Məhkəmə qərarları › İş №1(066)-51/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-51/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-51/2024 24.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Göygöl rayonu Üçtəpə kəndində yaşayan dostu Şahid2 sərxoş olmasına görə sonuncuya məxsus ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək digər tanışı Şahid1 ilə birlikdə Şahid2 yaşadığı ünvana apararkən, Şahid2 yaşadığı ünvana doğru küçə ilə hərəkətdə olduqları zaman həmkəndlisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə həmin küçə ilə piyada hərəkət edərkən heç bir əsaslı səbəb olmadan, avtomobildə olan şəxslərdən birinin onun ailə üzvlərinə baxmasını səbəb göstərməklə həmin şəxslərin ünvanına nalayiq söyüşlər işlətdikdən sonra yaşadığı ünvana gedib özünə məxsus Niva markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvandan çıxaraq onun idarə etdiyi avtomobilin arxasınca gəlib yaxın-uzaq vuran işıq siqnalları ilə onu saxladaraq öz hərəkətlərinə davam etməklə Təqsirləndirilən şəxs və Şahid1 ünvanına nalayiq ifadələr işlədərək mübahisə yaratmış, mübahisə zəminində Təqsirləndirilən şəxs əl zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, başın sol gicgah, təpə və ənsə nahiyələrinin çapıq toxumaları xəsarətləri ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 30 dekabr 2023-cü il tarixdə axşam saatlarında dostu Şahid2 spirtli içki qəbul etdiyi üçün ona məxsus “Vaz-2106” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, dostu Səxavət və digər dostu Şahid1 ilə birlikdə Səxavətə məxsus avtomobil ilə yaşadıqları kəndin ərazisində Səxavətin yaşadığı ev istiqamətində hərəkətdə olan zaman onlarla eyni kənddə yaşayan Yunisin ailə üzvləri ilə birlikdə piyada hərəkətdə olduqlarını görmüşlər. Onlara yaxınlaşan zaman Yunisin geri dönərək, onlara tərəf gəlməsini və uca səslə onların ünvanlarına nalayiq ifadələr işlətməsini görmüşlər. Bu zaman dostu Şahid2 avtomobildən düşmək istədikdə o, digər dostu Şahid1 ilə birlikdə Səxavətə mane olaraq, onun avtomobildən düşməsinə icazə verməmişlər və hərəkətlərinə davam etmişlər. Bundan sonra o, dostu Şahid2 yaşadığı ünvanın qarşısında düşürdükdən sonra digər dostu Şahid1 ilə birlikdə yaşadığı ev istiqamətində hərəkətdə olduqları zaman arxalarınca avtomobilin gəlməsini və ona uzaq vuran işıq vasitəsi ilə saxla işarəsi verməsini görmüşdür. O, əvvəl onu keçib getmək istədiyini düşünüb ona yol vermiş, lakin onun onu saxlatmaq istədiyini görüb avtomobili yolun kənarında saxlamışdır. Həmkəndlisi Yunisin avtomobildən düşərək ona yaxınlaşmasını görmüşdür. Yunis ona yaxınlaşaraq ön oturacaqda əyləşmiş şəxsin kim olmasını soruşmuşdur. O, Yunisin davranışlarından onun aqressiv olmasını görmüş və Yunisdən çıxıb getməsini, sabah söhbət edə biləcəklərini demişdir. Bu zaman dostu Şahid1 da avtomobildən düşərək Yunisə yaxınlaşıb ondan çıxıb getməsini xahiş etmiş, lakin Yunis getməmiş və onlarla sözlü mübahisə etməyə başlamışdır. Yunis onlara nalayiq ifadələr işlədərək dostu Şahid1 sinəsindən itələmişdir. Bu zaman onların arasında mübahisə yaranmış və biri-birinin yaxasından tutaraq itələməyə başlamışlar. O, avtomobildən düşərək onlara tərəf gəlmiş və əvvəl onları ayırmağa çalışmış, lakin Yunis onları söyməyə davam etdiyi üçün əsəbiləşərək Yunisin baş nahiyəsindən əl zərbələri ilə vurmağa başlamışdır. Sonra isə dava-dalaş sakitləşmiş və onlar oradan uzaqlaşaraq öz yaşadıqları ünvana getmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, cinayət işi ürə özünü təqsirli hesab etdiyini, əməlindən səmimi peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, bununla əlaqədar olaraq cinayət işinin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində ailə üzvləriylə birlikdə yaşayır, evlidir, 4 övladı var. Rəsmi olaraq Daşkəsən rayonu Alaxançallı kənd tam orta məktəbində kitabxanaçı işləyir. 30 dekabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndində yaşadıqları küçə ilə piyada yaşadıqları ünvana tərəf gedərkən həmin vaxtı qonşusu Səxavət adlı şəxsə məxsus Vaz 2106 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yanından keçərkən hərəkət sürətini azaltmış və avtomobilin ön oturacağında əyləşən əvvəldən tanımadığı şəxs onlara tərəf baxdığı üçün o, uca səslə və əl hərəkəti ilə ona yolu ilə düz getməsini və onlara tərəf baxmamasını bildirmişdir. O, həmin vaxtı avtomobili idarə edən şəxsi görməmiş, lakin sonradan həmin şəxsin həmkəndlisi Orxan adlı şəxs olmasını bilmişdir. Avtomobil onlardan bir qədər irəliyə doğru gedərək dayanmışdır. O, avtomobilin ön oturacağında oturan şəxsin avtomobildən düşmək istədiyini, lakin sonradan avtomobildən düşməyərək avtomobilin hərəkət edib getməsini görmüşdür. Ailə üzvlərini yaşadığı ünvana çatdırdıqdan sonra onları evə göndərib özünə məxsus Niva markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək həmin avtomobilin arxasınca getmişdir. Göygöl rayonu Üçtəpə kəndi ərazisində həmin avtomobili görüb ona avtomobilin ön işıqları ilə işarə verərək saxlamasını tələb etmişdir. Avtomobildən düşərək həmin avtomobilə yaxınlaşan zaman avtomobili idarə edən şəxsin qonşusu Səxavət adlı şəxsin deyil, həmkəndlisi Orxan adlı şəxs olmasını görmüşdür. O, Orxan adlı şəxsdən avtomobilin ön oturacağında əyləşmiş şəxsin kim olmasını soruşduqda, avtomobildə olan həmin şəxs avtomobildən yerə düşərək ona tərəf gəlib nə baş verdiyini soruşmuşdur. O, ondan onlara tərəf nə üçün baxdığını soruşduqda aralarında sözlü mübahisə yaranmışdır. O, onun sinəsindən itələmiş və onların arasında mübahisə yaranmış, biri-birilərinin yaxasından tutub mübahisə etdikləri zaman avtomobildə əyləşmiş Orxan adlı şəxs avtomobildən düşərək ona tərəf gəlib əl zərbələri ilə onun baş nahiyəsindən vurmağa başlamışdır. Sonra isə onlar avtomobilə əyləşərək oradan uzaqlaşıb getmişlər. O da öz yaşadığı ünvana getmişdir. 02 yanvar 2024-cü il tarixdə tibbi yardım almaq məqsədilə ünvan Təcili Tibbi yardım xəstəxanasına müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödəndiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində valideynləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu Şahid2 spirtli içki qəbul etdiyi üçün ona məxsus “Vaz-2106” markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobili digər dostu Təqsirləndirilən şəxs idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, dostu Səxavət və digər dostu Təqsirləndirilən şəxs ilə birlikdə Səxavətə məxsus avtomobil ilə yaşadıqları kəndin ərazisində Səxavətin yaşadığı ev istiqamətində hərəkətdə olan zaman onlarla eyni kənddə yaşayan Yunisin ailə üzvləri ilə birlikdə piyada hərəkətdə olduqlarını görmüşlər. Onlara yaxınlaşaraq yanlarından keçən zaman Yunisin geri dönərək, onlara tərəf gəlməsini və uca səslə onların ünvanına nalayiq ifadələr işlətməsini görmüşlər. Bu zaman dostu Şahid2 avtomobildən düşmək istədikdə o və digər dostu Təqsirləndirilən şəxs Səxavətə maneə olaraq, onun avtomobildən düşməsinə icazə verməmişlər və hərəkətlərinə davam etmişlər. Bundan sonra onlar Şahid2 yaşadığı ünvanın qarşısında düşürtdükdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları ev istiqamətində hərəkətdə olduqları zaman arxalarınca avtomobilin gəlməsini və onlara uzaq vuran işıq vasitəsi ilə saxla işarəsi verməsini görmüşlər. Onlar həmin avtomobilə yol versələrdə, avtomobil onların yanlarından keçib getməmiş, bu zaman onları saxlatmaq istədiyini anlamışlar və dostu Təqsirləndirilən şəxs avtomobili saxlamışdır. Bundan sonra həmkəndlisi Yunisin avtomobildən düşərək onlara yaxınlaşmasını görmüşlər. Yunis Orxana yaxınlaşaraq ön oturacaqda əyləşmiş şəxsin kim olmasını soruşduqda, Orxan ona çıxıb getməsini, bu barədə sabah söhbət edəcəklərini bildirmişdir. Bu zaman o, avtomobildən düşərək Yunisə yaxınlaşıb ona çıxıb getməsini bildirsə də, Yunis çıxıb getməmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Yunis onu sinəsindən itələmiş, həmin vaxtı Orxan araya girib mübahisənin qarşısını almağa çalışarkən Yunis Orxanı da itələyib nalayiq söyüşlər söymüşdür. Orxan Yunisin davranışlarına dözə bilməyərək onu əl zərbələri ilə vurmuşdur. Bundan sonra dava-dalaş sakitləşmiş və onlar oradan uzaqlaşaraq öz yaşadıqları evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində valideynləri ilə birlikdə yaşayır, subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 30 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, spirtli içki qəbul etdiyi üçün özünə məxsus “Vaz-2106” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməsi üçün dostu Təqsirləndirilən şəxs verərək onu yaşadığı ünvana apardıqdan sonra öz evlərinə getməsini və növbəti gün avtomobili ondan götürəcəyini demişdir. O, dostu Orxan və digər dostu Şahid1 ona məxsus avtomobil ilə Üçtəpə kəndində yaşadığı ev istiqamətində hərəkətdə olan zaman onunla eyni küçədə yaşayan Yunisin ailə üzvləri ilə birlikdə piyada hərəkətdə olduqlarını görmüşdür. Onlara yaxınlaşaraq yanlarından keçdikləri zaman Yunis geri dönərək onlara tərəf gəlib uca səslə onların ünvanına nalayiq söyüşlər söymüşdür. O, səbəbini başa düşməsə də, dostu Təqsirləndirilən şəxs avtomobili saxlamasını istəyərək Yunisin hansı səbəbdən onları söyməsini aydınlaşdırmaq istəmişdir. Lakin Orxan və Ziyabil Yunisin ailəsinin yanında olmasını bildirərək, yollarına davam etmələrini bildirmişlər. Bundan sonra Orxan onu yaşadığı ünvanın qarşısında düşürərək, digər dostu Ziyabil ilə birlikdə ona məxsus avtomobil ilə onun yanından uzaqlaşaraq çıxıb getmişlər. Bundan sonra, yəni 31 dekabr 2023-cü il tarixdə səhər saatlarında o, özünə məxsus “Vaz-2106” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Orxandan götürmək üçün getmişdir. Orxan ona 30 dekabr 2023-cü il tarixdə saat 23 radələrində onu yaşadığı evə düşürdükdən sonra Yunisin özünə məxsus “Niva” markalı avtomobil ilə onların arxası ilə gəlməsini, avtomobili saxladaraq onlarla mübahisə etməsi və nalayiq söyüşlərlə təhqir etməsini, buna görə də Yunisi vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:40 radələrində Gəncə şəhər 3 №-li TTY Xəstəxanasinin qəbul şöbəsindən İbrahimov telefon vasitəsi ilə məlumat verərək, 1996-cı ildə anadan olmuş , Göygöl rayonu Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs başın çoxsaylı əzilmiş yarası (deməsinə görə döyülüb) xəsarəti, diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə müraciət etdiyi bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs döyülməsi faktına görə Göygöl rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/15 nömrəli material araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Göygöl RPŞ-nin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 24077001 nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 24077001 nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Əliyev X7 RPŞ-nin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 05 yanvar 2024cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmşdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın sol gicgah, təpə və ənsə nahiyələrinin çapıq toxumaları sağalmış yaraların izləridir - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, 30 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı ətrafa insanların toplaşıb-toplaşmamasının, hadisənin şahidi ola biləcək şəxslərin müəyyən olunması istiqamətində keçirilmiş bir sıra tədbirlər nəticəsində müəyyən edilmişdir ki, hadisə gecə saatlarında baş verdiyindən ətrafa hər hansı şəxslərin toplaşmasına səbəb olmamış, hadisəni kənardan hər hansı şəxslər görməmiş, hadisənin baş verdiyi ərazidə yaşayan şəxslərlə aparılmış söhbətlər zamanı hər hansı şəxslərin narahatlığına səbəb olan hərəkətlərin edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Göygöl rayonu Üçtəpə kəndində ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin baş verdiyi yeri, hadisə yerinə hansı istiqamətdən gəlməsini və hansı istiqamətdə hərəkət etməsini, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yerləşən küçəni göstərərək qeyd edilən küçə ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs Niva markalı avtomobil ilə arxalarınca gəlməsini deyib həmin istiqaməti göstərmişdir. Daha sonra avtomobili saxladıqları və avtomobildən düşdükdən sonra aralarında mübahisənin baş verdiyi yeri, sonra isə Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq xəsarət yetirdiyi yeri qeyd etmişdir. Hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs göstərdiklərinə əsasən şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayonu İHB-nin Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Əliyev X7 rayonu Üçtəpə kəndində anası ilə birlikdə yaşayır. Lakin qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Göygöl rayon Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç şikayət və narazılıqlar daxil olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 30 yanvar 2024-cü il tarixli, 489 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs X3 həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş 29 yanvar 2024-cü il tarixli, 519 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs X1 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamaqla, barəsində cinayət təqibi aparılmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar