Məhkəmə qərarları › İş №1(066)-70/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-70/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-70/2024 21.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri Kırılov küçəsi 1-ci döngə, ev 4-də qeydiyyatda olmaqla, Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi ev 41 yaşayan Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə, saat 02 radələrində Göygöl rayonu, Toğanalı kəndində əvvəllər birgə kirayədə yaşadıqları evdə faktiki nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə arasında baş verən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sağ və sol qoluna, sifət nahiyəsinə zərbələr vurub sonuncuya dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid “sol göz nahiyəsinin hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin yanvar ayında Göygöl şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq əvvəlcə Göygöl rayonu Aşıqlı kəndində atası Vaqif Məmmədova məxsus evdə, sonradan isə Göygöl rayonu Toğanalı kəndində kirayədə yaşamağa başlamışlar. Əvvəllər ailə münasibətləri normal olsada, sonradan Zərərçəkmiş şəxs qısqanclıq zəminində tez-tez onunla mübahisələr etdiyi üçün pisləşmişdir. xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində o, Göygöl rayonu Toğanalı kəndində kirayə yaşadıqları evdən telefonla danışmaq üçün çölə çıxmış, o, telefon danışığını bitirdikdən sonra yaşadığı evə daxil olduqda arvadı Zərərçəkmiş şəxs ondan kiminlə danışdığını soruşan zaman aralarında şəxsi münasibətlər zəminində qısqanclıq səbəbindən mübahisə baş vermiş, mübahisə zamanı əl zərbələri ilə Zərərçəkmiş şəxs sol və sağ qolundan, sifət nahiyəsindən, sinəsindən və boğazından vuraraq onu döymüşdür. Hal-hazırda əməlindən peşman olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, əvvəllər ailə münasibətləri yaxşı olsada, lakin sonradan aralarında qısqanclıq səbəbindən mübahisələr olmuşdur. Onlar əvvəllər Göygöl rayonu Aşıqlı kəndində Asimin ata evində birgə yaşamış, lakin sonradan Göygöl rayonu Toğanalı kəndinə köçərək, kirayədə yaşamışlar. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Göygöl rayonu Toğanalı kəndində kirayədə yaşadıqları evdə Təqsirləndirilən şəxs telefonla danışmaq üçün evdən çölə çıxmış, o geri qayıdan zaman ondan kiminlə danışmasını soruşduqda şəxsi münasibətlər zəminində qısqanclıq səbəbindən mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun sol və sağ qolundan, sağ sifət nahiyəsindən vurmuş və əli ilə onun boğazından tutub itələmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də onun haqqında qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş 15 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu Toğanalı kəndində kirayə yaşadıqları evin daxilində baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X2 Göygöl rayon şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 276 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 15 may 2024-cü tarixdə ekspert müayinəsində keçərkən onun bədəni üzərində müayinədən 2 gün əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlmiş “sol göz nahiyəsinin hematoması, boyun və sol bazu nahiyələrinin sıyrıqları” xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlərdən-“sol göz nahiyəsinin hematoması” dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlərdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-psixiatrik ekspertizanın 27 may 2024-cü il tarixli, 359 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə cinayət əməli törədərkən anlaqlı vəziyyətdə olmuş, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserlərdən alınmış arayışlarda Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 03 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon MKT İB-ində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon MKT İB-nin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhər S.Hacıyev küçəsi 41 nömrəli mənzildə yaşayır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə, saat 02 radələrində Göygöl rayonu, Toğanalı kəndində əvvəllər birgə kirayədə yaşadıqları evdə faktiki nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə arasında baş verən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sağ və sol qoluna, sifət nahiyəsinə zərbələr vurub sonuncuya dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid “sol göz nahiyəsinin hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, islah işləri cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar