Məhkəmə qərarları › İş №1(066)-87/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-87/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-87/2023 25.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “AL market” də satıcı işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində dayısı Zərərçəkmiş şəxs özünə məxsus torpaq sahəsini traktorla qazdıraraq suvarma üçün su kanalı çəkdirmək istəyən zaman həmin kanalın bir hisəsinin onun torpaq sahəsinə düşəcəyinə etirazını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş mübahisə zamanı o, yerdən götürdüyü daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub sonuncunun sağ gözətrafının hematoması, sağ yanağın qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13:50 radələrində o, Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən özünə məxsus pay torpağında ot kipi bağlatmaq üçün torpaq sahəsinə dayısı X2 idarə etdiyi “Niva” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ilə getmişdir. Həmin vaxt digər dayısı Zərərçəkmiş şəxs və onun oğlu Nəcəf Tağıyevin ona məxsus torpaq sahəsinin içərisindən traktor ilə özünə məxsus torpaq sahəsinə arx çəkdirdiyini görmüşdür. O, avtomobildən düşüb kənardan traktoru idarə edən üzünü görə bilmədiyi şəxsə ona məxsus torpaq sahəsini niyə yarasız hala salırsan deyə səslənmişdir. Həmin vaxt dayısı oğlu Nəcəf yerdən daş götürüb ona doğru 3-4 dəfə daş atmış və həmin daşlardan biri sağ ayağının topuq nahiyəsinə dəymişdir. Dayısı İmdad ona demişdir ki, gəl avtomobilə əyləş, yoxsa səni öldürəcəklər. O, tez avtomobilə əyləşib qapını bağlamışdır. Daha sonra Vüqar və Nəcəf onlara yaxınlaşmışlar. Vüqar və oğlu Nəcəf dayısı İmdada demişlər ki, qapını açsın, yoxsa avtomobilin pəncərəsini qıracaqlar. Vüqar və Nəcəf onu öldürəcəklərini demişlər. Vüqar dayısı İmdada onu avtomobildən düşürməyəcəyi halda avtomobilin şüşəsini sındıracağını demişdir. Dayısı Vüqar və dayısı oğlu Nəcəf onu nalayiq ifadələrlə təhqir etmişlər. Daha sonra dayısı avtomobili sürərək həmin yerdən uzaqlaşmışlar. Həmin traktorun qonşuluqda yaşayan Anar adlı şəxsə məxsus olduğunu bilmiş, oradan uzaqlaşıb getdikdən sonra Anara məxsus mobil telefona zəng edərək, ondan onun torpağına niyə arx çəkibsən deyə soruşmuşdur. Anar danışıq zamanı bildirmişdir ki, Vüqar həmin torpaq sahəsinin özünə məxsus olduğunu demiş, həmin vaxt oğlu Tunar orada olmuşdur. Hadisə zamanı o, heç kimi vurmamış, əksinə onu dayısı oğlu Nəcəf daş ilə vuraraq sağ ayağına xəsarət yetirmişdir. O, heç kimi nalayiq ifadələrlə təhqir etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində o, oğlu Nəcəflə birlikdə Göygöl rayonu Hacəməlik qəsəbəsində yerləşən özünə məxsus pay torpağına traktor aparmışlar ki, torpaq sahəsinin su axmayan hissəsinə suyun gəlməsi üçün arx çəkdirsin. O, torpaq sahəsinin kənarında dayanmışdır, oğlu Nəcəf isə traktor sürücüsü Tunar ilə birlikdə traktorun içərisində əyləşib arx çəkmişlər. Həmin vaxt bacısı oğlu Azər qardaşı İmdadla birlikdə İmdada məxsus Niva markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ilə torpaq sahəsinin yanına gəlmişdir. Azər avtomobildən düşüb ona doğru yaxınlaşmış, traktoru niyə torpaq sahəsinə salıbsan deyərək, onun ünvanına nalayiq fadələr işlətmişdir. Daha sonra yerdən daş götürərək ona doğru atmışdır. Daş sağ gözünün altına dəymişdir və o, yıxılmışdır. Azər tez İmdada məxsus avtomobilə doğru qaçıb, avtomobilə əyləşmişdir. Oğlu Nəcəf isə traktordan düşüb, Azərin arxası ilə qaçmışdır. O, avtomobilə doğru getmiş, İmdad avtomobilin qapılarını bağladığından, İmdada qapını açmağı, Azəri avtomobildən düşürməsini bildirmişdir. Lakin İmdad avtomobilin qapısını açmamışdır. Qardaşı İmdad avtomobili oradan sürərək uzaqlaşmışdır. O, özünə məxsus VAZ-21010 markalı **-DU-*** d.q.n-lı avrtomobilimə əyləşib, oğlu Nəcəflə birlikdə Göygöl rayon Mərkəzi Xəstəxanasına getmişlər və DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Xəstəxanada halı qəfil pisləşmiş, orada ona ürək xəstəxanasına aparılmağını bildirmişlər. Oradan onu 103 TTY avtomobili ilə Gəncə şəhər Kardioloji xəstəxanasına aparmışlar. Münaqişə zamanı Azər ona daş ataraq xəsarət yetirmiş, oğlu Nəcəf və o, heç kimi vurrmamışlar. Azər onun və oğlu Nəcəfin ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Barəsində qanunu cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində o, atası Vüqarla birlikdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən özlərinə məxsus pay torpağına traktor apararaq torpaq sahəsinin su axmayan hissəsinə suyun gəlməsi üçün arx çəkdirmişlər. O, traktorun sürücüsü Turan ilə birlikdə taroktorda əyləşmiş, arxın çəkilməsinə nəzarət etmişdir. Atası isə torpaq sahəsində olmuşdur. Həmin vaxt o, geriyə baxanda əmisi İmdadin idarə etdiyi “Niva” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə torpaq sahəsinin yanına gəldiyini görmüşdür. O, traktordan düşüb atasıgilin yanına gələndə Azər qaçaraq əmisi İmdadın avtomobilində əyləşmişdir. Atası yerə yıxılmış vəziyyətdə olmuş və onu Azərin daşla vurduğunu bildirmişdir. O, Azərin arxasınca qaçmışdır. Həmin vaxt avtomobilin qapısını bağlamışlar. O, əmisi İmdada demişdir ki, qapını aç Azəri yerə düşürsün, atasını daşla vurub qaçdığına görə onu vursun. Həmin vaxt Azər onun ünvanına nalayiq ifadələr işlədərək, başına oyun açdıracağını demişdir. Əmisi İmdad isə idarə etdiyi Niva markalı avtomobili sürərək oradan uzaqlaşmışdır. O da atasını götürüb, Göygöl rayon mərkəzi xəstəxanasına aparmış, qəfil orada səhhəti pisləşmiş, orada ürək xəstəxanasına aparmağı bildirmişlər və oradan TTY avtomobili ilə Gəncə şəhər Kardioloji xəstəxanasına aparmışlar. Hadisə zamanı o, heç kimi vurmamış, əksinə atasını daş ilə vuraraq sağ gözünün altından xəsarət yetirmişdir. O, heç kimi nalayiq ifadələrlə təhqir etməmiş, sadəcə olaraq Azər əmisinə məxsus avtomobildə olan zaman ona “düş yerə kişi deyilsənmi, gücün çatırsa gəl məni vur” demişdir. Əmisi İmdad və Azər getdikdən sonra atası ona demişdir ki, Azər onu daş ilə sağ gözünün altından vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində o, özünə məxsus Niva markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən ot kipi bağlatdığı torpaq sahəsində işləyən traktor sürücüsünə yemək gətirmişdir. Bacısı oğlu Nəcəf də onunla birlikdə gəlmişdir. Azər onun əkin sahəsinin yanında düşmüş və əkin sahəsinin alt tərəfində yerləşən özünə məxsus əkin sahəsinə getmişdir. Təxminən 15 dəqiqə sonra Azər gələrək ona məxsus avtomobildə əyləşmişdir. O da yaxınlaşıb öz avtomobilində əyləşmişdir ki, öz yaşadığı ünvana getsin və bağlanan ot kiplərini aparmaq üçün yük maşını tapsın. Həmin vaxt qardaşı oğlu Nəcəfdə onun yanıma çatmışdır. Nəcəf o, əyləşən tərəfdən Azərə sözlə mübahisə etmişdir. O, onların dalaşmasından ehtiyyat edib, avtomobili sürərək oradan uzaqlaşmışdır. Onlar arasında münaqişə olmasını görməmiş, ola bilsin ki, onlar onun əkin sahəsinin alt tərəfində yerləşən əkin sahəsində aralarında münaqişə olmuşdur. O, onların münaqişə etməsindən ehtiyyat edib avtomobilini sürərək uzaqlaşıb getmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13:50 radələrində o, yaşadığı evə gedən vaxt onunla eyni kənddə yaşayan Vüqarın oğlu Nəcəf onun yanına gəlib demişdir ki, onlara məxsus əkin sahəsinə arx çəksin. O da atasına zəng edərək Nəcəf adlı kənd sakinin əkin sahəsinə arx çəkdirmək istədiyini bildirmişdir. O, Nəcəflə birlikdə onlara məxsus torpaq sahəsinə gəlmişdir. Elə traktorun kotanını yenicə torpağa salmışdır ki, kiminsə traktorun pəncərəsinə vurduğunu eşidib, traktoru saxlamışdır. Traktorun qapısını açdıqda Azər torpaq sahənin özünə məxsus olduğunu deyib, işləməmisini demişdir. O, traktorun qapısnı açdıqda Vüqarla Azərin mübahisə etdiklərini eşitmişdir. Vüqarla Azər bir-birilərinə torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Onlar traktorun arxa tərəfində mübahisə etmişlər, o isə onların mübahisə etdiklərini görüb, oradan uzaqlaşıb getmişdir. O, onların bir-birləri ilə əvvəlcədən münaqişələrini bildiyindən gözləməyib getmişdir. Onlar arasında mübahisə başlayan kimi uzaqlaşıb getmiş, həmin əkin sahəsində hər hansı bir şəxsin bir-birinə xəsarət yetirməsini görməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 128 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözətrafının hematoması, sağ yanağın qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon İHB-nın Hacıməlik qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından və xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonun Hacıməlik qəsəbəsində yaşayır. Himayəsində 2013-cü il təvəllüdlü X6, 2015-ci il təvəllüdlü X4 və 2015-ci il təvəllüdlü X5 adlı üç azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi münasibət bəsləyib belə hesab edir ki, həmin ifadə yanlış olmaqla iş materiallarına və işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, xx.xx.2022-ci il tarixli 128 nömrəli ekspert rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. İşdə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri və Göygöl rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar