Məhkəmə qərarları › İş №1(066)-52/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-52/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-52/2024 06.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1950-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 115A, mənzil 2 qeydiyyatda olmaqla, Göygöl şəhəri, H.Əliyev prospekti, ev 39 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 yanar 2024-cü il tarixdə saat 12 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmə hüququna malik olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus “HAVAL H6 MİNİK” markalı, ** EX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətdə hərəkətdə olan zaman həmin Qanunun 42-ci maddəsinin 9-cu hissəsinə əsasən yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilməsi, bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olması barədə tələbi pozmaqla yolun sağ kənarından geriyə manevr edərkən arxadan gələn Şahid3 idarə etdiyi “VAZ 21144 MİNİK” markalı, ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək qarşısına çıxıb həmin avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21144 MİNİK” markalı, ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağ əlin V daraq sümüyünün sınığı, döş qəfəsinin ön səthinin, sağ gözün alt qapağının, hər iki diz, hər iki baldır nahiyyələrinin qançırları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən, Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün qapalı-yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilən xəsarətlər almalarına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində yolun sağında Gəncə şəhəri istiqamətində hərəkət edərkən yolun sağ tərəfindən yolun ortasına çıxmış və dönmək istəmişdir, gözgüyə baxıb görmüşdür ki, arxadan 100-110 metr məsafədən "Vaz 21114" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görmüş və fikirləşmişdir ki həmin avtomobil çatanadək o dönəcəkdir. O dönmüş və üzü yuxarı istiqamətində hərəkət etmiş və həmin avtomobilin onun üzərinə doğru çox yüksək sürətlə gəlməsini görmüş və "Vaz 21114" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil ona çatana yaxın əyləci basaraq maşını onun üstünə çəkmiş, o nəqədər maşını kənara çəksədə maşınlar toqquşmuş və onun avtomobilini sol qapıdan tutaraq arxa qapıya qədər sıyraraq getmişdir. Həmin vaxt o maşının şəkilini də çəkmişdir. Əgər "Vaz 21114" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əyləcləmə etməsə idi bəlkədə avtomobil düz keçib gedəcəkdi. Şahid3 idarə etdiyi avtomobil təxminən 100-110 metr məsafədə onun idarə etdiyi abtomobilin arxasında olmuşdur. O, dönmə hərəkətini edərkən Şahid3 idarə etdiyi avtomobili onun üzərinə çəkmişdir. Əlavə olaraq bildirdi ki, 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində yolun sağında Gəncə şəhəri istiqamətində hərəkət edərkən yolun sağ tərəfindən yolun ortasına çıxmış və dönmək istəmişdir. Çıxan zaman baxmışdır ki, 100-110 metr məsafədən avtomobil gəlir və həmin yerdə sürət aşağı olduğu üçün çıxa biləcəyini düşünmüşdür. Həmin anda o dayanmamış, maşını ilə hərəkət etmişdir. Güzgüya baxaraq görmüşdür ki, gələn maşın təxminən 100 metr ondan uzaqdadır. Onların hər ikisi Gəncə şəhəri istiqamətində getmişlər. O yolun ortasında olarkən həmin avtomobil 100-110 metr məsafədə olmuşdur. Onun hadisədə heç bir təqsiri yoxdur, Şahid3 öz avtomobilini idarə edərkən müəyyən olunmuş sürət həddini aşmamalı idi. Digər sürücünün sürət həddi 50 km olsa idi toqquşma baş verməzdi. Ekspert rəyi ilə tanış olmuşdur. Onun sadəcə günahı sürücülük vəsiqəsini vaxtında dəyişdirməməsidir və başqa günahı yoxdur. Onun idarə etdiyi avtomobilin dönmə surəti 20-25 km olmuşdur. O dönmə əməliyyatı edərkən digər avtomobil təxminən 100 metr ondan uzaqda olmuşdur. Əlavə maşının gəlməsinə fikir verməmişdir. O dönmə əməliyyatını etdikdən sonra öz yolunda təxminən 10 metr hərəkət etdikdən sonra toqquşma baş vermişdir. O dönməyə yolun ortasından başlamışdır. Hadisə gündüz vaxtı baş vermişdir. Hadisə 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində baş vermişdir. O Gəncəyə gedərkən xəstəxanadan göndəriş götürməsi yadından çıxıdığında geriyə xəstaxanaya qayıtmaq üçün dönmüşdür. Güzgüdən gələn maşını görmüş, lakin onun uzaq məsafədə olduğunu fikirləşərək onu buraxmadan dönməyə başlamışdır. Digər maşının uzaqda olmağını güzgü ilə müəyyən etmişdir. “Haval H6” markalı avtomobili 4 ildir almışdır və 2020-ci ildən idarə etmişdir. Sürücülük vəsiqəsinin vaxtı 1 (bir) ildir ki qurtarmışdır. Sürücülük vəsiqəsini almışdır. Hazırda avtomobil idarə etmir. Sürücülük vəsiqəsi olmadan onun avtomobil idarə etməsi düzgün deyil. Məhkəmədən yaşının, maddi vəziyətinin və ilk dəfə belə bir hadisə törətməsinin nəzərə alınaraq onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 17 yanvar 2024-cü il tarixdə səhər saatlarında gəlini Şahid1 Göygöl rayon mərkəzi xəstəxanasına müalicəsi üçün həkimə gətirmiş və oradan geri qayıdarkən “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Geri qayıdarkən Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətində hərətdə olan zaman anidən toqquşma hadisəsi baş vermiş, onların olduğu avtomobil yolu geriyə dönəın “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. O, arxa oturacaqda sağda, gəlini İlahə ortada, başqa bir nəfər qadın isə solda əyləşmişlər. Toqquşma anında sağ qolu qapıya və sağda olan dirəyə çırpılmış və bazu sümüyü sınmışdır. Əlavə olaraq bildirdi ki, o, gəlini ilə birlikdə taksi ilə Gəncə şəhərinə getmişlər. Onlar sərnişin olduqları avtomobilin sürətini bilməmişdir. O, ani halda maşınların toqquşduğunu hiss etmişdir. O arxada sağ tərəfdə əyləşmişdir. Hadisə baş verəndən sonra sağ qolunun tərpənmədiyini görmüşdür. Gəlini İlahəni müalicə almaq üçün Göygöl xəstəxanasına gətirmişdir. Hadisə vaxtı gəlini heç bir xəsarət almamışdır. Avtomobildə arxada 3 nəfər qabaqda isə bir nəfər cavan oğlan olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 17 yanvar 2024-cü il tarixdə o, Gəncə şəhərinə getmək üçün Göygöl rayon avtovağzalına getmiş və orada Gəncə şəhərinə gedən taksi avtomobillərinə yaxınlaşmış, təsadüfi olaraq "Vaz 21114" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişdir. Həmin avtomobildə xanımların oturmasını görmüş və tələsdiyi üçün oda həmin avtomobildə əyləşmişdir. Həmin vaxt o, arxa oturacaqda solda əyləşmiş, onun sağında isə ondan başqa iki nəfər qadın əyləşmişdir. Bundan sonra taksi hərəkətə başlamışdır. Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman anidən toqquşma hadisəsi baş vermişdir. Hadisənin nəticəsində onun burnundan qan açılmış və sağ əlinin barmağı sınmışdır. Hadisədən dərhal sonra o və yanında oturan iki nəfər qadını X20 avtomobili ilə Göygöl rayon mərkəzi xəstəxanasına yola salmışlar. Əlavə olaraq bildirdi ki, onlar getdikləri avtomobilin sürəti çox olmamışdır. O avtomobildə sürücünün arxasında əyləşmişdir. Avtomobin arxasında 3 nəfər qadın qabaqda isə başqa bir nəfər olmuşlar. Hadisə gündüz vaxtı baş vermişdir. O hadisəni görməmişdir. Hadisə ani vaxtda baş vermişdir. Hadisə zamanı ətrafda başqa avtomobillərin olub-olmamasına fikir verməmişdir. Hadisədən sonra hər iki tərəfdən onunla maraqlanan olmamış və onun zərəri ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O, “Vaz 21144 minik” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. 17 yanvar 2024-cü il tarixdə avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətində hərəkətdə olmuş, həmin vaxt yolun sağında “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını görmüşdür. O, həmin avtomobilə çatan vaxt o gözləmədən geriyə dönmə hərəkətinə başlamış, onun yoluna çıxmış və nəticədə hadisə baş vermişdir. Əlavə olaraq bildirdi ki, onun idarə etdiyi avtomobilin sürəti 70-75 km olmuşdur. O, qarşısında olan avtomobilin hərəkət etdiyini görən kimi tormuz vermişdir. Lakin hadisədən qaça bilməmişdir. O tormuz verərək hadisənin qarşısının alınması üçün cəhd etmişdir. Avtomobilin arxasında 3 (üç) nəfər qadın və qabaqda 1 (nəfər) dostu olmuşdur. Hadisə baş verdiyi zaman o hərbidə işləmişdir. Təqsirləndirilən şəxsin avtomobili yolun sağında dayanmış və dayandığı vəziyyətdən sola hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxsin avtomobilinin tam ortasından toqquşmuşlar. Onun Eytiyacı olduğu üçün hərbidə işləyərək taksi fəaliyəti ilə məşğul olur. Hazırda himayəsində 3 (üç) azyaşlı uşağı var. Müqaviləsinin vaxtı bitdiyi üçün hərbidən çıxmışdır. Hadisə yerinə baxış keçirilən zaman iştirak etmişdir və yerdə 18 metr tormuz məsafəsi olmuşdur. Yolda sürət nişanı 60 km saatdır. Ekspert rəyindən narazıdır və günahlarının 50/50 kimi göstərilməsini düzgün qəbul etmir. O sürət həddini aşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 yanvar 2024-cü il tarixdə Göygöl RPŞ-nin X22 Bölməsində növbədə olan zaman saat 12 radələrində Göygöl şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb xidmət yolaşı Kamran Məhərrəmli ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda hadisə zamanı xəsarət almış şəxslərin X20 Xidməti avtomobili ilə xəstəxanaya yola salınmasını, sürücülər Şahid3 və Təqsirləndirilən şəxs hadisə yerində olmalarını görmüş və bir neçə dəqiqə sonra hadisə yerinə gələn rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə baxış keçirilmiş, məlum olmuşdur ki, yolnəqliyyat hadisəsi Göygöl şəhəri, Heydər Əliyev prospektində baş vermişdir. Əlavə olaraq bildirdi ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hadisə zamanı xəsarət alanlar olmuşdur. Səhv etmirəsə hadisə baş verdiyi yolda Gəncə şəhəri istiqamətində sürət həddi təxminən 50-60 kmdir. Onlar tərəflərin sərxoş olub-olmamalarını yoxlamışlar və yoxladıqları zaman heç bir sürücüdə sərxoşluq aşkarlanmamışdır. Hadisə baş verdiyi yolda geriyə dönmək üçün icazə var və yol düz xəttlə ayrılmayıb. Hadisə yerində ölçmə işlərini təhqiqatçı aparmışdır. Onlar tərəfindən heç bir ölçmə işləri görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində yolun sağında Gəncə şəhəri istiqamətində getmişlər, onun sənədləri poliklinika qaldığı üçün onlar geriyə qayıtmaq məcburiyyətində qalmışlar. O, avtomobildə arxa sağ oturacaqda əyləşmiş. Eyvaz geriyə dönmək istəmiş, yolu döndüyü vaxt arxadan gələn “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobilini vurmuşdur. Əlavə olaraq bildirdi ki, onların avtomobili hərəkət edərək tam dönmuşdür. Digər sürücü öz yolu ilə getməmiş, onların yoluna çıxıb qəza etmişdir. Digər avtomobil Eyvazın sürdüyü avtomobilə özünü vurmuşdur. O sürücünün arxasında oturmuşdur. Hadisə zamanı toqquşma sürücü tərəfdən baş vermişdir. O hadisə zamanı xəsarət almamışdır. Avtomobil Eyvaz həkimin özünün olmuşdur. Onlar Göygölə geri qayıdanda avtomobil onlara çırpılmışdır. Onlar Gəncə şəhərinə getməmişlər. Eyvazın idarə etdiyi avtomobil tam öz yoluna dönmüşdür. Onlardan başqa yolda digər avtomobillərin olubolmamasına fikir verməmişdir. “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil özünü onların avtomobilinin qabağına soxmuşdur. İş üzrə tərəfləri etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, ailəsi ilə birlikdə Goranboy rayonu Nizami kəndində yaşayır, evlidir. Heç bir yerdə işləmir, evdar qadındır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynanasıdır və 17 yanvar 2024-cü il tarixdə səhər saatlarında müayinə olunmaq üçün qaynanası Güllər ilə birlikdə Göygöl rayon mərkəzi xəstəxanasına həkimə gəlmişdir. Onlar xəstəxanadan çıxdıqdan sonra Göygöl rayon avtovağzalına gəlmiş və orada Gəncə şəhərinə gedən taksi avtomobillərinə yaxınlaşmışlar. Təsadüfi olaraq “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişlər və sürücü ilə hər biri üçün 1 manat pula Gəncə şəhərinə getməyi razılaşmışdır. O, arxa oturacaqda ortada, qaynanası Güllər sağda, başqa bir nəfər qadın isə solda əyləşmişdir. Hərəkətə başlamış, avtomobili isə sonradan adının Eyvaz olduğunu bildiyi şəxs idarə etmişdir. Ön sağ sərnişin oturacağında isə bir nəfər cavan oğlan əyləşmişdir. Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman anidən toqquşma hadisəsi baş vermiş, onların olduğu avtomobil yolu geriyə dönəın “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Toqquşma anında sağ qolu qapıya və sağda olan dirəyə çırpılmışdır. Hadisədən dərhal sonra onu, qaynanasını və baqa bir nəfər xanımı X20 avtomobili ilə Göygöl rayon mərkəzi xəstəxanasına yola salmışlar. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Eyvaz adlı şəxsin idarə etdiyi “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri, istiqamətində getmişdir. O, arxa oturacaqda ortada əyləşmiş və yola fikir verməmişdir. Həmin anda onların olduğu avtomobil ilə yolu geriyə dönən “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma anında ayaqları ortada qalıb sıxılmış, lakin heç bir xəsarət almamışdır. Arxada əyləşdiyi və yola fikir vermədiyi üçün hadisəni konkret olaraq görə bilməmişdir. Hadisə zamanı qaynanası Güllər və solunda oturan xanım xəsarət xəsarət almış, qaynanasının sağ qolu sınmışdır. Onun isə qılçaları ortada qalıb sıxılmışdır. Ehtiyat üçün xəstəxanada özünü müayinə etdirmişdir. Lakin sürücü və ön sərnişin oturacağında əyləşən şəxslər heç bir xəsarət almamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. 17 yanvar 2024-cü il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Göygöl şəhəri, Heydər Əliyev prospektində baş vermişdir. Hadisə baş verən yolun ümumi eni 15,20 metr, hərəkət hissəsinin ümumi eni 11,20 metr, hərəkət zolaqlarının eni isə 5,60 metrdir. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü düz, hamar və asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuşdur. Hadisə baş verdiyi avtomobil yolunun hissəsi ikitərəfli hərəkət yoludur, hərəkət zolaqlarını 1.5 – “iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərən” qırıq-qırıq nişanlanma xəttləri ayırır. Yolda əks istiqamətli iki zolaq var. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində sürücü Şahid3 AE 129113 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, baş etibarnamə ilə idarə etdiyi “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı edən zaman sonuncu avtomomobil geriyə dönmə əməliyyatı etməsi zamanı onunla toqquşmuşdur. Hadisə zamanı “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət surəti 70 km/saat olmuş, avtomobildə üç nəfər sərnişin olmuş, yük olmamışdır. Tormoz izi isə 18,50 metrdir. “Vaz 211421144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 üçün təhlükə “Haval H6” markalı avtomobilin sola dönməsini gördüyü andan yaranmış, həmin yerdən toqquşma yerinədək 25-30 metr məsafə olmuş, təhlükəni hiss etdiyi andan toqquşma anınadək təxminən 5 saniyə vaxt keçmişdir. “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürəti 10 km/saat olmuş, avtomobildə bir nəfər sərnişin olmuş, yük olmamışdır. 17 yanvar 2024-cü il tarixdə sürücülər Təqsirləndirilən şəxs və Şahid3 hadisə baş verən zaman alkoqoldan istifadə edib-etməməsini müəyyən etmək məqsədi ilə Gəncə şəhər Narkoloji dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, 278/2024 və 279/2024 nömrəli müayinə aktlarından müəyyən edilmişdir ki, sürücülər Təqsirləndirilən şəxs və Şahid3 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şahid3 müraciətinə əsasən qəzaya uğramış “VAZ-21014” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunan “qara met” rəngli 2012-ci il buraxılışlı qəzaya uğramış nəqliyyat vasitəsinə sərbəst satış bazar qiymətləri ilə hesablanaraq 4426 (dörd min dörd yüz iyirmi altı) manat maddi ziyan toxunulmuşdur. İş materiallarına əlavə edilmiş “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi (VÖEN **********) tərəfindən verilmiş akt-rəydən görünür ki, Təqsirləndirilən şəxs müraciətinə əsasən qəzaya uğramış “HAVAL-H6” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı universal avtomaşına baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunan “ağ mirvari” rəngli 2020-ci il buraxılışlı qəzaya uğramış nəqliyyat vasitəsinə sərbəst satış bazar qiymətləri ilə hesablanaraq 2850 (iki min səkkiz yüz əlli) manat maddi ziyan toxunulmuşdur. Məhkəmə-tibb ekspertizasının 24 yanvar 2024-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ əlin V daraq sümüyünün sınığı, döş qəfəsinin ön səthinin, sağ gözün alt qapağının, hər iki diz, hər iki baldır nahiyələrinin qançırları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə-tibb ekspertizasının 24 yanvar 2024-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/489 nömrəli rəyindən görünür ki, 1.2 “HAVAL H” markalı ** EX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4 “Vaz 21144” markalı, ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid3 oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” zərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X13 mütəxəssis qismində təyin edilməsi, qərarın X7 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınması, qərarın X6 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Sürücülər Təqsirləndirilən şəxs və Şahid3 sürücülük hüququnu təsdiq edən sürücülük vəsiqələrinin olub-olmaması, eyni zamanda sürücülük hüququndan məhrum edilib-edilməmələri barədə məlumatlar DİN-in BDYPİ-nin X5 vasitəsilə yoxlanılmış və müəyyən edilmişdir ki, 17 yanvar 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şahid3 Azu oğlunun xx.xx.2018-ci ildən xx.xx.2028-ci il tarixədək qüvvədə olan BC kateqoriyalı AE 129113 seriya nömrəli sürücülük vəsiqəsi olmuşdur. Sürücü Təqsirləndirilən şəxs isə xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək B kateqoriyalı AC 668707 seriya nömrəli sürücülük vəsiqəsi olmuş, yəni sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı sürücülük hüququ olmamışdır. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ayrıca cinayət işi ayrılmaqla sonuncunun əməlinə həmin cinayət işi üzrə istintaq aparılaraq hüquqi qiymət verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi zamanı Şahid4 yüngül dərəcəli bədən xəsarətləri alması xüsusatı üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilməklə bərabər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi Göygöl RPŞ-nin DYPB-nə həvalə edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 264-cü maddəsində nəzərdə tutulmuş yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, hazırda Göygöl RPŞ-nin avtomobil duracağında saxlanılan yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi HAVAL H6 markalı, ** EX *** dövlət qeydiyyat nömrə nişanlı və X4 idarə etdiyi VAZ 21144 markalı ** EF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra sahibinə təhvil verilməsi, cinayət işi üzrə alınmış ifadələr, məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat ekspertizasının rəyləri, iş üzrə maddi sübutlar, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Şahid3 barəsində həmin Məcəllənin 263.1-ci maddəsi ilə ********* nömrəli ayrıca cinayət işi ayrılaraq icraata götürülməklə sonuncunun əməlinə əlavə istintaq aparılaraq hüquqi qiymət verilməsi, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin sürətlərinin çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat ekspertinin 13 mart 2024-cü il tarixli 4/489 nömrəli rəyi ilə tanış olan zaman rəylə razı olmamasını və hadisə zamanı sürücü olaraq onun heç bir səhvinin olmamasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs dindirmə zamanı da özünü təqsirli bilməməsi bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs vəsatətinin əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1950-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 115A, mənzil 2-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması barədə məlumat verilən zaman özünü təqsirli bilməməsini bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs vəsatətinin əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olan zaman o, özünü təqsirli bilməməsini bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs vəsatətinin əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Şahid3 özünə məxsus Göygöl RPŞ-nin duracağında saxlanılan “VAZ 21144” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus Göygöl RPŞ-nin duracağında saxlanılan “HAVAL H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarına əlavə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1950-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AD № 944387 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, HAVAL H6 MİNİK markalı, ** EX *** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid3 ilə barışmış, Şahid3 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Şahid3 heç bir şikayət və tələbi yoxdur. Cinayə işi məhkəmənin icraatında olarkən iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş üzrə əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsinə ehtiyac olduğunu bildirmiş və vəsatət verərək ekspertizanın təyin edilməsini xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 1(066)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixli 8/1736 nömrəli ekspert rəyində məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Haval H6 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin təiəblərinə riayət etməməklə hadisənin qarşısını almağa birbaşa texniki imkanı olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1265 və 1266 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayış qeydiyyatında olmaqla halhazırda ünvan 3 mənzildə qeydiyyatsız yaşayır. Ailə tərkibi oğlu X9, oğlu X10 və oğlu X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2996 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3153 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs1 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ona məxsus “Haval H6” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə geri dönmə hərəkətini bitirərək öz yoluna düzəldikdən sonra "Vaz 21114" markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil ona çatana yaxın əyləci basaraq maşını onun üstünə çəkməsi və o nəqdər maşını kənara çəksə də avtomobillərin toqquşmasının qarşısını ala bilməməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizanın və məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, baxış protoklolu və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamalarını və onlara vurulmuş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq aşağı həddə cərimə cəzası və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – HAVAL H6 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs (qanuni sahibinə) və VAZ 21144 markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid3 (qanuni sahibinə) qaytarılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 78 (yetmiş səkkiz) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il (06) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut – HAVAL H6 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs (qanuni sahibinə) və VAZ 21144 markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid3 (qanuni sahibinə) qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar