Məhkəmə qərarları › İş №1(066)-66/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-66/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-66/2025 15.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Mübariz oğlunun, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə İsmayıllı rayonu Qələyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şəmkir rayonunda fəaliyyət göstərən kimyabiologiya təmayüllü litseydə tarix müəllimi vəzifəsində işləyən, Kəlbəcər rayonu, Ağcakənd kəndində qeydiyyatda olan və Gəncə şəhər, Qaçqınlar şəhərciyi bina 7, mənzil 57-də yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən o, 25 oktyabr 2024-cü il tarixdə saat 07:45 radələrində xx.xx.2021-ci il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olan BD 102832 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi AE 038436 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri Heydər Əliyev prospekti ilə Göygöl şəhər istiqamətində hərəkətdə olarkən yol ayrıcında sola dönmə əməliyyatını yerinə yetirmək istədiyi zaman nəqliyyat vasitələrinin istismarı qaydalarını, yol hərəkəti qaydalarını, yəni həmin Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, reyssiz nəqliyyat vasitəsinin sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunları etməyərək qarşıdan əks istiqmətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2034-cü il tarixədək qüvvədə olan BD 122740 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilə yol vermədən dönmə əmliyyatını etdiyi üçün sonuncu avtomobil ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ İV, V qabırğaların, sol bud və sol iç topuq sümüklərinin sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına, eyni avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 Mübariz oğlunun sağ baldır və sağ mil sümüklərinin qapalı sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 sirkə kasasınn yerini dəyişən, qapalı qəlpəli sınığı, alt çənə, sağ gicgah, sağ baldır və sol dirsək oynağı nahiyyələrinin yaraları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilən xəsarətlər almasına, digər sərnişin X2 başın ənsə nahiyyəsinin yarası, başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə böyük ölçüdə qansızma, ənsə sümyünün xətti formalı sınığı, hər iki beyin yarımkürələrinə qansızma, döş qəfəsinin hər iki tərəfindən İ-Xİİ-dək qabırğaların həm məmə, həmdə onurğayanı xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ bud sümüyünün qapalı sınığı, üst dodağın selikli qişasının yarası ilə müşayiət edilən və birgə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alması və ehtiyyatsızlıqdan Ramal Qurbanzadənin yol nəqliyyat hadisəsi zamanı almış olduğu açıq kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüyünün sınığı və baş beyinə qansızma xəsarətləri səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Qaçqınlar şəhərciyi bina 7, mənzil 57-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq 2024-cü ilin sentyabr ayından Şəmkir kimya-biologiya təmayüllü litseydə tarix müəllimi işləyir. Evlidir. 6 aylıq bir qız övladı vardır. 25 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində yaşadığı ünvandan işlədiyi Şəmkir rayonuna getmək üçün çıxmış, AE 038436 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Opel Astra minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl rayonu ərazisindən keçən magistral yol ilə Şəmkir rayonuna getmək üçün gəlmişdir. Göygöl rayonu Qızılqaya ərazisində üzü “Azpetrol YDM-yə doğru surətini azaldıb sola dönmə etmək üçün qarşıdan gələn nəqliyyat axınını buraxmaq üçün dayanmışdır. Önünə baxdıqda əks istiqamətdə yoldan avtomobil gəlmədiyini görüb sola doğru dönmə etdikdə əks yoldan gələn “VAZ 21015" markalı avtomobil idarə etdiyi avtomobilin önündən çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanaraq geriyə doğru gedib öz hərəkət hissəsində, üzü Gəncə şəhər istiqamətində dayanmışdır. Avtomobilin təhlükəsizlik yastıqları açılaraq sifətinə dəydiyi üçün özünü itirmişdir. Bundan sonra isə özünə gəldikdə artıq 3 nömrəli TTY xəstəxanasında olduğunu bilmişdir. Hadisə baş verməzdən əvvəl o dayanmazdan əvvəl qarşıya baxdıqda avtomobil gəldiyini görməmişdir. Dayandıqdan sonra dönmə etmək üçün avtomobili ötürücüsünü ilk ötürücüyə taxaraq qaz vermiş, avtomobilinin həmin zaman hərəkət surəti həmin anda 15 km/saat olmuşdur. Həmin zaman toqquşma baş vermiş, hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş, hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq olmuşdur. “VAZ 21015" markalı, **-VU-*** nömrə nişanlı avtomobilin ona çatmasını toqquşmadan az əvvəl görmüş, yəni o avtomobili gördüyü zaman artıq toqquşma qaçınılmaz olmuşdur. Hadisə yerinə baxış zamanı hadisə yerinin düz, açıq ərazi olması səbəbindən görüş məsafəsini məhdudlaşdıran dönmə və yaxud sair maneə olmadığından, həmin avtomobilin gəlməsini görməməsinə mane olan səbəbin nədən ibarət olmasına isə Təqsirləndirilən şəxs “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobili görməyinə mane olan hər hansı bir səbəb olmadığını, onunla eyni istiqamətdə hərəkət edən avtomobil olmadığını bildirmişdir. Hadisənin baş verməsinə səbəb olaraq onunla eyni yolda əks istiqamətdə hərəkət edən “VAZ 21015” markalı **-VU- *** dövlət nömrə nişanlı avtomobilin yüksək surətlə hərəkət etməsi olmasını bildirmişdir. Hadisə zamanı avtomobilin toqquşması nəticəsində sağ əlinin 1-ci barmağı qırılmış, təpə nahiyyəsində yaralar əmələ gəlmiş, həmçinin zərbənin təsirindən bədənin müxtəlif yerlərində ağrılar olmuşdur. İdarə etdiyi avtomobil qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olmuş, avtomobilini BD 102832 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X6 onun oğludur. ADAU 2-ci kurs tələbəsidir, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 05, mənzil 10-da qeydiyyatda olmaqla Göygöl rayonu Aşıqlı kəndində ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Ramal təhsil aldığı universitetə getmək üçün evdən çıxmış, təxminən 08 radələrində xatırlamadığı tanışları ona zəng edərək Göygöl-Gəncə avtomobil yolunun 1-ci kilometrliyində, “Azpetrol” YDM yaxınlığında Ramalın sərnişin qismində olduğu “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobil ilə “Opel" markalı avtomobilin toqquşması nəticəsində Ramalın həmin hadisə nəticəsində vəfat etməsini öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Göygöl şəhəri, Heydər Əliyev prospekti ev 14-də ailəsi ilə birlikdə yaşayır, subaydır. Heç bir yerdə işləmir. Azərbaycan Dövlət Aqrar Universitetində, “Qida mühəndisliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. xx.xx.2024-cü il tarixdə 07:15 radələrində dostu Farizlə birlikdə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə getmək üçün Göygöl şəhər avtovağzalından özünə məxsus "VAZ 21015" markalı, **-VU- *** nömrə nişanlı avtomobil ilə Gəncə şəhərinə müştəri aparan, taksi kimi fəaliyyət göstərən Elməddin adlı tanışına zəng etmiş, Elməddin onları Göygöl şəhər avtovağzalının yaxınlığında olan küçədən götürmüş, sonra əlavə 2 nəfər də sərnişin götürmək üçün avtovağzalda dayanmışdır. O sürücünün arxasında olan sərnişin oturacağında, Zərərçəkmiş şəxs2 ön sərnişin oturacağında əyləşmiş, onlardan əlavə sonradan avtomobilə onunla eyni universitetdə təhsil alan Ramal adının sonradan Xəyal olduğunu öyrəndiyi şəxs əyləşmişdir. Xəyal avtomobildə arxa sərnişin oturacağında ortada, Ramal isə sağ tərəfdə əyləşmişdir. O Göygöl şəhər, Heydər Əliyev prospekti ilə üzü Qızılqaya qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Sürücünün arxasında oturduğu üçün yolu görə bilməmişdir. Qəflətən tormoz səsi eşitdikdən sonra başı avtomobilin içərisində harasa möhkəm dəydikdə özünü itirmiş, gözünü açdıqda isə artıq toqquşma baş vermiş, sərnişinlərdən Ramal və Xəyal avtomobilin içərisində olmasa da Elməddin və Fariz avtomobilin içərisində olmuşdur. Yerindən durmaq istəsə də tərpənə bilməmişdir. Bır müddət sonra TTY avtomobilinin işçiləri onu avtomobildən çıxartdıqda Ramalın avtomobilin qarşısında yerdə olmasını, Xəyalın isə yerdə oturmasını görmüşdür. Bundan sonra onu Göygöl RMX-ya sonradan isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparılmış, orada müalicəsi davam etmiş, hadisə nəticəsində çanaq sümüyü sınmış, başında isə çoxsaylı sıyrıqlar əmələ gəlmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, sərnişin qismində olduğu avtomobil ilə toqquşan avtomobil və sürücüsünə fikir verməmişdir. Fikirli olduğu üçün avtomobilin sürətini hiss etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mübariz oğlu ifadə verərək bildirmişdir ki, Göygöl şərab zavodunun qarşısı tərəfdən hərəkət edirdilər. Yanacaq doldurma məntəqəsini keçəndən sonra Gəncə tərəfdən onlar tərəfə hərəkət edən Opel markalı avtomobil onlar tərəfdən baxanda sağa doğru dönmək istəyirdi, ancaq önə doğru çox çıxmışdı,yolun ortasında dayanmışdı. Əyləşdiyi maşında sürət çox olduğu hiss olunurdu, ama spidometrə fikir verməmişdir. Opel maşını elə vəziyyətdə dayanmışdı ki, onun yanından ötüb keçməyə yer qalmamışdı. Qəza anında başı şitə çırpılıb, hansı tərəfin dəydiyini hiss etməmiş, onlar olan maşının sol tərəfi toqquşmuşdu. Opelin sürücüsü dayanmışdı, xətti keçmişdi. Onlar tərəfdən baxdıqda Opel sağa dönmək istəyirdi, yerində dayanmışdı. Hadisədən sonra özünə baxanda görür ki, ayağı qırılıb, atasına zəng edib onu çağırmışdır. Ölüm olduğundan xəbəri yox idi. Orada mülki bir şəxs onu maşından çıxarmağa cəhd göstərirdi, o, qorxusundan ona icazə verməmişdir. Maşının sol arxa qapısından onu çıxardılar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, sabah saatları idi, saat 8-in yarısı olardı. Fariz zəng edib onu götürməsini bildirib. Daha sonra taksilər duran yerdən digər sərnişinləri də götürmüşdür. Hadisə zamanı surətinin neçə olduğu yadında deyil. Maşında Heydər, Fariz, Xəyal və rəhmətlik Ramal var idi. O, zavod tərəfdən aşağı düşürdü. O gördü ki, Opelin surəti azdır, öz yolu ilə gəlir, dönmə əməliyyatı etmək istəyir. O, yol ilə gedirdi ki, 10-15 metr qalmış gördü ki o dayanmır, sürəti azdır, bilinir ki dönmək istəyir. 10-15 metr qalmış da gördü ki, o dayanmır, o da maşının sağ tərəfindən götürdü ki, öz tərəfindən vursa da, bəlkə keçə bilə. Fariz yanında, Heydər arxa oturacaqda, Xəyal arxa tərəfdə ortada, rəhmətlik Ramal isə arxa-sağ tərəfdə oturmuşdu. Hadisə yerində surət həddi 60 km/saat-dır. Sürəti yadında deyil, amma çox olduğunu bilir. Orada 70 km/saat sürətlə sürsə o hadisə baş verməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 09:30 radələrində avtovağzaldan taksiyə əyləşərək Gəncə şəhərinə gedirmiş. Taksidə 5 nəfərin olduğunu bildirib. Mərhum ondan sağ tərəfdə əyləşibmiş digər isə sol tərəfdə. Sürət tam olaraq yadında deyil. Təxmini qeyd edib ki, 80-90 olardı, ortada oturduğu üçün, yolu tam görüb. Şəhidlər Xiyabanından üzü aşağı Gəncə şəhərinə tərəf istiqamətdə olanda, Gəncə şəhərindən üzü yuxarı Göygöl istiqamətinə isə Opel markalı maşın gəlirmiş, lakin Opel markalı maşın sol tərəfə dönmə işığını yandıraraq yol ayrıcında dayanıbmış. Birdən nəsə hiss edər kimi olub, maşının oturacağından tutub və onu görüb ki, qarşıdakı Opel markalı maşınla toqquşublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirib ki, hadisə olduqdan sonra hadisə yerinə gəlibdi. “Vaz 21015” və “Opel” markalı maşınlar yol ayırıcı tələbinin pozulması ilə əlaqədar qəza olmuşdu, daha sonra Vaz “21015” markalı maşının sürət həddini ölçəni videoda qeyd edib, təxmini yadında qalıb 120-140 idi, lakin orda sürət həddi 50-di. Məhkəmə istintaqı zamanı elan olunmuş və istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 09 noyabr 2024-cü il tarixli “şahidin dindirilməsi haqqında” protokolda qeyd edilən ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu S.A.Kəsəmənli küçəsi ev 50-də ailəsi birlikdə yaşayır, o 2021-ci ildən DİO-da, 2024-cü ildən isə hazırkı tutduğu vəzifədə yəni, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. ifadə verməyinin səbəbi ona izah edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində Gəncə şəhərindən tanımadığı yol maşını ilə Göygöl rayonuna Göygöl RPŞ-yə işə gəldiyi zaman Göygöl rayonu Qızılqaya qəsəbəsindən keçdikdən sonra ikitərəfli yolun qurtarmasına təxminən 150 metr məsafədə eyni istiqamətdə gedən “Opel” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətdən gələn “Vaz 21015” markalı, **- VU-*** nömrə nişanlı avtomobillərin toqquşmasını və tüstü çıxmasını görmüşdür. Yaxınlaşdıqda “Opel” markalı avtomobilin sürücüsünün qışqıraraq kömək çağırdığını, avtomobildə ondan əlavə heç kəsin olmadığını, “Vaz 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilin önündə yerdə bir nəfər şəxsin hərəkətsiz vəziyyətdə olmasını, avtomobildə isə 4 nəfər şəxsin olmasını, sürücünün və ön sərnişin oturacağında olan şəxsin avtomobildə sıxışmasını görmüşdür. Yaxınlaşaraq hadisəni görüb dayanmış sürücülərlə birlikdə həmin şəxslərə kömək edərək sıxışdıqları yerdən çıxartmaqla çağırılmış Təcili tibbi yardım avtomobili ilə sürücüləri və digər sərnişinləri xəstəxanaya göndərmişdir. Sadəcə 1 nəfər yerdə hərəkətsiz vəziyyətdə qalan şəxsin artıq ölməsini TTY işçisi bildirmişdir. Həmin tarixdə artıq rayon polis şöbəsinin əməliyyat-istintaq qrupu və X18 işçiləri həmin yerə gələrək hadisə yerinin müayinəsinə başladılar. Sonuncu olaraq “Opel” markalı avtomobilin sürücüsü TTY avtomobili ilə xəstəxanaya getdi. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan avtomobillər toqquşmadan sonra diqqətini çəkdiyi üçün əvvəlcədən onların hərəkət surətini bilməmişdir. “Opel” markalı **-BF-*** nömrə nişanlı avtomobilin sürücüsü kişi cinsli, cavan yaşlarda bir nəfər olmuş, yanında heç kəs olmamışdır. “Vaz 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilin önündə yerdə bir nəfər şəxsin hərəkətsiz vəziyyətdə olmasını, avtomobildə isə 4 nəfər şəxsin olmasını, sürücünün və ön sərnişin oturacağında olan şəxsin avtomobildə sıxışmasını gördüm. Sürücü kişi cinsli gənc yaşlarda bir nəfər idi. Avtomobillərin toqquşma yeri və təxmini koordinatları barədə bildirmişdir ki, üzü Göygöl rayonu istiqamətində hərəkətdə olan “opel” markalı avtomobil yol ayrıcında sola dönmə etmək istədiyi zaman onunla əks istiqamətdə hərəkətdə olan “VAZ 21015” markalı avtomobil ilə, sonuncu avtomobilin yolunda toqquşmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:45 radələrində Gəncə avtomobil yolunun 1-ci kilometrliyində Azpetrol YDM yaxınlığında sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “Opel Astra minik” markalı ** BF *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olub dönmə əməliyyatını həyata keçirən zaman onunla əks istiqamət ilə düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi ‘VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobildə sərnişin qismində olan xx.xx.2006-cı ildə Göygöl rayonunda anadan olmuş, AR vətəndaşı, subay, ADAU 2-cı kurs tələbəsi, Göygöl şəhəri R.Nəsibov məhəlləsi ev 05, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan X2 yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. 25 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X6 zərərçəkmiş qismində tanınmışdır. 25 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət prosesinə buraxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X10 zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır. 23 mart 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Mübariz oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 mart 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 may 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 may 2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 23 may 2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. 25 oktyabr 2025-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində asfalt yolda baş vermiş qəza ilə bağlı hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Göygöl-Gəncə avtomobil yolunun 1-ci kilometrliyində, Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisindən keçən yolda, X19 küçəsində baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, 2 hərəkət istiqaməti və 2 hərəkət zolağı vardır. Hər bir hərəkət istiqamətinin eni toqquşma nöqtəsinə nəzərən olan hissədə 4 metr 20 sm və 6 metr 30 sm metr olmaqla hər iki istiqamət üçün yolun ümumi eni 10 metr 50 smdir, hərəkət istiqamətlərini bir-birindən qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq nişanlanma xəttləri vardır, hadisə gündüz vaxtı baş vermiş, yolun hərəkət hissəsi işıqlandırılır, hadisə yeri yaşayış məntəqəsindən kənarda baş vermiş, hadisə yerində hərəkət surəti 60 km/saatdır. Asfalt örtüklü yoldan sonra dəmir maneə vardır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra minik” markalı ** BF *** nömrə nişanlı avtomobil ilə Göygöl rayonu Qızılqaya qəsəbəsindən Göygöl şəhər istiqamətində hərəkətdə olarkən yol ayrıcında sola doğru dönmə əməliyyatı etdiyi zaman avtomobilin ön sol hissəsi ilə onunla eyni yolda əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilin sol ön hisəsi ilə sonuncunun hərəkət hissəsində toqquşmuşdur. Hadisə yerində “Opel Astra minik” markalı ** BF *** nömrə nişanlı avtomobil hərəkətdə olduğu yolda dövrə vuraraq əks istiqamətdə toqquşma nöqtəsindən 24 metr məssafədə üzü Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində, “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobil öz hərəkət hissəsində yolun sağ kənarında olan dəmir maneəyə sıxılaraq üzü Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində toqquşma nöqtəsindən 13 metr məsafədə dayanmışdır. Avtomobillərin arasındakı məsafə 11 metr, toqquşma nöqtəsi Göygöl rayonu Qızılqaya qəsəbəsi istiqamətində yolun sağ kənarından 1 metr 60 sm, hərəkət hissəsinin sol kənarından 2 metr 60 sm-dir. “Opel Astra minik” markalı ** BF *** nömrə nişanlı avtomobilin dayandığı istiqamətdə yolun sağına arxa sağ hissədən 2 metr, eyni qaydada hərəkətə hissənin sol kənarına 5 metrdir. “VAZ 21015” markalı, **-VU-*** nömrə nişanlı avtomobilin dayandığı istiqamətdə arxa hisəsindən toqquşma nöqtəsinə məsafə 13 metrdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin məhkəmə-kimya şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 3719/K nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən müəyyən edilmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində hadisə zamanı sərxoş olmaması təsdiq edilmişdir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 25 oktyabr 2024-cü il tarixli 39 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: 2006-cı il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə və qərarda qoyulan sualları nəzərə alaraq aşağıdakı nəticəyə gəlinir: X1 bədənində müəyyən edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin yarası, başın yumşaq toxumalarına ənsə nahiyyəsinə uyğun hissədə böyük ölçülü qansızma, ənsə sümüyünün xətti formalı sınığı, hər iki beyin yarımkürələrinə qansızma, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların həm məmə, həm də onurğayanı xəttlər üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyər və dalağın cırılması, hər iki körpücük sümüklərinin və döş sümüyünün orta 1/3 hissələrdən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ bud sümüyünün qapalı sınığı, üst dodağın selikli qişasının yarası. Qeyd olunan xəsarətlər həyatidir- bərk KÜT əşyanın/əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb- açıq kəllə beyin travması nəticəsindəəmələ gələn kəllə tağı sümüyünün sınığı və baş beyinə qansızma olmuşdur. Məhkəmə-tibbi ekspert ətraf mühit şəraitinin və meyit əlamətlərini nəzərə alaraq belə hesab etmişdir ki, ölümün müddəti meyit müyainə olunan vaxta nəzərən 2-4 saatdır. ( meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 10-30da aparılmışdır).X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11 fevral 2025-ci il tarixli 70 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət sirkə kasasının yerinidəyişən, qapalı qəlpəli sınığı, alt çənə, sağ gicgah, sağ baldır və sol dirsək oynağı nahiyyələrinin yaraları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11 fevral 2025-ci il tarixli 68 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Mübariz oğlunun bədəni üzərində aşkar edilmiş xəsarət sağ baldır və sağ mil sümüklərinin qapalı sınıqlarıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 27 fevral 2025-ci il tarixli 109 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət sağ İV, V qabırğaların, sol bud və sol iç toöuq sümüklərinin sınıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. Məhkəmə Ekspertiza Mərkəzindən 23 mart 2025-ci il tarixdə daxil olmuş 31 yanvar 2025-ci il tarixli 8/3297 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyində göstərilmişdir ki, ekspertiza qərarında ekspert qarşısında qoyulmuş 1 və 2-ci sualllar üzrə istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərində uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3 və 4-cü suallar üzrə rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən qeyd olunan məlumatlar təqdim edilmədiyindən və təqdim olunmuş məlumatlar real hadisə mexanizminə “VAZ 21015” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Zərərçəkmiş şəxs3 VAZ 21015 markalı avtomobili hərkət sürəti 3.24 “maksimum sürətin məhdudlarşdırılması” yol nişanı ilə 60 km/saat qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-c hissəsinin (3.24 “maksimum sürətin məhdudlarşdırılması” yol nişanının) tələblərində uyğunsuzluq olmuşdur. 5-ci sual üzrə isə qeyd edilmişdir ki, mövcud vəziyyətdə VAZ 21015 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan anda onun toqquşma yerindən olduğu məsafəni müəyyən etmək üçün istintaq tərəfindən həmin avtomobilin sürücüsünün hərəkəti üçün konkret olaraq təhlükənin yaranma anı, həmin andan Opel Astra markalı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə və hər iki avtomobilin hərəkət sürəti müəyyən edilərək təqdim edilməli idi. Lakin həmin məlumatlar təqdim edilməmişdir. Ona görə də qeyd olunan sual üzrə tədqiqat aparılmır. 27 mart 2025-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanması haqqında! Protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini təqdim edib Göygöl şəhəri, H.Əliyev prospektində üzü Göygöl şəhəri istiqamətində hərəkətdə olmasını, yol ayrıcında dayandığı yeri və toqquşma nöqtəsinə qədər qət etdiyi məsafəni və haisə zamanı davranışlarını əyani surətdə göstərdi. Həmin yerlər ölçüldü və müəyyən edildi ki, hadisə zamanı Təqsirləndirilən şəxs dayandığı yerdən toqquşma nöqtəsinə qədər qövsvari 3 metr 60 sm hərəkət etmişdir. İfadənin yerində yoxlanması gündüz vaxtı, təbii işıqlanma şəraitində keçirildi və ifadənin yerində yoxlanması zamanı “Canon” markalı rəqəmsal fotoaparatdan istifadə edilməklə Təqsirləndirilən şəxs göstərdiklərinə əsasən fotoşəkillər çəkildi. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı 29 mart 2025-ci il tarixdə əlavə məhkəməyol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 may 2025-ci il tarixli 8/787 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyində göstərilmişdir ki, 1 və 2-ci suallar üzrə Opel Astra markalı 31BF156 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərində uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3 və 4-cü suallar üzrə “VAZ 21015” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlarşdırılması” yol nişanının) tələblərində uyğunsuzluq olmuşdur, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlarşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. 5.sual üzrə təhlükə yaranan anda “VAZ 21015” markalı, 10VU787 qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 56,7 metrdir. 23 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman idarə etdiyi “Opel Astra minik” markalı ** BF *** nömrə nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Avtomobil sahibinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində məlumatın MİS-də yoxlanması zamanı onun xx.xx.2021-ci il tarixdə DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən verilmiş və xx.xx.2031-ci il tarixədək qüvvədə olan BD 102832 seriya nömrəli, “BC” kateqoriyalı sürücülük hüququnun olması, sürücülük hüququndan məhrum edilmədiyi müəyyən edilmişdir. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Gəncə şəhər sektoru tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Gəncə Şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 2301 saylı arayışla Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 3999 saylı arayışla Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 003423 nömrəli “şəhid ailəsi üzvünün vəsiqəsi”dən və AZ-İİ 093672 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 28 sentyabr 2020-ci il tarixdə Tərtər(döyüş meydanında) hərbi əməliyyatlar nəticəsində partlayışda həlak olmuş və Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş AZ-İV 991252 seriya və nömrəli, habelə, AZ-V 129210 seriya və nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü və xx.xx.2025-ci təvəllüdlü azyaşlı iki övladı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 tərəfindən məhkəmə təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 6-cı bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilməsi barədə dəlilləri, onun tərəfindən ibtidai istintaq dövründə verilmiş izahat və ərizələr ilə yanaşı şahid ifadələri və işin digər halları ilə təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin heç bir təsir olmadan izahat verməsini məhkəmə nəzərə alaraq hesab edir ki, özünü müdafiə xarakterli dəlillərdir. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona maddi və mənəvi dəstək olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Hazırki halda zərərçəkmişin hüquqi varisi ilə notarial qaydada barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi” zamanı şəhid olmuş X3 övladıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar