Məhkəmə qərarları › İş №1(066)-90/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-90/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-90/2025 30.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Göygöl rayonu Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, fərdi əməklə məşğul olan, Göygöl rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə, saat 15 radələrində Göygöl rayonu, Şəhriyar kəndinin yaxınlığında yerləşən meşə ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə onun qohumu X16 döyməsini bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisə zamanı sonuncudan qisas almaq niyyətilə onun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə əl və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya alt və üst dodaqların selikli qişasına qansızma ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən, həmçinin “başın ənsə nahiyəsinin dərialtı hematoması” ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə Göygöl rayonu Şəhriyar kəndində baş verib, O, dayısı, dayısının oğlu və Mirmahmud qoyun otarmaq üçün həmin əraziyə gediblər. Oturub yemək yeyən zaman tanımadığı bir nəfər yaxınlaşaraq onlardan su istəyib. O, isə zarafatla “Su nədir, gəl otur, araq içək” deyib. O isə cavab verib ki, xəstə olduğu üçün içki içmir və sadəcə su istəyir. Lakin həmin vaxt yanlarında su olmayıb. Daha sonra Gəncəli adında şəxs onlarla görüşüb və dağın yuxarı hissəsinə qalxmağa başlayıb. O, içkili vəziyyətdə olduğu üçün Gəncəli ilə dayısı arasında əvvəllər yaşanmış mübahisəni və onun dayısını döyməsini xatırlayıb. Bu səbəbdən Gəncəlinin yanına gedərək, dayısını niyə vurduğunu soruşub. Gəncəli isə bu məsələnin onunla bağlı olmadığını deyib sonra isə barışdıqlarını bildirib. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, sabah saatlarında yeznəsi ilə birlikdə yolotu yığmaq məqsədilə dağa gediblər. İşlərini bitirdikdən sonra kəndə qayıdan zaman kəndə çatmamış, yaxınlıqdakı meşəlik ərazidə Pərvizgilin yemək yediyini görüblər. Yeznəsi ürək problemi olduğu üçün onlara yaxınlaşaraq su istəyib. Onlar isə su olmadığını bildiriblər, bu zaman Pərviz Gəncəlidən dayısı ilə niyə dalaşdığını soruşub. O isə dalaşıb sonra da barışdıqlarını, onluq bir şey olmadığını bildirib. Bu sözlərindən sonra Pərviz gözlənilmədən sifətinə bir dəfə yumruq atıb. O, əlini üzünə tutaraq özünü qorumağa çalışıb və əyilib ki, zərbələrdən qorunsun. Hadisədən sonra sakitləşib evə gəlib. Sifətində və başında güclü ağrılar hiss etdiyi üçün xəstəxanaya gedib. Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs onunla barışdığını, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün dağda həm yemək yeyir, həm də qoyun otarırmışlar. Yemək yedikləri vaxt Gəncəli adlı şəxs və onunla birlikdə olan bir nəfər yaxınlaşaraq su istəyiblər. Onlarda su olmadığı üçün su olmadığını bildiriblər. Bundan sonra Gəncəli dağın başına qalxıb. Ardınca Pərviz adlı şəxs heyvanların qabağını kəsmək məqsədilə həmin istiqamətə dağın başına doğru gedib. O, bir qədər sonra həmin yerə getdikdə Gəncəli ilə Pərvizin aralarında əlbəyaxa dava etdiklərini görüb. Hadisə yerinə yaxınlaşaraq Pərvizi Gəncəlidən uzaqlaşdırıb. Gəncəlinin üzərində olan bıçağı o götürüb, ancaq nə o Gəncəliyə, nə də Gəncəli ona xəsarət yetirməmişdir. Bundan sonra Gəncəli hadisə yerindən uzaqlaşaraq gedib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün dağda qoyun otarırmışlar. Yemək yedikləri vaxt Gəncəli adlı şəxs və onunla birlikdə olan bir nəfər yaxınlaşaraq su istəyiblər. Su olmadığı üçün onlara su olmadığını bildiriblər. Bundan sonra Gəncəli dağın başına qalxıb. Ardınca Pərviz adlı şəxs heyvanların qabağını kəsmək məqsədilə həmin istiqamətə dağın başına doğru gedib. O, da bir qədər sonra həmin yerə getdikdə Gəncəli ilə Pərvizin aralarında sözlü mübahisə etdiklərini görüb. Hadisə yerinə yaxınlaşaraq Pərvizi Gəncəlidən uzaqlaşdırıb. Bundan sonra Gəncəli hadisə yerindən uzaqlaşaraq gedib. Hadisə baş verən zaman telefonla danışdığı üçün hadisəni tam görməyib. İçkili olduğunu Gəncəlini vurub-vurmadığını xatırlamadığını bildirib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qaynı ilə birlikdə dağa yolotu yığmaq məqsədilə gediblər. İşlərini bitirdikdən sonra evə qayıdarkən meşənin yaxınlığında dörd nəfərin yeyib-içdiyini görüblər. Susadığı üçün yaxınlaşıb onlardan su istəyib. Onlar isə suyun olmadığını bildiriblər. Hadisə yerindən uzaqlaşmağa davam etdikləri zaman Pərviz adlı şəxs onları səsləyərək dayandırıb və Gəncəlidən dayısı ilə niyə dalaşdığını soruşub. Gəncəli isə cavabında bildirib ki, bu, onlar öz aralarında olan mübahisədir və artıq barışıblar. Bu zaman qəfildən Pərviz adlı şəxs Gəncəliyə yumruqla zərbə endirib. O həmin anda atı saxlayırmış və həmçinin xəstə olduğu üçün araya girə bilməyib. Orada olan şəxslərin heç birini tanımadığını bildirib. Gəncəliyə yalnız Pərviz deyil, digər şəxslərin də vurduğunu bildirib. Daha sonra onlar hadisə yerindən uzaqlaşarkən, Mirmahmud Gəncəlini çağırıb gözləməsini istəyib. O, yanlarına yaxınlaşıb və Gəncəlinin baş nahiyəsinə yumruqla zərbə endirib. Ardınca onu qucaqlayaraq, Pərvizin yanına aparmaq istəyib və Gəncəlinin üstündəki bıçağı götürməsini bildirib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, mal otaran zaman yemek yeyirlərmiş, Gəncəli adlı şəxs gəlib və dava düşüb. Malın dalınca getdiyi üçün hadisənin necə baş verməsini tam görməyib, ancaq bildirir ki, Pərviz, atası Sabir, atasının dayısı oğlu və Mirmahmud Gəncəlini vurublar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 30 iyun 2025-ci il tarixli qərara əsasən HK-1/899 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 09 may 2025-ci il tarixdə Göygöl rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Murad Xurşudov tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İbtidai istintaq dövründə iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında kürəkəni X9 birlikdə yolotu yığıb evə qayıdan zaman kəndin kənarında meşə yolunda həmkəndlisi Sabir, Pərviz və Ayazın oğlu '‘Arıq” ləqəbli şəxslə rastlaşıblar. Onlarla mehriban görüşüblər. Pərviz ona 1 ay əvvəl dayısı ilə niyə dalaşdığını sorusub, Gəncəli isə cavabında onluq birşey olmadığını barışdıqlarını bildirib. Ancaq ona qarşı nalayiq ifadə işlədiblər, o, onlara heç bir cavab verməyib və getmək istəyəndə onun üstünə hücum ediblər. Sabir ilə Pərviz onun sifətinə və bədəninin müxtəlif yerlərinə yumruq və təpik vurublar, onu yerə yıxıblar. Əhlimanla digər şəxs isə onları ayırmağa çalışıblar. Sonra oradan uzaqlaşıb və polisə müraciət ediblər. “Əşyanın götürülməsi haqqında” 09 may 2025-ci il tarixli qərara əsasən Şahid2 təqdim etdiyi 01 ədəd bıçaq sonuncudan baxış keçirilməklə götürülmüşdür. İbtidai istintaq dövründə izahatı alınmış X18 izahatında bildirmişdir ki, Göygöl rayonu, Şəhriyar kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç yerdə işləmir, mahiyyəti üzrə bildirmişdir ki, 25 il olar ki, o, yaşadığı kənddə həmkəndlilərinin iribuynuzlu heyvanlarını bir baş heyvanı 15 manat müqabilində örüş sahəsində otarır. xx.xx.2025-ci il tarixdə həmişəki kimi o, azyaşlı oğlu X10 ilə birlikdə kəndlərinin yaxınlığında otarırmış. Günorta saatlarında yaxınlıqda bacısı oğlu X3 heyvan otarırdı və nahar etmək üçün onu da çağırıb. Onlar nahar edən zaman özü ilə gətirdiyi 250 ml miqdarda meyvə arağını içiblər. Bir qədər sonra o, Pərvizə deyib ki, heyvanlara bax, kiminsə otlaq sahəsinə girməsin. Ancaq Pərviz qayıtmadığı üçün o, öz oğluna deyib ki, get bax gör Pərviz harada qaldı. Bir qədər sonra oğlu onu çağırıb ki, Pərvizlə həmkəndliləri Zərərçəkmiş şəxs dalaşırlar. O, dərhal oraya gedib və görüb ki, onlar qarşı-qarşıya dayanıb və Gəncəlinin əlində bıçaq var və həmin bıçağı Pərvizə tərəf fırladır. O, isə ağır hadisə olmaması üçün bıçağı Gəncəlinin əlindən alıb, həmin vaxt bıçaq onun sağ əlinin içini yaralayıb və o, əlindəki ağacla sağ qoluna vurub və o, müvazinətini itirərək yerə yıxılıb. Sonra Gəncəli onlardan uzaqlaşıb, lakin onun əlindən aldığı bıçaq onda qalıb. Sonra o, Pərvizə baxanda görüb ki, onun sol qolu yaralanıb. Pərviz də bildirib ki, Gəncəli onun qolunu bıçaqla yaralayıb. İbtidai istintaq dövründə izahatı alınmış Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Göygöl rayonu Şəhriyar kəndində ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləmir, mahiyyəti üzrə bildirir ki, bir ay olar ki, Elçin adlı şəxsin yaşadığı kənddə iribuynuzlu heyvanlarını bir gün üçün 15 manat müqabilində örüş sahəsində otarır. xx.xx.2025-ci il tarixdə həmişəki kimi heyvanları kəndlərinin yaxınlığında otarırmış. Günorta saatlarında yaxınlıqda heyvan otaran dayısı Şahid2 heyvan otarırmış və nahar etmək üçün onu da çağırıb. Onlar nahar edən zaman dayısının gətirdiyi 250 ml miqdarda meyvə arağını içiblər. Bir qədər sonra o, heyvanlara baxıb ki, kiminsə otlaq sahəsinə girməsin. O, dayısı və onun azyaşlı oğlu Muradxandan aralaşandan sonra görüb ki, həmkəndliləri Zərərçəkmiş şəxs tanımadığı şəxslə gəlir. O, onlarla salamlaşıb, ancaq Gəncəli ona “siz salam veriləsi adam deyilsiniz" ifadəsini işlədib. Belə olanda onların aralarında mübahisə düşüb. Həmin vaxt dayısı Şahid2 və oğlu onların yanına gəlib. Zərərçəkmiş şəxs isə həmin an yumruqla onun başına bir dəfə vurub. O, da Gəncəlinin bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurub. Bundan sonra Zərərçəkmiş şəxs onlardan uzaqlaşıb gedib. Bildirir ki, Zərərçəkmiş şəxs Sabirin əlindəki ağacla bir dəfə qoluna vurub. Həmin vaxt orada olan tanımadığı şəxs isə mindiyi atı götürüb onların yanından uzaqlaşaraq kənardan baxıb. İbtidai istintaq dövründə izahatı alınmış X9 mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Şəhriyar kəndinə qaynı Gəncəligilə qonaq gedibmiş. xx.xx.2025-ci il günorta saatlarında qaynı Zərərçəkmiş şəxs ilə birlikdə yolotu yığıb evə qayıdan zaman kəndin kənarında meşə yolunda onun həmkəndliləri Sabir, Pərviz və “Arıq” ləqəbli şəxs onlarla rastlaşıblar. Onlarla mehriban görüşüblər, həmin şəxslər sərxoş vəziyyətdə olublar, həmin vaxt onlar Gəncəliyə deyiblər ki, bir ay əvvəl Alimlə nə üçün dava edibsən bunun cavabın verməlisən. Sən onu döymüsən, biz də səni döyəcəyik. Onların arasında mübahisə düşüb. Pərviz adlı şəxs Gəncəlinin boğazından tutub. Hər ikisi Gəncəlini yumruq və təpiklə vurublar. Orada olan şəxs isə əvvəlcə onları ayırmağa çalışıb. Lakin sonradan Gəncəli qaçanda onun qarşısını kəsib və vurub, sonra da Zərərçəkmiş şəxs belinə iplə bağlanmış bıçağı ipi qırıb götürüblər. Bildirir ki, həmin vaxtı o, böyrəyindən əməliyyat olunduğu üçün bir qədər aralıda dayanıb və onlara davasının qarşısını al bilməyib. Eyni zaman qeyd edir ki, Sabir və Pərvizin bıçaqla hansı şəraitdə xəsarət aldığını görməyib. Belə ki, onlar dalaşan zaman aralarındakı məsafə təxminən 50 metr olub. Sonra çıxıb gediblər. İbtidai istintaq dövründə izahatı alınmış Şahid3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında yaşadığı Göygöl rayonu Şəhriyar kəndinin kənarında örüş sahəsinə özünə məxsus iribuyunuzlu heyvanları otarırmış. Ondan bir qədər aralıda isə həmkəndliləri Şahid2, onun bacısı oğlu Pərviz və Sabirin oğlu Muradxan birlikdə kəndin heyvanlarını otarıblar. Nahar vaxtı o, kənarda özü ilə gətirdiyi yeməyi yeyib. Onlar isə aralıda nahar ediblər. Günortdan sonra görüb ki, həmkəndlisi Zərərçəkmiş şəxs yanında tanımadığı bir nəfər şəxslə birlikdə kisə yüklü atı əllərində tutaraq aşağıya doğru gəliblər. Zərərçəkmiş şəxs onların yanına çatanda əvvəlcə Sabir, sonra da digər iki nəfər Zərərçəkmiş şəxs qarşısına çıxıblar və salamlaşıblar. Bir qədər sonra isə görüb ki, onların arasında mübahisə olub, yüksək səslə qışqırıblar. Zərərçəkmiş şəxs yanındakı tanımadığı şəxs bir qədər onlardan aralıda atı tutaraq dayanmışdı və heç bir müdaxilə etmirdi. Onların arasında dava-dalaş olduğunu görüb. Lakin kimin vurduğunu görə bilməyib. O, isə təxminən 20 gün bundan əvvəl Zərərçəkmiş şəxsla otlaq sahəsinə görə sözlə mübahisəsi olmuşdu və ona görə də oraya yaxınlaşmayıb. Bir qədər sonra isə onların aralandığını görüb. Bildirir ki, onun həmin şəxslərlə ara məsafəsi təxminən 150-200 metr olardı. İbtidai istintaq dövründə izahatı alınmış X10 mahiyyəti üzrə bildirib ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında yaşadığı Göygöl rayonu Şəhriyar kəndinin kənarında örüş sahəsinə həmkəndlilərinə məxsus iribuynuzlu heyvanları atası ilə birlikdə otarırmış. Onlardan bir qədər aralıda isə bibisi oğlu Pərviz özünə məxsus heyvanlarını otarmış. Nahar vaxtı onlar kənarda özləri ilə gətirdikləri yeməyi yeyiblər. Pərviz də onlarla birlikdə nahar edib. Sonra Pərviz öz heyvanlarına baxmaq üçün gedib, lakin geri qayıtmayıb. Atası da ona deyib ki, gedib baxsın. O da, Pərvizə tərəf gedəndə görüb ki, həmkəndlisi Mamedov X2 mübahisə edir. Onun yanında isə tanımadığı bir nəfər şəxs kisə yüklü atı əllərində tutaraq dayanmışdı. Həmin vaxt Zərərçəkmiş şəxs belinə bağlı vəziyyətdə olan bıçağı əlində tutmuşdu. O,dərhal atasına bu barədə xəbər verib və atası da oraya gələrək Zərərçəkmiş şəxs əlindən bıçağı alıb. Zərərçəkmiş şəxs da atasını əlindəki ağacla qoluna vurub. Həmin vaxt o, qorxduğu üçün oradan meşəyə tərəf qaçıb. Onlar ayrılandan sonra gələndə görüb ki, Pərvizin qolunu bıçaq yaralayıb. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 10 may 2025-ci İl tarixli, 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanın səthi yarası, sol qulaq seyvanın qançırı, alt və üst dodaqların selikli qişasına qansızma - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025- ci il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlərdən - başın ənsə nahiyəsinin dərialtı hematoması - dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; sol qulaq seyvanın səthi yarası, sol qulaq seyvanın qançırı, alt və üst dodaqların selikli qişasına qansızması isə sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 12 may 2025-ci il tarixli, 219 saylı rəyindən görünür ki, X14 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ said nahiyyəsinin qançırı, sağ dirsək, sağ said, sağ əlin İ-İİ və İİİ-İV barmaqlararası sahələrinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 12 may 2025-ci il tarixli, 218 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın, sağ bazu və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının 02 aprel 2025-ci il tarixli, 06 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın, sağ bazu və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 bədəni üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət aşkar edilməyib. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə özü və ya kənar şəxslər tərəfindən yetirilə bilər. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə istintaq aparılmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 09 iyul 2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri ona izah edilmişdir. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” 09 iyul 2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs qismində dindirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 avqust 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qismində dindirilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 23 avqust 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə Göygöl rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göygöl rayon İHB-nın Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Göygöl rayon Şəhriyar kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: anası-1982-ci il təvəllüdlü X15, qardaşı-2002-ci il təvəllüdlü X4, qardaşı-2003-cü il təvəllüdlü X5. Göygöl rayon İHB-nın Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir mənfi fikir daxil olmamışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2025-ci il tarixli, 4382 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs barəsində cinayət işi başlanması rədd edilmişdir. 30 avqust 2025-ci il tarixli Üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs ilə Şahid3 üzləşdirilmişdir. 30 avqust 2025-ci il tarixli Üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs ilə Şahid2 üzləşdirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2025-ci il tarixli qərara əsasən istintaqla müəyyən edilən hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 23 avqust 2025-ci tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs barəsində 23 avqust 2025-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən Cinayət Məcəlləsinin həmin maddələri ilə onların barələrində cinayət təqibinin başlanmasının rədd olunması, iş üzrə məhkəmə-tibb ekspertizanın rəyləri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə olunmuş fotoşəkillər və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi, Şahid2 Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göygöl rayon Polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Zeynalabdin oğlunun izahatından və məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zeynalabdin oğlu ilə barışmışdır, hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən, cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar