Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-56/2024 30.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Göygöl rayonu Sarısu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olub və təkrar özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 2023-cü ilin may ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə saat 23:30 radələrində yaşadığı Göygöl rayonu Sarısu kəndində yerləşən fərdi yaşayış evinin arxa tərəfinə toplaşmış Zərərçəkmiş şəxs1 məxsus xırda buynuzlu heyvanların içərisindən bir başının qiyməti 300 (üç yüz) manat olmaqla ümumilikdə 600 manat dəyərində 02 (iki) baş xırdabuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 23 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Göygöl rayonu Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının qapısının kilidini sındırmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan 1 qutusunun qiyməti 4,50 manat olan 10 qutu “Sobranie” (45 manat), 1 qutusunun qiyməti 4 manat olan 2 qutu “Kent” (8 manat), 1 qutusunun qiyməti 3,80 manat olan 2 qutu “Winston” (7,60 manat), bir qutusunun qiyməti 3,50 manat olan 10 qutu “LD” nazik (35 manat), bir qutusunun qiyməti 3,50 manat olan 10 qutu “LD” qalın (35 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Winçester” nazik (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Winçester” qalın (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Rothmans” (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Pall Mall” nazik (30 manat), bir qutusunun qiyməti 2,60 manat olan 10 qutu “magna” nazik (26 manat), bir qutusunun qiyməti 2,60 manat olan 10 qutu “magna” qalın (26 manat), bir qutusunun qiyməti 2,80 manat olan 10 qutu “Want” qara nazik (28 manat), bir qutusunun qiyməti 2,80 manat olan 10 qutu “Want” qalın (28 manat), bir qutusunun qiyməti 3,30 manat olan 3 qutu “Argo” (9,90 manat), bir qutusunun qiyməti 3,30 manat olan 3 qutu “keno” (9,90 manat) siqaretləri olmaqla ümumi 378.40 manat dəyərində tütün məmulatlarının, 1 ədədinin qiyməti 16.25 manat olan 1 litrlik 3 ədəd “Xan çinar” markalı araq (48.75 manat), 1 ədədinin qiyməti 9 manat olan 0,5 litrlik 4 ədəd “Xan çinar” markalı araq (36 manat), 1 ədədinin qiyməti 15 manat olan 1 litrlik 2 ədəd “Xan kristal” markalı araq (30 manat), 1 ədədinin qiyməti 8.35 manat olan 0,5 litrlik 6 ədəd “Xan kristal” markalı araq (50.10 manat), 1 ədədinin qiyməti 11.50 manat olan 0,75 litrlik 2 ədəd “Organic line” markalı araq (23 manat) olmaqla ümumilikdə 187,85 manat dəyərində spirtli içki məhsullarının, “Pəhriz” və “Ovçular” adlarda ümumi 30 manat dəyərində kolbasa məhsullarının və 1 kiloqramı 5 manat dəyərində olan “Ocaq” markalı 2 kq sosiskanın (10 manat), 80 manat dəyərində Sim danışıq kartlarının, 86 manat dəyərində Cin danışıq kartlarının və 26 manat dəyərində Nar danışıq kartlarından ibarət əmlakını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 798 (yeddi yüz doxan səkkiz) manat 25 (iyirmi beş) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 05 mart 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı Göygöl rayonu Sarısu kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən kürəkəni Zərərçəkmiş şəxs1 istifadə etməsi üçün vermiş olduğu tövlənin qapısını sındırmaqla qanunsuz olaraq tövləyə daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus 250 manat dəyərində olan bir baş xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin etirafı və ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində sərxoş vəziyyətdə Çaykənd kəndində yerləşən mağazanın qarşısına gəlmiş və mağazanın qapısını bağladıqları dəmir parçası ilə açmışdır. O, mağazadan markasını və sayını xatırlamadığı araq, siqaretlər, sosiska, kolbasa və danışıq kartlarını (kontur) oğurlamışdır. Bundan başqa, 2023-cü ilin may ayının əvvələrində saat 23:30 radələrində Elmara məxsus xırda buynuzlu heyvanlar kənd sırasından qayıdıb, evinin arxa tərəfinə yığılmışdır. O, Elmarın xəbəri olmadan 2 baş qoyunu oğurlayıb satmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində Göygöl rayonu, Aşıqlı kəndinin girişdə yolun kənarında dayanmış ağ rəngli VAZ-2107 markalı taksi avtomobilinin sürücüsünə yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsü olan tanımadığı şəxsə pulunun olmadığını, əgər yaşadığı Sarısu kəndinə aparsa bir baş quzu verəcəyini, gediş haqqını çıxdıqdan sonra yerdə qalan pulu qaytarmasını bildirmişdir. Taksi sürücüsü ona hazırda pulunun olmadığını 2 günə yaşadığı kəndə gəlib, pulu ona verəcəyini bildirmiş, o da onunla razılaşmışdır. Həmin taksi sürücüsü onu gətirib, yaşadığı evdə düşürmüşdür. O, tövlənin qıfılını sındırıb, içəridən bir baş quzunu götürüb, taksi sürücüsünə vermişdir. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmişlərlə barışdığını və onlara vurduğu ziyanı ödəməsini, zərərçəkmişlərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayonu, Çaykənd kəndində ərzaq mağazası var. Həmin mağazanı oğlu Məftunla birlikdə işlədir. xx.xx.2023-cü il tarixdə təxminən saat 07:30 radələrində oğlu Məftun mağazaya gedəndə mağazanın qıfılının sındırıldığını, qapının açıq vəziyyətdə olduğunu gördüyünü və oğurluq olduğunu ona zəng edərək bildirmişdir. O da dərhal oğlunun yanına mağazaya getmişdir. Mağazanın içərisinə daxil olub, baxdıqda mağazada olan tütün məmulatlarının (siqaret), kolbasa, kontur kartlarının və spritli içki olan araqların oğurlandığını görmüşdür. O da dərhal oğurluq olması barədə Göygöl RPŞ-yə məlumat vermişdir. Ümumilikdə ona 798 (yeddi yüz doxan səkkiz) manat 25 (iyirmi beş) qəpik maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. O, yaşadığı Sarısu kəndində yerləşən qaynatasına məxsus evin tövləsində heyvan saxlayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində özünə məxsus xırdabuynuzlu heyvanlar olan tövləyə yaxınlaşan zaman tövlənin qapısının qıfılının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Tövləyə daxil olub baxan zaman tövlədə olan quzulardan bir başının olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Bu səbəbdən polisə müraciət edərək oğurluq barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, ona məxsus bir baş quzunu qaynatası Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin təxminən may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda axşam saatlarında heyvan sırasından xırdabuynuzlu heyvanları qayıtdıqdan sonra, heyvanları tövləyə salmaq üçün getdikdə heyvanladan iki başının əskik olduğunu görmüşdür. Özünə məxsus heyvanları axtarsa da lakin tapa bilməmişdir. Həmin vaxt heyvanların itdiyini fikirləşmişdir. Hazırda isə ona məlum olmuşdur ki, ona məxsus iki baş xırdabuynuzlu heyvanları da qaynatası Təqsirləndirilən şəxs oğurlamışdır. Ümumilikdə ona 850 (səkkiz yüz əlli) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təstiq edərək göstərdi ki, atası Zərərçəkmiş şəxs2 məxsus olan Göygöl rayonu, Çaykənd kəndində yerləşən ərzaq mağazasını satıcı kimi işlədir. O, hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək mağazanı işlədir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində atası Ərəstunla birlikdə mağazanı bağlayıb öz yaşadıqları Göygöl rayonu, Çaykənd kəndində yerləşən evə getmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 07:30 radələrində o, mağazaya gedəndə mağazanın qıfılının sındırıldığını, qapının açıq vəziyyətdə olduğunu görmüş və mağazadan oğurluq olduğunu bilərək zəng edib atası Ərəstuna bu barədə bildirmişdir. Biraz keçmiş atası Ərəstun onun yanına mağazaya gəlmişdir. Mağazanın içərisinə daxil olub, baxdıqda mağazada olan tütün məmulatlarının (siqaret), kolbasa, kontur kartlarının və spritli içki olan araqların oğurlandığını görmüşdür. Daha sonra atası Ərəstun mağazadan oğurluq olması barədə Göygöl RPŞ-yə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində Göygöl rayonu, Aşıqlı kəndi ərazisində yerləşən “SMS” adlı yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Yanacaq doldurma məntəqəsində olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb, onu Sarısu kəndinə aparmağı xahiş etmişdir. Uşağı maşında olduğuna görə o evə getməsinin onu apara bilməyəcəyini bildirmişdir. Adı ona sonradan məlum olan Vaqif adlı şəxs onu aparmasını xahiş etdiyindən o yol haqqı üçün 40 manat pul istəmişdir. Vaqif üzərində pul olmadığını onun oğluna bir quzu verəcəyini bildirmişdir. O, həmin şəxsə əgər quzu satırsa, elə onun özünə satmasını, yol haqqını çıxandan sonra yerdə qalan pulunu nəğd şəkildə verməsini bildirmişdir. Vaqif adlı şəxs onunla razılaşmışdır. O, yolda gedən zaman öz mobil nömrəsini ona vermiş və evinin yerləşdiyi yeri göstərmişdir. O, Vaqif adlı şəxsi Göygöl rayon, Sarısu kəndində yerləşən evinə aparmışdır. Təxminən 10 dəqiqə gözlədikdən sonra Vaqif bir baş quzunu ona gətirib vermişdir. Həmin gün Vaqif adlı şəxsdən aldığı quzunu kəsmiş və 8 kq əti olmuşdur. O, bir baş quzunu alan zaman quzunun oğurluq olmasından xəbəri olmamışdır. Daha sonra yaxın qohumu vəfat etmiş və yas mərasimində olarkən onu polisə çağırmışlar. O polis şöbəsində olarkən quzunun oğurluq olmasını bilmişdir. Aldığı quzuya görə zərərçəkmişə 250 (iki yüz əlli) manat pul vermişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 08 radələrində bacısının əri Elmar ona məxsus mobil nömrəyə zəng edərək atası Vaqifin ona məxsus bir baş xırdabuynuzlu heyvan olan quzusunu oğurladığını, həmçinin 2023-cü ilin təxminən may ayındada ona məxsus iki baş xırdabuynuzlu heyvanlarıda atasının oğurladığını bildirmiş və oğurluqdan xəbərinin olub-olmamasını soruşmuşdur. O, cavab olaraq xəbərinin olmadığını demişdir. Daha sonra isə həmin gün atası Vaqifin polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almışdır. Daha sonra o, göstərmişdir ki, onlar Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayırlar, Sarısu kəndində yerləşən evlərinin tövləsində Elmara istifadə etməyi üçün vermişlər. Atası spirtli içkiyə meyillidir. Mütəmadi olaraq spirtli içki alıb gəlib evdə içir. İçki qəbul etdikdən sonra isə harasa getməyə taqəti olmur. Çaykənd kəndində yerləşən mağazadan oğurladığından evə heçnə gətirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 23 sentyabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 06 mart 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 06 mart 2024-cü il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin Göygöl rayonu Sarısu kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edildiyindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. 06 mart 2024-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması qərara alınmışdır. 06 mart 2024-cü il tarixdə, saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs Göygöl RPŞnin müstəntiqi, polis kapitanı Röyal Sadıqov tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 08 mart 2024-cü il tarixli materialın cinayət işinə əlavə edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus üç baş xırda buynuzlu heyvanların oğurlanması faktına dair Göygöl RPŞ-nin İstintaq Bölməsində araşdırılan HK-1/40 nömrəli material Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə əlavə edilərək həmin xüsusat üzrə zəruri istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. 07 mart 2024-cü il tarixdə Göygöl RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən Göygöl rayonu Sarısu kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövləyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. 08 mart 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. 08 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 11 mart 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması barədə 13 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 13 mart 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 08 aprel 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İşdə olan Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Sarısu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Sarısu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-47-31/3-2- 11/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Sarısu kəndində daimi qeydiyyatda olmaqla arvadı X3, oğlu Şahid3 və qızı X5 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2579 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3041 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 9/2800 nömrəli məhkəmə-əmtəəşnaslıq rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 qutusunun qiyməti 4,50 manat olan 10 qutu “Sobranie” (45 manat), 1 qutusunun qiyməti 4 manat olan 2 qutu “Kent” (8 manat), 1 qutusunun qiyməti 3,80 manat olan 2 qutu “Winston” (7,60 manat), bir qutusunun qiyməti 3,50 manat olan 10 qutu “LD” nazik (35 manat), bir qutusunun qiyməti 3,50 manat olan 10 qutu “LD” qalın (35 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Winçester” nazik (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Winçester” qalın (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Rothmans” (30 manat), bir qutusunun qiyməti 3 manat olan 10 qutu “Pall Mall” nazik (30 manat), bir qutusunun qiyməti 2,60 manat olan 10 qutu “magna” nazik (26 manat), bir qutusunun qiyməti 2,60 manat olan 10 qutu “magna” qalın (26 manat), bir qutusunun qiyməti 2,80 manat olan 10 qutu “Want” qara nazik (28 manat), bir qutusunun qiyməti 2,80 manat olan 10 qutu “Want” qalın (28 manat), bir qutusunun qiyməti 3,30 manat olan 3 qutu “Argo” (9,90 manat), bir qutusunun qiyməti 3,30 manat olan 3 qutu “keno” (9,90 manat) siqaretləri, 1 ədədinin qiyməti 16 manat olan 1 litrlik 3 ədəd “Xan çinar” markalı araq (48 manat), 1 ədədinin qiyməti 9 manat olan 0,5 litrlik 4 ədəd “Xan çinar” markalı araq (36 manat), 1 ədədinin qiyməti 15 manat olan 1 litrlik 2 ədəd “Xan kristal” markalı araq (30 manat), 1 ədədinin qiyməti 8.30 manat olan 0,5 litrlik 6 ədəd “Xan kristal” markalı araq (49.80 manat), 1 ədədinin qiyməti 11.50 manat olan 0,75 litrlik 2 ədəd “Organic line” markalı araq (23 manat), 1 kiloqramı 5 manat dəyərində olan “Ocaq” markalı 2 kq sosiskanın (10 manat), 6 aylıq, 15 kq çəkidə sarı kərə xırdabuynuzlu heyvan olan quzu 1 başı 150 manat olmaqla ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 725,20 manat müəyyən olunur. Digər “Pəhriz” və “Ovçular” adlarda kolbasanın, Sim, Cin, Nar kartlarının, və 3-4 yaşar, başı qara rəngli xırdabuynuzlu heyvanlar haqqında kifayət qədər məlumat (çəkisi, sayı, diri çəkisi və s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Həmçinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsi onun maddi durumuna və ailəsinin dolanışığına mənfi təsir göstərə bilər. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən saatlarında tərk etməsinə və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak və mülki iddia müəyyən olunmamışdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-56/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-56/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver