Məhkəmə qərarları › İş №1(066)-57/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-57/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-57/2023 27.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1958-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs 2100 (iki min yüz) manat qarşılığında sosial müavinət düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 2021-ci il oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Bağbanlar qəsəbəsində yerləşən “OBA” marketin qarşısında 1.500 (min beş yüz) manat, 2021-ci ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin qarşısnda 600 (altı yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 2100 (iki min yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel ayında dəqiq günün xatırlamdığı vaxtdan Zərərçəkmiş şəxs tanımışdır. Vüsalə də Yeni Qızılca kəndində yaşayır. Vüsalə təqaüdünün kəsildiyini ona bildirmiş, o Vüsaləyə 2100 (iki min yüz) manat verməyini bildirmişdir. O, əvvəlcə 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsalədən 1500 (min beş yüz) manat pul almışdır. Həmin 1500 manat pulu Vüsalə ona Bağmanlar qəsəbəsində adlanan ərazidə gətirib vermişdir. O, Vüsaləyə 600 (altı yüz) manat pulu da düzəltməyini bildirmişdir. Bundan iki ay sonra təxminən 2021-ci ilin dekabr ayında dəqiq gününü xatırlamadığı vaxtda o, Vüsalədən yenidən olaraq 600 (altı yüz) manat pul almışdır. Lakin onun maddi imkanı olmadığından o, həmin pulu öz ehtiyacları üçün xərcləmiş, geri qaytara bilməmişdir. Vüsalə dəfələrlə ona məxsus mobil nömrəyə zəng edərək, pulunu geri istəmişdir, hətta onun yaşadığı ünvanada gəlmişdir. 2022-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsaləgil Daşkəsən rayonu, Qazaxyolçular kəndində getdiklərindən 200 (iki yüz) manat pulu Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketdə satıcı işləyən şəxsə vermişdir. Vüsaləyə də pulu mağazaya qoyduğunu, götürməyini demişdir. Bundan təxminən 2 həftə sonra Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketin qarşısında Vüsaləyə 40 (qırx) manat pul vermişdir. Vüsalə həmin vaxt Daşkəsən rayonuna gedirmiş. Təxminən 2022-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda onunla qonşuluqda yaşayan Vüsalənin bacısı Aynura aparıb 150 (yüz əlli) manat pul vermişdir. Bundan təxminən 2 həftə sonra Vüsaləyə öz yaşadığı evin həyətində 150 (yüz əlli) manat pul vermişdir. 2022 ci ilin dekabr ayının 17-də, təqaüdü keçən vaxt Vüsaləyə onun yaşadığı evin həyətində 30 (otuz) manat, 2023-cü ilin yanvar ayında dəqiq günün xatırlamadığı vaxtda isə yenə Vüsalənin yaşadığı evin həyətində 40 (qırx) manat pul vermişdir. Daha sonra isə 50 (əlli) manat pul vermişdir. Ümumilikdə o, Vüsaləyə 660 (altı yüz altmış) manat pul qaytarmışdır. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcə ona 1500 (min beş yüz) manat pulu Gəncə şəhəri, Bağbanlar qəsəbəsində vermişdir. Daha sonra isə oğlu Elnurun idarə etdiyi Niva markalı avtomobillə Vüsalənin yaşadığı evin qarşısına gedib ondan 600 (altı yüz) manat pul götürmüşdür. Vüsalədən 1500 manat pulu götürən zaman yanlarında heç kim olmamış, 600 manat pulu götürən zaman yanında oğlu Elnur olmuşdur. Onun sosial müavinət düzəltmək üçün hər hansı bir tanışı olmamış, sadəcə maraqlanmaq istəmiş, həmin vaxt pula ehtiyacı olduğundan, Vüsalədən aldığı pulu da öz ehtiyacları üçün xərcləmişdir. Törətmiş olduğu əməldə özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Birinci dəfədir ki belə əməl törətmişdir. Hadisəni pula ehtiyacı olduğu üçün törətmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri qismən yəni 700 manatını ödəmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, əvvəllər səhhəti ilə əlaqədar təqaüd alırdı. 2021-ci ilin aprel ayında təqaüd almağı dayandırılmış. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir neçə dəfə müraciət etsə də, imtina olunmuşdur. Onunla qonşuluqda yaşayan Məlahət adlı şəxslə bu barədə danışan zaman Mürvət adlı tanışının olduğunu, təqaüdlə bağlı köməklik edə biləcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlanadığı vaxtda Mürvətlə görüşmüş. Mürvət təqaüdün bərpa edilməsi üçün ondan 2000 (iki min) manat pul istəmiş, əlavə də 100 (yüz) manat da yol haqqı verməyini bildirmişdir. O da Mürvətlə razılaşmışdır. Bundan təxminən 3 gün sonra 1500 (min beş yüz) manat pulu Gəncə şəhəri, Bağbanlar qəsəbəsində yerləşən “Oba” marketin qarşında Mürvətə vermişdir. Bundan sonra tez-tez Mürvət adlı şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, işinin alınmasını istəyirsənsə əgər 600 (altı yüz) manat pulu verməyini bildirirmiş. Bundan iki ay sonra təxminən 2021-ci ilin dekabr ayında Mürvət onun yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinin qarşısına oğlu Elnurun idarə etdiyi niva markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Mürvət ondan 600 manat pulu alıb getmişdir. Bundan sonra o, Mürvətə tez-tez zəng edərək təqaüdün bərpa olunması bağlı maraqlandıqda Mürvət müxtəlif bəhanələr gətirərək vaxtı uzadırmış. Bir nəticə olmadığı, Mürvətin onu aldatdığını bilib, 2022-ci ilin aprel ayında dəqiq gününü xatırlamadığı vaxtda pulunu geri istəmişdir. Pulunu geriyə istədikdə, Mürvət verəcəyini bildirsə də, lakin hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta telefonla danışıq zamanı onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mürvət 2022-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığı vaxtda Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketə 200 manat pul qoymuşdur. O, marketdə satıcı işləyən adını bilmədiyim şəxsdən 200 manat pulu götürmüşdür. Bundan təxminən 2 həftə sonra Yeni Qızılca kəndində yerləşən “Cəlal” adlı marketin qarşısında Mürvət ona 40 (qırx) manat pul vermişdir. 2022 ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Mürvət 150 manat pulu qonşuluqda yaşayan bacısı Aynurgilin evinə qoymuşdur. O, bacısı Aynurdan 150 manat pulu gedib götürmüşdür. Bundan təxminən iki həftə sonra o, Mürvət adlı şəxsə zəng edib pulu istədikdə, gəlib evdən götürməyini bildirmişdir. O, Mürvətin yaşadığı evə gederək, ona verəcəyi pulun 150 manatını da götürmüşdür. 2022 ci ilin dekabr ayının 17-də, Mürvət ona yaşadığı evin həyətində 30 (otuz) manat pul vermişdir. Mürvət ona verməli olduğu 2100 manat puldan ümumilikdə 570 (beş yüz yetmiş) manatını geri qaytarmışdır. Bundan başqa bildirmişdir ki, Mürvətə təqaüd düzəltməsi üçün pul verməyinə dair səs yazısı vardır və təqdim edə bilər. Bundan başqa bildirmişdir ki, o, Mürvət adlı şəxsə 1500 manat pulu və 600 manat pulu əlilliklə əlaqdar aldığı təqaüd dayandırıldığından, yenidən bərpa olunması üçün vermişdir. O, 1500 manat pulu verən zaman yanında Məlahət və Mürvətin oğlu Elnur olmuşdur, 600 manat pulu verən zaman isə təkcə Mürvətin oğlu Elnur yanlarında olmuşdur. Onun təqaüd düzəltməsi üçün Mürvət adlı şəxsə 2100 manat pul verməyi barədə oğlu Saləddin və bacısı Aynurun məlumatı olmuşdur. Mürvət adlı şəxs ona tanışının olduğunu həll edəcəyini bildirmişdir. Hal-hazırda ona dəymiş zərər qismən yəni, 700 manatı ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. 2021-ci ilin təxminən oktyabr ayında anası Vüsalə yaşadığı evdə ona bildirmişdir ki, əlilliklə əlaqədar aldığı təqaüd dayandırılmış, yenidən bərpa olunması üçün qonşuluqda yaşayan Mürvət adlı şəxslə danışmış, Mürvət adlı şəxsin bunun üçün Zərərçəkmiş şəxs 2000 (iki min) manat pul istəmiş, hazırda Mürvətə 1500 (min beş yüz) manat pul vermişdir. Yerdə qalan hissəsini isə sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. Bundan təxminən 2 ay sonra anam mənə bildirdi ki, Mürvət adlı şəxsə yenə 600 (altı yüz) manat yenə pul vermiş, Mürvət adlı şəxsin oğlu Elnurla birlikdə gələrək yaşadıqları evin qabağından gəlib 600 manat pulu götürmüşdür. 2022-ci ilin aprel ayında dəqiqi gününü xatırlamadığı vaxtda anası Mürvətin aldatdığını, Mürvətdən pulu geri istəsədə, lakin müxtəlif bəhanələr gətirərək vermədiyini bildirmişdir. Anasından Mürvətin pulu geri qaytarıb-qaytarmadığını soruşduqda, Mürvətin həmin pulu hissə-hissə geri qaytardığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, Anası Zərərçəkmiş şəxs Mürvət adlı şəxsə 1500 manat pulu və 600 manat pulu əlilliklə əlaqədar aldığı təqaüd dayandırıldığından, yenidən bərpa olunması üçün vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Yeni Qızılca kənd sakini kimi tanımışdır. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Təxminən 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsalə söhbət əsnasında aldığı sosial təqaüdün kəsildiyini və yenidən bərpa etdirmək istədiyini demişdir. Vüsalə ondan bunu necə həll etməyin mümkün olacağını soruşmuşdur. O, Vüsaləyə mürvət adlı kənd sakininin sosial təqaüd aldığını, Mürvətlə danışıb maraqlanmasını bildirmişdir. Bundan bir neçə gün sonra Vüsalə ona demişdir ki, Mürvət adlı şəxsə sosial təqaüdün düzəlməsi üçün aparıb pul verir, o da Vüsalə ilə birlikdə getsin. O, Vüsalə ilə birlikdə Gəncə şəhəri Bağmanlar qəəsbəsi adlanan yerə getmişlər. O, kənarda gözləmiş, Mürvət də həmin vaxt oğlu Elnurla ilə birlikdə gəlmişdir. X5 idarə etdiyi niva markalı avtomobildən yerə düşməmişdir. Mürvətlə Vüsalə kənarda nə isə danışmışlar. Vüsalə hələ yolda gedən zaman Mürvətlə danışıb, görüşəcəkləri yeri dəqiqləşdirmişdi. Vüsalə ona bildirmişdir ki, sosial təqaüdü yenidən bərpa etdirmək üçün Mürvətə pul veribdir. Lakin nəqədər verdiyini bilməmişdir. Daha sonra isə Vüsalənin yenidən Mürvətə pul verib vermədiyini bilməmişdir. Təxminən bir il sonra kənd sakinlərinindən eşitmişdir ki, Vüsalə Mürvətdən pulu geri istəyir, bu səbəbdənaralarında mübahisə vardır. Bundan başqa bildirmişdir ki, o, Vüsaləni Mürvətlə tanış etməmiş, sadəcə olaraq söhbət əsnasında Vüsalə sosial təqaüdün kəsildiyini, bərpa etdirmək üçün elə bir şəxsin olub-olmamasını soruşmuşdur. O da Vüsaləyə cavab olaraq Mürvət adlı kənd sakinin olduğunu, sosial təqaüd aldığını, Mürvətlə danışıb maraqlanmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 2021-ci ilin təxminən oktyabr ayında bacısı Vüsalə ona əlilliklə əlaqədar aldığı təqaüdün dayandırıldığını, yenidən bərpa olunması üçün qonşuluqda yaşayan Mürvət adlı şəxslə danışdığını, Mürvət adlı şəxsin bunun üçün ondan 2000 (iki min) manat pul istədiyini, hazırda Mürvətə 1500 (min beş yüz) manat pul verdiyini bildirmişdir. Yerdə qalan hissəsini isə sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Bundan təxminən 2 ay sonra bacısı Vüsalə ona bildirmişdir ki, Mürvət adlı şəxsə yenə 600 (altı yüz) manat yenə pul vermişdir. 2022-ci ilin aprel ayında dəqiqi gününü xatırlamadığım vaxtda bacısı Vüsalə ona demişdir ki, Mürvət onu aldadıb, ona təqaüd düzəltməkdə köməklik etməyibdir, Mürvətdən pulunu geri istəsədə, lakin müxtəlif bəhanələr gətirərək verməmişdir. 2022-ci ilin təxminən oktyabr ayında Mürvət ona 150 (yüz əlli) manat pul gətirib vermiş və demişdir ki, bacısı Vüsaləyə verim. O isə həmin 150 manat pulu bacısı Vüsaləyə vermişdir. Bundan başqa bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs Mürvət adlı şəxsə 1500 manat pulu və 600 manat pulu əlilliklə əlaqədar aldığı təqaüd dayandırıldığından, yenidən bərpa olunması üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid4 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayında dəqiq gününü xatırlamadığı vaxtda atası Mürvət ona bildirmişdir ki, onu Zərərçəkmiş şəxsgilin yaşadığı evə aparsın. O, həmin vaxt atasını etibarnamə əsasında idarə etdiyi VAZ 21011 markalı 09–BX-485 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Vüsalənin yaşadığı evin qarşısına aparmışdır. O, avtomobildə gözləmiş, atası Vüsalə ilə onun yaşadığı evin qarşısında nəsə danışıb gəlmiş, lakin nə haqda söhbət etdiklərini bilməmişdir. Atası ilə öz yaşadığı evə geri qayıdarkən atası bildirmişdir ki, Vüsalə ilə aralarında pul məsələlərinin olduğunu, Vüsalənin atasına 500 (beş yüz) manat pul verdiyini demişdir. Lakin həmin pulu Vüsalənin atasına hansı məqsədlə nə səbəbə verdiyini bilməmişdir. 2022-ci ilin təxminən may ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsalə onların yaşadığı evə gəlib, atasına təxminən 2.000 (iki min) manat pul verdiyini demişdir. Həmin vaxt öyrənmişdir ki, atası Vüsalədən həmin pulu əlilliklə əlaqədar təqaüd düzəltmək üçün almışdır. Lakin o, bunu Vüsalə onların ebinə gəlib atasından pulu geri istədikdən sonra bilmişdir. O, atasının Vüsalədən 1.500 (min beş yüz) manat pulu nə vaxt almağından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 2022-ci ilin təxminən may ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüsalə onların yanına gəlib əri Mürvətdən təxminən 2000 (iki min) manat pul istəmişdir. O, həmin vaxt bilmişdir ki, əri Mürvət Vüsalədən həmin pulu əlilliklə əlaqədar təqaüd düzəltmək üçün alıbdır. Onun bundan əvvəllər xəbəri olmamışdır. Vüsalə onun yaşadığı evə gəlib, əri Mürvətdən pulunu geri istəyən zaman xəbəri olmuşdur. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs əri Mürvətə sosial yardım düzəltməyi üçün əvvəlcə 1500 (min beş yüz) manat, daha sonra 600 (altı yüz) manat pul verməsindən məlumatı olmamışdır. Təxminən 2022-ci ilin may ayında Vüsalə onların yaşadığı evə gəlib, əri Mürvətə təxminən 2000 (iki min) manat pul verdiyini demiş, həmin vaxt öyrənmişdir ki, Vüsalədən əri Mürvət həmin pulu əlilliklə əlaqədar təqaüd düzəltmək adı ilə alıbdır. Onların maddi imkanı olmadığından əri Mürvətin Vüsalədən aldığı pulu geri qaytara bilmədiyindən Raqif adlı şəxsin adını yalandan çəkmişdir ki, Vüsalə çıxıb getsin. Onlarda Vüsaləyə həmin pulu hissə-hissə qaytara bilmələri üçün vaxtları olsun. Əri MÜrvət hər hansı bir şəxsə sosial təqaüd düzəltməyibdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlanadığım vaxtda Mürvətlə görüşmüşdür. Mürvət ondan təqaüdün bərpa edilməsi üçün 2000 (iki min) manat pul istəmiş, əlavədə 100 (yüz) manatda yol haqqı verməyini bildirmişdir. O da Mürvətlə razılaşmışdır. Bundan təxminən 3 gün sonra 1500 (min beş yüz) manat pulu Gəncə şəhəri, Bağbanlar qəsəbəsində yerləşən “Oba” marketin qarşında Mürvətə vermişdir. Həmin vaxt qonşuluqda yaşayan Məlahət adlı şəxs və Mürvətin oğlu Elnur yanında olmuşdur. Elnur niva markalı avtomobillə Mürvəti gətirmişdir. Bundan iki ay sonra təxminən 2021-ci ilin dekabr ayında Mürvət onun yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinin qarşısına oğlu Elnurun idarə etdiyi niva markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Mürvət 600 manat pulu alıb getmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Göygöl rayonu, yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs 2100 (iki min yüz) manat qarşılığında sosial müavinət düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 2021-ci il oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Bağbanlar qəsəbəsində yerləşən “OBA” marketin qarşısında 1.500 (min beş yüz) manat, 2021-ci ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinin qarşısnda 600 (altı yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 2100 (iki min yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri Göygöl rayonu, Yeni Qızılca kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-57/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 27 aprel 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1958-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə şəhəri Göygöl rayonu, Yeni Qızılca kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar