Məhkəmə qərarları › İş №1(066)-54/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-54/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-54/2023 23.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər şəhəri Sülh küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla Gəncə şəhəri 38-ci hərbi şəhərcik ev 394, mənzil 26-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patronu əldə edib üzərində olan əl çantasının içərisində gizlədərək saxlamış, 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Kəlbəcər rayonundan Göygöl rayonuna gələn zaman Göygöl rayonu Toğanalı kəndinin inzibati ərazisində yerləşən stasionar postda xidmət aparan Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Polis şöbəsinə gətirilmiş və əl çantasına baxış keçirilən zaman əl çantasının içərisində gizlədərək qanunsuz olaraq saxladığı 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri 38-ci hərbi şəhərcik ev 394, mənzil 26-da ailəm ilə birlikdə yaşayır, evlidir, 2 azyaşlı övladı var. 2022-ci ilin may ayından “Colin” tikinti şirkətinin nəzdində DKT şirkətində yük maşınlarının sürücüsü işləmişdir, təxminən 1 ay bundan əvvəl isə həmin şirkətdə işlər müvvəqqəti olaraq dayandığından işdən ayrılmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etməmişdir. Kəlbəcər rayonunda işlədiyi dövrlərdə rayon ərazisində yabanı halda yetişmiş çətənə kollarının toxumları diqqətini çəkdiyi üçün onlardan yığıb üzərində saxlamışdır. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında yenə də Kəlbəcər rayonu ərazisində olduğu zaman 1 ədəd avtomat silahlarında istifadə olunan patron tapmışdır. Həmin patronu hərbiçilərə və ya polis əməkdaşlarına vermək niyyəti ilə üzərində saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə şirkət tərəfindən ailə üzvləriylə görüşmək üçün ona 3 günlük icazə verildiyindən saat təxminən 16:30 radələrində Kəlbəcər rayonundan çıxıb tanımadığı yol maşını ilə Gəncə şəhərinə yola düşmüşdür. Göygöl rayonu Toğanalı kəndində yaradılmış stasionar postda xidmət aparan Göygöl rayon Polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Nəzarət qaydasında əl çantasına baxdıqları zaman ona məxsus eynək qutusunun içərisində saxladığı çətənə bitkisinin toxumlarını və 1 ədəd patronu görüb onu Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də təhqiqatçı tərəfindən o, narkotik vasitələrin istifadəsinə şübhəli şəxs qismində tutulmuş və onun istəyi ilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və eynək qutusunda saxladığı çətənə toxumları ilə birlikdə 1 ədəd avtomat patronunu da aşkar edib götürmüşlər. Təyin edilmiş ekspertiza qərarından sonra onun Kəlbəcər rayonunda yığdığı çətənə toxumlarının tərkibində narkotik olmadığından onu müvəqqəti saxlama yerindən azad eləmişlər. Bundan sonra əl çantasında saxladığı 1 ədəd avtomat patronuna görə barəsində toplanmış materialın istintaqa göndəriləcəyini və onun yenidən polis şöbəsinə dəvət olunacağı izah edildikdən sonra o, yaşadığı ünvana getmişdir. Daha sonra isə işləmək üçün Kəlbəcər rayonuna getmişdir. Həmin vaxtdan da işlər dayanan vaxta qədər orada olmuşdur. Buna görə də barəsində Göygöl RPŞ-də aparılan araşdırma ilə bağlı rayon polis şöbəsinə dəvət olunmasına baxmayaraq gələ bilməmişdir. 17 mart 2023-cü il tarixdə polis əməkdaşları onu saxladıqları zaman barəsində axtarış elan olunduğunu bilmişdir. Törətdiyi əmələ görə peşimançılıq çəkir məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir, rütbəsi polis baş leytenantıdır. Hazırda Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmət aparır. 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmətdə olarkən sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan Göygöl rayonu istiqamətində keçmək üçün posta yaxınlaşmışdır. Təqsirləndirilən şəxs əlində çanta olduğundan işğaldan azad olunmuş rayonlardan qayıdan şəxslərin oradan hər hansı qanunsuz əşyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə üzərlərində götürdükləri çantalara baxış keçirilməsi zəruri olduğundan, Təqsirləndirilən şəxs də çantasına nəzarət etmək üçün ondan əl çantasını açmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusunun içərisində ilk baxışdan narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması diqqətlərini çəkmişdir. Bundan başqa 1 ədəd də avtomat silahlarında istifadə olunan patron olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs əl çantası ilə birlikdə Göygöl RPŞ-nə gətirib təhvil vermişlər. Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı Razim Yadigarlı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs istəyi ilə dəvət olunmuş vəkil Namiq Həsənovun və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra isə onun əl çantasına baxış keçirilmiş və çantanın içərisində olan eynək qabından 3 ədəd ağ rəngli bükümdə olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd avtomat silahlarında istifadə olunan patron aşkar edilərək götürülmüşdür. Baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, baxış və götürmə videolentə alınmış və protokol iştirakçılara oxunduqdan sonra imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. Hazırda Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmət aparır. Postda işğaldan azad olunmuş rayonlara getmək üçün icazəsi olmayan şəxslərin buraxılmaması, eyni zamanda icazəsi olan şəxslərin işğaldan azad olunmuş rayonlara gedərkən və geri qayıdarkən həmin şəxslərin oradan üzərlərində və ya əl çantalarında, getdikləri avtomobillərdə qanunla qadağan olunmuş hər hansı əşya və s. hər hansı qanunsuz əşyaları keçirilməsinin qarşısını almaq məqsədi ilə xidmət aparırlar. 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar postda xidmətdə olarkən sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan Göygöl rayonu istiqamətində keçmək üçün posta yaxınlaşmışdır. Təqsirləndirilən şəxs işğaldan azad olunmuş rayonlara giriş-çıxış icazəsini portalda yoxladıqda onun “Colin” şirkətində işçi kimi qeydiyyatda olmasını müəyyən etmişlər. Bundan sonra isə onun əl çantasının olmasını gördükdə nəzarət etmək üçün ondan əl çantasını açmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusunun içərisində bitki toxumlarına oxşar toxumlar olması diqqətlərini çəkmişdir. Bundan başqa 1 ədəd də avtomat silahlarında istifadə olunan patron olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs əl çantası ilə birlikdə Göygöl RPŞ-nə gətirib təhvil vermişlər. Sahə rəisi Şahid1 tərəfindən raportla məruzə edildikdən sonra Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı Razim Yadigarlı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs istəyi ilə dəvət olunmuş vəkil Namiq Həsənovun və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra isə onun əl çantasına baxış keçirilmiş və çantanın içərisində olan eynək qabından 3 ədəd ağ rəngli bükümdə olan narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd avtomat silahlarında istifadə olunan patron aşkar edilərək götürülmüşdür. Baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, baxış və götürmə videolentə alınmış və protokol iştirakçılara oxunduqdan sonra imzaları ilə təsdiq etmişlər. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmünlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əl çantasının içərisində olan eynək qutusundan 3 ədəd ağ rəngli kağız bükümlərin içərisindən bitki toxumları və 1 ədəd patron aşkar edilərək götürülmüş, baxış zamanı aşkar edilmiş büküm və 1 ədəd patron zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki toxumlarını və 1 ədəd patronu Kəlbəcər rayonunda işlədiyi zaman yığıdığını və tapdığını, həmin kütlədən və patrondan başqa heç bir yerdə saxlamadığını bildirmiş, bu barədə iştirakçıların iştirakı ilə protokol tərtib olunmuş və protokola əlavə edilməsi üçün “Samsung” markalı videoaparatın tətbiqindən istifadə edilməklə video çəkiliş aparılmış və 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. - Məhkəmə-ballistik ekspertizasının 30 noyabr 2023-cü il tarixli 16/1353 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş – 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patrondur və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 508 nömrəli arayışından və arayışa əlavə edilmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər şəhəri Sülh küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi Gəncə şəhəri Məhsəti qəsəbəsi XVİİ küçədə müvəqqəti məskunlaşnış, himayəsində 2016-cı il təvəllüdlü X3 və 2018-ci il təvəllüdlü X2 adlı ıkı azyaşlı uşağı var və yaşadığı yer üzrə müsbət səciyələndirilir. -İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göygöl RPŞ-nin MSY-də saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib səmimi peşimançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan iş üzrə maddi subut 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat idarəsinə təhvil verilməli, S. Abdullayevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. İş üzrə 63,90 (altmış üç manat doxsan qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə mülki iddia, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün Göygöl RPŞ-nin MSY-də saxlanılması, həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir ) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat idarəsinə təhvil verilsin. İş üzrə 63,90 (altmış üç manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar