Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-48/2024 31.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X3 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Samux rayonu Qovlarsarı kəndində doğulmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,, məhkumluğu ödənilməmiş, Samux rayonu Qovlarsarı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 30 noyabr 2023-cü il tarixdə “TikTok” sosial şəbəkəsində özünə məxsus 29 baş xırda buynuzlu heyvanı satmaq barədə elan yerləşdirmiş X6 ilə əlaqə saxlayıb həmin heyvanları 1 kiloqramını 17 manatdan hesablamaqla satın ala biləcəyini deyib Anar Hacıalıyev ilə razılaşdıqdan sonra sonuncunu Gəncə şəhəri “Dubay bazarı” adlandırılan yerə dəvət edib, daha sonra Göygöl rayonu Mollacəlilli kəndinə gətirərək tərəzi vasitəsilə heyvanları çəkib Anar Hacıalıyevə ümumilikdə 9100 manat məbləğində pul verəcəyini vəd edərək sonuncunu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisinə gedib onun həmin pulu gətirməsini gözləməsinə inandırdıqdan sonra Anar Hacıalıyevə məxsus heyvanları Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid4 öz heyvanları kimi təqdim edib həmin heyvanları ümumilikdə 7200 manat qarşılığında sonuncuya sataraq Anar Hacıalıyevin ümumilikdə 9100 (doqquz min yüz) manat dəyərində əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Samux rayonu Qovlarsarı kəndində ailəsi ilə birlikdə yaşayır. O, 2023-cü ilin sonlarında “Tiktok” sosial şəbəkəsində heyvan alqı-satqısı ilə məşğul olması barədə elan yerləşdirmişdir. 29 noyabr 2023-cü il tarixdə tanımadığı şəxs ona sosial şəbəkədən mesaj yazaraq əmisinin heyvan satdığını demişdir. O da ona lazım olarsa onunla əlaqə saxlanılmasını demişdir. Bir müddət sonra tanımadığı nömrədən ona zəng gəlmişdir. Ondan quzu ətini neçəyə alacağını soruşmuş və o da quzu ətinin kiloqramını 17 manata aldığını demişdir. Həmin şəxslə 30 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində ondan heyvan almasına dair razılığa gəlmişlər. 30 noyabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində həmin şəxs ona zəng edərək Gəncə şəhərində olduğunu demişdir. O saat 16-17 radələrində bacanağı Səbuhiyə məxsus Opel markalı avtomobil ilə Gəncə şəhəri “Dubay bazarı” adlanan yerə getmişdir. Sonradan tanıdığı Anar, Loğman və Qazel markalı avtomobilin sürücüsü Ramiz adlı şəxslərin Ağsu rayonundan Qazel markalı avtomobil ilə 29 baş xırda buynuzlu heyvan gətirmələri məlum olmuşdur. O, heyvanlara baxdıqdan sonra onlara heyvanları alması üçün başqa bir şəxslə razılaşdığını və onu çağıracağını, ona heyvanların özünə məxsus olduğunu deyəcəyini və onun yanında heyvanların onlara məxsus olmasını deməmələrini demişdir. Onlar da onunla razılaşmışlar. O, bir neçə gün əvvəldən heyvan bazarında olarkən orada heyvan alveri ilə məşğul olan şəxslərdən heyvan alqı-satqısı ilə məşğul olan şəxs nömrəsi istəyərək, sonradan adı ona məlum olan Hikmət adlı şəxsin nömrəsini almışdır. Həmin vaxtı da o, Hikmətə məxsus həmin nömrəyə zəng etmişdir. Ona xırda buynuzlu heyvan satdığını və almaq istəyib-istəməyəcəyini soruşmuşdur. Hikmət onu tanımadığını, ona heyvanların oğurluq olub-olmamasını soruşmuşdur. O da Hikmətə heyvanların özünə məxsus olduğunu demişdir. Heyvanların kiloqramını 14 manata razılaşdıqdan sonra Hikmət özünə məxsus markasını xatırlamadığı avtomobil ilə onların olduqları yerə gəlmişdir. Anar və digərlərinə isə Hİkmətin yanında heyvanın onlara məxsus olması barədə heç bir söz deməməsini dediyi üçün onlar Hikmətin yanında heç bir söz deməmişlər. Hikmət heyvanlara baxdıqdan sonra Göygöl rayonu Mollacəlilli kəndinə getmələrini istəmişdir. Onlar da heyvanları da özləri apararaq Göygöl rayonu Mollacəlilli kəndinə getmişlər. Orada Hikmətin yaşadığı ünvanda tərəzi vasitəsilə heyvanları çəkmişlər və 27 baş quzunun ümumilikdə diri çəkisi 1013 kiloqram, 2 baş keçinin isə diri çəkisi 60 kiloqram olmuşdur. Keçilərin tərəzi vasitəsilə çəkilib kiloqramı ilə satılmaması barədə həmin vaxtı narazılıq yarandıqda o, Hikmətə tərəzi vasitəsilə çəkməsini və razılaşacaqlarını demişdir. Loğmana isə işarə edərək sakit qalmasını demiş, Loğman da heç bir söz deməmişdir. Hikmət onun onlarla heyvanı kiloqramını 17 manata danışmasını bilməmişdir. O, Anar, Loğman və Ramiz adlı şəxslərə gedib Gəncə şəhərinin girişində “Zazalı” postu deyilən yerdə onu gözləmələrini istəmişdir. Onlar da Qazel markalı avtomobil ilə və bacanağı Səbuhiyə məxsus Opel markalı avtomobil ilə getmişlər. O, Hikmətlə birlikdə ona məxsus avtomobillə Göygöl şəhəri “Böyük İsgəndər” adlı restoranın qarşısına getmişlər. Orada Hikmət adını bilmədiyi bir nəfərdən pul götürərək ona 7200 manat vermişdir. Hikmət onu Gəncə şəhərinin girişində həmin şəxslərin gözlədiyi yerə aparıb onu ora düşürdükdən sonra çıxıb getmişdir. O, pulun bir qismini götürüb 4600 manatı onlara verib geri qalanını bir neçə günə onların kart hesabına göndərəcəyini bildirmişdir. Lakin onlar onunla razılaşmamışlar, o, əlavə olaraq 400 manat verib onlara ümumilikdə 5000 manat pul verəcəyini, qalan pulu da yenə də kart vasitəsilə onlara göndərəcəyini demiş, lakin onlar 9100 manatı tam şəkildə verməsini tələb etmişlər. O, onlara Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə gedib oradan pul götürüb onlara verəcəyini demişdir. Qazel markalı avtomobilin sürücüsü Ramiz adlı şəxs orada gözləmış, Anar və Loğman adlı şəxslər isə bacanağı Səbuhi və onunla birlikdə Səbuhiyə məxsus Opel markalı avtomobil ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə getmişlər. Orada avtomobildən düşərək onu gözləmələrini deyib getmişdir. Oradan da çıxıb getmişdir. Həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Himayəsində 1 nəfər uşaq olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Ağsu rayonu Padarqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı ünvanda təsərrüfatla və heyvandarlıqla məşğul olaraq dolanır. Əmisi oğlu Loğman Hacıalıyev də onunla eyni kənddə yaşayır və o da heyvandarlıqla məşğul olur. O, 2023-cü ilin dekabr ayında Tik-Tok sosial şəbəkəsində xırda buynuzlu heyvan satmasıyla bağlı elan paylaşmışdır. 29 noyabr 2023-cü il tarixdə özünü ona Müsaməddin adı ilə təqdim edən şəxs onun elanda yerləşdirdiyi mobil nömrəsinə zəng edərək heyvanların 1 kiloqramını 17 (on yeddi) manata almaq istədiyini bildirmişdir. Onlar həmin şəxslə razılaşdıqdan sonra 30 noyabr 2023-cü il tarixdə o, özünə məxsus 29 baş xırda buynuzlu heyvanı (27 baş quzu, 2 baş keçi) onunla eyni kənddə yaşayan həmkəndlisi Şahid2 məxsus Qazel markalı yük avtomobili ilə yol haqqı 300 manata razılaşaraq Gəncə şəhərinə gətirmişlər. Onlar Gəncə şəhəri “Dubay Bazarı” deyilən yerin yaxınlığında Müsaməddin adlı şəxslə, sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təqsirləndirilən şəxs yanında Səbuhi adlı bacanağı Opel markalı avtomobil ilə gəlmişlər. Onlar heyvanlara baxıb bəyənmişlər. Təqsirləndirilən şəxs telefonla kiminləsə danışmışdır. Həmin şəxsin qəssab olduğunu və onlardan heyvanları alıb ona satacağını demişdir. Onlar adı ona sonradan məlum olan Hikmət adlı şəxsi gözləmişlər. Təqsirləndirilən şəxs onlara həmin şəxsə qiymət barədə heçnə deməmələrini, ona heyvanları daha baha qiymətə satdığını bildirmişdir. Saat təxminən 17 radələrində Hikmət Toyota markalı avtomobil ilə onların olduqları yerə gəlmişdir. O, heyvanlara baxdıqdan sonra Göygöl rayonu, Mollacəlilli kəndinə aparmaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs Hikmətə məxsus avtomobildə ön oturacaqda oturmuş, əmisi oğlu Anar isə Səbuhi ilə birlikdə Opel markalı avtomobil ilə getmişlər. O da heyvanlara nəzarət etmək üçün Ramizə məxsus Qazel markalı avtomobilin yük yerində Göygöl rayonu, Mollacəlilli kəndinə gəlmişlər. Hikmət yaşadığı evin həyətində heyvanları düşürüb, tərəzi ilə çəkmişlər. Təqsirləndirilən şəxsla razılaşmalarına görə heyvanların ümumi çəkisinin yarısını itkiyə çıxaraq qalan çəkisinin kilosunu 17 manatdan hesablayaraq pullarını verməli idi. 27 baş quzunun çəkisi 1013 (min on üç) kiloqram gəlmişdir. 2 baş keçinin çəkisi isə 60 kiloqram olmuşdur. Onların 17 manatdan hesablamalarına görə heyvanların ümumi qiyməti 9100 (doqquz min yüz) manat etmiş, lakin Təqsirləndirilən şəxs onlara qiymət barədə Hikmətlə hər hansı söhbət etməmələrini dediyi üçün onlar orada heç bir söz danışmamışlar. Hikmət Təqsirləndirilən şəxs pulu Gəncə şəhərində yerləşən şadlıq sarayından götürüb verəcəyini demiş və Təqsirləndirilən şəxs ilə birlikdə özünə məxsus Toyota markalı avtomobilə əyləşib getmişlər. Əmisi oğlu Loğman Ramiz ilə Qazel markalı avtomobil ilə, o isə Səbuhi ilə ona məxsus Opel markalı avtomobilə oturub Gəncə şəhərinin çıxışına gedib, orada gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs Hikmətə məxsus Toyota markalı avtomobil ilə onların olduqları yerə gəlmiş, Hikmət onlara siqnal verib çıxıb getmişdir. Təqsirləndirilən şəxs Opel markalı avtomobilə oturub onlara 4600 manat pul sayıb verdikdən sonra qalan pulu da bir neçə günə kart vasitəsilə verəcəyini demişdir. Onlar onunla razılaşmamışlar. Təqsirləndirilən şəxs onlardan bir qədər kənarlaşaraq telefonla danışmış, Anar və ona avtomobildə əyləşmələrini istəyərək Gəncə şəhərində “Samovar” çay evinin qarşısına gedib oradan pul götürüb onlara verəcəyini demişdir. 4600 manat pulu Loğman cibinə qoymuşdur. Avtomobildə oturduqdan sonra Təqsirləndirilən şəxs Loğmandan həmin pulu almış və bütöv halda verəcəyini demişdir. Onlar Gəncə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs dediyi yerə çatdıqda o, avtomobildən düşüb 20 dəqiqəyə pulu götürüb gələcəyini demişdir. Onlar 25 dəqiqə gözləmişlər, lakin Təqsirləndirilən şəxs gəlmədiyi üçün o, ona zəng etmişdir. Təqsirləndirilən şəxs 5 dəqiqəyə gələcəyini demişdir. Lakin 10 dəqiqə keçsə də, Təqsirləndirilən şəxs gəlmədiyi üçün Loğman Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs gələcəyini demişdir. Lakin 1 saata yaxın müddət keçsə də, Təqsirləndirilən şəxs gəlmədiyi üçün ona zəng etmişlər, lakin ona məxsus nömrəyə zəng çatmamışdır. Bundan sonra onlar DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişlər. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Hikmət həmin heyvanları kiloqramını 14 manatdan razılaşmışlar və Hikmətin Təqsirləndirilən şəxs 7200 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərərə görə 9100 (doqquz min yüz) manat pulu ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuna uyğun ağır cəzalanmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 və Şahid2 da zərərçəkmiş şəxs X6 oğlu ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Samux rayonu Qarayeri qəsəbəsində ailə üzvləriylə birlikdə yaşayır. Etibarnamə əsasında “Opel” markalı avtomobil idarə edir, bəzi vaxtlarda da həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 30 noyabr 2023-cü il tarixdə günorta saatlarında Samux rayonu, Qovlarsarı kəndində yaşayan bacanağı Təqsirləndirilən şəxs evində oturub yemək yedikdən sonra Təqsirləndirilən şəxs ona onunla birlikdə heyvan baxmaq üçün Gəncə şəhərinə getmələrini xahiş etmişdir. O, özünə məxsus Opel markalı avtomobil ilə Hüsaməddini Gəncə şəhəri, Dubay Bazarı deyilən bazarın qarşısına aparmışdır. Onlar Gəncə şəhərində Ağsu rayonundan gəlmiş Anar və Loğman adlı şəxslərlə görüşərək Anara məxsus 29 baş xırda buynuzlu heyvana baxmışlar. X13 heyvan alqı-satqısı barədə söhbət etdikdən sonra Hüsaməddin ondan avtomobili Göygöl rayonu, Mollacəlilli kəndinə sürməsini istəmişdir. O, avtomobili Mollacəlilli kəndinə sürmüş və orada Anar heyvanları Hikmət adlı şəxsin qapısına düşürdükdən sonra Hüsaməddin heyvanların pulunu Gəncə şəhərinin çıxacağına gətirəcəyini bildirərək Anarla Loğmanı onunla birlikdə Gəncə şəhərinin çıxacağına göndərmişdir. Anarla və Loğman onunla 30 dəqiqə gözlədikdən sonra Hüsaməddin gələrək pulu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən götürəcəyini bildirdikdən sonra onlar dördü birlikdə Yeni Gəncə qəsəbəsinə getmişlər. X15 qəsəbəsində notariusun yaxınlığında gözlədərək pul gətirəcəyini blldirib getmişdir. Lakin nə pulu gətirməmiş, nə də zənglərə cavab verməmişdir. Ona görə də Anar AR DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Onun xx.xx.2023-cü il tarixdə bacanağı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və digərlərini aldadaraq onlara qarşı dələduzluq edəcəyi barədə əvvəldən heç bir məlumatı olmamışdır, Hüsaməddin ona bu barədə heçnə danışmamışdır. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul verməmişdir. Hüsaməddin onun avtomobilinə yanacaq alacağını demiş, lakin onu da almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Mollacəlilli kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıqla məşğul olur. Bundan başqa da xırda buynuzlu heyvan alqı-satqısı ilə məşğul olur. 30 noyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində sonradan adlı ona məlum olan Təqsirləndirilən şəxs ona zəng edərək özünü təqdim etdikdən sonra nömrəsini Gəncə şəhərində qəssab işləyən Qəzənfərdən aldığını demişdir. Təqsirləndirilən şəxs ona quzu satdığını və almaq istəyərsə gəlib baxmasını demişdir. Təqsirləndirilən şəxs ona Gəncə şəhərində “köhnə Gəncə qapıları”nın yanında olduğunu demişdir. O da Gəncə şəhəri Gülüstan qəsəbəsində olduğundan özünə məxsus “Toyota Rav 4” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun dediyi yerə getmişdir. Orada Qazel və Opel markalı avtomobillərin və yanında bir neçə nəfər şəxsin olmasını görmüşdür. Onlarla salamlaşdıqdan sonra Qazel markalı avtomobilin üzərində olan xırda buynuzlu heyvanlara baxmışdır. Heyvanların kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs özünə məxsus olmasını bildirmişdir. Heyvanlar normal olduğundan o, Göygöl rayonu Mollacəlilli kəndində yaşadığı ünvana aparmaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə onunla birlikdə, digərləri isə Qazel və Opel markalı avtomobillər ilə onun yaşadığı ünvana gəlmişlər. Orada atası Əli də heyvanlara baxaraq yaxşı heyvanlar olmasını və heyvanları kimin baxdığını soruşmuşdur. Bu zaman onlar “elə hamımızın” demişlər. Onlar Qazel markalı avtomobildən heyvanları düşürüb tərəzidə bir-bir çəkərək rəngləyib tövləyə salmışlar. Yekunda 27 baş xırda buynuzlu heyvanın çəkisi təxminən 1013 (min on üç) kiloqram, 2 baş keçinin çəkisi isə 60 kiloqram gəlmişdir. Atası keçilərin çəki ilə satılmadığını deyərək narazılıq etdikdə isə Təqsirləndirilən şəxs sonda razılaşacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs axırda keçilərin çəkisindən 5 kiloqram keçərək 55 kiloqram hesablamış və heyvanların ümumi qiyməti 7250 manat etmişdir. Onun üzərində qeyd olunan qədər pul olmadığından Hüsaməddinə yaxınlıqda olan restorana gedib oradan pul götürüb ona verəcəyini demiş, Təqsirləndirilən şəxs də ona etiraz etməyərək onunla birlikdə getmişdir. Digər şəxslər isə öz avtomobillərinə əyləşərək arxalarınca gəlmişlər. O, onlara Mollacəlilli kənd yolunun girişində gözləmələrini və pulu götürüb gələcəklərini demiş və öz avtomobili ilə Göygöl şəhərində yerləşən “Böyük İsgəndər” restoranına gedib orada tanışı Rövşən adlı şəxsdən 6000 manat pul almışdır. Üzərirdə olan puldan da 1200 manat götürərək Hüsaməddinə 7200 manat vermişdir. Həmin vaxtı digər şəxslərdən biri Hüsaməddin adlı şəxsə zəng etmiş və Hüsaməddin ona Gəncə şəhərinin girişinə gedib onu gözləmələrini demişdir. Onun həmin şəxslərə nə üçün belə deməsini o, başa düşməmiş, lakin həmin vaxtı Təqsirləndirilən şəxs digər şəxsləri aldadacağı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu həmin şəxslərin olduğu Gəncə şəhərinin girişində, Samux rayonuna gedən yola yaxın yerdə düşürməsini xahiş etmiş, o, Hüsaməddini aparıb digərlərinin yanında düşürüb Gəncə şəhərinə getmişdir. Sonra heyvanları “heyvan bazarı”na apararaq müxtəlif şəxslərə satmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən məlum olur ki, hadisə yeri Göygöl rayonu Mollacəlilli kəndində Şahid4 məxsus olan fərdi yaşayış yerinin həyətidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 07 yanvar 2024-cü il tarixli tələbnamə-arayışdan Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirli bilinmiş və barəsində həmin Məcəllənin 67,71.5-ci maddələri tətbiq edilməklə 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində AR CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanun tətbiq edilib, xx.xx.2017-ci il tarixli Kəpəz rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzadan azad edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi xaric edilərək üzərində 04 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb cəzasını çəkmiş hesab edildiyi üçün azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 19:00-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 29 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Samux RİH başçısının Samux rayonu Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər, 01 sentyabr 2006-cə il təvəllüdlü X2 adlı uşaq vardır, o, ailəsi ilə birlikdə Samux rayonu Qovlarsarı kəndində yaşayır. Cinayət işinin materiallarında olan Samux RİH başçısının Samux rayonu Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi onun əməlini etraf edib,əməllərindən peşman olması, himayəsində 1 nəfər uşaq olmasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 30 noyabr 2023-cü il tarixdə “TikTok” sosial şəbəkəsində özünə məxsus 29 baş xırda buynuzlu heyvanı satmaq barədə elan yerləşdirmiş X6 ilə əlaqə saxlayıb həmin heyvanları 1 kiloqramını 17 manatdan hesablamaqla satın ala biləcəyini deyib Anar Hacıalıyev ilə razılaşdıqdan sonra sonuncunu Gəncə şəhəri “Dubay bazarı” adlandırılan yerə dəvət edib, daha sonra Göygöl rayonu Mollacəlilli kəndinə gətirərək tərəzi vasitəsilə heyvanları çəkib Anar Hacıalıyevə ümumilikdə 9100 manat məbləğində pul verəcəyini vəd edərək sonuncunu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisinə gedib onun həmin pulu gətirməsini gözləməsinə inandırdıqdan sonra Anar Hacıalıyevə məxsus heyvanları Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid4 öz heyvanları kimi təqdim edib həmin heyvanları ümumilikdə 7200 manat qarşılığında sonuncuya sataraq Anar Hacıalıyevin ümumilikdə 9100 (doqquz min yüz) manat dəyərində əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam təsdiq olununr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 16 dekabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixə kimi 02 gün müddətə şühbəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə hesab edir ki, ona təyin edilmiş cəzadan 02 gün müddət çıxılmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs X4 dəymiş maddi ziyan ilə bağlı mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə mülki maddi subut iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 02 (iki) gün müddətə şühbəli şəxs kimi həbsdə saxlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınaraq, üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə zərərçəkmiş şəxs X4 dəymiş maddi ziyan ilə bağlı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmün icrası Göygöl rayon Polis şöbəsinə və Gəncə 2 saylı İsintaq Təcridxanasına həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-48/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-48/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver