Məhkəmə qərarları › İş №1(066)-73/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-73/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-73/2024 16.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 2003-cü ildə Göygöl rayonu, Tülallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərgold QSC-nin Tülallar yatağında bayraqdar işləyən, məhkum olunmamış, Göygöl şəhəri, Aşıq Alı küçəsi ev 50-də qeydiyyatda olmaqla Göygöl rayonu, Tülallar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Tülallar kəndi ərazisində onlara məxsus iri buynuzlu heyvanların həmkəndlisi Zərərçəkmiş şəxs torpaq sahəsinə girib yığılmış otları dağıtmalarına görə heyvanları oradan qovması və buna görə onlara irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əli ilə və yerdən götürdüyü daşla vurub ona təpə nahiyyəsinin əzilmiş yarası xəsarəti ilə müşayiət edilən bədən xəsarətləri yetirərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Tülallar kəndində ailəsi ilə birlikdə yaşayır. 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində özlərinə məxsus iribuynuzlu heyvanları evə gətirmək üçün evdən çıxmışdır. O, həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus iribuynuzlu heyvanları qabağına salıb, meşəlik əraziyə doğru apardığını görmüş və Zərərçəkmiş şəxs heyvanları hara aparısan deyə soruşmuşdur. Zərərçəkmiş şəxs gəl heyvanlarına yiyəllik elə deyib, üzərinə gələrək, yumruqla ağız nahiyəsindən vurmuş, arxasınca isə kəllə ilə burnundan vurmuşdur. Elvin onu vurmasın deyə, Elvini tutub saxlamış, həmin vaxt Elvinin bibisi Xanımzər və onun əri Şahlar onların yanına gəlmişdir. Xanımzər əlində olan ağacı və yerdə olan daşlardan götürüb ona doğru atmış, ağac sol qolundan dəymiş, lakin daş ona dəyməmişdir. O, Xanımzərin daş atmasını görüb, Elvini buraxmışdır. Elvində yerdən daş götürüb ona doğru atmış və daş sağ ayağının baldır nahiyəsinə dəymişdir. Həmin vaxt bibisi qızı Mətanət onların yanına doğru gəlmişdir. Şahlar isə onun üzərinə gəlib yumruqla bir dəfə sol qulağından vurmuşdur. O, Elvin və Şahlar onu vurmasın deyə tez qaçıb oradan getmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiahamda təqsirli bilməməsi onun tərəfindən cinayət məsuliyyətindən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Tülallar kəndində ailəsi ilə birlikdə yaşayır. Azərgold QSC-nin Tülallar yatağında mühafizəçi işləyir. 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində həmkəndlisi Şahid4 məxsus iribuynuzlu heyvanların onlara məxsus evin həyətyanı sahəsinə daxil olaraq, açıq vəziyyətdə yığılmış otu yediyi üçün heyvanları oradan anası Təranə ilə birlikdə çıxarmağa çalışmışlar. Həmin vaxt Şahid4 ona məxsus heyvanları qovduğundan əsəbiləşərək, onu və anasını təhqir edərək oğlu Təqsirləndirilən şəxs ilə birlikdə onlara tərəf gəlmişdir. O, Şahid4 heyvanlarına sahib çıxmağını, gəlib otu dağıtdığını demişdir. Lakin Şahid4 onun üzərinə doğru gələrək, sinəsindən bir dəfə təpiklə vurmuş və o, arxası üstə yerə yıxılmış, Təqsirləndirilən şəxs qolunu onun boynuna keçirərək, sıxıb tutmuşdur. Şahid4 da yumruqla bir neçə dəfə sol tərəf gicgah nahiyəsinə və dodağına vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yerdən daş götürərək başına vurmuşdur. Həmin vaxt anası Təranə onu çəkib Şükürgilin əlindən almışdır. Münaqişə zamanı həmkəndliləri Eşqin də yanlarında olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də onun cəzalanmasını məhkəmədən xahiş edir. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində həmkəndlisi Şahid4 məxsus iribuynuzlu heyvanların onlara məxsus evin həyətyanı sahəsinə daxil olaraq, açıq vəziyyətdə yığılmış otu yediyini görüb, heyvanları oradan çıxarmaq üçün evin həyətinə çıxmış, arxasınca oğlu Zərərçəkmiş şəxs də gəlmişdir. Onlar birlikdə iribuynuzlu heyvanları çıxarmağa çalışarkən, Şahid4 onu və oğlunu təhqir edərək oğlu Təqsirləndirilən şəxs ilə birlikdə onlara tərəf gəlmişdir. Zərərçəkmiş şəxs və o, Şahid4 heyvanlarına sahib çıxmağını, gəlib otu dağıtdığını demişlər. Lakin Şahid4 oğlu Zərərçəkmiş şəxs üzərinə doğru gələrək, təpiklə onun sinəsindən vurmuş və Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs oğlunun boynundan tutub saxlamış, Şükürdə yumruqla oğlunun üz nahiyəsinə vurmuşdur. O, oğlu Elvini onların əlindən çəkib almağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs daşla oğlunun başına vurmuşdur. O, Elvini çəkib Şükürgilin əlindən almışdır. Münaqişə zamanı qonşuluqda yaşayan Eşqin adlı şəxsdə onların yanına gəlmişdir. O, münaqişədən sonra əri Rasimə zəng edərək baş vermiş münaqişə barədə məlumat vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 oğllu da Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid4 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində o, yaşadığı kəndin meşəsindən özünə məxsus heyvanlar üçün xəzəl gətirmiş və evdə olan zaman itin hürməsini eşidib çölə çıxmışdır. Bacısı qızı Mətanətin oğlu İlham ilə birlikdə evə doğru gəldiklərini görmüşdür. Mətanət ona bildirmişdir ki, oğlu İlhamı həmkəndliləri Xanımzər və əri Şahlar və Elvin döymüşdürlər. Bundan təxminən bir saat sonra Rasimin yaşadığı evin həyətindən oğlunun ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiklərini eşitmişdir. Oğlu İlhamdan öyrəndiyinə görə İlham özlərinə məxsus heyvaları evə gətirmək üçün gedən zaman həmkəndliləri Elvinin onların heyvanlarını qabağına salıb, meşəlik əraziyə doğru apardığını görmüş, Elvinə heyvanları hara aparısan deyə soruşan zaman, Elvin oğluna gəl heyvanlarına yiyəllik elə deyib, nalayiq ifadələr işlədərək yumruqla ağız nahiyəsindən, kəllə ilə burnundan vurmuş, həmin vaxt Elvinin bibisi Xanımzər və onun əri Şahlar da gəlib oğlu İlhamı döymüşlər. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid5 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində o, yaşadığı kənddə yerləşən evində olarkən, səs-küyə evin həyətindən çölə çıxmışdır. Həmin vaxt həmkəndlisi Zülfiyyənin, Şahlar və Xanımzərin getdiyini görmüşdür. O da nə baş verdiyini bilmək üçün onların arxası ilə getmişdir. O, uzaqdan görmüşdür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münaqişə edirlər. Lakin onların bir-birilərinin hansı nahiyələrinə vurduqlarını bilməmişdir. O, onların yanına çatana kimi onları ayırmışlar. O, onların yanına çatan kimi nəyin üstündə dalaşmalarını soruşmuşdur. Xanımzər İlhama məxsus heyvanların Elvingilə məxsus torpaq sahəsinə girib yığılmış otları dağıtmaları, Elvinin İlhama məxsus heyvanları vurmasını səbəbindən aralarında münaqişə baş verdiyini demişdir. Cinayət işi üzrə şahid qismində tanınmış Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində Zərərçəkmiş şəxs “gəlin heyvanınızı aparın, çal-çəpər qalmayıb” qışqıraraq deməsini eşitmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra onların həyətindən qışqırıq səsini eşidib, onların həyətinə doğru getmişdir ki, görsün nə olub. O, kənardan Zərərçəkmiş şəxs yerdə olduğunu, Şahid4 və oğlu Təqsirləndirilən şəxs əl zərbələri ilə Elvini vurduqlarını görmüşdür. Lakin İlham və Şükürün Elvinin hansı nahiyəsinə vurmalarını bilməmişdir. Həmin vaxt Elvinin anası Təranə isə Elvinin onların əlindən almağa çalışmışdır. O, onları ayırmaq üçün yaxınlaşdıqda İlham və Şükür özləri aralaşıb getmişlər. Elvinin isə üz-başının qan içində olduğunu görmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işina əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 Göygöl rayon şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2024-cü il tarixli 553 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası, sol gicgah, sağ qalça və boyun nahiyyələrinin qançırları, alt dodaq nahiyyəsinin qansızması, boyun nahiyyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən – təpə nahiyyəsinin əzilmiş yarası – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol gicgah, sağ qalça və boyun nahiyyələrinin qançırları, alt dodaq nahiyyəsinin qansızması, boyun nahiyyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən və X2 alınmış arayışlarda Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işina əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 27 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işina əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İH başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdır. Cinayət işina əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İH başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, Aşıq Alı küçəsi ev 50-də qeydiyyatda olmaqla Göygöl rayonu, Tülallar kəndində yaşayır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Tülallar kəndi ərazisində onlara məxsus iri buynuzlu heyvanların həmkəndlisi Zərərçəkmiş şəxs torpaq sahəsinə girib yığılmış otları dağıtmalarına görə heyvanları oradan qovması və buna görə onlara irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əli ilə və yerdən götürdüyü daşla vurub ona təpə nahiyyəsinin əzilmiş yarası xəsarəti ilə müşayiət edilən bədən xəsarətləri yetirərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Məmmədov X5 QSC-nin Tülallar yatağında bayraqdar işləyir, Göygöl rayonu, Tülallar kəndində yaşayır. O, iş yerinə Göygöl və Daşkəsən rayonlarının ərazi hüdüdlarından keçməklə gedir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl və Daşkəsən rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Tülallar kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl və Daşkəsən rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Tülallar kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar