Məhkəmə qərarları › İş №1(066)-46/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-46/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-46/2024 06.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Abbaslı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, xeyli miqdarda təmiz çəkisi 0,460 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 07 fevral 2024-cü il tarixdə saat 02:30 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində o, Göygöl rayonu, Bəhrəmbəy kəndi ərazisində müəyyən edilərək Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində ona məxsus VAZ-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qol altından 1 (bir) ədəd, “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,460 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda istifadəsində olan “Teleqram” sosial şəbəkəsində ***-***-**-** nömrə altında olan profil hesabından tanımadığı şəxsdən online qaydada patı adlandırdığı psixotrop maddə sifariş etmişdir. Bunun qarşılığı olaraq online qaydada “kivi kaşlok” proqramı vasitəsilə tanımadığı şəxsə 20 (iyirmi) manat pul ödəmişdir. Bundan sonra tanımadığı şəxs patı adlandırdığı psixotrop maddəni yaşadığı kəndin ərazisində paliqon adlanan ərazinin yaxınlığına qoyduğunu bildirmiş və psixotrop maddənin olduğun yerin fotoşəklini ona göndərmişdir. O da həmin psixotrop maddəni istifadə etmək məqsədi ilə həmin ərazidən götürərək üzərində saxlamışdır. Daha sonra isə göndərilən şəkilləri və teleqram sosial şəbəsində psixotrop maddə aldığı hesabı və teleqram sosial şəbəkəsini silmişdir. O, dostu Sənan ilə birlikdə Gəncə şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində dostu Şahid1 ilə birlikdə etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən yaşadığı Şəmkir rayonuna qayıdan zaman, Göygöl rayonu Bəhrəmbəy kəndi ərazisində avtomobildə nasazlıq yarandığı üçün idarə etdiyi avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bir müddət orada gözləmişlər. Qeyd etdiyi psixotrop maddə həmin vaxt idarə etdiyi avtomobilin salonunda qolaltında olmuşdur. Həmin gün təxminən saat 02:30 radələrində polis əməkdaşları onlara yaxınlaşan zaman o, həyəcanlanıb, özünü itirərək psixotrop maddəni istifadə etmək üçün üzərində saxladığı bir ədəd şüşə materialından olan lampanı özündən kənara atmış, bu səbəbdən də polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə və idarə etdiyi Vaz-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı üzərindən narkotik maddə aşkar edilməmiş, lakin avtomobilə baxış zamanı əvvəlcədən avtomobilin salonunda qolaltında saxladığı bir ədəd gümüşü rəngli bükümün içərisində patı adlandırdığı psixotrop madə olan büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin maddə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşiman olmasını, səhfini anlamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, o, hazırda Göygöl rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. 07 fevral 2024-cü il tarixdə saat 02:30 radələrində Göygöl rayonu ərazisində polis serjantı Şahid3lə birlikdə xidmətdə olan zaman Göygöl rayonu Bəhrəmbəy kəndinin inzibati ərazisindən keçən avtomobil yolunun kənarında hərəkətsiz vəziyyətdə dayanmış VAZ-2107 markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobilin olmasını görüb həmin avtomobilə doğru yaxınlaşmışlar. Avtomobildə sonradan şəxsiyyətləri onlara məlum olan sürücü Təqsirləndirilən şəxs və bir nəfər sərnişin Şahid1 Elbrus oğlunun olmasını müəyyən etmişlər. Sürücü Təqsirləndirilən şəxs onların yaxınlaşmalarını görən kimi cibindən şübhəli əşyanı çıxarıb avtomobildən kənara atmışdır. Şahid1 cibindən çıxarıb atdığı əşyanı axtarsalar da gecə vaxtı olduğundan və hava qaranlıq olduğundan tapa bilməmişlər. Sürücü Təqsirləndirilən şəxs atdığı əşyanın nə olmasını soruşmuşlar, əvvəllcə inkar etsə də, daha sonra atdığı əşyanın narkotik vasitə istifadə etməyi üçün şüşə lampa olmasını demiş və özü etiraf edərək, avtomobildə narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra hər iki şəxs avtomobillə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkillər dəvət olunaraq hər iki şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 və Simran Murdovun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Lakin Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ona məxsus idarə etdiyi VAZ-2107 markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qol atında narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin qol altından gümüşü rəngli bir ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız büküm açılmış və içərisində ilk görünüşdən narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kağız bükümün içərisindəki kütlə “patı” adlandırdığı psixotrop maddə olan metamfetamindir və həmin kütləni “Teleqram” sosial şəbəkəsində tanımadığı şəxsdən online qaydada sifariş etmiş, bunun qarşılığı olaraq online qaydada “kivi kaşlok” proqramı vasitəsilə tanımadığı şəxsə ödəniş etmişdir və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra həmin gümüşü rəngli kağızda olan kütlənin çəkisi elektron tərəzidə çəkilmiş və çəkisi büküm ilə birlikdə 0,5 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və mədafiəçi imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, o, hazırda Göygöl rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət edir. 07 fevral 2024-cü il tarixdə saat 02:30 radələrində Göygöl rayonu ərazisində polis baş serjantı Şahid2lə birlikdə xidmətdə olan zaman Göygöl rayonu Bəhrəmbəy kəndinin inzibati ərazisindən keçən avtomobil yolunun kənarında hərəkətsiz vəziyyətdə dayanmış VAZ-2107 markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobilin olmasını görüb həmin avtomobilə doğru yaxınlaşmışlar. Avtomobildə sonradan şəxsiyyətləri onlara məlum olan sürücü Təqsirləndirilən şəxs və bir nəfər sərnişin Şahid1 Elbrus oğlunun olmasını müəyyən etmişlər. Sürücü Təqsirləndirilən şəxs onların yaxınlaşmalarını görən kimi cibindən şübhəli əşyanı çıxarıb avtomobildən kənara atmışdır. Şahid1 cibindən çıxarıb atdığı əşyanı axtarsalar da gecə vaxtı olduğundan və hava qaranlıq olduğundan tapa bilməmişlər. Sürücü Təqsirləndirilən şəxs atdığı əşyanın nə olmasını soruşmuşlar, əvvəllcə inkar etsə də, daha sonra atdığı əşyanın narkotik vasitə istifadə etməyi üçün şüşə lampa olmasını demiş və özü etiraf edərək, avtomobildə narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra hər iki şəxs avtomobillə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkillər dəvət olunaraq hər iki şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 və Simran Murdovun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Lakin Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ona məxsus idarə etdiyi VAZ-2107 markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qol atında narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin qol altından gümüşü rəngli bir ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız büküm açılmış və içərisində ilk görünüşdən narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kağız bükümün içərisindəki kütlə “patı” adlandırdığı psixotrop maddə olan metamfetamindir və həmin kütləni “Teleqram” sosial şəbəkəsində tanımadığı şəxsdən online qaydada sifariş etmiş, bunun qarşılığı olaraq online qaydada “kivi kaşlok” proqramı vasitəsilə tanımadığı şəxsə ödəniş etmişdir və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra həmin gümüşü rəngli kağızda olan kütlənin çəkisi elektron tərəzidə çəkilmiş və çəkisi büküm ilə birlikdə 0,5 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və mədafiəçi imza etmişlər. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilməsini, iş üzrə iki şahidin dindirilməsini, bir nəfər şahid (Şahid1 Elbrus oğlunun) dindirilməsini tələb etmədiyini bildirərək, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, iş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 Elbrus oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə Ağır cinayətlər məhkəməsinin hökmü ilə Ədliyyə Nazirliyinin 10 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsində cəza çəkir, lakin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləri ilə bağlı icazə almışdır. Həmin vaxtlar tanışı Təqsirləndirilən şəxs yanında fəhlə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostu Elxandan pul götürmək üçün tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Simranın idarə etdiyi VAZ-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərində yerləşən “Cənnət” adlı çayxananın qarşısında görüşmüşlər və Elxandan borc olaraq 50 manat pul götürmüşdür. Daha sonra isə xx.xx.2024-cü il tarixdə təxminən saat 02:30 radələrində yaşadığı Şəmkir rayonuna qayıdan zaman Göygöl rayonu, Bəhrəmbəy kəndi ərazisində Təqsirləndirilən şəxs avtomobilində nasazlıq yaranmış və Simran idarə etdiyi avtomobili yolun kənarına çəkərək saxlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları yaxınlaşan zaman Simran və o, avtombildən düşmüşlər və Simran cibindən nəsə çıxaraq kənra atmışdır. Simrana atdığı əşyanın nə olmasını soruşduqda, o, nəsə kağız olmasını bildirmişdir. Polis əməkdaşları onları Göygöl RPŞ-yə dəvət etmişlər və onlar birlikdə Göygöl RPŞ-yə gəlmişlər. Göygöl RPŞ-də dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, lakin saxlanılması qadağan olan heç bir əşya aşkar olunmamışdır. Daha sonra ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan psixotrop maddə aşkar olunaraq götürülmüş və o, narkotik vasitə istifadəçisidir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Simranın avtomobildən kənara atdığı əşya şüşə materialdan olan lampadır və həmin lampanı psixotrop maddə isifadə etmək üçün üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Göygöl Rayon İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Röyal Sadıqovun icraatına qəbul edilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/251 nömrəli araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsi və istintaqı aparılması qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 07 fevral 2024-cü il tarixdə, saat 06:30-da Təqsirləndirilən şəxs Göygöl rayon X8 bölməsinin baş təhqiqatçısı Anar Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Göygöl rayon X7 Saxlama Yerinə təhvil verilmişdir. “Şəxsi axtarış, götürmə və avtomobilə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid2 Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd "Redmi NOT-9" markalı mobil telefon, 3 ədəd 1 manatlıq əskinaz, 2 ədəd 20 qəpiklik dəmir pul və 1 ədəd 10 qəpiklik dəmir pul aşkar edilmişdir. Bundan başqa üzərindən hərhansı narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd "Redmi NOT-9" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, idarə etdiyi Vaz-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilində özünün patı kimi adlandırdığı, metamfetamin narkotik vasitəsi olmasını, həmin narkotik vasitəni istifadəsində olan "Redmi Not-9" markalı mobil telefon vasitəsilə "Teleqram" sosial şəbəkəsində tanımadığı adama online qaydada sifariş edərək, almasını, həmin narkotik vasitəni naməlum şəxsin onun yaşadığı kəndin ərazisinə atmasını və həmin kütləni istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış və götürmə, Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Anar Məmmədovun xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş və şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. “Avtomobilə axtarış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarış zamanı müəyyən edilmişdir ki, axtarış keçirilən avtomobil göy metal rəngli, Vaz-2107 markalı 2005-ci il istehsallı (avtomobilin texniki sənədinə əsasən) sedan tipli avtomobildir. Avtomobilin heç bir yerində əzilmiş, defarmasiyaya uğramış, boyama izləri yoxdur, şinləri dolu vəziyyətdədir, arxa qapıları və arxa böyük şüşəsi tünd qara rənglidir. Daha sonra avtomobilin yük yerinə axtarış keçirtməyə başlanmış, axtarış zamanı yük yerində avtomobilə bir ədəd ehtiyyat təkər, bir ədəd boş plastik qab, avtomobilə aid ehtiyyat hissələri, bir cüt ayaqqabı olması müəyyən edilmişdir. Daha sonra avtomobilin salonuna axtarış keçirilməyə başlanmış, salona axtarış zamanı qol altında olan, bir ədəd gümüşü rəngli, içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm aşkar edilmişdir. Avtomobilə axtarış keçirilməsi və götürmə zamanı elektron tərəzi vasitəsilə ölçülən zaman ilk görünüşdən narkotik vasitəyə oxşar kütlənin büküm ilə birlikdə çəkisinin, 0.5 qram olması müəyyən edilmişdir. Axtarış zamanı həmin kütlə bükümlə birlikdə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Axtarış və götürmə, RPŞ-nin inzibati binasının həyətində, təbii işıqlandırma şəraitində keçirilmiş və axtarış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Avtomobilə axtarış keçirilməsi hərəkəti 07 fevral 2024-cü il tarixdə saat "08:00"-da başlamış, 07 fevral 2024cü il tarixdə saat "08:12"-də qurtarmışdır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 07 fevral 2024-cü il tarixli 16/187 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs Səfəddin oğlunun üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,460 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin metamfetamindən 0,05 qram tədqiqata sərf edildi, qalıq 0,410 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobilin salonundan aşkar edilmiş qalıq çəkisi 0,410 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və cinayət işi yekunlaşaraq tanış olduqan sonra saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinə dair olan DVD disklər cinayət işi üzrə maddi sübut hesab edilərək,cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Təhqiqat Bölməsi tərəfindən videogörüntü qeydə alınmış 02 ədəd disk-ağ rəngdədir, hər iki diskin üzərində markerlə “Təqsirləndirilən şəxs” sözləri yazılmışdır. Həmin diskin içərisində Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə videogörüntü yerləşdirilmişdir. Həmin videogörüntüyə baxdıqda əvvəlcə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən “Redmi NOT-9” markalı mobil telefon, 3 ədəd 1 manatlıq əskinaz, 2 ədəd 20 qəpik dəmir pul və 1 ədəd 10 qəpik dəmir pul aşkar edilmiş, lakin üzərindən hərhansı narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2107 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qol altında özünün patı kimi adlandırdığı, psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni istifadəsində olan "Redmi Not-9" markalı mobil telefon vasitəsilə "Teleqram" sosial şəbəkəsində tanımadığı şəxsdən online qaydada sifariş verərək almasını, naməlum şəxsin həmin psixotrop maddəni onun yaşadığı kəndin ərazisinə atmasını və həmin kütləni istifadə etmək üçün saxlamasını deməsi əks olunmuşdur. Digər DVD diskdə olan videogörüntüyə baxdıqda əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qol altında olan gümüşü rəngli kağız bükümün içərisində olan kütləni təqdim edib bildirir ki, həmin bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamindir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin psixotrop maddəni istifadəsində olan "Redmi Not-9" markalı mobil telefon vasitəsi ilə "Teleqram" sosial şəbəkəsində tanımadığı şəxsdən online qaydada sifariş verərək almasını, naməlum şəxsin həmin psixotrop maddəni onun yaşadığı kəndin ərazisinə atmasını və həmin kütləni istifadə etmək üçün saxlamasını deməsi əks olunmuşdur. Eyni zamanda aşkar olunmuş kütlənin polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə ölçülməsi və kütlələrin büküm ilə birlikdə çəkisinin, 0.5 qram olmasını bildirmələri, sonra isə həmin kütlənin zərfə qoyularaq möhürlənməsi videogörüntüdə əks olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon X7 Saxlama Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqdim edilmiş Redmi NOT-9 markalı mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis X2 müstəntiqi, polis kapitanı X9, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus Redmi NOT-9 markalı mobil telefona Göygöl RPŞ-nin inzibati binasında müstəntiqlərin xidməti iş otağında baxış keçirtmişdir. Baxış zamanı Redmi NOT-9 markalı mobil telefon- üzərində hər hanası üzlük olmadığı, mobil telfonun göy olması, arxa hissəsində “Redmi” sözü yazılması, planşetin içərisində daxil olub Teleqram sosial şəbəkəsinə baxdıqda müxtəlif şəxslərlə yazışmaların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs deməsinə görə psixotrop maddə olan metamfetamini "Teleqram" sosial şəbəkəsində tanımadığı şəxsdən online qaydada sifariş verərək almış, daha sonra həmin səhifəni telegram sosial şəbəkəsindən silmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus Redmi NOT-9 markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə üzərindən aşkar edilərək götürülmüş “Redmi NOT-9” markalı mobil telefonu təhvil almışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Abbaslı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 46 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Abbaslı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Abbaslı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X6 ilə birgə Şəmkir rayon Abbaslı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Abbaslı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 818 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Göygöl RPŞ-yə verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığının 23 fevral 2024-cü il tarixli cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini o, “Teleqram” sosial şəbəkəsində tanımadığım şəxsdən online qaydada sifariş etmiş, bunun qarşılığı olaraq online qaydada “kivi kaşlok” proqramı vasitəsilə ödəniş etmiş, tanımadığı şəxs patı adlandırdığı psixotrop maddəni yaşadığı kəndin ərazisində paliqon adlanan yerin yaxınlığına qoymuş və Təqsirləndirilən şəxs götürərək üzərində daşımışdır. Həmin narkotik vasitənin hansı şəraitdə və kim tərəfindən oraya atılmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs narkotik vasitənin və ya psixotrop maddənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə maddəsində nəzərdə tutulan yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı və işlədiyi Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,410 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün 90 (doxsan) manat məbləğində pul onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı və qeydiyyatda olduğu Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,410 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar