Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-50/2024 30.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə saat 19:40 radələrində idarə etdiyi “QAZ 33021” yük markalı **-DN-***dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən 356cı kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitlərinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək 65 km/saat sürətlə yolun sağ zolağı ilə Qazax rayon istiqamətdə hərəkətdə olan zaman avtomobilin qabaq sağ hissəsi ilə, qarşıda yolun sağ yol çiynində işıqları sönük dayanmış vəziyyətdə olan sürücü Şahid2 idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə sağdan sarı xətdən sola doğru 10 sm. metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan zərər şəkmiş şəxs, idarə etdiyi avtomobildə olmuş sərnişin X9 alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların həm məmə, həm də onurğayanı xətlər üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızması, hər iki ağciyərin cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün orta 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, İİ bel fəqərəsinin sınığı, həmin nahiyəyə uyğun hissədə onurğa beynin zədələnməsi, sağ bud sümüyünün qapalı sınığı, sol əlin yarası, alt çənə, qarın, sol dirsək, sağ əl, sağ bud, sağ qalça, hər iki diz, hər iki baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə nəticəsində vəfat etmiş X11 onun atasıdır. Hadisə zamanı idarə etdiyi “QAZ 33021” yük markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə atası Həsən Bayramova məxsusdur. 20 yanvar 2024-cü il tarixdə o, mərhum atası Həsən Bayramovla birlikdə Bakı şəhərinə getmişlər, 21 yanvar 2024-cü il tarixdə o, atası ilə birlikdə Sumqayıt avtomobil bazarına getmişlər, orada hadisə zamanı idarə etdiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının adına baş etibarnamə ilə almışlar. 21 yanvar 2024-cü il tarixdə o, həmin avtomobili idarə edib təxminən günorta saatlarında oradan Tovuz rayonuna yaşadığı evə getmək üçün yola düşmüşdür. Avtomobili o, idarə etmiş, atası da sərnişin qismində oturmuşdur. Həmin günü saat təxminən 19:40 radələrində o, idarə etdiyi avtomobillə Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən avtomobil yolu ilə 65 km/saat sürətlə yolun sağ zolağı ilə avtomobilin yaxın vuran işıqlarını yandırıb Qazax rayon istiqamətində hərəkətdə olan zaman qəfildən qarşıda olan bir yük avtomobili ilə toqquşmuşdur. Toqquşduğu avtombilin işıqları yanmadığından onu görməmişdir, avtomobilin qabaq hissəsi ilə yük avtomobilin arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almış, atası aldığı xəsarətlərdən vəfat etmişdir. Onu və atasını hadisə yerinə gəlmiş Fövqəladə Hallar xilasetmə qrupu avtomobildən çıxarmışdır. Onu hadisə yerindən təcili tibbi yardımla Göygöl rayon mərkəzi xəstəxanasına aparmışlar. 24 yanvar 2024-cü il tarixdə onu Tovuz rayon Mərkəzi xəstəxanasına aparmışlar, 02 fevral 2024-cü il tarixədək o, orada stasionar müalicədə olmuşdur. Məlum olmuşdur ki, idarə etdiyi avtomobillə əvvəllər tanımadığı Şahid2 adında şəxsin idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşduğu “KAMAZ 53212” yük markalı avtomobilin, sonradan sol yarı hissəsinin hərəkət hissəsində dayanmış vəziyyətdə olduğunu bilmişdir. Spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Törətdiyi əməldə özünü qismən təqsirli bilir beləki qarşı tərəfin avtomobil yolun düz ortasında olmuşdur. Əlavə olaraq bildirdi ki, hadisə 21 yanvar axşamı Sumqayıt maşın bazarına gedib oradan “QAZ 33021” yük markalı markalı avtomobillə qayıdarkən baş vermişdir. X4 onun atasıdır. Atası ilə bazardan qayıdarkən yolun ortasında işıqları sönülü vəziyyətdə heç bir nişanı olmadan dayanmış yük avtomobilini anidən görməmiş və nəticədə həmin yük avtomobilinə çırpılmış və nəqliyyat hadisəsi törətmişdir. Yük avtomobili anidən qarşısına çıxmış və nəticədə nəqliyyat hadisəsi baş vermişdir. Kamaz markalı avtomobilin işığı yanmamış və o, toz torpaqdan heçnə görməmişdir. Hadisə Gəncə postunu keçəndən təxminən 300 metr sonra baş vermişdir. Cinayət işinə əlavə edilmiş fotoşəkillər avtomobil irəli çəkiləndən sonra çəkilmişdir. Kamaz markalı avtomobilin işıqları sönülü vəziyyətdə olmuş, onun isə qabaq işıqları normal-işlək vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobili idarə edərkən içkili olmamış və sürəti təxminən 65 k/m olmuşdur. Zərərçəkmiş şəxs onun atasıdır. Zərər çəkmiş şəxsin hüquqi varisi onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı-Quşçu kəndində yaşayır. Hadisə nəticəsində vəfat etmiş X11 əri olmuşdur, Təqsirləndirilən şəxs isə onun oğludur. 20 yanvar 2024-cü il tarixdə Həsənlə oğlu Müşviq birlikdə Bakı şəhərinə getmişlər ki, oradan avtomobil alıb gəlsinlər. 21 yanvar 2024-cü il tarixdə təxminən gecə saatlarında onlara zəng edib məlumat verib demişlər ki, Həsənlə oğlu Müşviq Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində Bakı şəhərindən alıb gətirdikləri markasını və qeydiyyat nişanını sonradan bildiyi oğlu Müşviqin idarə etdiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol qəzasına düşüblər, “Kamaz” markalı yük avtomobili ilə toqquşublar, hadisə nəticəsində Həsən vəfat edibdir, oğlu Müşviq xəsarət alıbdır. 22 yanvar 2024-cü il tarixdə onlar Həsəni Tovuz rayonu Aşağı-Quşçu kənd qəbiristanlığında dəfn etmişlər. Əlavə olaraq bildirdi ki, kamaz markalı avtomobil yolun ortasında işığı sönülü və heç bir nişanı olmadan dayanmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yevlax rayonu Tanrıqulular kəndində yaşayır, üç övladı vardır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. BCE kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 21 yanvar 2024-cü il tarixdə o, idarə etdiyi “KAMAZ 53212” yük markalı avtomobillə tanışları onunla birlikdə işləyən Şahid1 və Şahid3la birlikdə Yevlax rayonundan Göygöl rayon Hacıməlik qəsəbəsinə ot pres yükü gətirib təhvil verib boşaltmışlar, yük yerində yük qalmamış, avtomobil tam boşalmışdır. Oradan da Gəncə şəhərinə mal bazarına getmək üçün saat təxminən 19:40 radələrində idarə etdiyi avtomobillə Orxan və Raminlə birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yolun sağ zolağı ilə 50-60 km/saat sürətlə Qazax rayon istiqamətində hərəkətdə olan zaman avtomobilin işıqları sönmüş, işıqsız vəziyyətdə o, bir təhər bacardığı qədər avtomobili bir qədər yolun sağına çəkib saxlamışdır. Hazırlaşmışdır ki, avtomobildən düşüb avtomobilə baxsın, işıqları niyə söndüyünə aydınlıq gətirsin. Sağda oturan Ramin avtomobilin qapısını açıb düşmüş, o, düşmək istəyən zaman avtomobilin arxasından bir avtomobil toqquşmuşdur. Onlar avtombildən düşüb avtomobilin arxa tərəfinə gəlib baxanda görmüşlər ki, avtomobilin arxası ilə toqquşan markasını və qeydiyyat nişanını sonradan bildiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Sükan arxasında bir cavan oğlan olmuş, qabaqda sağda isə bir kişi oturmuşdur, hər ikisi də xəsarət almışlar, xəsarət alan sərnişin hərəkətsiz vəziyyətdə olmuş, sürücü avtomobildə sıxışıb qalmışdır. Onlar polisə, təcili tibbi yardıma və Fövqəladə Halların xilasetmə xitmətinə zəng edib hadisə barədə bildirmişlər. Hadisə yerinə tibbi yardım, xilasetmə qrupu, eyni zamanda polislər gəlmişlər. Xilasetmə qrupu ilk öncə xəsarət alan sürücünü, sonra sərnişini çıxarmışlar, məlum olmuşdur ki, sərnişin ölübdür. Təcili tibbi yardımla hadisə yerindən aparılmışlar. Hadisə yerinə gəlmiş müstəntiq onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmişdir, protokol tərtib olunmuş, protokola və sxemə imza etmişdir. Toqquşmadan sonra özünü pis hisss etdiyi üçün baxışdan sonra Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gedib həkim müayinəsindən keçmişdir. O, idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə gəlib sağda dayandıqdan təxminən 1-2 dəqiqə sonra toqquşma baş vermişdir. İdarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin işıqlarının tam sönməsi birinci dəfə olan hal olmuş, bundan əvvəl avtomobilində buna bənzər nasazlıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun həmkəndlisidir, eyni zamanda birlikdə işləyirlər, Mikayılı idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə yük daşımaqla işləyirlər, Yevlax rayon Lədilli kənd sakini Şahid3 da onlarla birlikdə işləyir. 21 yanvar 2024-cü il tarixdə o, Mikayıl və Raminlə birlikdə Mikayılın idarə etdiyi “KAMAZ 53212” yük markalı avtomobillə Yevlax rayonundan Göygöl rayon Hacıməlik qəsəbəsinə ot pres yükü gətirib təhvil verib boşaltmışlar. Sonra onlar Gəncə şəhərinə mal bazarına getmək üçün maşına minmişlər. Mikayıl avtomobili idarə etmişdir, Ramin qabaqda sağda oturmuş, o, da Raminin solunda oturmuşdur. Saat təxminən 19:40 radələrində Mikayılın idarə etdiyi avtomobillə Qazax rayon istiqamətində hərəkətdə olan zaman avtomobilin işıqların söndüyünü görmüşdür. Mikayıl avtomobili yolun sağına çəkib saxlamış, birinci Ramin sağdan avtomobildən düşmüş, Mikayılla o, isə düşməyə hazırlaşarkən dayandıqdan təxminən 1-2 dəqiqə sonra avtomobilin arxasından bir avtomobil toqquşmuşdur. Avtomobildən düşmüşlər, arxaya gəlib baxanda görmüşlər ki, avtomobilin arxası ilə markasını və qeydiyyat nişanını sonradan bildiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşubdur. Həmin avtomobilin sükan arxasında bir cavan oğlan və qabaqda sağda bir kişi xəsarət almışdır, xəsarət alan sərnişin hərəkətsiz vəziyyətdə olmuş, sürücü avtomobildə qalmışdır, çıxa bilməmişdir. Onlar polisə, təcili tibbi yardıma və Fövqəladə Halların xilasetmə xidmətinə zəng edib hadisə barədə bildirmişlər. Hadisə yerinə tibbi yardım, xilasetmə qrupu, eyni zamanda polislər gəlmişlər. Xilasetmə qrupu ilk öncə xəsarət alan sürücünü, sonra sərnişini çıxarmışlar, məlum olmuşdur ki, sərnişin ölübdür, onları təcili tibbi yardımla hadisə yerindən aparmışlar. Hadisə zamanı o, xəsarət almamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid2 onun tanışıdır, birlikdə işləyirlər, Mikayılın idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ- *** qeydiyyat nişanlı avtomobillə yük daşımaqla işləmişlər, onlarla birlikdə tanışı Orxan da işləyir. 21 yanvar 2024-cü il tarixdə o, Mikayıl və Orxanla birlikdə Mikayılın idarə etdiyi “KAMAZ 53212” yük markalı avtomobillə Yevlax rayonundan Göygöl rayon Hacıməlik qəsəbəsinə ot pres yükü gətirib təhvil verib boşaltmışlar. Oradan Gəncə şəhərinə mal bazarına getməli olmuşlar. Mikayıl avtomobili idarə etmiş, o, qabaqda sağda oturmuş, Orxan solunda oturmuşdur. Saat təxminən 19:40 radələrində Mikayılın idarə etdiyi avtomobillə Qazax rayon istiqamətində hərəkətdə olan zaman avtomobilin işıqların söndüyünü görmüşlər. Buna görə də Mikayıl avtomobili yolun sağına çəkib saxlamışdır, birinci o, avtomobildən düşmüş, Mikayılla Orxan hələ düşməmişlər, hazırlaşmışlar ki, düşsünlər, elə həmin vaxtı avtomobilin arxası ilə bir avtomobil toqquşmuşdur. Avtomobildən düşmüşlər, arxaya gəlib baxanda görmüşlər ki, avtomobilin arxası ilə markasını və qeydiyyat nişanını sonradan bildiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşubdur. Toqquşma dayandıqdan təxminən 1-2 dəqiqə sonra baş vermişdir. Həmin avtomobilin sükan arxasında bir cavan oğlan və qabaqda sağda bir kişi xəsarət almışdır, xəsarət alan sərnişin hərəkətsiz vəziyyətdə olmuşdur, sürücü avtomobildə qalmış, çıxa bilməmişdir. Onlar polisə, təcili tibbi yardıma və Fövqəladə Halların xilasetmə xidmətinə zəng edib hadisə barədə bildirmişlər. Hadisə yerinə tibbi yardım, xilasetmə qrupu, eyni zamanda polislər gəlmişlər. Xilasetmə qrupu ilk öncə xəsarət alan sürücünü, sonra sərnişini çıxarmışlar, məlum olmuşdur ki, sərnişin hadisə yerində ölübdür, onları təcili tibbi yardımla hadisə yerindən götürüb aparmışlar. Hadisə zamanı o, xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 21 yanvar 2024-cü il tarixdə saat 19:40 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən 356cı kilometrliyində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 33021” yük markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayon istiqamətdə hərəkətdə olan zaman, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan sürücü Şahid2 idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “QAZ 33021” yük markalı avtomobildə olmuş sərnişin X11 xəsarət alaraq hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs xəsarət alaraq Göygöl rayon mərkəzi xəstəxanasına daxil olması barədə toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir. Hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən 356-cı kilometrliyində baş vermişdir. Avtomobil yolunda 2 hərəkət istiqaməti vardır. Həmin hərəkət istiqamətləri Bakı şəhər və Qazax rayonu istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. İstiqamətlər dəmir arakəsmə ilə ayrılır. Qazax rayon istiqamətində yol örtüyünün eni 15,6 metrdir, iki zolaq vardır, zolaqlar ağ qırıq xətlərlə ayrılır, hərəkət zolağının ayrı-ayrılıqda eni 3,7 metrdir, ümumilikdə 7,4 metrdir. Yolun sağ hissəsində 2,5 metr enində yol çiyni yerləşir, yol çiyni ilə hərəkət hissə arasında sarı düz xətlə nişanlanmış 60 sm asfalt hissə yerləşir, solda isə dəmir arakəsmə vardır, arakəsmə ilə hərəkət hissə arasında sarı düz xətlə nişanlanmış 60 sm asfalt hissə yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil qabq sol hissəsi ilə “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə sağdan sarı xətdən sola doğru 10 sm metr məsafədə toqquşmuşdur. Hadisənin baş verdiyi yol 90 km/saat sürət yol nişanı ilə tənzimlənir. Hadisənin baş verdiyi ərazi yaşayış zonasına daxil deyildir. 21 yanvar 2024-cü il tarixli 314/2024 №-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. 21 yanvar 2024-cü il tarixli 315/2024 №-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Şahid2 Zilfli oğlunda alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan Tovuz rayonu Aşağı Quşçu kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. İşdə olan Tovuz rayonu Aşağı Quşçu kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BDYPİ-nin Gəncə RQİTBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1028/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “BC” kateqoriyalı, BD305367 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın sümüyünün açıq qəlpəli sınığı, hər iki göz nahiyəsinin hematoması, alın nahiyəsinin yarası, sağ bud və hər iki baldır nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cianyət işinə əlavə edilmiş nəqliyyat vasitəsinə dəymiş zərər barədə smetadan müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilə 2035 manat məbləğində maddi zərər dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-сü il tarixli, 04 nömrəli rəyindən görünür ki, X9 bədənində olan xəsarətlər – alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların həm məmə, həm də onurğayanı xətlər üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızması, hər iki ağciyərin cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün orta 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, İİ bel fəqərəsinin sınığı, həmin nahiyəyə uyğun hissədə onurğa beynin zədələnməsi, sağ bud sümüyünün qapalı sınığı, sol əlin yarası, alt çənə, qarın, sol dirsək, sağ əl, sağ bud, sağ qalça, hər iki diz, hər iki baldır nahiyələrinin sıyrıqları – bər küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixdə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X9 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində əmələ gələn qabırğaların çoxsaylı sınığı, hər iki ağciyərin cırılması, travmatik və hemorragik şok olmuşdur. X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. X9 qanında etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 mart 2024-cü il tarixli 8/657 nömrəli rəyindən müəyən edilmişdir ki, “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan “avtomobilin maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid2 hadisə zamanı idarə etdiyi “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin materiallarında olan “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş şəxs X9 hüquqi varisi qismində tanınması və qərar X2 elan edilməklə, hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, X3 hadisə zamanı mərhum əri X10 məxsus oğlu X6 idarə etiyi “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi və qərar ona elan olunmaqla sürətinin təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilməsi barədə dəlilləri, onun tərəfindən ibtidai istintaq dövründə verilmiş izahat və ərizələr ilə yanaşı şahid ifadələri və işin digər halları ilə təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin heç bir təsir olmadan izahat verməsini məhkəmə nəzərə alaraq hesab edir ki, özünü müdafiə xarakterli dəlillərdir. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona maddi və mənəvi dəstək olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxs onun atası olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası aşağı həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- “QAZ 33021” yük markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut- “QAZ 33021” yük markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “KAMAZ 53212” yük markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-50/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-50/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver