Məhkəmə qərarları › İş №1(066)-44/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-44/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-44/2024 01.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində Şahid1 məxsus “HOWO” markalı yük avtomobilini şifahi razılaşma əsasında sürücü olaraq idarə edən zaman ehtiyatsızlığından avtomobilin yağ bidonunun sınması ilə əlaqədar avtomobildə yaranmış nasazlıqla bağlı Şahid1 oğlu Zərərçəkmiş şəxs ilə telefon danışı zamanı mübahisə etdikdən sonra ictimai yer hesab edilən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Yeni Market” adlı mağazaya gəlib heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradaraq Şahid1 və Şahid4 mağazaya toplaşmasına səbəb və şərait yaradaraq ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ətrafda olan insanların gözləri qarşısında yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifətinə ardıcıl zərbələr vurmaqla sonuncuya sol göz nahiyyəsinin hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək, göstərdi ki, o, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa da fərdi olaraq yük avtomobili sürücüsü işləyərək dolanır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun atası Fazil ilə münasibəti olmuşdur. 2023-cü ilin payız aylarında Elbəyi ilə danışıb atasına məxsus “HOWO” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-də sürücü olaraq işlətməyə başlamışdır. Razılaşmalarına əsasən Elbəyi şirkətdən özü avtomobilə görə pul almalı, ona isə aylıq 1000 manat pul verməli olmuşdur. O, Elbəyinin avtomobilini təxminən ikiüç ay işlətmiş, avtomobil gecələr bəzən onda, bəzən də şirkətdə qalmışdır. 29 dekabr 2023cü il tarixdə şirkətdə iş prosesində yük avtomobilini öz ehtiyatsızlığından avtomobilin yağ bidonunu daşa vurmuş və bidon deşilmişdir. 30 dekabr 2023-cü il tarixdə isə səhər saatlarında avtomobili Elbəyiyə verən zaman ona bu barədə də demişdir. Həmin gün saat 21 radələrində Daşkəsən şəhərində kafedə olan zaman istifadə etdiyi ***-***-**-** nömrəsindən Elbəyiyə məxsus ***-***-**-** nömrəsinə zəng edib ondan “Yeni İl” bayramı ilə əlaqədar olaraq pul istəmiş, həmin vaxt Elbəyinin ona maaş borcu olmamış, lakin ondan bayrama görə avans istəmişdir. Elbəyi isə onun avtomobilini dağıtdığını, avtomobilə yaxşı baxmadığını demiş, o, isə ona and aman edərək yağ bidonunun iş prosesində sınmasını demişdir. Elbəyi isə ona yağ bidonunu öz işlərini görən zaman sındırdığını demiş, ona sözünə inanmasını demiş, daha sonra isə telefon danışığı zamanı mübahisə yaranmış, mübahisə zamanı əsəbləşmiş, Elbəyiyə o sözü deyəni də, onun maşınını öz maşını kimi sürümüyəni də söymüş, Elbıəyi ilə isə onun ailə üzvlərinin ünvanına söyüşlər söymüşdür. O, da onun yaşadığı evin qarşısında yerləşən mağazada olmasını bilmiş və yoldan keçən maşına minib Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Elbəyinin mağazasına getmişdir. Mağazaya daxil olduqda Elbəyinin tək olmasını görmüş və onun üzərinə gedərək yumruq zərbələri ilə onun sifətinə zərbələrlə vurmuşdur. Həmin anda Elbəyinin atası Fazil və adını bilmədiyi anası da mağazaya gəlmiş və onları aralaşdırmışlar. Təxminən 5-10 dəqiqə sonra anası Şahid3, qardaşı Şahid2 Süphan oğlu və yeznəsi Şahid5 mağazaya gəlmiş, onu oradan evinə aparmışlar. ondan şikayət edəcəyini demiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ziyafətin onu təhqir etməsindən əsəbləşdiyi üçün onun üzərinə gedərək onunla əlbəyaxa olmuş, əlləri ilə itələmişdir. İtələdiyi zaman Ziyafətin sinəsi sexdə olan stola dəymişdir. Həmin zaman sexdə olan qadınlar onu təhqir edərək ayırmağa çalışmış, sexə gələn adını bilmədiyi şəxs onun qolundan və yaxasından tutaraq ondan oradan getməyini istəmişdir. Bundan sonra o sexdən çıxaraq uzaqlaşmışdır. Hal-hazırda əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs X11 onunla barışmaqla, ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də onun cinayət əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsi onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır, evlidir, bir övladı var. Atasına məxsus “HOWO” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayonunda yük avtomobili idarə edir. Təqsirləndirilən şəxs Süphan oğlunu əvvəllər tanımamış, onunla 2023-cü ilin dekabr ayının ortalarında tanış olmuşdur. Atasına məxsus “HOWO” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-yə aylıq 4500 manata icarəyə vermiş, Təqsirləndirilən şəxsla həmin yük avtomobilini idarə etmək üçün sürücü olaraq aylıq 1000 manat əməkhaqqı verəcəyi barədə razılaşmışdır. Təqsirləndirilən şəxs avtomobilini 10 gün idarə etmiş, bir neçə dəfəyə onun pulunu vermişdir. 30 dekabr 2023-cü il tarixdə avtomobilin altında yağ bidonunun əyilməsini görmüş, Səyyafa zəng edib bu barədə dedikdə o, avtomobili arxaya hərəkət etdirən zaman gözünə gün düşməsini, həmin vaxt yağ bidonunun sınmasını demişdir. Elə həmin gün eşitmişdir ki, Təqsirləndirilən şəxs yağ bidonunu öz həyətində işlərini görən zaman sındırmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edib “Yeni İl” bayramı ilə əlaqədar olaraq ondan pul istəmişdir. O, isə Səyyafa yağ bidonunu öz işlərini görən zaman sındırmasını demiş, Səyyaf isə bu barədə ona xəbər verənin də ona inanmıyanının da ünvanına söyüş söymüşdür. O, təkrar Səyyafa zəng edib onun ünvanına söyüşlər söymüş, Səyyaf onun yerini soruşmuş, o, demişdir ki, özlərinə məxsus Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evlərinin birinci mərtəbəsində yerləşən “Yeni Market”dədir. Təxminən 10 dəqiqə sonra Səyyafın yeznəsi ona zəng edib Səyyafa söyüş söydüyünü soruşmuş, daha sonra isə Səyyafın gəldiyi halda çölə çıxmamağını demişdir. Bir neçə dəqiqə sonra, təxminən saat 21:45 radələrində mağazada tək olan zaman Səyyaf anidən mağazaya girmiş, ona çataraq sağ gözünün üstünə yumruqla vurmuş, daha sonra ardıcıl olaraq başına və sifətinə yumruqlarla vurmuşdur. Həmin vaxt atası və anası evdən mağazaya keçmiş və onları aralaşdırmışdır. Bir neçə dəqiqə sonra Səyyafın anası da mağazaya girmişdir. Dava-dalaş yekunlaşmış, Səyyafın anası ilə qardaşı onu götürüb aparmışlar. Atasının da həmin vaxt əsəbdən şəkəri qalxmış, onun da sifətində xəsarət olmuşdur. Atası da, o, da tibbi yardım üçün Göygöl rayon mərkəzi xəstəxanasına getmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib bağışlanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Yeni Qızılca kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur. Kiçik sahibkar kimi yaşadığı evin birinci mərtəbəsində “Yeni Market” adlı ərzaq mağazasını işlədir. Təqsirləndirilən şəxs 2023-cü ilin payız aylarından tanımışdır. Belə ki, özünə məxsus “Hovo” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Daşkəsən rayonunda yerləşən "xxxx" MMC-yə aylıq 4500 manata icarəyə vermiş, Təqsirləndirilən şəxsla həmin yük avtomobilini idarə etmək üçün sürücü olaraq aylıq 1000 manat əməkhaqqı verəcəyi barədə razılaşmışdır. Səyyaf onların avtomobili bir ay işlətmiş, həmin ay ərzində onun maaşını tam olaraq vermişdir. 30 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində evdə oturmuş, oğlu X8 isə mağazada olmuşdur. Mağazanın müşahidə kameralarının monitoru evdə olmuş və monitora baxmışdır. Anidən olaraq monitorda mağazada dava-dalaş olmasını görmüş və dərhal özü və arvadə mağazaya daxil olduqda Səyyafın oğlu Elbəyini yumruq zərbələri ilə vurmasını görmüş, onları aralaşdırmağa çalışmış, eyni zamanda Səyyafın anası Südabə və qardaşı da ora gəlmişdir, onlar Səyyafı mağazadan çıxarıb aparmışlar. Onun isə əsəbdən şəkəri qalxmış, eyni zamanda oğlunun gözünün altında gözlə görünən xəsarət olmuşdur, bu səbəbdən də tibbi yardım üçün Göygöl rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Şahid1 ifadəsinə uyğin ifadə verməklə onun göstədiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 göstərdi ki, o, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə tanımır. Təqsirləndirilən şəxs 2023-cü ilin sonlarında təxminən iki ay müddətinə Fazilin yük avtomobilini sürücü olaraq işlətmişdir. 30 dekabr 2023-cü il tarixdə isə saat 21:30 radələrində oğlu Röyal və kürəkəni Tural ilə birlikdə Gəncə şəhərində qohumunun evindən çıxıb Daşkəsən rayonu istiqamətində gedən zaman Turala kimsə zəng etmiş, ona oğlu Səyyafın telefonla kimləsə mübahisə etdiyini, dalaşmaq üçün Göygöl rayonu Yeni Qızılca kəndinə getdiyini demişləır. Onlar da Gəncə şəhərindən gələn zaman Göygöl rayonu Yeni Qızılca kəndində Fazilin evinin qarşısında dayanmış, oğlu Röyalla birlikdə evin birinci mərtəbəsində olan mağazaya getmişlər. Mağazaya əvvəlcə o, daxil olmuş, həmin anda Elbəyi və Səyyafın bir-birilərinin yaxasından tutmalarını görmüş, Fazilin arvadı da mağazada olmuşdur. Oğlu Röyal isə onun arxasınca mağazaya gəlmiş, Səyyafı mağazadan çıxarmışdır. Səyyafı danlayaraq evlərinə aparmışlar. Sonradan isə, Səyyafın barəsində şikayət edilməsinə bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2və Şahid5 ifadəsində şahid X6 ifadəsinə uyğin ifadə verməklə onun göstədiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 16 fevral 2024-cü il tarixli baxış protokolundan və fotoşəkillərdən məlum olur ki, 30 dekabr 2023-cü il tarixdə hadisənin baş verdiyi Yeni Qızılca kəndində yerləşən Şahid1 məxsus olan yaşadığı evin birinci mərtəbəsində kiçik sahibkarlıq məqsədi ilə fəaliyyət göstərən “Yeni Market” adlı ərzaq mağazasıdır. Cinayət işinə əlavə olunmuş 1 ədəd CD diskə komputerin “DVD ROM”una daxil edilməklə, 1 ədəd SD diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən məlum oldu ki, bir ədəd “a089c464-a8e8-4a90-ba5e-73f8b65502b1” adlı fayl açılır. Fayla daxil olduqda bir ədəd 33 saniyəlik videogörüntü açılır. Görüntü hadisənin baş verdiyi mağazanın müşahidə kameralarından Şahid1 tərəfindən diskə köçürülmüşdür. Görüntüdə görünür ki, Təqsirləndirilən şəxs qaçaraq mağazaya daxil olur və mağazada tək olan və telefonla danışan Zərərçəkmiş şəxs üzərinə hücum çəkərəkj yumruq zərbələri ilə ardıcıl olaraq sifətinə zərbələrlə vurur, həmin vaxt mağazaya Şahid1 daxil olur və onları aralaşdırmağa çalışır, eyni zamanda mağazaya Şahid4 Allaverdi qızı daxil olur, daha sonra isə gedir, dava-dalaş zamanı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs vurması aydın şəkildə görünür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 Göygöl rayon şöbəsinin 06 yanvar 2024-cü il tarixli, 07 №-li canlı şəxsin tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol göz nahiyəsinin hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30 dekabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X4 alınmış arayışlarda X2 hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 11 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə əlavə olunmuş Daşkəsən rayon İH başçısının Daşkəsən qəsəbə üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Cəfərov X9 rayonu Daşkəsən qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşaq (02 iyul 2019-cu il təvəllüdlü X17 və 01 sentyabr 2021-ci il təvəllüdlü X14) vardır. Cinayət işinə əlavə olunmuş Daşkəsən rayon İH başçısının Daşkəsən qəsəbə üzrə nümayəndəliyinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-cü maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar