Məhkəmə qərarları › İş №1(066)-76/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-76/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-76/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 29 avqust 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu D.Yediyarin küçəsi ev 54-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasının inzibati binasındakı məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən, 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,179 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 may 2024-cü il tarixdə saat 00:00 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Göygöl rayon İcra Hakimiyyəti binasının yaxınlığında müəyyən edilərək Göygöl şəhəri Aydın Hacıyev küçəsi 93 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxlayaraq daşıdığı ümumi təmiz çəkisi 1,179 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Bundan başqa o, təkrar, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən, 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 0,912 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 05 may 2024-cü il tarixdə saat 02:30 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxlayaraq daşıdığı ümumi təmiz çəkisi 0,912 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri D.Yediyarin küçəsi ev 54-də ailə üzvləriylə birlikdə yaşayır. Təxminən 27-28 aprel 2024-cü il tarixlərdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan “Cimi İlqar” kimi tanıdığı şəxsin yaşadığı ünvana gedərək ondan təxminən 1 qram çəkidə narkotik vasitə olan marixuananı 20 manata almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün öz üzərində saxlamışdır. Narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalanını yenə də üzərində saxlamışdır. 30 aprel 2024-cü il tarixdə Göygöl şəhərinə gəlmişdir. Göygöl şəhərində Toğanalı kənd yolunun üzərində yerləşən “Gilavar-2” adlı restoranın yaxınlığında olan parkda piyada formada gəzməyə başlamışdır. Üzərində olan narkotik vasitəni də orada istifadə etməyi düşünmüşdür. Piyada gəzərkən yerdə ağ rəngli sellofan büküm diqqətini çəkmişdir. Sellofan bükümü götürdükdə içərisində “patı” dedikləri psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün bükümün içərisindəki maddəni tanımışdır. Həmin maddəni də götürüb istifadə etmək üçün üzərində saxlamışdır. Yolun kənarına çıxaraq piyada yeriməyə davam etmişdir. Bir müddət sonra mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirib Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. O, ona təqdim edilmiş siyahıdan Namiq Həsənovu seçərək onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Namiq Həsənovun dəvət olunmasından sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. O, da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdəki narkotik vasitə olan marixuananı və 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin narkotik vasitə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildikdən sonra azad edilmişdir. 05 may 2024-cü il tarixdə gecə saatlarında tanışı polis əməkdaşı Ramil Zalov ilə Göygöl rayonu Quşqara kəndi ərazisində piyada gəzən zaman həmin gün saat təxminən 02 radələrində mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Onlara narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirib, Göygöl RPŞ-nə gətirmişlər. Orada tanışı polis əməkdaşı Ramil Zalovun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edildi. O, Ramil Zalovun polis əməkdaşı olmasına görə, Göygöl RPŞ-də onun hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkil Namiq Həsənovu və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən Ramil Zalovun üzərindən aşkar edilmış psixotrop maddə olan metamfetaminin ona məxsus olmaslnl bildirmiş, və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Hazırda 01 may 2024-cü il tarixdə törədiyi cinaəyt əməlindən peşman olmuşdur. Bir daha cinayət əməli törətməyəcəyinə söz verir. Qey edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün qismən etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 may 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması, müəyyən vaxtlarda Göygöl rayonu ərazisində olması və narkotik vasitə qəbul etməsi barədə əməliyyat məlumatı almışdır. Daxil olmuş məlumat əsasında tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar 01 may 2024-cü il tarixdə saat 00:00 radələrində Müdafiəçi Göygöl şəhəri İcra hakimiyyəti binasının yaxınlığında olmasını müəyyən edərək, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində baş təhqiqatçı, polis kapitanı Orxan Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə və 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq, möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Bundan başqa 05 may 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması, müəyyən vaxtlarda Göygöl rayonu ərazisində olması və narkotik vasitə qəbul etməsi barədə Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinə məlumat daxil olmuş, Daxil olmuş məlumat əsasında tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar 05 may 2024-cü il tarixdə saat 02:30 radələrində Müdafiəçi Göygöl rayonu Quşqara kəndi ərazisində olmasını müəyyən edərək, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu, öz razılığı ilə Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis mayoru Murad Xurşudov tərəfindən Müdafiəçi hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə etməklə, vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi əynində olan qara rəngli parça materialdan olan gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq, qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Şahid5, Şahid2 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon polis şöbəsinin əməliyyat müvvəkili Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 30 aprel 2024-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon polis şöbəsinin əməliyyat müvvəkili Şahid2 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 05 may 2024-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 may 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması barədə» protokoldan və cinayət işinin materillarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, həmin gün Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, daha sonra saat 22:35-dan saat 22:55-dək videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana və 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin masa üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həmin bükümlər götürülərək elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 may 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması barədə» protokoldan və cinayət işinin materillarına əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında baxış zamanı müəyyən edildi ki, həmin gün Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, daha sonra saat 03:50-dan saat 04:10-dək videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini masa üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həmin bükümlər götürülərək elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 01 may 2024-cü il tarixli, 16/501 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd birinin çəkisi bükümlə birlikdə 0,70 qram, digərinin bükümlə birlikdə çəkisi 1,36 qram olan narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan qəhvəyi rəngli kağız paketdəki; - 1(bir) ədəd ödəniş qəbz kağız bükümündə təmiz çəkisi 0,29 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. - 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,179 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 0,29 qram olmuş, 0,02 qram hissə tədqiqata sərf edilmiş və 0,27 qram hissəsi qalıq qalmış, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 1,179 qram olmuş, 0,05 qram hissə tədqiqata sərf edilmiş və 1,129 qram hissəsi qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 05 may 2024-cü il tarixli, 16/520 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükülü” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,912 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,912 qram olmuş, 0,06 qram hissə tədqiqata sərf edilmiş və 0,852 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 176 (bir yüz yetmiş altı) manat 20 (iyirmi) qəpik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 19 iyun 2024-cü il tarixli 1085 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 0,27 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkiləri 1,129 qram və 0,852 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin şəxsi axtarış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin məhkəməyədək saxlanılmasından ötrü Göygöl RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 16 may 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 00:45-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 02 may 2024-cü il tarixli “Qətimkan tədbiri seçilnəsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Göygöl RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 05 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər RİH başçısının Gəncə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. Cinayət işinin materiallarında olan Gəncə şəhər RİH başçısının Gəncə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini 05 may 2024-cü il tarixdə ondan aşkar edilmiş, təmiz çəkisi 0,912 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin ona məxsus olmamasının polis əməkdaşı Şahid2 məxsus olması, ona edilən təzyiq nəticəsində öz üzərinə götürməsi barədə ifadəsi onun tərəfindən məsuliyyətdən yayınması üçün edilmiş cəhddir. Belə ki, məhkəmə baxış iclasında cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskinə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tədqiqatçı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümü masa üzərinə qoymuş və həmin bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını və ona məxsus olmasını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf etməsini, peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törədilməsini CM-in 61.1.1-ci maddəsinə qeyd edilən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 02 may 2024-cü iltarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasından həmin müddət 02 (iki) gün çıxılmaqla, qalan azadlıqdan məhrum etmə cəzası saxlanılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Göygöl RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkisi tədqiqatdan sonra 0,27 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkiləri 1,129 qram və 0,852 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 05 may 2024-cü il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 176 (bir yüz yetmiş altı) manat 20 (iyirmi) qəpik pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 05 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan çəkisi 0,27 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkiləri 1,129 qram və 0,852 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Videoçəkilişlərin aparıldığı 02 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 176 (bir yüz yetmiş altı) manat 20 (iyirmi) qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar