Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-47/2023 13.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin Birinci instansiya məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: X12, Müdafiəçi: Yevlax rayon Vəkil bürosunun vəkili X4; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1964-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 161-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 fevral 2023-cü il tarixdə saat 11 radələrində X7 yaşadığı Göygöl rayonu Köşkü kəndində yerləşən fərdi yaşayış evinə fal baxıcısı qismində daxil olub evdə yaşayan şəxslərin mənzilin digər otaqda olmalarından istifadə edərək ev sahibi Cumalı Xıdırovun yataq otağındakı dolabın qapısını açıb saxlanc yerinə qanunsuz daxil olaraq dolabın içərisində olan pencəyin cibində sonuncuya məxsus 3700 (üç min yeddi yüz) manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs X9 ümumilikdə 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə Göygöl rayonuna gəlmiş, rayondan isə taksi ilə Göygöl rayonu Köşkü kəndinə yollanmışdır. Oraya getməkdə məqsədi fala baxmaq vədi ilə insanları aldadıb pulunu ələ keçirmək olmuşdur. Kənddə 2 qapını döyüb seyid olduğunu demiş və nəzir istəmişdir. Hər evdən çıxan şəxs ona 1 manat nəzir pul vermişdir. Üçüncü qapını döydükdə bir xanım qapıya çıxmışdır. O, qapını açan şəxsə seyid olduğunu deyərək bir stəkan çay istəmiş, həmin xanım onu evinə dəvət etmişdir. Evə keçib əyləşmiş, evdə isə bir nəfər kişi, arvadı, iki oğlu və bir gəlini olmuşdur. Onlara seyid olduğunu, evlərində dua olmasını demiş və duanı çıxarmaq üçün 200 manat ödəniş istəmişdir. Daha sonra qadınla birlikdə tövləyə getmiş, onu su dalınca göndərmiş, tək qaldıqda isə tövlədə qapının solunda cadu gizlətmişdir. Qadın gəldikdə isə cadunu oradan çıxarmış və evə qalxmışdır. Bundan sonra ona verilmiş çayı içmiş, evdə olan xanım isə pul gətirmək üçün yataq otağına keçmişdir. O, da onun arxasınca yataq otağına keçmişdir. O, biri ailə üzvləri isə həmin əvvəlki otaqda qalmışlar. Yataq otağında qadın dolabda olan pencəyin sinə cibindən gətirib ona 200 manat pul vermişdir. Qadın ona pul verəndə pencəyin cibində xeyli pul olmasını görmüş və həmin puldan ələ keçirmək qərarına gəlmişdir. Qadına gedib ona torpaq gətirməsini dedikdə qadın otaqdan çıxmış və o, yataq otağında tək qalmışdır. Dolab isə açıq vəziyyətdə qalmışdır. O, əlini salıb pencəyin cibində olan pulların içərisindən bir qisimi çıxarıb əynində olan gödəkçənin cibinə qoymuşdur. Tələsik hərəkət etdiyi üçün pulun hamısını götürə bilməmişdir. Qadın torpağı gətirmiş, torpağı dua ilə birlikdə yandırmışlar. Daha sonra isə qadının ona vermiş olduğu 200 manat 100 manatını qadına qaytarmışdır. Bundan sonra kənddə heç bir qapıya getməmiş və kənddən çıxmışdır. Bakı-Qazax avtomobil hərəkət yoluna çıxdıqda pulu saymış və 3700 manat olmasını görmüşdür. O, özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X12 ifadə verərək göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 11 radələrində evdə çarpayıda uzanan vaxt həyətdə olan həyat yoldaşı X10 ilə evə bir nəfər təxminən 50 yaşlarında kişi daxil olmuşdur. Həmin şəxs seyid olduğunu, fala baxan olduğunu, evlərində cadu olmasını demişdir. Arvadı İradə həmin şəxsə çay vermişdir. Seyid kimi özünü təqdim edən şəxs çay içə-içə evdə cadu olmasını, dua yazılmasını demiş, o, İradəyə həmin şəxsə nəzir verib yola salmasını demişdir. Daha sonra arvadı İradə və gəlini Kəmalə ilə məhləyə çıxmışlar. Təxminən 10 dəqiqə sonra İradə ilə Kəmalə evə gəlib həmin seyidin 200 manat qarşılığında duanı çıxaracağını demiş, o, isə onlara lazım olmamasını bildirmişdir. 10-15 dəqiqə sonra gəlini, arvadı və özünü seyid kimi tanıdan şəxs evə girmiş, arvadı İradənin əlində cam, içərisində isə kağız və sap var olmuşdur. Seyid adlı şəxs gətirdiyi kağızın içərisində ailə üzvlərinin adı yazılmışdır. O, da həmin şəxsə inanmışdır. Daha sonra gəlini Kəmalə gələrək seyidin evlərində olan pula dua yazmaq istəməsini demiş, bir neçə dəqiqə sonra gəlini, arvadı və seyid adlı şəxsin yataq otağına keçmələrini görmüşdür. Daha sonra onlar çölə çıxmışlar. 3- 5 dəqiqə sonra evə taqqıldı ayaq səsləri eşitmiş və azyaşlı nəvəsi olmasını zənn etmişdir. 10-15 dəqiqə sonra arvadı və gəlinim evə qayıtmış və ona özünü seyid adlandıran şəxsə verdiyi 200 manat pulun 100 manatını onun özünə qaytarmasını demişdir. 10-15 dəqiqə keçdikdən sonra arvadı İradə şübhələndiyini, gətirib pulu sayacağını bildirmişdir. O, pulu gətirmiş və özü saymışdır. Qeyd etmişdir ki, 2022-ci ilin payızında heyvanlarını satmış və əldə etdiyi 10000 (on min) manat pulu yataq otağında olan paltar dolabındakı özünə məxsus pencəyin iç yan cibinə qoymuşdur. Pulu saydıqda 6200 manat olmasını görmüşdür. 3700 (üç min səkkiz yüz) manat pul əskik olmuşdur. Onlara məlum olmuşdur ki, evə gələn və özünü seyid kimi təqdim edən şəxs evdə olan puldan oğurlamışdır. Qeyd etmişdir ki, pulların hamısı 100 manatlıq əskinaslar olmuşdur. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 11 radələrində evdə olmuş, həmin vaxt qapı döyülmüş və o, qapıya baxdıqda bir nəfər təxminən 50-55 yaşılarında olan kişinin qapıya gəlməsini görmüşdür. Həmin şəxs ona seyid olmasını, Allah qonağı olmasını deyib ondan çay istəmişdir. O, həmin şəxsi evə dəvət etmiş və çay vermişdir. Həmin şəxs qapının qarşısında olanda ərini harda olamsını ondan soruşmuş, daha sonra evə girmişdir. Əri Cumalı həmin zaman isə çarpayıda uzanmışdır. Özünü seyid kimi təqdim edən şəxs evdə cadu olmasını deyərək onu yalanlarına inandırmış, o, isə ona cadunu çıxarmasının, qarşılığında nə istəsə həmin şəxsə verəcəyini demişdir. Daha sonra onunla birlikdə həyətə çıxmışdır. Tövlənin qarşısında olan zaman həmin şəxs tövlənin taxta qapısının çərçivəsi ilə daşın arasında bir büküm çıxartmışdır. Bükümün içərisindən isə düyünlü sap çıxmışdır. Eyni zamanda ailə üzvlərinizin adlarının baş hərfləri yazılan kağız çıxmışdır. Bunu gördükdə o, şəxsin ilahi gücünün olmasına qətiyyətlə inanmışdır. Daha sonra həmin şəxslə bərbabər yenidən evə keçmişlər. Evdə olan zaman özünü seyid kimi təqdim edən şəxs evilərində pul olmasını, pulda pis niyyət olmasını deyib pula dua oxuayacağını demişdir. O, həmin şəxslə yataq otağına keçmiş. Yataq otağında dolabda olan pencəyin cibində olan pulu həmin şəxsə göstərmiş, o, isə pulu üfürdükdən sonra, nəsə oxumuşdur. Seyid adlanan şəxs onu bağa getməsini və orada 34 yerdən torpaq gətirməyini ona demişdir. O, da bağa getmiş, özünü seyid kimi təqdim etmiş şəxs isə otaqda tək qalmışdır. Otağa qayıtdıqda torpağı gətirmiş, duanı yandırmış, ona toyuq kəsdirmişdir. Daha sonra isə ondan bunun üçün 200 manat pul istəmiş, o, pulu dolabda olan pencəyin cibindən götürmüşdür. Evdən çıxdıqdan sonra o, və özünə seyid Hüseyn deyən şəxsi küçədən yola salan zaman ona 200 manat vermişdir, həmin şəxs 200 manatın 100 manatını özünə qaytararaq yoldaşının xəstə olmasını, bunun üçün puldan ona keçməsini demişdir. Daha sonra o, evə qayıtmış. Həmin şəxsin ona pul qaytarmasından şübhələnmiş və dərhal evə gəlib pencəyin cibində olan pulu əri Cumalıya saydırmışdır. Cumalı pulu sayanda 10000 manat puldan 3700 manatının olmamasını, yerdə 6300 manat pul qalmasını görmüşdür. Dərhal başa düşmüşdür ki, evilərinə gələrək özünü seyid Hüseyn kimi təqdim edən şəxs pulu oğurlamışdır. Bu səbəbdən əri Cumalı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 oğlunun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 11 radələrində evdə olan zaman, həmin vaxt qapı döyülmüş və qaynanası Radə qapıya baxdıqda bir nəfər təxminən 50-55 yaşı olan kişinin qapıya gəlməsini görmüşlər. Həmin şəxs onlara seyid olmasını, Allah qonağı olmasını deyib ondan çay istəmişdir. Qayanası həmin şəxsi evə dəvət etmiş və həmin şəxsə çay vermişlər. Həmin şəxs qapının qarşısında olanda qaynatasının harda olmasını soruşmuş, daha sonra evə daxil olmuşdur. Qaynatası Cumalı isə özünü pis hiss etdiyi üçün çarpayıda uzanaraq yuxuya getmişdir. Özünü seyid kimi təqdim edən şəxs evdə cadu olmasını deyərək qaynanası Radəni və onu özünə inandırmış, qaynanası Radə xanım isə ona cadunu çıxarmasını, qarşılığında nə istəsə verəcəyini demişdir. Daha sonra qaynanası özünü seyid Hüseyin kimi təqdim edən şəxslə birlikdə həyətə çıxmışdır. Tövlənin qarşısında olan zaman həmin şəxs tövlənin taxta qapısının çərçivəsi ilə daşın arasında büküm çıxarmışdır. Bükümün içərisindən isə düyünlü sap çıxmışdır. Eyni zamanda ailə üzvlərimizin adlarının baş hərfləri yazılan kağız çıxmışdır. Onlar həmin şəxsə inanmışlar. Daha sonra həmin şəxslə yenidən evə gəlmişlər. Evdə olan zaman özünü seyid Hüseyn kimi qələmə vermiş şəxs evimizdə pul olmasını, pulda pis niyyət olmasını deyib pula dua oxuayacağını demişdir. Qaynanası Radə, o və özünü seyid Hüseyn kimi təqdim edən şəxs ilə birlikdə yataq otağına keçmişlər. Yataq otağında dolabda olan pencəyin cibində pulu həmin şəxsə göstərmişlər, o isə pulu üfürmüş, nəsə oxumuşdur. Seyid adlanan şəxs qaynanası Radəni və onu bağa 34 yerdən torpaq gətirmələri üçün göndərmişdir. Onlar bağa getmişlər, həmin seyid kimi özünü qələmə verən şəxs isə otaqda tək qalmışdır. Torpağı gətirib otağa girdikdən sonra, duanı yandırmışlar, onlara duanın pozulmaması üçün toyuq kəsməklərinin vacib olmasını bildirmişdir. Bütün bunların qarşılığında isə həmin şəxs 200 manat pul istəmişdir. Bütün bunlardan sonra özünü Seyid kimi qələmə verən şəxs artıq hər şeyin bitdiyini demiş və qaynanası Radə ilə birlikdə çölə çıxaraq cadunun evdən uzaq olması üçün evdən uzaq olmasını bildirmiş və Radə ilə birlikdə çölə çıxmışlar. Bir neçə dəqiqədən sonra qaynanası Radə evə qayıtmış və bu hadisələrdən şübhələndiyini bildirmişdir. Bundan sonra onlar otaqda şkafın içərisində olan pencəyin cibində olan pulları qaynatası Cumalıya saydırmışlar və bu zaman 10000 manat puldan 3800 manat olmadığının fərqinə varmışlar və evə gələrək özünü seyid Hüseyin kimi qələmə verən şəxsin əslində seyid yox fırıldaqçı olduğunu anlamışlar. Bundan sonra qaynatası Cumalı DİN-nin 102 məlumat xidmətinə zəng vuraraq onların evindən pul oğurlarnması barədə məlumat vermişdir. Cinayət işinin istintaqı zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs öz ifadəsini bir daha təsdiq edərək Göygöl rayonu Köşkü kəndində zərərçəkmiş şəxs X9 məxsus evdə hadisə vaxtı davranışlarını əyani surətdə göstərmişdir. Cinayət işinə əlavə edilmiş İstintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, X19 rayon məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmü ilə RSFSR CM-in 144 madə, 2 hissə, 41 maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Dağıstan Respublikası, Xiv rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə RF CM-in 159 maddə, 2 hissə, D, Q bəndləri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti cəzasına, Çeçenistan Respublikası, Qrozm rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə RF CM-in 159 maddə, 2 hissə, 74 N, 4 H. 70-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Sabirabad RPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirici material olmuş və AR CPM-nin 40.3-cü maddəsi ilə barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 344 saat ictimai işlər cəzasına məhkum edilmiş, Yevlax RİPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR MM xx.xx.2021-ci il tarixli qərarının 2.9-cu bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 fevral 2023cü il tarixdə saat 11 radələrində X7 yaşadığı Göygöl rayonu Köşkü kəndində yerləşən fərdi yaşayış evinə fal baxıcısı qismində daxil olub evdə yaşayan şəxslərin mənzilin digər otaqda olmalarından istifadə edərək ev sahibi Cumalı Xıdırovun yataq otağındakı dolabın qapısını açıb saxlanc yerinə qanunsuz daxil olaraq dolabın içərisində olan pencəyin cibində sonuncuya məxsus 3700 (üç min yeddi yüz) manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs X9 ümumilikdə 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri tamamilə ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2023cü il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş 2000 (iki min) manat məbləğində pulun kseresurətləri – cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 161 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülmüş 2000 (iki min) manat məbləğində pulun kseresurətləri – cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 1(066)-47/2023 «13» aprel 2023-cü il Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ünvan: Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 161 Zərərçəkmiş şəxs X9 ünvan: Göygöl rayonu, Köşkü kəndinə Müdafiəçilər X8 ünvan: Göygöl rayon Vəkil Bürosuna X1 ünvan: Yexlax rayon Vəkil Bürosuna Göygöl Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 1(066)-47/2023 nömrəli hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: hökmün surəti “11” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçt: Elektron ünvan İş № 1(066)-47/2023 «13» aprel 2023-cü il Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru cənab Qədimalı Hüseyinliyə Hörmətli Qədimalı müəllim, Göygöl Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 1(066)-47/2023 nömrəli hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: hökmün surəti “02” nüsxə, “12” vərəq. Hörmətlə, hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-47/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-47/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver