Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-60/2024 01.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Aşıq Ələsgər küçəsi ev 8-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu 1300 (min üç yüz ) manat müqabilində “Göygöl Milli Parkı”-ına yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə mühafiəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri “Sünbül” adlanan ərazidə 300 manat pulu nağd şəkildə, Təqsirləndirilən şəxs adına “Rabitə bank”a məxsus 52****825447 olan hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Əkizlər” marketdə olan “Emanat” ödəniş terminalı vasitəsi ilə göndərdiyi 400 manatı, 2022-ci ilin sentyabr ayının sonlarında Gəncə şəhər ərazisində olan “çayxanada” 300 manat pulu nağd şəkildə, 25 oktyabr 2022-ci il tarixdə Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Balmart” marketdə olan “Emanat” ödəniş terminalı vasitəsi ilə eyni kart hesabına 150 manat olmaqla vahid niyyətlə əhatə olunan davamlı qəsdə hissə-hissə olmaqla yəni 2022ci ilin sentyabr ayının əvvəllərindən 25 oktyabr 2022-ci il tarixədək olan müddətdə göndərdiyi ümumilikdə 1150 (min yüz əlli) manat pulu ələ keçirib verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs 1150 (min yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə irəli sürülmüş ittihamlarda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı vardır. Zərərçəkmiş şəxs təsadüfən tanımışdır. 2022-ci ilin sentyabr ayında Ağa ona zəng edərək işə düzəlmək istədiyini, görüşüb söhbət etmək istədiyini, nömrəni təsadüfən qohumu vasitəsi ilə tapdığını bildirmişdir. Həmin tarixlərdə Ağa ilə görüşüb söhbət etdikdə mühafizə işinə düzəlmək istədiyini ona dediyi zaman “Göygöl” Milli parkına və yaxud alminium zavoda mühafizəçi vəzifəsinə işə düzəlməyə köməklik göstərə biləcəyini demişdir. Ağaya 1 ay və yaxud 1 ay 15 gün müddətinə onlara köməklik göstərə biləcəyini demiş, işə düzəlmək üçün hazırlanacaq sənədlər üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Ağa atası Rövşən adlı şəxslə birlikdə özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini və 300 manat pulu 2022-ci ilin sentyabr ayının əvvəllərində Gəncə şəhəri “Sünbül” adlanan ərazidə onunla görüşərək vermişlər. Ondan bir gün sonra isə həmin sənədlərin surətini çıxarıb özündə saxlamaqla əsillərini Ağanın özünə vermişdir. Bundan təxminən 1 ay keçdikdən sonra aralarında dostluq münasibətləri yarandığı üçün Ağadan 500 manat və 300 manat olmaqla borca pul almışdır. 2-3 ay sonra işin düzəlmədiyini, alındıra bilmədiyini Ağaya deyərək 22 yanvar 2023-cü il tarixdə 500 manat pulu m10 vasitəsilə Ağanın özünə qaytarmış, bundan 10 gün sonra Ağa onunla əlaqə saxlayaraq yenidən maraqlanmağını, bir iş olacağı təqdirdə ona köməklik göstərməyini xahiş etmiş, o isə imkan edəcəyi təqdirdə, bir tanış olacağı halda köməklik göstərəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Bundan 1-2 ay sonra isə Ağa əlaqə saxlayaraq Türkiyə Respublikasına getdiyini, iş lazım olmadığını, mümkündürsə pullarını geri qaytarmağını istəmişdir. Ağa ilə dəfələrlə danışaraq maddi imkanı olmadığından pulu hissə-hissə olmaqla qaytarmaqla razılaşmışdır. Zərərçəkmiş şəxs ondan polisə şikayət etməsindən sonra 17 yanvar 2024cü il tarixdə Ağaya 120 manat pul göndərmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ondan heç bir tələb və şikayəti yoxdur, onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. O özü də barəsində dələduzluq faktına görə məhkəmə baxışında olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göygöl şəhəri Dadaş Bayramov küçəsi ev 1, mənzil 4-də ailəsi ilə birlikdə yaşayır, evlidir. Hazırda Gəncə şəhəri Totanlı ərazisində yerləşən “Mərkəzi Klinika”-da porter, yəni xəstə daşıyıcı işləyir. 2022-ci ilin təxminən sentyabr ayında Gəncə şəhəri sakini Təqsirləndirilən şəxs ilə Gəncə şəhər ərazisində tanışlıq münasibəti yaranmış, həmin zaman Təqsirləndirilən şəxs “Göygöl” Milli parkında nəzarətçi vəzifəsində işləməsini deyərək işsiz olmağını bildikdən sonra onu da həmin yerə işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onu “Göygöl” Milli parkına mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, bunun qarşılığında ondan 1300 manat pul alacağını bildirdikdə onunla razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini və 300 manat pulu ona verməyini bildirmişdir. O da 2022-ci ilin sentyabr ayının əvvəllərində Gəncə şəhəri “Sünbül” adlanan ərazidə Təqsirləndirilən şəxs ilə görüşərək, özünə məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini və 300 manat pulu atası Rövşənin yanında Sənana vermişdir. Daha sonra Təqsirləndirilən şəxs qalan 1000 manat pulu isə “Rabitə bank”a məxsus Təqsirləndirilən şəxs adına 52****825447 olan hesab nömrəsinə göndərməyini ondan istəmişdir. Bundan sonra 21 sentyabr 2022-ci il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Əkizlər” marketdə olan “Emanat” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs hesab nömrəsinə 400 manat pul göndərmiş, 2022-ci ilin sentyabr ayının sonlarında yenidən Gəncə şəhər ərazisində olan “çayxanada” Təqsirləndirilən şəxs ilə görüşərək ona 300 manat pul vermiş, həmin vaxtı tək olmuşdur. Bundan sonra 2022-ci ilin oktyabr ayının 25-də Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Balmart” marketdə olan “Emanat” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi hesab nömrəsinə 150 manat pul göndərmiş bununla da ümumilikdə 1150 manat pulu Təqsirləndirilən şəxs vermiş, qalan 150 manat pulu isə verməmişdir. Təqsirləndirilən şəxs oktyabr ayının sonlarınadək işə düzəldəcəyini bildirsə də hər dəfə müxtəlif bəhanələrlə onu yubatdığı üçün ondan şüblənmişdir. Bu səbəbdən də 14 avqust 2023-cü il tarixdə Göydöl RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulu tam olaraq, yəni 1150 (min bir yüz əlli) manat pulu ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu, yəni 1150 (min bir yüz əlli) manat pulu tam olaraq ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 08 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilnib, barəsində Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1900 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar, Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanuna əsasən cəzasının çəkilməmiş qalan 06 ay 21 gün azadlıqdan məhrum etmə cəzasını və cərimə cəzasını çəkməkdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlməkdən boyun qaçırtmasına görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saxlanılmış, Göygöl Rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri” ilə əvəz edilmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən boyun qaçırtmasına görə onun barəsində olan cinayət işinin icraatı 30 iyul 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixə kimi dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri İH başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri İH başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Aşıq Ələsgər küçəsi ev 8-də yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayətlə vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun haqqında 1(066)-60/2024 saylı cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-60/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-60/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver