Məhkəmə qərarları › İş №1(066)-46/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-46/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-46/2025 02.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 14,49 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 04:35 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Gəncə Kəlbəcər magistral avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində müəyyən edilərək üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümün içərisindəki ümumi təmiz çəkisi 14,49 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin sonradan tövbə etmiş və artıq narkotik vasitədən istifadə etmir. Göygöl şəhər ərazisində piyada hərəkətdə olduğu zaman adını və nömrəsini, həmçinin yerləşdiyi küçənin adını bilmədiyi məktəbin qarşısından keçərkən yolun kənarında yerdə sellofan büküm olmasını görüb əyilib götürmüş, içərisinə baxdıqda nəşə dediyi, iyə malik marixuana olmasını bilərək, əvvəllər arada nəşə çəkdiyi üçün onu tanıyıb gələcəkdə istifadə etmək üçün üzərində götürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 04:35 radələrində üzərində mobil telefon olmadığı üçün Göygöl rayonu ərazisində yerləşən çöl yolu adlanan ərazidə tək piyada yeridiyi zaman həmin narkotik üzərində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etməklə ondan həmin vaxt orada nə etməsini soruşmuşlar, daha sonra isə ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, narkotik vasitə və yaxud onun prekusorlarının olub olmadığı soruşulduqda həmin zaman əynində olan göy rəngli cins şalvarının cibində saxladığı ağ rəngli sellofan bükümün içərisində olan marixuananı çıxardıb onlara təqdim etmişdir. Əlavə olaraq bildirdi ki, həmin narkotik vasitə onun üzərindən çıxmış və ona məxsus olmuşdur. Polislər ona yaxınlaşan zaman ona hüquq və vəzifələrini izah etmişlər və üzərinə baxış zamanı video çəkiliş aparılmışdır. Həmin vaxt polislər onun üzərini axtarmışlar, onu vurmamışlar və ona təyziq göstərməmişlər. Həmin vaxt onun burnunda olan qızartı karopka sexində işləyən vaxt yıxılması səbəbindən olmuşdur. O, Gəncə şəhərində yaşamış, xx.xx.2025-ci il tarixdə saat 04:35 radələrində dostları onu çağırdığından həmin vaxt Göygöl ərazisində olmuşdur. Belə ki, dostları onu Hacıkəndə çay içməyə çağırmışlar. O, evdən Göygöl şəhərinə taksi ilə gəlmiş, lakin oradan Hacıkəndə getməyə pulu olmamış, bu səbəbdən çöl yolunda qalmışdır. O, avtovağzal tərəfdə taksidən düşmüş və oradan Hacıkəndə getməyi fikirləşmişdir. O həmin selefona gördükdə içində narkotik olmasını görüb bilmişdir. Bundan təxminən yarım saat, bir saat sonra polis əməkdaşları onu saxlamışlar. O, saxlanılarkən onun üzərinə baxış keçirilmiş və çəkiliş aparılmış, polis əməkdaşları tərəfindən ona hər hansı təsir və təyziq göstərilməmişdir. Etdiyi əməldən çox peşimandır. İlk dəfərdir ki, belə bir səhf edir. Himayəsində xəstə anası var və ona baxır. Bir daha belə səhf etməyəcəyinə söz verir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o 2021-ci ildən DİO-da, 2024-cü ildən isə Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Göygöl rayon Sarısu PB-nin Çaykənd kənd sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin narkotik vasitələri qısa müddət ərzində realizə edəcəyinə, gizlədəcəyi ehtimalı olduğundan, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, həmin şəxsin cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, və ya cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilməsi, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanması məqsədilə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar əsasında onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, Göygöl rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Göygöl rayon X6 Tədqiqatlar Qrupunun baş inspektoru polis kapitanı X9 həmin qrupun tərkibinə daxil edilmiş, qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, onların tərəfindən xx.xx.2025-ci il tarixdə saat 04:35-də Göygöl şəhər ərazisində, Gəncə Kəlbəcər magistral yolunun Göygöl rayon ərazisindən keçdiyi hissədə müəyyən edilmiş, saxlanılan zaman video görüntü ilə cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində saxladığı şəffaf sellofan torbanı təqdim edərək “nəşə” olmasını bildirdiyi, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edərək şəxsi istifadə üçün üzərində saxladığını, Göygöl rayon ərazisində piyada hərəkətdə olduğu zaman yerdən tapdığını bildirmişdir. Həmin kütlə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə onların tərəfindən elektron tərəzi ilə ölçülmüşdür. Tərəzi düz yerə qoyularaq ilk öncə göstəricinin düzgün olması Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra həmin kütlə sellofan bükümlə birlikdə tərəzidə ölçülmüşdür. Sellofan bükümlə birlikdə ümumi çəkisi 15,30 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin ölçüsünə baxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğundan Göygöl rayon polis şöbəsinə gətirilmişdir. Əlavə olaraq bildirdi ki, izahatında qeyd olunanları ətraflı şəkildə göstərmişdir. Qeyd olunan əməliyyat məlumatı tarixini xatırlamadığı vaxt ona daxil olmuş və həmin məlumatda Təqsirləndirilən şəxs yerinə kimi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək “İsgəndər” restoranın çöl yolu olan hissəsində olmuş və avtomobil gözləmişdir. Təqsirləndirilən şəxsdən həmin vaxt orda nə səbəb olmasını soruşduqda o dostlarını gözləməsini bildirmişdir. Bu izahatlarda və video görüntülərdə də görsənir. Təqsirləndirilən şəxsə avtomobildən düşərək, yaxınlaşan andan video çəkiliş aparılmış, ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi istəyib-istəməməsi soruşulmuş İbrahim müdafiəçi istəməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı təyziq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tapmasını və öz istifadəsi üçün saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd etməmiş və tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açılmış və PŞ-də saxlanılır. İstintaqda verdiyi ifadəni təsdiq edir və ifadəsinin istintaqda verdiyi kimi qəbul edilməsini istəyir. Narkotiki təqsirləndirilən şəxsin saxlanıldığı yerdə çəkmişlər və orada da qablaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/321 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. Cinayət işinin istintaq sənədlərindən görünür ki, ilkin araşdırma zamanı Göygöl rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə 04:35-də Gəncə-Hacıkənd-Kəlbəcər magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində saxlanılmış, videogörüntü ilə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində sağladığı 1 (bir) ədəd sellofan bükümün içərisindəki çəkisi 15,30 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək ondan götürülmüşdür. Həmin büküm elektron tərəzidə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə ölçülən zaman 15,30 qram olması müəyyən edilmiş, həmin kütlə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayon Polis Şöbəsinə gətirilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 16 fevral 2025-ci il tarixdə, saat 05:15 dəqiqədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin inzibati binasında Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elməddin Kamalov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin təhqiqatçısı Elməddin Kamalov tərəfində şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış 16 fevral 2025-ci il tarixdə saat 05:30-da başlanmış, 05:39-da qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış videolentə alınaraq 01 ədəd DVD diskə köçürlərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin narkotik vasitə olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə həvalə edilmişdir. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 16 fevral 2025-ci il tarixli 16/152 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 14,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza zamanı tədqiqata 0,04 qram sərf edildikdən sonra 14,45 qram qalıq qalmışdır. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 14,45 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 14,45 qram narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərarın ona elan olunmaqla, sürətinin təqdim edilməsi, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Vəsatətin təmin edilməməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Araz Alməmmədli tərəfindən qaldırılmış vəsatətin təmin edilməməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, seçilmiş qətimkan tədbrinin icra edilməsi üçün qəbul edilmiş qərarın sürətinin Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-na göndərilməsi, qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair görüntülər və üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 01 ədəd DVD diskə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – burun nahiyyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsini, aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. 28 fevral 2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Göygöl rayon ərazisindən, yerdən tapması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Həmin narkotik vasitənin hansı şəraitdə orada olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edib-etməməsini, əgər narkotik vasitə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 01 mart 2025-ci il tarixli 356 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidən suiistifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 17 fevral 2025-ci il tarixdə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etme, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi və əldə edilmə vaxtı naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 14,49 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 14,45 qram narkotik vasitə olan qurudulmuş marixuana ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1397 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1283 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Xidmət sahəsi tərəfindən verilmiş 463 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi anası 1965-ci il təvəllüdlü X5 və qardaşı 1990-cı il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Xidmət sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X1 Parkında zibil yükləyən fəhlə işləyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar, cəzanı yüngülləşdirən və və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,45 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübutəməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 102 (bir yüz iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,45 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (bir yüz iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar