Məhkəmə qərarları › İş №1(066)-47/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-47/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-47/2024 25.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X6 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Göygöl Rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 66-da yaşayan Təqsirləndirilən şəxs qardaşı oğluna topal deməsi səbəbindən tanışı Göygöl şəhəri Nizami küçəsi ev 26-da yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” kafenin həyətyanı sahəsində, heç kəsin olmadığı yerdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sol gözündən zərbə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid “Sol göz nahiyyəsinin hematoması, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi” xəsarətlərini qəsdən yetirməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” kafedə olan zaman qardaşı oğlu Elşadın ona Ruzi adlı şəxsin ona topal deməsi və onu təhqir etməsini bildirmiş, bundan sonra həmin yerə Ruzinin gəldiyini görərək Ruzini kafedən kənara, heç kəs olmayan yerə çağırıb nə səbəbə qardaşı oğlu Elşadı təhqir etməsini soruşmuş, bu zaman Ruzinin onu da təhqir etmiş, həmin vaxt əsəbləşərək Ruzinin yaxasından tutaraq itələmiş və Ruzinin sol gözündən əli ilə yumuruq zərbəsi vurmuşdur. Aralarında Göygöl rayonu “Elit” kafenin kənarında heç kəsin olmadığı yerdə mübahisə olmuş, Ruzi adlı şəxsi rayonlu kimi tanımış, aralarında əvvəllər heç bir mübahisə və ya düşmənçilik olmamış, aralarında olan mübahisə təxminən 3-5 dəqiqə olmuş, həmin vaxt yanlarında heç kəs olmamışdır. O, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam` verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Göygöl şəhəri H.Əliyev prospektində yerləşən telefon mağazasına gedərək telefonunun nasazlığını ustaya göstərmiş, həmin mağazaya gedən zaman yolda Elşad adlı şəxslə qarşılaşmış və Elşad onu görən zaman ona sözlə sataşaraq “strimit edirsənmi” demiş, bu zaman o, da Elşada cavab qaytaraq “sən get topal ayağının dərdini çək” demişdir, o, daha sonra saat təxminən 18 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” kafeyə Hüseyn adlı dostunun yanına getmiş, o, “Elit” kafenin həyətyanı sahəsində olan zaman Elşadın onun yanına gələrək onu kənara çağırmış, onlar Elşadla kənara keçən zaman Elşadın qohumu Əli yanlarına gəlmiş, həmin vaxt Əli ondan Elşada nə üçün topal dediyini soruşmuş, o, həmin vaxt Əliyə Elşadın ona sataşdığı üçün Elşada elə dediyini bildirmiş, bundan sonra Əli onu kafenin kənarında heç kəsin olmadığı yerə çağıraraq nəlayiq ifadələrlə onu təhqir etməyə başlamış, bu zaman o, da Əlini təhqir etmiş, bundan sonra Əli onun sol gözündən əli ilə yumuruq zərbəsi vurmuş, o, artıq Əlinin onu döydüyünü görüb Əlini itələyib mübahisəni sonlandırmağa çalışmış, bundan sonra onların arasında olan mübahisə qurtarmışdır, sonradan Əli ondan polisə müraciət etməməsini xahiş etmiş, ancaq xx.xx.2024-cü il tarixdə gözünün içinə qan yığılmasından narahat olaraq Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yer Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” kafenin həyətyanı sahəsidir. 15 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə kafenin kənarında heç kəsin olmadığı yerdə baş vermişdir. Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Göygöl şöbəsinin məhkəmə-tibb ekspertinin 18 mart 2024-cü il tarixli 157 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz nahiyəsinin hematoması, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Göygöl Mənzil-X1 Birliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da yaşayır qeydiyatda olmaqla yaşayır. Göygöl Mənzil-X1 Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç şikayət və narazılıqlar daxil olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 27 mart 2024-cü il tarixli, 2377 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli, 1832 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 66-da yaşayan Təqsirləndirilən şəxs qardaşı oğluna topal deməsi səbəbindən tanışı Göygöl şəhəri Nizami küçəsi ev 26-da yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” kafenin həyətyanı sahəsində, heç kəsin olmadığı yerdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sol gözündən zərbə vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid “Sol göz nahiyyəsinin hematoması, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi” xəsarətlərini qəsdən yetirməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar