Məhkəmə qərarları › İş №1(066)-74/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-74/2025

05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-74/2025 05.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 13 iyul 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Köşkü kəndi ərazisində yerləşən “Ələmdarın kafesi” adlanan restoranın həyətində Şahid3 ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq onları ayırmaq məqsədilə Xalidi qucaqlayan zaman hər ikisi yerə yıxılmış, ətrafda olan şəxslər araya girib mübahisənin böyüməsinə imkan verməməyə çalışsalar da o, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, həmçinin ətrafda olan şəxslərin istirahət hüququnu pozmaqla aralarında yaranmış münaqişə zamanı çoxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq, ətrafda olan çoxsaylı şəxslərin gözü qarşısında yerdə olduğu vaxt yumruq zərbələri ilə Xalidin burun və sifət nahiyəsindən, alın nahiyəsindən vurmuş, Xalid əli ilə onun boynundan tutan zaman o, öz qanunsuz hərəkətlərini davam etdirib onun sol yanağından dişləmiş, nəticədə Zərərçəkmiş şəxs burun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol yanaq nahiyəsinin yarası ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, törətmiş olduğu cinayət əməlini etiraf etməklə özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında azyaşlı övladı Şahid2 1 yaşını qeyd etmək məqsədilə Göygöl rayonu Köşkü kəndində yerləşən “Ələmdarın kafesi” adlanan restoranda ad günü məclisi hazırlamışdır. Orada onun ailə üzvləri, əmiləri, dayıları və digər qohumları iştirak etmişdir. Həmin tarixdə saat 20 radələrində məclis yekunlaşdıqdan sonra o, idarə etdiyi “Piryus” markalı, **-OD-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşən zaman əmisi oğlu Şahid3 restoranda müştəri qismində olan, adı sonradan ona məlum olan Xalid adlı şəxslə sözdə mübahisə etməsini görmüşdür. O, onlara yaxınlaşmış və onları sakitləşdirmək məqsədi ilə Xalidi qucaqlamışdır. Bu zaman onlar hər ikisi yerə yıxılmışdır. Yerdə olan zaman o, yumruq zərbələri ilə Xalidin burun və sifət nahiyəsindən, alın nahiyəsindən vurmuşdur. Eyni zamanda Xalid də qarşılıqlı olaraq yumruq zərbəsi ilə onun alın nahiyəsindən vurub əli ilə onun boynundan tutduqda o, Xalidin sol yanağından dişləmişdir. Bu zaman onların yanında olan ailə üzvləri onları ayırmış, bundan sonra dava-dalaş sakitləşmişdir. Xalidi əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamış, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt yanında ailə üzvləri olmuşdur. Səhəri gün Xalidin evinə getmiş, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində ailə üzvləri ilə birlikdə Göygöl rayonu Köşkü kəndi ərazisində yerləşən “Ələmdarın kafesi” adlanan yerə istirahət etməyə getmişdir. Kafedə onlardan bir qədər kənarda əyləşib yeyib-içən tanımadığı şəxslər qırmızı rəngli “Toyota Prius” və ağ rəngli “Vaz-2107” markalı dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobillərinə əyləşib gedərkən onların masasının yanından keçən zaman qohumu Rəhmanın avtomobilinin dayanma vəziyyəti xoşlarına gəlmədikləri üçün onlardan adı sonradan ona məlum olan Təbriz adlı şəxs əsəbi halda “belə maşın saxlayırlar, boynuyoğunlar” ifadəsi işlətmişdir. Bu zaman o, ona öz iradını bildirərək, düzgün danışmasını demiş, bu vaxt həmin şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı anası Təranə qucağında olan bir yaşlı oğlu Ruzigar ilə birlikdə onların yanına gəlmiş və onları ayırmaq məqsədilə araya girmişdir. Həmin zaman Təbriz adlı şəxs onu vurmaq istədikdə yumruq övladı Ruzigarın çiyninə dəymiş, lakin o, heç bir xəsarət almamışdır. Bundan sonra onunla gələn şəxslər həmin şəxsi çəkib aparmışlar. Daha sonra bir nəfər qara koftalı və saqqallı olan, adı sonradan ona məlum olan Elçin adlı şəxs onun yanına gələrək yumruqla onun burnuna vurub ona xəsarət yetirmişdir. Həmin zaman onların arasında qarşılıqlı dava-dalaş baş vermişdir. Dava-dalaş zamanı o, əl zərbəsilə Elçinin alın nahiyəsinə vurmuş və onlar birlikdə yerə yıxılmışlar. Həmçinin dava-dalaş zamanı Elçin əl zərbələri ilə onun burun və sifət nahiyəsindən, alın nahiyəsindən vurmuş, o, onun əllərini tutaraq onu vurmasına mane olduqda o, onun sol yanaq nahiyəsindən dişləmişdir. Həmin vaxt orada olan şəxslər Elçini ayıraraq çəkib kənara aparmışlar. Qeyd etmişdir ki, dava-dalaş zamanı eşitmə qüsurlu övladı Zeynalın qulağında olan eşitmə cihazı yerə düşərək sınmışdır. Elçin adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamış, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt yanında arvadı Şahid1, anası Təranə Məmmədova və digər qohumları olmuş, kənarda isə tanımadığı şəxslər olmuş, dava-dalaş zamanı Elçin adlı şəxs onu döymüş, qarşılıqlı olaraq o, da onu döymüş, hadisə səbəbindən əsəbi olduğu üçün bir neçə nəfər şəxsin onu döyməsini zənn edib bu formada müraciət etmiş, övladı Zeynalın qulağında olan eşitmə cihazının sınması nəticəsində ona maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Səhəri gün Elçin iləböyükləri vasitəsi ilə barışmışlar. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdi. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xoylu kəndində yaşayır, evlidir, iki övladı var. Rəsmi və ya qeyri rəsmi heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində əri Zərərçəkmiş şəxs və digər ailə üzvləri ilə birlikdə Göygöl rayonu Köşkü kəndi ərazisində yerləşən “Ələmdarın kafesi” adlanan yerə istirahət etməyə gəlmişlər. Həmin kafenin ərazisində yerə xalça sərib özləri ilə gətirdikləri yeməkdən yeyib qurtardıqdan sonra ailə üzvləri ilə şəkil çəkdirmişlər. Kafedə onlardan bir qədər kənarda əyləşib yeyib-içən tanımadığı şəxslər qırmızı rəngli Toyota Prius və ağ rəngli VAZ-2107 markalı dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobillərinə əyləşib gedərkən onların masalarının yanından keçən zaman onlardan bir nəfər nəlayiq ifadə işlətmişdir. Bu zaman əri Zərərçəkmiş şəxs ona irad bildirərək, nəlayiq ifadə işlətməməsini demiş, həmin vaxt onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı qaynanası Təranə qucağında olan bir yaşlı oğlu Ruzigar ilə birlikdə onların yanına getmiş, həmçinin o, da əri Xalidin yanına yaxınlaşmışdır. Bu zaman həmin şəxs yumruq zərbəsilə Xalidi vurmaq istədikdə yumruq onun övladı Ruzigarın çiyninə dəymiş, lakin o, heç bir xəsarət almamışdır. Bundan sonra onunla gələn şəxslər onu çəkib aparmışlar. Daha sonra bir nəfər qara koftalı və saqqallı olan, adı sonradan onlara məlum olan Elçin adlı şəxs Xalidin yanına gələrək yumruqla Xalidin sifət nahiyəsinə vurub xəsarət yetirmişdir. Bu zaman onların arasında qarşılıqlı dava-dalaş baş vermişdir. Dava-dalaş zamanı Xalid və Elçin birlikdə yerə yıxılmış, həmçinin dava-dalaş zamanı Elçin əl zərbələri ilə Xalidin sifət nahiyəsindən, alın nahiyəsindən vurmuş, Xalid isə onun əllərini tutaraq onu vurmasına mane olduqda o, Xalidin sol yanaq nahiyəsindən dişləmişdir. Həmin vaxt oraya toplaşmış şəxslər onları ayırmışdır. O, Xalidin üz nahiyəsində qan olmasını gördükdə onun halı pisləşmiş və huşsuz vəziyyətə düşmüşdür. Verilən suallara cavab olaraq göstərmişdir ki, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə nəvəsi Şahid2 1 yaşını qeyd etmək məqsədilə ailə üzvləri və qohumları ilə birlikdə Göygöl rayonu Köşkü kəndi ərazisində yerləşən “Ələmdarın kafesi” adlanan kafedə ad günü məclisi keçirtmişlər. Məclis yekunlaşdıqdan sonra, onlar ailə üzvləri ilə kafedən çıxan zaman oğlu Elçinin kafedə müştəri qismində olan, adı sonradan ona məlum olan Xalid adlı şəxslə dava-dalaş etməsini, onların yerə yıxılmasını görmüşdür. O, və ətrafda olan şəxslər onlara yaxınlaşaraq onları ayırmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı oğlu Şahid3 Xalid adlı şəxslə mübahisə edərək, onu nəlayiq ifadələr ilə təhqir etmiş, bu səbəbdən də oğlu Elçin ilə Xalidin arasında dava-dalaş baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. xx.xx.2024-cü il tarixdə Elçinin azyaşlı övladı Şahid2 1 yaşını qeyd etmək məqsədilə ailə üzvləri və qohumları ilə birlikdə Göygöl rayonu Köşkü kəndi ərazisində yerləşən “Ələmdarın kafesi” adlanan kafedə ad günü məclisi keçirtmişlər. Məclis yekunlaşdıqdan sonra, təxminən saat 18 radələrində onlar ailə üzvləri ilə kafedən çıxan zaman kafedə müştəri qismində olan, adı sonradan ona məlum olan Xalid adlı şəxsin avtomobili yolda saxlamasını görüb ona öz iradını bildirərək onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman o, onunla mübahisə etməyə başlamış, içkili olduğundan çox şeyi xatırlamamışdır. Sonra orada olan şəxslər onu kənara aparmışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Təqsirləndirilən şəxs ilə Xalid adlı şəxsin arasında dava-dalaş baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. xx.xx.2024-cü il tarixdə bacısı oğlu Təqsirləndirilən şəxs Göygöl rayonu Köşkü kəndində yerləşən, “Ələmdarın kafesi” adlanan kafedə azyaşlı övladı Şahid2 ad günü məclisi qeyd etmiş, o, da həmin məclisdə qonaq qismində iştirak etmişdir. Həmin tarixdə, saat 20 radələrində məclis yekunlaşdıqdan sonra onlar kafenin həyətindən çıxan zaman adı sonradan ona məlum olan, kafedə müştəri qismində olan Xalid adlı şəxsin avtomobili düz saxlamamasını görmüş, həmin zaman Elçinin əmisi oğlu Şahid3 avtomobilin sahibinin ünvanına nəlayiq ifadə işlədərək öz iradını bildirmişdir. Bu vaxt Xalid adlı şəxs ona söyüş söyməməsini demiş və bundan sonra Təbriz ilə onun arasında mübahisə yaranmışdır. O, həmin vaxt mübahisənin qarşısını almağa çalışdıqlarını, təxminən 10-15 dəqiqə mübahisə çəkdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərara əsasən HK-1/1505 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. 13 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Göygöl Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 icraatında olan HK-1/1505 nömrəli material üzrə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri iş üzrə materiala əlavə olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 397 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərburun sümüyünün qapalı, yerdəyişməyən sınığı, sol yanaq nahiyəsinin yarası, alın nahiyəsinin qançırı, burun nahiyəsinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundur, aşkar edilmiş xəsarətlərdən burun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol yanaq nahiyəsinin yarası- dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 fevral 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs Fərhad oğlunun zərərçəkmiş şəxs qismində tanınması qərara alınmış, hüquq və vəzifələri izah edilmişdir. “Şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması barədə” 07 may 2025-ci il tarixli qərara əsasən xx.xx.1997-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, A.Ələsgər küçəsi ev 54, mənzil 4-də daimi qeydiyyatda olmaqla, Göygöl şəhəri A.Hacıyev küçəsi ev 76-da yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.1997-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, A.Ələsgər küçəsi ev 54, mənzil 4-də daimi qeydiyyatda olmaqla, Göygöl şəhəri A.Hacıyev küçəsi ev 76-da yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hüquq və vəzifələri ona izah olunmuşdur. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmiş və təqsirini etiraf etmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 31 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AR DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Göygöl Mənzil-Kommunal İstehsalat birliyi tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamadığı bildirilir. Göygöl Mənzil-Kommunal İstehsalat birliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıq olmadığı bildirilir. Məhkəmə istintaqı dövründə təqdim edilən “AR MN Veteran Adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilmiş M/V 114684 seriya və nömrəli vəsiqədən, Azərbaycan Respublikası Medalının vəsiqəsi İ-66949 və İ-24080 seriya və nömrəli vəsiqələrdən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” veteranı olması, “Vətən müharibəsi iştirakçısı” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması müəyyən olunur. Zərərçəkmiş şəxs Fərhad oğlu tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs ilə hazırda barışıblar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Hazırki halda Təqsirləndirilən şəxs cəmiyyət üzvlərinin asudə vaxtı və istirahəti üçün nəzərdə tutulan yer olan- kafedə əvvəlcədən tanımadığı və aralarında şəxsi ədavət olmayan Zərərçəkmiş şəxs Fərhad oğluna qarşı zor tətbiq olunması ilə müşayət edilən ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyə yönəlmiş hərəkətlər etmişdir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşmanlıq keçirməsi,az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, habelə “Vətən müharibəsi” veteranı olması məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması, zərər çəkmiş şəxslə barışıq əldə olunmasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) günün 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulması hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan 08 (səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki ) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar