Məhkəmə qərarları › İş №1(066)-87/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-87/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-87/2025 04.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, İ.Məmmədov küç., 161 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, müşayiət edilən qərəzli hərəkətləri bir qrup şəxs tərəfindən edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, istintaq orqanının mövqeyinə əsasən o, yeznəsi Şahid1 ilə əlbir olub qrup təşkil edərək 08 iyul 2024-cü il tarixdə saat 19 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən kənd sakinlərinin toplaşdığı Şahid3 məxsus kafedə Şahid1la yemək yeyib pivə içən zaman, kafeyə gələn həmin kənd sakini Zərərçəkmiş şəxs onlarla bir masaya əyləşib yemək yeyərək pivə içdikdən sonra Şahid1 sərxoş vəziyyətdə həmkəndlisi Zərərçəkmiş şəxs “nə üçün bir müddət əvvəl onun arvadına pul təklif etməsini” deyərək əsassız bəhanə səbəbindən aralarında başlayan mübahisə zamanı kafedə yemək yeyib istirahət edən şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə nalayiq ifadələrlə söyüb təhqir etməklə, özünün üstünlüyünü nümayiş etdirmək üçün kafedə olan Şahid2 və digər şəxslərin yanında ilk öncə Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burun nahiyyəsindən zərbə endirməklə, sonuncuya burun sümüyünün açıq sınığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, həmin vaxt orada olan Şahid1 da zərərçəkmiş şəxsi nalayiq ifadələrlə söyüb təhqir edərək yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbə endirərək sonuncuya sağ yanaq nahiyyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti, üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan bir qrup şəxs halında zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, törətmiş olduğu cinayət əməlini etiraf etməklə özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı Xanlar, Rizvan və o, kafedə oturub yemək yeyirmişlər. O, içkili olduğu üçün hadisənin dəqiq təfərrüatlarını xatırlamadığını bildirib. Xanlar ilə Rizvan arasında əvvəlcədən mübahisə olubmuş. Rizvan Xanlara onun yoldaşına pul təklif etməsinə görə narazılıq ifadə etmişdi və bu məsələ üzərindən mübahisə yaranmışdı. O, isə içkili olduğu üçün bu vəziyyət ona pis təsir edib. Nəticədə, stuldan qalxaraq Xanlara üz nahiyəsindən bir dəfə yumruq vurub və Xanlar yerə yıxılıb. Orada yaşamadığını, Rizvanın qonağı olduğu üçün heç kimi tanımadığını bildirib. Kafedə 3 nəfər olublar. Hadisə günorta saatlarında baş verib. Hadisə baş verəndə səsə gələn kənd sakinləri onları ayırıb. Əməlindən peşman olduğunu, içkili olduğu üçün hadisənin baş verdiyini bildirib. Zərərçəkmişlə arasında barışıq əldə olunub. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin vaxt işdən evə gedirmiş. Yolüstü, marketin yanındakı kafedə Rizvanla Eminin əyləşdiyini görüb. Onu həmin yerə çağırıblar. Daha sonra birlikdə pivə içiblər. Bir müddət sonra Rizvan yemək almağı təklif edib və birlikdə yemək yeyiblər. Yeməkdən sonra o, Rizvana getməli olduğunu bildirib. Rizvan həmin vaxtı yoldaşına niyə pul təklif etdiyini soruşub. O, bu məsələni izah etməyə çalışdığı anda Emin, yəni Rizvanın qaynı, ona yumruq zərbəsi vurub və nəticədə stoldan yerə yıxılıb. Daha sonra çöldə olan iki nəfər hadisəyə müdaxilə edərək onları ayırıblar. Qeyd etdi ki, Rizvanın oğlu onun yanında fəhlə işləyir. Anası onun pulunu verməyini, sonra maaşından tutmağını istəyib. İlk olaraq Emin ona yumruq vurub, daha sonra Rizvan onu itələyib yerə yıxıb. Hal-hazırda aralarında barışıq əldə olunub. Heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə istintaqı dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən saat 11 radələrində Rizvanla Emin həmin kafeyə gəlib damino oynayırdılar. Bir müddət sonra Xanlar da gəlib. Rizvanla Xanlar marketdən yemək alıb geri qayıdıblar və yeməyə başlayıblar. Birdən içəridən səs-küy eşidib. İçəri daxil olarkən, Eminin Xanları yerə yıxaraq dalaşdığını görüb. O, dərhal Emini tutub çölə çıxardıb. Sonra Xanlar oradan uzaqlaşıb. Qeyd etdi ki, hadisənin səbəbini bilmir, nə də sorusmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3nın ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, yan tərəfdəki ərzaq mağazasında olub, çayxanaya isə qudası nəzarət edirmiş. Birdən səs-küy eşidib. İçəri girdikdə görüb ki, vəziyyət artıq sakitləşib, lakin Emin hələ də Xanlara qarşı nalayiq sözlər işlədir. Ona bildirib ki, bura yaşayış yerinə yaxındır və söyüş söymək yolverilməzdir. Daha sonra Xanları oradan uzaqlaşdırıblar, ardınca isə Emin və onunla gələni uzaqlaşdırıblar. Çayxanada hər-hansı dağıntı aşkar etməyib. Hadisənin baş vermə səbəbini bilmədiyini və maraqlanmadığını bildirib. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o, qaynı Eminlə birlikdə çayxanada oturublarmış. Bir qədər sonra Xanlar gəlib, bir yerdə oturublar. Daha sonra çörək yemək qərarına gəliblər. Mağazadan araq və kolbasa alaraq yenidən həmin yerə qayıdıblar və orada içki qəbul ediblər. İçkili vəziyyətdə olarkən, Xanların əvvəllər onun yoldaşına pul təklif etməsi yadına düşüb. Bununla bağlı ondan niyə pul təklif etdiyini soruşanda Emin Xanlara bir dəfə yumruq vurub və Xanlar stuldan yerə yıxılıb. Daha sonra çayxanaya nəzarət edən şəxs onları sakitləşdirərək oradan uzaqlaşdırıb. Hadisə baş verən zaman olardan başqa orada heç kim olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs istintaqa gəldikdən sonra cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından X5 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərara əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün fəhləliklə məşğul olur. Təxminən 5-6 ay əvvəl Rizvanın oğlu Əmrahla Gəncə şəhərində əvvəlki Gəvə zavodunda fəhlə işləmiş, Əmrahın hər gününə 20 manat pul vermişdir. Bir aydan sonra Əmrahın anası Elnarə ona zəng edərək demişdir ki, Əmraha gündəlik verdiyi pulu gələndə ona versin, yoxsa Əmrah xərcləyir, borcları vardır. O da Elnarə dediyi kimi, hər axşam Əmrahı evlərinə gətirəndə 20 manat pulu anası Elnarəyə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində işdən evə gələndə kənddə Mübarizin işlətdiyi çayxanaya girmişdir. Həmin vaxtı Rizvan və Emin çayxanada oturmuşdular. Onlar onu görüb yanlarına çağırmışlar və o, gəlib onlar oturduqları masada əyləşmişdir. Rizvan ona yemək yeməyi və araq içməyi təklif etmişdir. O, onlarla birlikdə 0.5 qr-lıq arağı içmişlər. Bundan sonra bir qədər pivə içdikdən sonra durub getmək istəyəndə Rizvan ona demişdir ki, “sən niyə oğlu Əmrahla işləyəndə pulu aparıb Elnarəyə veribsən, ancaq mən pul istəyəndə imkanım yoxdu deyib vermirsən”. O da demişdir ki, Elnarə özü demişdir, pulu uşağa verməsin gedib siqaret alır, pis uşaqlara qoşulur, o da ona görə aparıb pulu anasına vermişdir. Bir dəfə də Elnarə iki günün pulunu qabaqcadan istədiyini, o da Elnarəyə 50 manat verdiyini demişdir. Onlarda onu söyüb təhqir etmişlər ki, guya Elnarəyə artıq pul verməkdə məqsədi Elnarəyə sataşmaq olmuşdur. O da demişdir ki, heç vaxt o fikirdə olmamışdır. Bundan sonra Emin və Rizvan onun ünvanına söyüşlər söyüb təhqir etmişlər və Emin qəfildən yumruqla burnuna zərbə endirmiş, onun ardınca Rizvan yumruqla sifətinə bir neçə dəfə zərbə endirəndə o, arxası üstə yerə yıxılmışdır. Bu zaman çayxanada işləyən Mübariz, Emin və Rizvanı ondan çəkib uzaqlaşdırmışdır. Səs-küyə toplaşan adamlar Emin və Rizvanı çəkib küçəyə çıxarmışlar. Rizvan və Emin küçədə dayanıb onun ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxtı Rizvan və Emin onun üzərinə gəlib onu vurmaq istəyən zaman orada olan şəxslər onları tutub saxlamışlar, oraya toplaşan tanımadığı şəxslər Rizvanı və Emini oradan uzaqlaşdırmışlar, o da öncə evə, oradan da xəstəxanaya getmişdir. “Baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Göygöl RPŞnin TB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən hadisə yerinə baxış keçirilmiş, Samsung markalı mobil telefonla hadisə yerinin fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 391 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün açıq sınığı, sağ yanaq nahiyyəsinin hematoması, üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün açıq sınığı, sağ yanaq nahiyyəsinin hematoması dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; üst dodağın selikli qişasına qansızma, sol kürək nahiyyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 07 fevral 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmış, hüquq və vəzifələri izah edilmişdir. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs qismində dindirilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hüquq və vəzifələri ona izah olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” 10 iyun 2025-ci il tarixli qərara əsasən qərarın təsviri hissəsindəkilərə əsasən- ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri İsrafil Məmmədov küçəsi ev 161-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə ACDİÜ AR məhkəməsi tərəfindən AR CM-nin 149.2.1, 149.2.3, 149.2.4, 29,149.2.3, 29,149.2.4-cü maddələri ilə 05 il 06 ay AME cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 01 il 01 ay 09 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2013-cü il tarixdə Göygöl rayon məhkəməsi tərəfindən AR CM-nin 315.1-ci maddəsi ilə 02 il AME cəzasına məhkum edilmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsi tərəfindən AR CM-nin 29,186.2.2, 221.1-ci maddələri ilə 03 il AME cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsi tərəfindən AR CM-nin 177.1, 228.1, 62.3, 66.5, 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün AME cəzasına məhkum edilmişdir, həbs olunma tarixi xx.xx.2021-ci ildən hesablanmışdır. xx.xx.2024-cü il tarixdə barəsində Gəncə BŞPİ-də AR CM-nin 234.1-1 maddəsi ilə istintaq edilən cinayət işi məhkəməyə göndərilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 297 saylı məktubdan görünür ki, Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 161-də yaşayan 1988-ci il təvəllədlü Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Nizami rayon SHXÇÜDX-nin 25 saylı göndərişinə əsasən dispenserə müraciət etmiş və ona ”Aksentuasiya olunmuş şəxsiyyətdə vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” diaqnozu qoyulmuş, 218 saylı akt verilmişdir. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 3727 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən metamfetamindən suiistifadə diaqnozu ilə dispanserdə qeydiyyatdadır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs qismində dindirilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-20/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqan məhrumetmə cəzası (Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmış və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması və onun həbsdə olması nəzərə alınmışdır. “Axtarışda olan şəxsin saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokla əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək axtarış elan olunmuş xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri İsrafil Məmmədov küçəsi ev 161-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ əməkdaşları tərəfindən Göygöl rayon ərazisində müəyyən edilərək saxlanılmış, müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göygöl rayon İHB-nın Mollacəlilli kənd İƏD üzrə nümayəndiyi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Mollacəlilli kəndində qeydiyyatsız yaşayır və ailə tərkibi aşağıdakı kimidir: arvadı-X6; oğlu-2012-ci il təvəllüdlü X7; oğlu-2016-cı il təvəllüdlü X8; Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 477 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən o, cinayət əməlini törədən zaman öz hərəkətərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xarakterin psixopatik çizgiləri müşahidə edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən müvafiq sorğu əsasında ünvanlanmış məktubda bildirilir ki, Təqsirləndirilən şəxs Eyyub oğlu barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin məhkəmə sorğusu əsasında təqdim etdiyi 04 noyabr 2025-ci il tarixli, 57/2-33212/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Teyyub oğlu barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ********* nömrəli AR CM-nin 234.1-1-ci maddəsi ilə olan cinayət işi hal hazırda icraatdadır və istintaq davam edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Hazırki halda Təqsirləndirilən şəxs cəmiyyət üzvlərinin asudə vaxtı və istirahəti üçün nəzərdə tutulan yer olan- kafedə Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması ilə müşayət edilən ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyə yönəlmiş hərəkətlər etmişdir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşmanlıq keçirməsi, az yaşlı uşağının olması məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olması, cinayətin residivi olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) il 6(altı) ay azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş işdə olan qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə 18 iyul 2025-ci il tarixdən 19 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şübhəli şəxs qismində tutulduğu müddət çıxılmalı, cəza çəkmə müddətinin başlanğıcı bu iş üzrə tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrindəçəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 gün tutulma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 (bir) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar