hərəkətlərə görə barəsində hər hansı hüquq mühafizə orqanlarına şikayət etməmişlər. Qeyd etdiyi tarixdə həmin ünvandan 1 ədəd 1,55 metr hündürlüyündə, 5 metr enində və 14 metr uzunluğunda qalın dəmir materialdan olan 70 tonluq su hovuzu oğurlanmışdır. Lakin Ülfətin müxtəlif vaxtlarda həmin ünvana gedərək digər məişət əşyalarını da oğurladığını düşünmüşdür. 1 ədəd 1,55 metr hündürlüyündə, 5 metr enində və 14 metr uzunluğunda, təxminən 7 ton çəkidə, qalın dəmir materialdan olan 70 tonluq su hovuzunun oğurlanması nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Ərizəsində 8000 manat qeyd etməsinin səbəbi Ülfətin həmin ünvandan digər məişət əşyalarını da oğurlamasına görə ona ümumilikdə 8000 manat maddi ziyan dəydiyini bildirmişdir. Ülfətin həmin ünvandan 70 tonluq su çənini oğurladığını dəqiq bilmiş, buna görə də digər əşyaları da onun oğurlamasını düşünmüşdür. Lakin digər məişət əşyalarının konkret adlarını və maddi dəyərini xatırlamadığı üçün deyə bilməmişdir. Həmin su çənini əri Hümbətin sağlığında təxminən 15-20 il bundan əvvəl almışlar. Ülfət həmin ünvanda yaşamamışdır. 1993-cü ildən həmin ünvanda ərim Hümbət Əşrəfov və o, övladlarıyla birlikdə yaşamışlar. Ülfət isə ailəsi ilə birlikdə Göygöl rayonu Göyçəkənd kəndində yaşamışdır. Lakin bəzi vaxtlarda atası ilə görüşmək üçün onların ünvana gəlib getmişdir. Oğurluq hadisəsi təxminən 2022-ci ilin mart ayının sonlarında baş vermişdir. Ülfət ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Lakin Ülfət qohum-əqrəbası ilə normal münasibət saxlamadığı və oğurluq əməllərini törətməyə meyilli biri olduğundan, həyat tərzi düzgün olmadığından onunla yaxın münasibətləri olmamışdır.Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri Qara Qarayev küçəsi ev 13-də ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq dolanır. Göygöl rayonu Yeni Zod kəndində ana babası Hümbətə məxsus ev vardır. 2020-ci il tarixədək babam Hümbət, nənəm müşgünaz və dayım həmin ünvanda yaşamış, sonradan Göygöl şəhərinə köçmüşlər. 2021-ci ildə babası Hümbət vəfat etmişdir. Babasının vəfatından sonra həmin evə o və dayıları arabir gedib nəzarət etmişlər. Təxminən 2022-ci ilin yanvar ayında sonuncu dəfə o, həmin ünvana getmişdir. Həmin vaxtı evdə olan əşyalar yerində olmuşdur. 03 aprel 2022-ci il tarixdə saat təxminən 19 radələrində yenə də o, həmin evə nəzarət etmək üçün getmişdir. Naməlum şəxsin evin giriş darvazasını açaraq evin həyətində olan dəmir materialdan olan 70 tonluq su çənini oğurladığını aşkar etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evin həyətində olan 70 tonluq su çəni oğurlanmışdır. Bundan başqa nənəsi Müşgünazın deməsinə görə həmin evdən müxtəlif digər əşyalar da oğurlanmışdır. Lakin o, həmin əşyaların konkret adlarını bilməmişdir. Ondan sonra həmin ünvana nəzarət etmək üçün gedən kimsə olmamışdır. Sonuncu dəfə də oraya o getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri Qara Qarayev küçəsi ev 26-da ailəsi ilə birlikdə yaşayır. Hər hansı ruhi-əsəb və s. xəstəliyi yoxdur. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada avtomobil təmiri sahəsində qaynaqçı olaraq işləyir. Təqsirləndirilən şəxs tanımır, onunla əvvəllər aralarında hər hansı münasibət olmamışdır. 2022-ci ilin mart ayının sonlarında Ülfət Göygöl şəhərində yerləşən işlədiyi sexə gəlmişdir. Göygöl rayonu Yeni Zod kəndində qaynaq aparatı (avtogün) ilə kəsiləsi dəmirlər olduğunu bildirmiş və həmin işi neçəyə edəcəyini maraqlanmışdır. O da işə baxdıqdan sonra qiymət deyə biləcəyini demişdir. Onlar birlikdə Göygöl rayonu Yeni Zod kəndinə getmişlər, orada işə baxmış və 10-luq list dəmirdən olan hovuzun hissələrə kəsilməli olduğunu görmüşdür. Bundan sonra Ülfətə həmin işi 150 manata görə biləcəyini demişdir. Ülfət də onunla razılaşdıqdan sonra növbəti gün gəlib işləyəcəyini demişdir. Növbəti gün o, qaynaq aparatını götürüb saat təxminən 11 radələrində Göygöl rayonu Yeni Zod kəndinə həmin ünvana getmişdir. Saat təxminən 16 radələrinədək evin həyətində olan 10-luq dəmir list materialdan olan hovuzu hissələrə bölməyə başlamışdır. Lakin hovuz böyük və dəmir qalın olduğundan işi tam başa çatdıra bilməmiş. Ülfət işin geri qalanını başqa şəxsə gördürəcəyini demiş və o, gördüyü işin qarşılığında 150 manat pulunu alıb getmişdir. Ülfət ona həmin evi öz evi olaraq təqdim etmişdir. Hətta qarşıdakı evin də öz qardaşına məxsus olduğunu bildirmişdir. Evə də giriş qapısından daxil olduqları üçün o, Ülfətin həmin ünvanda olan dəmir hovuzu oğurladığını düşünməmişdir. Həmin vaxtı orada dəmirləri daşıması üçün çağırdığı yük avtomobilinin sürücüsü olmuşdur. Həmin şəxsi isə tanımamışdır. O, Ülfətlə həm işə baxmaq üçün, növbəti gün isə işi görmək üçün Göygöl rayonu Yeni Zod kəndində yerləşən evə gedən zaman həyətə darvaza qapısından daxil olmuşlar. Darvaza qapısı açıq olmuş və qıfıl olmamışdır. Ülfətlə açıq qapıdan adi qaydada həyətə daxil olmuşlar. Evə isə ümumiyyətlə nə Ülfət nə də o girməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Hadisə yerinə baxış protokolundan və foto şəkillərdən görünür ki, Göygöl rayonu Yeni Zod kəndində oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon İHB-nın Göyçəkənd kənd İƏD-si üzrə nymayəndəliyinin xx.xx.2022-ci il tarixli 90 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Göyçəkənd kəndındə yaşayır, himayəsində 2015-ci il təvəllüdlü X8 adlı uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə heç bir şikayəti və tələbi olmayacağını göstərmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən həbsdə saxlanılır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində 1 azyaşlı uşağının olması olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 13 avqust 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək 01 (bir ay) 08 (səkkiz) gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Göyçəkənd kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl raonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək 01 (bir ay) 08 (səkkiz) gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Göyçəkənd kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-38/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-38/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver