Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-5/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi ev 34, mənzil 34-də qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 50 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru, avtomobilin salonunda olan 130 manat dəyərində bir ədəd “Pioneer” markalı maqintafon və iki ədəd “Pioneer” markalı, 600lük xrom səs gücləndiricini həmçinin avtomobilin salonunda olan 200 manat nəğd pulunu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 480 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 100 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru və avtomobilin yanacaq çənində olan 5 manat dəyərində 5 litir yanacağı çıxardıb gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 105 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi ev 34, mənzil 34-də qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olmaqla ailəsinə baxır. Göygöl rayon Hacıməlik qəsəbə sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər heç zaman tanımamış, onların heç biri ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. 18 iyun 2022-ci il tarixdə dostu Şahid1 birlikdə onun idarə etdiyi avtomobillə Bakı-Qazax avtomobil yolu ilə hərəkətdə olan zaman Göygöl rayonunun Hacıməlik qəsəbəsinin ərazisində yanacaq çənində avtomobilin yanacağının çox az qaldığını və avtomobilin nasaz işləməsinə görə onun yanacağın az olmasında deyil akkumlyatorun avtomobilə lazımı qədər elektrik verə bilməməsini düşünmüşlər. Bundan sonra qərara gəlmişlər ki, Hacıməlik qəsəbəsinə girib kənddə olan avtomobillərin birindən akkumlyator oğurlayıb avtomobilə qoysunlar. Bu səbəbdən Hacıməlik qəsbəsinə girərək küçələrin birində yolda dayanmış Vaz 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil görüb həmin avtomobilin yanında dayanmışlar. Avtomobildən düşdükdən sonra İbrahim həmin avtomobilin yanacaq çənindən təxminən 5 litrə yaxın benzin çəkib öz avtomobilinə tökmüş, o isə avtomobilin akkumlyatrorunu oğurlamışdır. Hadisə yerindən təxminən 100-150 metr uzaqlaşdıqda Şahid1 avtomobildən düşüb oğurladığı akkumlyatoru avtomobilə qoysa da avtomobil işə düşməmişdir. Bundan sonra İbrahim həmin akkumlyatoru elə oradaca tullayıb öz akkumlyatoru ilə avtomobili işə salaraq hərkətə davam etmişdir. Həmin küçə ilə hərəkətdə olan zaman VAZ 2106 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin avtomobilin yanında dayanmışlar, avtomobildən düşdükdən sonra Şahid1 həmin avtomobilin kapotunu qaldırıb akkumlyatorunu götürüb avtomobilinə qoymuş və həmin akkumlyatorla avtomobilini işə salmış, öz akkumlyatorunu isə elə oradaca tullamışdır. O isə avtomobilin qapılarının açıq olmasından istifadə edib salonda olan maqnitafonu və arxada olan 4 ədəd kalonkaları yerindən çıxardıb oğurladıqdan sonra Hacıməlik qəsəbəsindən çıxıb getmişlər. O Şahid1la oğurluq hadisələrini hamıdan gizlin olaraq törətmiş və oğurluq edən zaman onları heç kəs görməmişdir. VAZ 2106 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları maqnitafonla kalonkaları isə yolla gedərkən onların Çin Respublikasında istehsal edildiyini görüb xatırlamadığı yerdə pəncərədən çölə atmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ona məxsus “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilini gündəlik olaraq yaşadığı ünvanın qarşısında küçədə saxlayır. 19 iyun 2022-ci il tarixdə saat 05 radələrində mal bazarına heyvan satmağa gedəcəyi üçün yuxudan oyanaraq bazara gedib saat 08 radələrində bazardan evə qayıtdıqda evinin qarşısında olan avtomobilinin mühərrik qapağının, daha sonra avtomobilin ön qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin salonuna baxan zaman maqnitafonun, iki ədəd səs gücləndiricinin və avtomobilin salonuna qoyduğu iki ədəd yüz manatlıq əskinaz olmaqla ümumilikdə 200 manat pulunun da oğurlandığını aşkar etmişdir. Ona məxsus VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq zamanı 200 manat nağd pulu, 1 ədəd 60 həcmli “Atlant” markalı akkumlyator, bir ədəd “Pioneer 7150” markalı maqnitafon, iki ədəd 600lük xrom “Pioneer” markalı səsgücləndirici ümumilikdə ona 480 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 480 manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. xx.xx.2022-ci il tarixdə Göygöl rayon Hacıməlik qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin akkulyatorunu, maqnitafonunu, səsgücləndiriciləri və avtomobilin içərisinə qoyduğu 200 manat nəğd pulunu, Göygöl rayon Hacıməlik qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumlyatorunu və yanacaq çənindən 5 litr benzinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçək gecə naməlum şəxslər tərəfindən oğurlanması, qeyd olunan əşyaları oğurlamış şəxslərin müəyyən edilməsi istiqamətində tədbir görülməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Göygöl rayonu Hacıməlik qəsəbə sakinləri Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobildən və Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmiş şəxslərin Gəncə şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Qeyd olunan şəxslərin ətrafında keçirilmiş tədbirlər nəticəsində Şahid1 və Təqsirləndirilən şəxs Gəncə şəhərində müəyyən edilərək istintaqa təqdim edilsə də oğurlanmış əşyalar müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X4 da əsasən Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onuun göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, Göygöl rayonu Hacıməlik qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ona məxsus olan “Vaz 2106” markalı, **-BC-*** nömrə nişanlı avtomobili gündəlik olaraq yaşadığım evin qarşsında küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində oyanıb küçəyə çıxdıqda avtomobilinin mühərrik hissəsinin qapağının açıq vəziyyətdə olduğunu, avtomobilinin “Atlant” markalı, 60 həcmli akkumlyatorunun və yanacaq çənindən təxminən 5 litr benzinin də oğurlanmasını görmüşdür. Ona məxsus “Vaz 2106” markalı, **-BC-*** nömrə nişanlı avtomobildən baş vermiş oğurluq nəticəsində ona 105 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 105 manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 19 iyun 2022-ci il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Göygöl rayonu Hacıməlik qəsəbəsində Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları ünvanın qarşısıdır. Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə və Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Məhkəmə-əmətəəşünaslıq ekspertizasının 22 dekabr 2022-ci il tarixli 9/9232 nömrəli rəyində ekpertiza üçün qeyd edilmiş əşyaların 2022-ci ilin iyun ayına orta bazar qiymətlərinin 1 ədəd 60 həcmli “Atlant” markalı akkumlyatorun qiymətinin 40 manat, bir ədəd “Pioneer 7150” markalı maqnitafonun dəyərinin 180 manat, iki ədəd 600lük xrom “Pioneer” markalı səsgücləndiricinin qiymətinin 60 manat, həmçinin Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Atlant” markalı, 60 həcmli akkumlyatorun qiymətinin 40 manat olması göstərilmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X1 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 22 iyun 2023-cü il tarixli tələbnamə-arayışdan Gəncə Şəhər Məhkəməsi 06 iyun 2023-cü il tarixli 1(125)-64/2023 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmaqla 1 il, 2 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsin 29 mart 2024-cü il tarixli 1(104)-27/2024 nömrəli qərarından məlum olur ki, Gəncə Şəhər Məhkəməsi 06 iyun 2023-cü il tarixli 1(125)-64/2023 nömrəli hökmündən verilən apelliyasiya protesti və şikayəti təmin edilməmiş Gəncə Şəhər Məhkəməsi 06 iyun 2023-cü il tarixli 1(125)- 64/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan şühbəli şəxsin tutulması haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdən şühbəli şəxs qismində saxlanılmışdır. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsi 06 iyun 2023-cü il tarixli 1(125)-64/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 1 il, 2 ay, 28 gün azadlıqdan məhrumetmə cəzasını 13 mart 2024-cü il tarixdə çəkib qurtarmış və həmin tarixdəndə bu cinayət işi üzrə həbsdədir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 1(066)-50/2023 nömrəli qərarından məlum olur ki, Şahid1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, məkum edilmişdir və cinayət işi üzrə keçirilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 50 manat xərcinin ondan tutulması qərara alınmışdır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 50 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru, avtomobilin salonunda olan 130 manat dəyərində bir ədəd “Pioneer” markalı maqintafon və iki ədəd “Pioneer” markalı, 600lük xrom səs gücləndiricini həmçinin avtomobilin salonunda olan 200 manat nəğd pulunu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 480 manat dəyərində ziyan vuraraq oğurluq etməsi, bundan başqa onun təkrar özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixə keçən gecə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus VAZ 2106 markalı ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin matorxanasında olan 100 manat dəyərində “Atlant” markalı, 60 həcmli akumlyatoru və avtomobilin yanacaq çənində olan 5 manat dəyərində 5 litir yanacağı çıxardıb gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 105 manat dəyərində ziyan vuraraq oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 02 (iki) gün, 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixə kimi olan müddət ərzində şühbəli şəxs qismində, barəsində seçilmiş “həbs” qətimkan qətimkan tədbiri ilə əlaqədar 12 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixə kimi olan müddət 13 (on üç) həbsdə saxlanılmışdır. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində və həbsdə saxlanıldığı cəmi 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində fəhləlik etməklə dolanışığını təmin edir, Gəncə şəhəri, Məhsəti qəsəbəsi ev 34, mənzil 34-də qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 34 nömrəli evin, 34 nömrəli mənzilində günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyanın zərərçəkmiş şəxlərə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində saxlandığı 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixə kimi olan 02 (iki) gün müddət, “həbs”də saxlandığı 12 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixə kimi olan 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 01 (bir) ay müddət çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi 34 nömrəli evin, 34 nömrəli mənzilini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmün icrası Gəncə şəhər Probasiya İdarəsinə tapşırılsın. Cinayət işi üzrə vurulan ziyanın zərərçəkmiş şəxlərə ödənilməsi nəzərə alınmalıdır. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-5/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-5/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver