Məhkəmə qərarları › İş №1(066)-61/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-61/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-61/2024 09.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X3 və müdafiəçi X4 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikası Vardanes rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Göygöl rayonu Şəhriyar kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu 1850 (min səkkiz yüz əlli) manat müqabilində “Şəmkir Aqropark”-da yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 10 iyul 2023-cü il tarixdə Göygöl şəhəri, X9 küçəsində yerləşən “Balmart” mağazasında, Zərərçəkmiş şəxs meyvə və tərəvəz satdığı yerdə sonuncudan 1000 (min) manat pulu nağd şəkildə, 30 avqust 2023-cü il tarixədək olan müddətdə isə eyni ünvanda hissə-hissə olmaqla ümumilikdə 400 manat pul, 450 manat dəyərində meyvə tərəvəz alaraq pulunu qaytarmamaqla vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hissə-hissə olmaqla yəni 10 iyul 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək olan müddətdə 1400 (min dörd yüz) manat pulunu, Göygöl şəhəri, X9 küçəsində yerləşən “Balmart” mağazasında, Zərərçəkmiş şəxs meyvə və tərəvəz satdığı yerdən 450 manat dəyərində meyvə-tərəvəz alıb pulunu qaytarmamaqla verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə irəli sürülmüş ittihamlarda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Göygöl rayonu, Şəhriyar Kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əmək kimi fəhləliklə məşğul olaraq dolanır. Ayaz Məmmmədov ilə onun Göygöl şəhəri, X9 küçəsində yerləşən “Balmart” marketdə meyvə tərəvəz mağazasından alver etdiyi zamanlarda münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs “Ateko” markalı yük avtomobili olduğunu və iş axtardığını bildiyi üçün 2023-cü ilin iyul ayında Ayazın işlətdiyi mağazada onunla söhbət edərək geniş əlaqələri olduğunu, əyər istəyərsə onu 1000 manat pulun müqabilində Şəmkir rayonunda yerləşən “Aqropark”-a sürücü kimi işə düzəldə biləcəyini dedikdə Ayaz onunla razılaşmışdır. Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə onu işə düzəldəcəyini bildirərək bu məqsədlə 1000 pulu onu işə düzəldəcəyi “Şəmkir Aqropark”-da olan tanışlarına vermək adı ilə almışdlr. Zərərçəkmiş şəxs işə düzəldəcəyinə inandırmaq üçün ondan Şəmkir aqroparka təqdim etmək üçün şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, avtomobilinin qeydiyyat şəhadətnaməsinin surətlərini və yaşayış yerindən arayış alaraq özündə saxlamışdır. Həmin sənədləri götürdüyü zaman Ayazın meyvə tərəvəz satılan mağazasında tək olmuşlar. Ayaza işinin iki ay ərzində həll olunacağını, işə çağıracaqlarını bildirib gözləməsini istəmiş, həmin pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra isə Ayazın mağazasına gedərək ümumilikdə 450 manat nisyə meyvə tərəvəz alaraq pulunu verəcəyini bildirmiş, həmçinin Ayazdan bundan əlavə hissə-hissə olmaqla 400 manat da əlavə pulu özü üçün almışdır. Ayazı işə düzəldəcəyi üçün isə o həmin meyvə tərəvəzin pulunu vermək üçün onu tələsdirməmişdir. Təxminən 1 ay 15 gündən sonra isə Ayaz işin düzəlmədiyini başa düşüb ondan şikayət edəcəyini, onun pulunu və sənədlərini qaytarmağını isdəmiş, o isə maddi imkanı olmadığından pulunu verə bilməmişdir. Lakin sənədlərini qaytardığı zaman Ayaz inanmadığı üçün sənədləri götürdüyü zaman şəklini çəkəcəyini bildirərək həmin yerdə onun şəklini çəkmişdir. O isə Ayaza pulunu 2-3 ay ərzində qaytaracağını bildirdikdə Ayaz yenə də onunla razılaşmışdır. Bundan sonra Ayaz zəng etsə də o telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda ondan heç bir tələb və şikayəti yoxdur, onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. O özü də barəsində dələduzluq faktına görə məhkəmə baxışında olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada Göygöl şəhəri Sabir küçəsində yerləşən “Balmart” mağazasında meyvə-tərəvəz satışı ilə məşğul olur. 2023-cü ilin iyul ayında əvvəlcədən tanıdığı, Göygöl rayonu Şəhriyar kəndində yaşayan Nazim (***-***-**-**) adlı şəxs işlədiyi mağazaya gələrək, “Aqro Park”da işləməsini bildirib, onu “Aqro Park”a sürücü kimi işə düzəldəcəyini, bunun qarşılığında 1000 manat pul alacağını dediyi üçün onunla razılaşaraq 1000 manat pulu və özünə aid sənədlərin surətini Nazimə vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Nazim bir neçə dəfə onun işlətdiyi meyvə-tərəvəz mağazasına gələrək, təxminən 450 manat dəyərində nisyə meyvə-tərəvəz almış və ona hissə-hissə təxminən ümumilikdə 400 manat pul vermişdir. Bir neçə dəfə Nazimdən işi ilə bağlı maraqlandıqda, o, müxtəlif bəhanələr gətirərək, işinin tez bir zamanda alınacağını və işə başlayacağını ona demişdir. Lakin bu qədər müddət keçməsinə baxmayaraq Nazim adlı şəxs ona qarşı dələduzluq edərək işə düzəltməmiş, ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat pulunu ələ keçirtmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulu tam olaraq, yəni 1850 (min səkkiz yüz əlli) manat pulu ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, oğlu ifadəsində göstərdi ki, Daşkəsən rayonu Bayn kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs Göygöl rayonunda yerləşən “Balmart” mağazasında meyvə-tərəvəz satır, Təqsirləndirilən şəxs isə fəhlə işləyir. Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən sentyabr oktyabr aylarında onunla birlikdə fəhlə kimi Gəncə şəhərində təmir etdiyi evlərin birində işlədiyi vaxt Zərərçəkmiş şəxs əlaqə saxlayaraq Nazimi axtardığını, onun yanında işləməsini öyrəndiyini bildirib görüşüb söhbət etmək istədiyini demişdir. O isə olduğu ünvanı bildirmiş, 2023-cü ilin sentyabr ayında xatırlamadığı tarixdə Nazim, Ayazla birlikdə görüşüb çay içmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu “Şəmkir Aqropark”-da sürücü kimi işə düzəldəcəyi barədə yalan vədləır verib inandırmaqla Ayazdan 1400 manat nəğd pul, həmçinin Ayazın işlətdiyi meyvə tərəvəz mağazasından hissə-hissə olmaqla 450 manat dəyərində meyvə tərəvəz almış, Ayazı aldadaraq pulunu verməmiş, onu heç bir yerə işə düzəltməmişdir. Həmin yerdə Ayaz onun pulunu niyə vermədiyini sourşduqda isə Nazim pulunun olmadığını, maddi imkansızlıqdan onun pulunu verə bilmədiyini demişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu, yəni 1850 (min səkkiz yüz əlli) manat pulu tam olaraq ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 14 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlməkdən yayınmasına görə onun barəsində axtarış elan edilmiş, seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İH başçısının Göygöl rayonu Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İH başçısının Göygöl rayonu Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Şəhriyar kəndində yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayətlə vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun haqqında 1(066)-61/2024 saylı cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri əvəz edilsin və qərar qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilmədən saxlanılsın. O, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar